Kürdəmir və Tərtər məktəbliləri
Şəkidə unudulmaz bir
gün keçirdilər
Kürdəmir
və Tərtər məktəbliləri “Ölkəmizi
tanıyaq” devizi ilə keçirilən tur-aksiya çərçivəsində
avqustun 24-də Şəkinin bir sıra tarixi yerləri ilə
tanış oldular.
AzərTAc xəbər verir ki, onların üz tutduqları ilk tarixi məkan Şəki xanlarının sarayı oldu. Aksiya iştirakçılarına məlumat verildi ki, Şərq memarlığının nadir incisi hesab olunan bu saray XVIII əsrə aid tarixi-memarlıq abidəsidir. Şəkinin bənzərsiz mədəniyyət abidələrinə heyran qalan böyük türk şairi və yazıçısı Nazim Hikmət vaxtilə belə yazmışdı: “Əgər Azərbaycanın başqa qədim tikililəri olmasaydı belə, təkcə Şəki xanlarının sarayını dünyaya göstərmək bəs edərdi...”.
Sarayla tanışlıqdan məmnun qalan tur-aksiya iştirakçıları tarixi abidənin önündə xatirə şəkilləri çəkdirdilər.
Məktəblilər sonra Rəşid bəy Əfəndiyev adına Şəki Tarix-Diyarşünaslıq Muzeyində oldular. 1925-ci ildən fəaliyyət göstərən muzeydə 5 minə yaxın eksponat saxlanılır. Buradakı qədim fayton məktəblilərin xüsusi marağına səbəb oldu. Onlara məlumat verildi ki, Azərbaycanın görkəmli ictimai-siyasi xadimi Nəriman Nərimanov 1920-ci ilin oktyabrında Yevlaxdan Şəkiyə məhz bu faytonla gəlmişdi.
Tur-aksiya iştirakçıları “Yuxarıbaş” Tarix və Memarlıq Qoruğunun ərazisini gəzdilər. Daha sonra Şəki sənətkarlarının əl işlərinə tamaşa etdilər və ərazidəki yay teatrında təşkil olunmuş maraqlı konsert proqramını izlədilər.
XVIII əsrin sonunda Şərq memarlığı üslubunda tikilən “Yuxarı Karvansaray” mehmanxana kompleksi ilə tanışlıq da məktəblilərin ürəyincə oldu.
Şəkinin dəyərli tarixi abidələrindən biri Kiş kəndindəki qədim Alban məbədidir. Abidəni maraqla seyr edən tur iştirakçılarına məlumat verildi ki, o, eramızın I əsrində Qafqaz Albaniyasında geniş yayılan Ay məbədinin özülü üzərində qurulub və erkən orta əsrlərdə tikilən ilk günbəzli məbəddir.
Səfər proqramına uyğun
olaraq, tur-aksiya
iştirakçıları həmin gün
Şəkinin digər tarixi məkanlarına
da baş çəkdilər,
şəhərin görməli yerləri ilə tanış oldular.
Azərbaycan. - 2014.- 27 avqust.- S. 7.