Ağdaş sosial-iqtisadi
inkişafın yeni ünvanıdır
İldən-ilə ölkəmizin sosial-iqtisadi inkişafı daha sürətlə gedir. Bu inkişaf makroiqtisadi sabitliyin möhkəmləndirilməsi, sənaye potensialının artması ilə də şərtlənir. Qeyri-neft sektorunun inkişafının sürətləndirilməsi qazanılan uğurların tərkib hissəsidir. Bütün bunlar isə regionların tarazlı inkişafına təkan verir. 2004-cü ildən etibarən regionların sosial-iqtisadi inkişafına dair dövlət proqramları xətti ilə görülən tikinti-quruculuq, abadlıq işləri rayon və kəndlərin simasını əsaslı şəkildə dəyişib.
Qeyd edək ki, təkcə bu ilin 6 ayı ərzində regionlarda 32 məktəb, 15 uşaq bağçası, 12 səhiyyə müəssisəsi, 6 gənclər və idman idarəsi üçün inzibati bina, 20 mədəniyyət ocağı, həmçinin digər sosial obyektlər tikilib və ya əsaslı təmir olunub. Bu yeniliklərə ünvan olan rayonlardan biri də Ağdaşdır. Ölkə Prezidenti İlham Əliyev bu il mayın 1-də Ağdaşa səfəri zamanı rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə demişdir: "Ağdaş rayonunda böyük işlər görülmüşdür. Rayonda sosial infrastrukturun yaradılması, məktəblərin inşası, qazlaşdırma və kənd yollarının tikintisi layihələri icra edilir. Yəni, insanların normal yaşaması üçün bütün şərait yaradılır və Ağdaş şəhəri də gözəlləşir, abadlaşır. Ağdaşın yeni tikilən inzibati mərkəzində işlər böyük səliqə ilə, zövqlə görülüb, ağaclar əkilib, qazonlar salınıbdır".
Həqiqətən, ən müasir üslubda inşa olunmuş Ağdaş Rayon İcra Hakimiyyətinin yeni inzibati binası bir memarlıq nümunəsi kimi də diqqəti çəkir. Binada müasir idarəetmənin metodlarından istifadə olunması üçün bütün texniki imkanlar yaradılıb. Rayon sakinlərinə müraciət xidməti, sakinlər və yerli icra nümayəndəlikləri ilə video-konfrans zalı fəaliyyətin səmərəliliyini artırır. Qeyd edək ki, ölkə rəhbəri Ağdaşa səfəri zamanı yeni tikilmiş Heydər Əliyev Mərkəzinin, YAP-ın Ağdaş rayon təşkilatının inzibati binasının, Bayraq meydanının, Ağdaş Meyvə Emalı Zavodunun, Ağdaş Yem Emalı Fabrikinin, Ləki-Pirəzə-Xınaxlı avtomobil yolunun, Ləki dəmir yolu vağzalının, Ağdaş regional elektrik yarımstansiyasının açılışlarında iştirak etmiş və Heydər parkında həyata keçirilmiş yenidənqurma işləri ilə də tanış olmuşdur.
Heydər Əliyev Mərkəzinin binası ikimərtəbəlidir. Burada uşaqların və gənclərin asudə vaxtlarının səmərəli təşkili məqsədi ilə müxtəlif yaradıcılıq dərnəkləri, kompüter kursları, internet klub və informasiya texnologiyaları otaqları, rəqs, rəsm və heykəltəraşlıq studiyası, konfrans və kinozallar, sərgi salonu, xalq sənətkarlığı emalatxanası (xalçaçılıq və toxuculuq), elektron kitabxana fəaliyyət göstərir.
7 hektar ərazini əhatə edən Heydər parkında aparılan yenidənqurma işləri zamanı milli-memarlıq üslubu ilə müasirlik tam uzlaşdırılıb. Parkda 2 süni göl, 11 fəvvarə, müasir işıqlandırma sistemi, müxtəlif attraksionlar, karusellər, ana və uşaq istirahət mərkəzi, gənclər kafesi, mini avtodrom, kiçik və böyük qatar attraksionları, açıq fitnes, 30 yerlik 5D kino zalı, tir atıcılıq mərkəzləri yaradılıb. Parkın ərazisinin yaşıllaşdırılması məqsədi ilə ağac və dekorativ gül kolları əkilib, qazon salınıb, 2 yeni artezian su quyusu qazılıb.
Dövlət başçısının sərəncamına əsasən 2014-cü ilin "Sənaye ili" elan edilməsi ilə əlaqədar Ağdaş rayonunda da mühüm işlər görülüb. Almaniyanın "Siemens" şirkətinin texnologiyası əsasında qurulan Ağdaş Yem Emalı Fabrikində il ərzində 150-250 min ton toyuq və mal yeminin istehsal olunması planlaşdırılıb. Layihənin tam icrası başa çatdıqdan sonra fabrikdə 100-dən çox yeni iş yerinin açılması nəzərdə tutulub.
Yeni istifadəyə verilən Ağdaş Meyvə Emalı Zavodunda ilkin mərhələdə il ərzində 200 tona yaxın quru meyvəni emal etmək mümkün olacaqdır. Layihənin tam gücü ilə icrası 50-yə yaxın yeni iş yerinin açılmasına imkan verəcəkdir.
Hazırda sahibkarlar tərəfindən 1000 hektara yaxın sahədə biyan istehsalı və onun emalı müəssisəsinin, yeni bazar kompleksinin tikintisində inşaat işləri davam edir.
Rayonda strateji əhəmiyyətə malik layihələrdən biri də Ağdaş regional elektrik yarımstansiyasının istifadəyə verilməsidir. Bu yarımstansiya Ağdaş rayonunun və bütövlükdə respublikanın elektrik enerjisi ilə təminatında mühüm rol oynayır.
Tikinti-quruculuq işləri sırasında yeni məktəb binalarının inşasını da qeyd edə bilərik. Rayonun Tofiqi və Aralbir kəndlərinin hər birində 220 şagirdlik, Qarağan-Şıxlar və Qülbəndə kəndlərinin hər birində 180 yerlik və Ərəbşəki kəndində 80 şagirdlik yeni məktəb binalarının tikintisi davam edir.
Qarşıda görüləsi işlər çoxdur. Ağdaşlılar ilin sonunadək qazanılan uğurları artıracaqlarına, sosial-iqtisadi göstəriciləri daha da yüksəldəcəklərinə əmindirlər.
Telman NƏZƏRLİ
Azərbaycan. - 2014.- 27 avqust.- S. 6.