Kaliforniya Ştatı Senatının
Dağlıq Qarabağa dair qərəzli qətnaməsi ilə
bağlı Azərbaycanın Los-Ancelesdəki baş
konsulluğu bəyanat yayıb
Kaliforniya Ştatı Senatının Dağlıq Qarabağa dair qərəzli qətnaməsi ilə bağlı Azərbaycanın Los-Ancelesdəki baş konsulluğu bəyanat yayıb. Bəyanatda deyilir:
“Məlum olduğu kimi, ABŞ-ın Kaliforniya ştatındakı erməni lobbisinin güclü təzyiqləri altında anti-Azərbaycan xarakterli AJR 32 saylı qətnamə artıq bir neçə müddətdir ki, Kaliforniya Senatının gündəliyində idi. Qətnamə gündəliyə gətirilən andan Azərbaycanın Los-Ancelesdəki baş konsulluğu tərəfindən bütün senatorlara dəfələrlə məktub göndərilib, onlarla çoxsaylı görüşlər keçirilib, qətnamənin tam qərəzli və ABŞ-ın xarici siyasətinə zidd olduğu, o cümlədən etnik təmizləməyə, işğala haqq qazandırdığı diqqətə çatdırılıb. Bundan başqa, Kaliforniyadakı Azərbaycan icması səfərbər olub, Senata müxtəlif vasitələrlə öz etirazlarını çatdırıblar. Nəticədə, 1 milyon erməninin yaşadığı Kaliforniyada erməni lobbisinin dəridən-qabıqdan çıxmasına, ştatın Qanunverici Orqanının iki erməni deputatının bütün səylərinə, ermənilər tərəfindən hədə-qorxu, şantaj və digər vasitələrlə senatorlara göstərilən təzyiqlərə baxmayaraq, avqustun 27-də keçirilən səsvermədə 40 senatordan 17-si qətnamənin lehinə səs verməkdən imtina edib.
Eyni zamanda, erməni lobbisindən öz seçki kampaniyaları üçün daim külli miqdarda maliyyə dəstəyi alan, beləliklə, onlardan tam asılı vəziyyətdə olan senatorlar lobbini razı salmaq üçün bu qətnaməyə səs veriblər. Bu isə əsl siyasi korrupsiyadır. Buna başqa ad vermək mümkün deyil. Bu, həmçinin ABŞ demokratiyasının və siyasi sisteminin qüsurlu olmasının bariz göstəricisidir. Hansısa etnik lobbi razı qalsın deyə, ABŞ-ın rəsmi mövqeyinə və milli maraqlarına zidd olan belə qətnamənin qəbul olunması göstərir ki, Birləşmiş Ştatların siyasi sisteminin təcili şəkildə ciddi islahatlara ehtiyacı var.
Bir fakt da qeyd edilməlidir ki, bu qətnamə Kaliforniya Qanunvericilik Orqanında Dağlıq Qarabağla bağlı qəbul edilmiş ilk qətnamə deyil. 1993-cü, 1997-ci və 1999-cu illərdə də oxşar məzmunlu qətnamələr qəbul edilib. Ancaq nə o qətnamələrin, nə də bu qətnamənin hər hansı hüquqi-siyasi önəmi yoxdur. Bunlar yalnız deklarativ xarakterli kağız parçalarıdır. Bütün dünya, eləcə də ABŞ Dağlıq Qarabağı Azərbaycanın ərazisi kimi tanıyır və belə kağız parçaları bu mövqeyi dəyişmək iqtidarında deyil”.
Yusif Babanlı
AzərTAc-ın
xüsusi müxbiri
Vaşinqton
Azərbaycan.-
2014.- 29 avqust.- S.3.