Sənətinə məhəbbəti, işinə məsuliyyəti ilə seçilirdi

 

Taleyin bəxş etdiyi ömrümün hər anı xatirələrlə doludur. Onların hamısını yazmalı olsam, yəqin ki, cild-cild kitablara sığmaz.

Çox uğurlar qazanmışam. Təbii ki, itkilərdən də yan ötməmişəm. Həyatımı rövnəqləndirən, mənə qol-qanad verib göylərə pərvazlandıran fərəhli məqamlar da yaşamışam, az qala adamı sarsıdacaq dərəcəyə gətirən qəmlə yükləndiyim dəqiqələr də.

Bütün bunlara baxmayaraq qismətimdən razıyam. Çünki ömrün arxada qalan dolaylarında daim dostların, məni adi işarədən anlayan sirdaşların, sevincini paylaşıb, kədərini bölüşdüyüm qardaşların əhatəsində olmuşam.

Ayrılıq həmişə qüssə doğurur, könül parçalayır. Gözəl insanların itkisi isə xüsusilə ağırdır. İndi Məcnun Kərimovla bağlı xatirələrimi bölüşərkən bunu daha dərindən anlayıram.

Deyirlər, zaman bütün yaralara məlhəm olur. Boş sözdür, yalan söhbətdir. Əksinə, vaxt-zaman uzaqlaşdıqca o itkilərin ağırlığını, o yaraların sağalmazlığını bütün acıları ilə dərk edir, özünü ovundura bilmirsən.

Məcnun Kərimovla tanışlığımın bir igidin ömrü qədər - 26 illik tarixi var. Bu, 1988-ci ilə təsadüf edir. Onda mən mədəniyyət nazirinin müavini idim. Xidməti vəzifəmlə əlaqədar işim həddən ziyadə çox, vaxtım isə son dərəcə məhdud idi.

Xarici ölkələrə səfərlər, müxtəlif layihələrin gerçəkləşdirilməsi, mədəni tədbirlərin keçirilməsi, respublikaya təşrif buyuran mədəniyyət xadimləri ilə görüşlər, nəzarətində olan strukturların işi ilə maraqlanmaq, onların ahəngdar fəaliyyətlərini tənzimləmək üçün müvafiq kömək göstərmək, qarşılaşdıqları problemləri aradan qaldırmaq üçün lazımi ölçü götürmək və s. və i.a.

Bunlardan əlavə, yanıma pənah gətirən insanları fərdi qaydada həssaslıqla dinləməli, xahişlərini maksimum dərəcədə yerinə yetirməli, müraciətlərinə müsbət cavab almaları üçün əlimdən gələni əsirgəməməli idim.

Belə qəbul saatlarının birində otağıma orta boylu, mehriban simalı bir nəfər daxil oldu. İlk baxışdan diqqətimi cəlb etdi. Başqalarından fərqli olaraq o, şəxsi işi üçün xahişə gəlməmişdi. Qədim musiqi alətlərinin bərpası ilə bağlı maraqlı təklifləri vardı. Bu, Məcnun Kərimov idi.

O vaxtadək mən Məcnun müəllimi yaxından tanımırdım. Buna baxmayaraq qaldırdığı məsələ cəlbedici və vacib idi. Odur ki, söhbətimiz uzun çəkdi. Hiss elədim ki, bu adam musiqi mədəniyyətinə dərindən bələddir.

Əlbəttə, çox nadir insanlara nəsib olur ki, o həm mahnı və muğamları, musiqi alətlərini dərindən duya, bərpasını və çalmağı bacara, təbliğinə ürəkdən yanaşa, onu Azərbaycandan çox-çox uzaqlarda yaya, buna savadı və qabiliyyəti çata.

Zaman göstərdi ki, Məcnun Kərimov məhz bu cür yüksək istedada malikdir. Bu yerdə Aristotelin müdrik bir kəlamını xatırlamamaq olmur: "Ulu Tanrı tərəfindən seçilənlər - dərin zəkası, sənətinə tükənməz məhəbbəti, istedadı və bacarığı ilə öz xalqını ucaldanlar onunla birgə ucalır, birgə yaşayırlar..."

Bu mənada, sağlığında böyük el məhəbbəti qazanan Məcnun Kərimov ölümündən sonra daha ehtiramla xatırlanır, yad edilir. Mən indiyə qədər bu dərəcədə həssas, yüksək insani keyfiyyətlərə malik az adama rast gəlmişəm.

* * *

1988-ci ildəki görüşümüzə qayıdaraq qeyd etməliyəm ki, Məcnun müəllimin qədim musiqi alətlərinin bərpası ilə bağlı təklifi ürəyimcə oldu. Əslində, bu, ümumdövlət əhəmiyyətli təşəbbüs idi. Belə ki, biz tez-tez xarici ölkələrə gedir, əcnəbi qonaqları qarşılayırdıq.

Bu, elə zaman idi ki, nankor qonşularımız torpaqlarımızı zəbt etdikləri az imiş kimi indiutanmadan mahnılarımıza, musiqi alətlərimizə sahib durmağa çalışır, həyasızcasına hər cür məkrli əmələ qol qoyurdular.

Bunun qarşısını almaq üçün sözsüz ki, bizsakit durası deyildik. Odur ki, Məcnun müəllimlə belə razılaşdıq ki, o, bu musiqi alətlərini həm istifadəyə hazır şəkildə, həm də suvenir kimi hazırlasın. Beləliklə, getdiyimiz ölkələrdə onları hədiyyə etməklə bu musiqi alətlərinin məhz Azərbaycan xalqına məxsusluğunun sübutu üçün də əsaslı dəlil gətirmiş olduq.

Məcnun Təbriz oğlu Kərimov 1945-ci ildə Zəngəzur mahalında müəllim ailəsində dünyaya göz açmışdı. Ağdam orta ixtisas musiqi məktəbində təhsilini başa vurduqdan sonra Zəngilanda bir müddət uşaq musiqi məktəbinin direktoru işləmişdi.

1972-ci ildə Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasının xalq çalğı alətləri şöbəsini bitirərək pedaqoji fəaliyyətlə məşğul olmuşdu. Elə həmin vaxtdan etibarən də qədim musiqi alətlərinin öyrənilməsi və bərpası istiqamətində elmi-tədqiqat işlərinə başlamışdı.

1975-ci ildə o, artıq ilk qədim musiqi alətinin nümunəsini hazırlamış, nəticədə neçə-neçə elm və mədəniyyət xadimlərinin - Səadət Abdullayeva (sənətşünaslıq doktoru, professor), Zemfira Səfərova (AMEA-nın müxbir üzvü, sənətşünaslıq doktoru, professor), Fərhad Bədəlbəyli (Bakı Musiqi Akademiyasının rektoru, xalq artisti, professor), Cahangir Qəhrəmanov (AMEA Əlyazmalar İnstitunun direktoru) və başqalarının böyük dəstəyini qazanmışdı.

Sonradan Məcnun müəllimin Musiqi Mədəniyyəti Dövlət Muzeyi ilə sıx əməkdaşlığı başladı. Onun bərpa etdiyi qədim musiqi alətlərini alıb bu mədəniyyət ocağına da verdik. Hazırda burada 24 ədəd belə alət var.

Məcnun Kərimov çox zəhmətkeş idi. Yorulmaqolduğunu bilməzdi. Sənətinə o dərəcədə bağlı idi ki, həyatını onsuz təsəvvürə belə gətirmirdi. Beləcə, o, Bakı Musiqi Akademiyasında "Qədim musiqi alətlərinin bərpası və təkmilləşdirilməsi" elmi laboratoriyasını yaratdı. Burada unudulmuş 11 müxtəlif musiqi alətini (çəng, bərbət, çəqanə, çoğur, tənbir, səntur, rubab, rud, qopuz, ney, nüshə) bərpa etdi, onların müxtəlif surətlərini hazırladı.

Məcnun müəllimin ən böyük arzularından birio idi ki, bu qədim musiqi alətləri yalnız muzey eksponatları kimi sərgilənməsin, həm də ansambl şəklində səsləndirilsin. Əlbəttə, onun bu istəyi də reallaşdı. Belə ki, 1996-cı ildə ümummilli lider Heydər Əliyev akademik Yusif Məmmədəliyevin xatirəsinə həsr edilmiş musiqili gecədə ansamblın ifasını dinləyərək yüksək qiymətləndirdi və Məcnun Kərimovun yaradıcısı olduğu Qədim Musiqi Alətləri Ansamblına dövlət statusu verilməsi haqqında sərəncam imzaladı.

Həmin ildən bu ansambl Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin nəzdində fəaliyyət göstərir. XIV əsr musiqisini, habelə xalq və bəstəkar mahnılarını kamil şəkildə ifa etməklə milli mədəniyyətimizin ölkəmizdə və onun hüdudlarından çox-çox kənarda beynəlxalq səviyyədə təmsilinə nail olur.

Təbii ki, Məcnun Kərimovun çoxşaxəli yaradıcılığı bununla yekunlaşmır. O, 1991-ci ildən Bakı Musiqi Akademiyasının "Qədim musiqi alətlərinin bərpası və təkmilləşdirilməsi" elmi laboratoriyasının müdiri vəzifəsində çalışmışdı.

1995-ci ildə "Azərbaycanın qədim simli çalğı alətləri" (tarixi, nəzəri, bərpa və təkmilləşdirmə məsələləri) mövzusu üzrə dissertasiya müdafiə etmişdi.

Diqqətəlayiq haldır ki, Məcnun Kərimovun hazırladığı musiqi alətləri bir deyil, müxtəlif növlərə: simli-dartımlı, həm mizrabla, həm də mizrabsız çalınan, simli-zərb və simli-kamanlı qruplara aid olmuşdur. Bu alətlər dəfələrlə Azərbaycandan kənarda, o cümlədən Moskvada Şərq Xalqları Muzeyində sərgilənmiş və mütəxəssislərin yüksək rəyini almışdı.

Məcnun Kərimov xalq sənətkarlarının 1998-2000-ci illərdə gerçəkləşdirilən I, II və III Əl işlərinə respublika baxış-müsabiqəsinin laureatı olmuşdu. Bir neçə fundamental toplunun müəllifidir. "Azərbaycan musiqi alətləri" kitabı Azərbaycan, rus, türkingilis dillərində işıq üzü görmüşmaraqla qarşılandığından təkrar nəşr olunmuşdu.

Məcnun müəllim bir neçə dəfə beynəlxalq elmi konfranslarda - Şotlandiyanın Edinburq, Avstriyanın Melburn, Qazaxıstanın Alma-Ata şəhərində və başqa ölkələrdə qədim musiqi alətlərinin bərpasına aid elmi məruzələrlə çıxış etmişdi.

Onun rəhbərliyi altında ansambl Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin xətti ilə Qətər dövlətində, İordaniya Haşimilər Krallığında Azərbaycan Mədəniyyət Günləri çərçivəsində Əmman şəhərində, Azərbaycan mədəniyyətinin təbliği məqsədilə Macarıstanın Buqast bölgəsində, Hindistanda - Kolkata şəhərində II Beynəlxalq Sufi Festivalında, İzmir şəhərində VIII Millətlərarası Türk Xalq Mədəniyyəti konqresində, Özbəkistan Respublikasının Daşkənd şəhərində gerçəkləşdirilmiş Azərbaycan Respublikasının Milli Sərgisində və başqa ölkələrdə unudulmaz konsertlər vermişdi.

Ansambl ölkəmizdə rəsmi səfərdə olmuş Pakistan, Moldava, Rumıniya, Litva, İran Tacikistanbaşqa ölkə prezidentlərinin, eləcə də respublikamızda keçirilən digər mühüm dövlət tədbirlərində də müvəffəqiyyətlə çıxış etmişdi...

 * * *

Məcnun müəllim özündə ən yüksək insani keyfiyyətləri cəmləşdirmişdi. Sənətinə məhəbbəti, işinə məsuliyyəti ilə seçilirdi. Sadə, səmimi, təvazökar, qayğıkeş, zəhmətsevər, mübariz, qətiyyətli, xeyirxahsaf insan idi. Ədalət hissi çox güclü idi. Ətrafdakılara qarşı həssaslığına söz ola bilməzdi. Mərd və sədaqətli idi.

O zaman mənim gözümdə müəyyən problem yaranmışdı. Haradansa eşidib yanıma gəldi. Üstümdə yarpaq kimi əsirdi: "Dayanmaq yeri deyil. Birbaşa gedirik göz xəstəxanasına. Qardaşım Kərəm Kərimov orada baş həkimdir..."

Getdik. Bir diqqət, qayğı ilə qarşılandım ki, gəl görəsən. Sən demə, əvvəlcədən hamıya tapşırılıbmış. Ciddi müayinədən sonra müalicə başlandı. Tezliklə hər şey öz axarına düşdü...

Sonralar mən yenə xəstələndim. Sinir sistemimdə soyuqlama oldu. Onda işdən çıxmışdım. Məsələ orasındadır ki, belə bir gərgin vəziyyətdə mənə əsəbiləşmək qətiyyən olmazdı. Məcnun müəllim yenə də işini-gücünü atıb səhhətimlə maraqlandı. Tanış həkimləri vardı, ora getdik. Ən doğma adamı tək diqqətini əsirgəmədi...

Yaxşılığı heç vaxt itirməzdi. Özü haqqında deyil, yalnız başqalarının xeyirxahlığından danışardı. Bir dəfə "Qurd qapısı" restoranında mən, o və qardaşı Kərəm həkim nahar edirdik.

Üzünü qardaşına tutaraq ünvanıma ən xoş sözləri söylədi: "Bilirsən ki, əvvəllər məişət şəraitim çox pis idi. Əgər Şamil müəllim olmasaydı vəziyyətim düzəlməz, mənə o cür gözəl şəraitli, işıqlı, geniş otaqlardan ibarət mənzil verilməzdi..."

Əslində, bu, onun halal haqqı idi ki, alırdı. Xidməti dövlətimiz tərəfindən layiqincə qiymətləndirilmişdi. Prezident təqaüdçüsü idi. Ölkə başçısı cənab İlham Əliyevin sərəncamı ilə 2006-cı ildə əməkdar artist, 20 dekabr 2011-ci il tarixində isə xalq artisti fəxri adlarına layiq görülmüşdü.

Təbii ki, qayğımı mən də əsirgəməyəcəkdim. Amma təvazökarlığa bax ki, apardığı gərgin axtarışları, çəkdiyi ağır zəhməti dilinə gətirmirdi...

Bir balaca canın ağrıyanda dünya gözündən düşür, hər şey dəyərini itirir, bədbin hissə qapılırsan. Gör, onda ağır xəstə yatan kəs nələr çəkir?! Daxilən nə qədər zəngin, xaraktercə nə qədər dözümlü və qayğıkeş olmalısan ki, belə məqamlarda da özünü unudaraq doğmalarını, dostlarını, tanışlarını axtarıb onların sağlamlığını düşünəsən.

Almaniyada xəstə yatırdı. Həmin ərəfədə mən özümbir neçə dəfə əməliyyat olunmuşdum. Vəziyyətinin son dərəcə ağır olmasına baxmayaraq mənə çox çətin tapılan dərmanlar alıb göndərmişdi.

Elmlər doktoru idi. Telefon əlaqəsi saxladım ki, sabah Ali Attestasiya Komissiyasında sənin professorluq məsələn həll olunur. Bu elmi dərəcə verilən günün səhəri vəfat etdi.

Ailəsi ona müqəddəs insan kimi baxırdı. Yalnız həyat yoldaşı və qızları deyil, bütün qohumları da onunla fəxr edirdilər. Kərəm həkimin ömür-gün yoldaşı Amaliya xanım sözlərində necə də haqlı idi: "Məcnun müəllim müqəddəs insan idi. Siması pak, xisləti təmiz, qisməti də yaxşı idi. Odur ki, hamımız onu özümüzə doğmadan-doğma bilirdik..."

 

Şəmsəddin AXUNDOV,

Milli Aviasiya Akademiyasının prorektoru, əməkdar mədəniyyət işçisi

 

Azərbaycan. - 2014.- 27 avqust.- S. 7.