Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Sumqayıtda vətəndaşları qəbul edib

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri tərəfindən bölgələrdə vətəndaşların qəbulu davam etdirilir. Qəbullar zamanı vətəndaşların müraciətləri dinlənilir, qaldırılan məsələlərin və təkliflərin operativ həlli üçün müvafiq tədbirlər görülür.

Mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri tərəfindən şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq avqustun 28-də Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova Sumqayıtda vətəndaşları qəbul edib.

AzərTAc xəbər verir ki, Sumqayıtın Tarix Muzeyində gün ərzində aparılan səyyar qəbul zamanı şəhər sakinləri ilə yanaşı, Abşeron, Zəngilan, Şuşa və Qubadlı rayonlarından olan vətəndaşlar müraciət ediblər.

Ümumilikdə 30-a yaxın vətəndaşın iştirak etdiyi qəbulda komitə hər kəsin fərdi surətdə arzu və istəklərini dinləyib, onları maraqlandıran sualları cavablandırıb, problemlərinin həlli üçün müvafiq tapşırıqlar verib.

Vətəndaşların müraciətlərinin əsas hissəsi uşaqların övladlığa verilməsi, məişət zorakılığı, qızların təhsildən yayınması, erkən nikah və boşanmaların yaratdığı problemlər, boşanmadan sonra əmlakın bölüşdürülməsi məsələləri ilə əlaqədar olub.

Qadınların işlə təminatı, sağlamlıq, təhsil, yaşayış şəraitinin yaxşılaşdırılması, qadın və uşaq hüquqlarının müdafiəsi, alimentlərin ödənilməsindəki çətinliklər və digər məsələlərlə bağlı müraciətlər də edilib.

Vətəndaşların müraciətində qaldırılan bəzi məsələlər yerindəcə həllini tapıb. Komitənin səlahiyyətinə aid olmayan müraciətlər isə aidiyyəti orqanlara göndərilməsi üçün qeydiyyata alınaraq nəzarətə götürülüb.

Həmin gün Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Yeni Azərbaycan Partiyası ilə birgə ölkənin regionlarında qadınların ictimai-siyasi fəallığının artırılması məqsədilə Abşeron, Qubadlı, Şuşa, Zəngilan rayonlarından və Sumqayıtdan olan fəal qadınların iştirakı ilə görüş keçirib. Tədbirdə aktual məsələlər müzakirə olunub.

 

Azərbaycan.- 2014.- 29 avqust.- S.5.