Azərbaycan Prezidenti İlham Əliyev Beyləqanda uşaq bağçasının açılışında iştirak edib

 

Avqustun 28-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Heydər Əliyev Fondunun təşəbbüsü ilə Beyləqanda inşa edilən uşaq bağçasının açılışında iştirak edib.

Dövlətimizin başçısı uşaq bağçasının rəmzi açılışını bildirən lenti kəsdi.

Bildirildi ki, 80 yerlik binanın inşasına 2014-cü ilin yanvarında başlanılıb, iyul ayında başa çatdırılıb.

Binanın foyesində ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin uşaqlara göstərdikləri diqqət və qayğını əks etdirən fotolardan ibarət guşə yaradılıb.

Müasir səviyyədə və yüksək keyfiyyətlə inşa edilən binadakı sinif otaqları bütün zəruri avadanlıq, o cümlədən uşaqlarla işləmək üçün lazımı inventaroyuncaqlarla təmin edilib. Burada uşaqların bilik və bacarıqlarının üzə çıxarılması üçün hərtərəfli şərait yaradılıb.

Bu cür obyektlərin yaradılması gələcəyimiz olan uşaqlara Heydər Əliyev Fondunun diqqət və qayğısını əyani şəkildə nümayiş etdirir. Bu, bir daha sübut edir ki, Azərbaycanda gənc nəslin yetişməsinə Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın diqqəti sonsuzdur. Respublikanın müxtəlif bölgələrində Fondun dəstəyi ilə müasir təhsil ocaqlarının inşası, həyata keçirilən layihə və proqramlar bu sahənin sürətlə inkişaf etməsinə möhkəm zəmin yaradıb. Müasir dizaynı ilə diqqəti cəlb edən bu binalarda uşaqlarla çalışmaq üçün yüksək tələblərə cavab verən şərait var.

 

Azərbaycan.- 2014.- 29 avqust.- S.2.