Doğma Vətəni seyr etməkdən gözəl heçola bilməz

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən “Ölkəmizi tanıyaq” devizi ilə keçirilən maarifləndirici tur-aksiya çərçivəsində ölkəmizin qərb bölgəsinə ekskursiya edən Cəlilabad və Biləsuvar məktəbliləri avqustun 25-də Gəncəyə gəldilər.

AzərTAc xəbər verir ki, Heydər Əliyev parkının qarşısında mehribanlıqla qarşılanan məktəblilərə Gəncənin tarixi, mədəniyyəti, turizm potensialı barədə qısa məlumat verildi.

Bildirildi ki, ölkəmizdə ən qədim yaşayış məskənlərindən olan Gəncənin 4000 ildən artıq yaşı var. Tarixi İpək Yolu üstündə yerləşən bu qədim şəhər çox əhəmiyyətli tarixi-memarlıq abidələri ilə zəngindir. Dünya mədəniyyətinə Nizami Gəncəvi kimi mütəfəkkir şair bəxş edən Gəncədə turizm ildən-ilə inkişaf etdirilir. İndi bu şəhər beynəlxalq tədbirlərin keçirildiyi məkan olub. Qazanılan bütün bu uğurların simvolu olaraq Heydər Əliyev parkının girəcəyində 43 metr hündürlüyündə Zəfər tağı inşa edilib.

Məktəblilər sonra möhtəşəm Heydər Əliyev Mərkəzinə gəldilər. Onlar burada dahi rəhbərin həyat və fəaliyyətini əks etdirən guşələrə, eləcə də son 10 ildə Azərbaycanda qazanılan nailiyyətlərdən bəhs edən fotoşəkillərə baxdılar.

Gəncə ilə ilk tanışlıq şagirdlərdə xoş təəssürat yaratdı.

Biləsuvar şagirdlərindən ibarət qrupun rəhbəri, rayonun Zəhmətabad kənd orta məktəbinin direktoru Azər Hümbətov Gəncə ilə bağlı ilk təəssüratlarını AzərTAc ilə bölüşərək dedi: “Mən burada axırıncı dəfə 1981-ci ildə olmuşam. Şəhərə daxil olanda gözlərimə inanmadım. Elə bil başqa bir ölkəyə düşmüşdüm. Genişabad küçələr, yaraşıqlı binalar, yaşıllıqlara bürünmüş parkxiyabanlar məni heyran etdi. Elə avtobusda bütün bunlar barədə müqayisəli şəkildə məktəblilərə danışdım və bildirdim ki, bütün bu sürətli inkişaf dövlətimizin başçısının gərgin əməyi və uzaqgörən siyasəti nəticəsində mümkün olub”.

Avqustun 26-da Cəlilabad və Biləsuvar məktəbliləri Gəncənin tarixi-memarlıq abidələrinə, eləcə də görməli yerlərinə ekskursiya etməklə bu qədim şəhəri daha yaxından tanıyacaqlar.

 

Azərbaycan. - 2014.- 27 avqust.- S. 7.