Beyləqanda Mərkəzi Şəhər
Stadionu əsaslı təmir və yenidənqurmadan
sonra istifadəyə verilib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 28-də Beyləqanda əsaslı təmir və yenidənqurmadan sonra Mərkəzi Şəhər Stadionunda yaradılmış şəraitlə tanış olub.
Stadionun inşasına 2014-cü ilin yanvarında başlanılıb. Daxili imkanlar hesabına aparılan tikinti işləri ən yüksək səviyyədə həyata keçirilib.
Stadionda 3 min tamaşaçı yerlik tribuna, soyunub-geyinmə, mətbuat, məşqçi, tibb otaqları yaradılıb. Burada, həmçinin rezin tipli altızolaqlı qaçış cığırı, çöl tipli 11 fitnes qurğusu, basketbol, voleybol, mini futbol meydançaları var.
Beyləqanda Mərkəzi Şəhər Stadionunun istifadəyə verilməsi rayonda gənclərin futbola olan marağını daha da artıracaq.
Paytaxt Bakı ilə yanaşı, regionlarda da müasir görkəmi ilə seçilən Olimpiya İdman kompleksləri və digər idman qurğularının inşası respublikamızın hər yerində beynəlxalq tədbirlərin keçirilməsinə şərait yaradır. Ölkəmizin bütün bölgələrində yaradılan müasir idman qurğuları gənclərin idman sahəsində mühüm uğurlar əldə etməsi, onların sağlam yetişmələri baxımından böyük əhəmiyyət daşıyır. Azərbaycan idmançılarının beynəlxalq idman yarışlarında qazandıqları uğurların ildən-ilə artmasında, idmanla məşğul olanların sayının çoxalmasında belə qurğuların tikintisi çox önəmlidir.
Azərbaycan.-
2014.- 29 avqust.- S.2.