Alim və insan xoşbəxtliyi
O, həkim, rəssam, ədəbiyyatşünas, tarixçi, hətta musiqiçi də ola bilərdi. Çünki hərtərəfli istedada malik insan idi. Amma həyatını başqa bir sahəyə həsr etməyi qərara aldı. Texnika və elm sahəsini seçərək neft-qaz sənayesinin ən dərin problemləri ilə məşğul oldu. Zaman onun öz seçimində yanılmadığını göstərdi.
Söhbət texnika elmləri doktoru, professor, Azərbaycan Respublikası Dövlət mükafatı laureatı Ramiz Mirsəlimovdan gedir. Bu yaxınlarda dünyasını dəyişmiş alimin itkisi nə qədər ağır olsa da, onun haqqında danışarkən nikbin notlara köklənməyə çalışırıq. Çünki Ramiz müəllim şərəfli bir ömür yaşayıb. Bu alim, müəllim, insan ömründən yadigar qalan zəngin irsdən, mənəvi dəyərlərdən xalqımız hələ çox bəhrələnəcək və bəhrələndikcə də onu dönə-dönə anacaq.
Ramiz Mirsəlimov 1927-ci ildə Bakıda, Azərbaycanda patoloji fiziologiyanın əsasını qoyan alimlərdən biri olan Mirmehdi Mirsəlimovun ailəsində dünyaya göz açıb.
Mirsəlimovlar qədim Şamaxının əsil-nəcabətli, ağır seyid nəsillərindən biridir. Atası Mirmehdi Mirmövsüm oğlu sadə sənətkar ailəsində doğulmuş, uşaqlıqdan elmə, təlimə böyük həvəs göstərmiş, ətrafda baş verənlərə maraqla yanaşmışdır. Kiçik yaşlarından gününün çox vaxtını qonşuları olan böyük şair Mirzə Ələkbər Sabirin yanında keçirmiş, saatlarla onun söhbətlərini dinləmiş, zəmanəsinin ağrılı-acılı olayları, amansız "mətinaltı" həqiqətləri barədə ilk dəfə onun gülüş doğuran şeirlərində oxumuşdur. Sonralar başa düşmüşdür ki, vətəninin dərdlərindən kədərlənən, həmvətənlərinin cəhalətindən, mütiliyindən qəzəblənən böyük Sabirin fəryadı imiş bütün bunlar. Aralarındakı yaş fərqi çox olsa da, bu dostluq Mirmehdinin əsl ədəbiyyat, poeziya vurğunu kimi yetişməsində mühüm rol oynamışdır.
Nəvəsi Leyla xanım xatirələrində yazırdı ki, "babam Mirmehdi hərtərəfli inkişaf etmiş, geniş dünyagörüşlü, əsl ziyalı simalı insan idi. Rus, ukrayn, ərəb, fars, alman dillərini mükəmməl bilir, bu dillərdə sərbəst danışırdı. Təkcə ədəbiyyat və poeziyadan deyil, həmçinin dünya tarixindən xəbərdar idi. Azərbaycan muğamları haqqında dərin biliklərə malik olmaqla yanaşı, eyni zamanda onları gözəl ifa edirdi".
Lakin tale yolları Mirmehdi Mirsəlimovu tamamilə
başqa bir sahəyə çəkib apardı. Belə ki, o,
Bakıya gəlir, həyatında işıqlı günlər
başlayır, illər boyu içində yatıb qalan
istedadını tam ortaya qoyur. Azərbaycan Dövlət
Universitetinin (indi Bakı Dövlət Universiteti) Tibb fakültəsinə
daxil olur. Buranı bitirdikdən sonra gənc həkimin
qarşısında daha geniş yollar açılır və
o, həm elmdə, həm də vəzifə pillələrində
böyük zirvələrə çatır. Tibb elmləri doktoru, professor, Azərbaycanın
Əməkdar həkimi və əməkdar elm xadimi Mirmehdi
Mirsəlimov müxtəlif illərdə məsul vəzifələrdə
çalışır. Azərbaycanda
patologiya sahəsində ilk professor adını alır.
Ramiz
müəllimin anası Fatma xanım isə
Şamaxının sayılıb-seçilən və
var-dövlət sarıdan zəngin olan ailələrinin birində
doğulmuşdu. Bu, ona ilk təhsilini Tiflisdə
yerləşən və çar II Nikolayın həyat
yoldaşının himayədarlıq etdiyi Müqəddəs
Nina Nəcib Qızlar İnstitutunda təhsil almağa imkan
vermişdi. Burada fransız dilini mükəmməl
öyrənmiş, ziyalı qadınlar içərisində
sayılıb-seçilən xanımlardan olmuşdur.
Bakıya gələndən sonra Fatma xanım iki ali təhsil alır. Əvvəlcə
Azərbaycan Pedaqoji Universitetinin Kimya fakültəsini bitirir.
Ailə həyatı qurandan sonra isə ali
tibb təhsili də alaraq pediatr ixtisasına yiyələnir.
Bir çox hallarda övladlar valideynlərinin yolu ilə
gedir, onların sənətinə yiyələnir, bir növ,
davamçıları olurlar. Amma əksər
hallarda bunun tərsi olur, uşaqlar tamamilə fərqli fəaliyyət
sahəsi seçirlər.
Mirmehdi və Fatma Mirsəlimovların
övladlarının ikisi - qızı Qəmər və
kiçik oğlu Fikrət valideynləri kimi həkimlik sənətinə
yiyələnirlər. Ramiz isə uşaqlıqdan incəsənətə
meyil göstərsə, gözəl rəsmlər çəksə,
rəssam olmağı arzulasa da, böyüdükcə ailədəki
ab-hava, yəni hamının elmlə məşğul
olması ona güclü təsir edir. Bununla
belə, seçimi yenə də fərqli olur. Texniki elmlərə üstünlük verir. Beləliklə də Azərbaycan Sənaye
İnstitutuna (indiki Azərbaycan Dövlət Neft
Akademiyası) daxil olur və oranı müvəffəqiyyətlə
bitirir.
Ramiz müəllim milli kökə, ulu babalardan yadigar
qalan adət-ənənələrə söykənən bir
ailədə böyümüşdü. Zəhməti
sevən valideynlərindən xeyir-dua almışdı. Yəni şəxsiyyət kimi formalaşmasında və
alim kimi şöhrət tapmasında işgüzarlıq, vətənpərvərlik,
eləcə də gendən gələn qabiliyyət, fitri
istedadı böyük rol oynamışdı. Əbəs
yerə deməyiblər ki, ot kökü
üstə bitər. Bu baxımdan Mirsəlimovlar
nəsli tanınmış alimlər, peşəkar
iqtisadçılar, həkimlər, ömrünü elm və
təhsilə həsr edən neçə-neçə əsl
ziyalı yetişdirmişdir.
Ramiz Mirsəlimov institutun energetika fakültəsini bitirərək
mühəndis-elektrik ixtisası qazanır. Əmək fəaliyyətinə
"Azərenerji" idarəsində başlayır, beş il burada çalışır. 1955-ci ildə aspiranturaya daxil olur. Buranı bitirdikdən sonra "Quyuların yan
elektrokarotajı üçün geofiziki ölçmə
qurğularının tətbiqi və işlənməsi"
mövzusunda dissertasiya müdafiə edərək elmlər
namizədi alimlik dərəcəsi alır.
1962-ci ildə
elmi və pedaqoji fəaliyyətinə görə Azərbaycan
Neft və Kimya İnstitutunun İnformasiya-ölçmə və
hesablama texnikası (indi İnformasiya-ölçmə və
kompüter texnikası)
kafedrasının dosenti seçilir.
Ramiz Mirsəlimov ilk baxışdan sadə bir həyat
yolu keçib - oxuyub, tədqiqatlar aparıb. Elmə verdiyi
töhfələr müqabilində tanınıb, ad-san
qazanıb. Lakin elmin yolu çox çətin,
enişli-yoxuşlu, mübarizəli olur. Hər
bir tədqiqatı sona çatdırmaq alimdən böyük
səbir, təmkin və səriştə tələb edir.
Sonra da gəldiyin nəticənin, əldə
etdiyin yeniliyin dəyərini, lazımlı olmasını,
fayda gətirəcəyini əyani sübut etməlisən.
Bu baxımdan Ramiz müəllim yorulmaz alim idi.
Üstəlik də, onun
çalışdığı sahə ən mürəkkəb
sahələrdən biri idi.
Onun elmi axtarışlarının mövzusu geniş və
çoxistiqamətlidir. Belə ki, alim quyuların geoloji tədqiqi
üçün elektrik karotajı, elektrik gücünün və
enerjisinin yeni ölçmə çeviricilərinin, məmulatların
bəzi keyfiyyət göstəricilərinin, analoqu olmayan yeni
elektrik nəzarəti üsullarının işlənməsi
üzrə tədqiqatlar aparıb. Qaz kəmərlərində
qazın və çənlərdə neftin miqdarının
ölçülməsi üzrə və onların
çevirmə funksiyalarının xətləşdirilməsi,
mikroprosessor əsasında informasiya-ölçmə sistemləri
ilə bağlı tədqiqatları da maraqlı nəticələr
verib. Görkəmli alim eləcə də
yerüstü obyektlərin məsafədən
zondlaşmasının peykaltı sistemlərinin, ətraf
mühitin ekoloji vəziyyətə nəzarət sisteminin,
texniki-ölçmə, informasiya-ölçmə sistemlərində
güclü təsirin tədqiqi üzərində işləyib.
Çalışdığı kafedranın kompleks
mövzusu olan "Quyuların yan elektrokarotajı" üzrə
yaradılan avadanlıq keçmiş Sovetlər birliyinin
bütün neft-qaz regionlarında şöhrət tapıb. Belə ki,
onlar neftçıxarma rayonlarında tətbiq olunduqdan sonra
böyük iqtisadi səmərə verib. Bu
cihazlar dünyanın 22 ölkəsinin, xüsusilə
Almaniyanın, Macarıstanın, Çexiya və
Slovakiyanın sənaye müəssisələrində
uğurla istifadə olunurdu.
Elmlə istehsalatın uğurlu vəhdətindən
yaranan bu böyük nailiyyətə görə Ramiz Mirsəlimov
1974-cü ildə elm və texnika sahəsində uğurlu fəaliyyətinə
görə Azərbaycanın Dövlət mükafatına
layiq görülüb.
Görkəmli alimin elmi axtarış və
tapıntıları nəticəsində sənaye sahəsinə
verdiyi töhfələr keçmiş SSRİ-nin bir çox
müəssisəsində geniş tətbiq olunub. Onun müəllifi
olduğu yeni üsullar Sovet İttifaqının 30-dan
çox iri müəssisəsində tətbiqini tapıb.
Rusiyanın Çay Donanması Nazirliyi, Moskva və İjevsk
avtomobil zavodları, "Daşkənd Aviasiya", "Moskva
Maşınqayırma", Lvov "Elektron" istehsalat birlikləri
və digər iri müəssisələr professorun elmi-tədqiqat
işlərindən, axtarışlarından bəhrələnib.
Ramiz Mirsəlimovun bir alim kimi xoşbəxtliyi onda idi ki,
o, tədqiqatlarında tələskənliyə yol vermirdi,
şan-şöhrətə can atmırdı. Onun
üçün ən başlıca meyar işlərinin
müsbət nəticəsi idi. 1992-ci ildə
müdafiə etdiyi "Neft sahəsinin informasiya-ölçmə
sistemlərində ölçmə çeviricilərinin yeni
vasitələri kompleksi" adlı doktorluq dissertasiyası məhz
belə axtarış və tədqiqatların sayəsində
yaranmışdı.
Professor Ramiz Mirsəlimovun elmi fəaliyyəti
respublikamızın neft sənayesində mövcud olan bir
sıra üsulların təkmilləşdirilməsinə də
xidmət etmişdir.
Azərbaycan müstəqillik qazandıqdan sonra Ramiz
müəllim özünün alim qələminə daha
sıx sarılaraq, auditoriyalarda biliklərini gənclərlə
daha həvəslə bölüşərək xalqa, vətənə
xidmətdən yeni bir məmnunluq duydu. Yaradıcılığının
daha keyfiyyətli bir mərhələsi başlandı.
O, Azərbaycanın və dünyanın qabaqcıl elmi müəssisələrinin
qarşılıqlı əməkdaşlığının
inkişafına, birgə tədqiqatların həyata
keçirilməsinə önəmli dəstək verməyə
başladı. Öz xarakterinə sadiq qalaraq elm
və istehsalat sahəsində yorulmadan
çalışırdı. Nəticədə
ABŞ-ın məşhur aerokosmik agentliyi - NASA Ramiz Mirsəlimovun
travmatologiya sahəsində yeni nəzarət üsullarına
böyük maraq göstərdi. NASA azərbaycanlı
alimin dərin elmi yaradıcılıq işlərini yüksək
qiymətləndirərək onu seçilmiş peşəkar
qrupun üzvü kimi təqdim etdi və təşkilatla əməkdaşlığa
çağırdı.
Professor Mirsəlimovun görkəmli alim olmasını
onun işlərinin nəticələrinin Azərbaycanın sərhədini
aşıb keçməsi də təsdiqləyir. Belə ki, o, 2000-ci ildə
böyük beynəlxalq təşkilat olan "Association for
the Advancement of Madeling and Simulation Techniqueş in Enterprises" (Texnikanın
inkişafı və modelləşdirilməsi üzrə Beynəlxalq
Assosiasiya) Rəhbər Komitəsinin və Redaksiya
Şurasının (AMCE, Fransa)
üzvü seçilmişdir. Həmçinin AMCE-nin Azərbaycanda
rəsmi nümayəndəsi və "Zadeh Legasy" Assosiasiyasının
üzvü idi. Həmin assosiasiyanın xətti ilə 2011-ci
ildə Türkiyədə, 2012-ci ildə Portuqaliyada
keçirilən konfranslarda iştirak etmiş, cavanlıq
dostu Lütfi Zadə ilə görüşmüş,
müasir elmin prioritet sahələri ətrafında söhbətləşmiş,
mazakirələr aparmışdır.
Öz istiqamətinə və mahiyyətinə görə
müxtəlif olan elmi işlərin həddindən artıq
geniş və çoxşaxəli olması R.Mirsəlimovun zəngin
elmi yaradıcılığının bariz nümunəsi
sayıla bilər. Görkəmli alim 300-dən çox elmi
işin, 41 müəlliflik şəhadətnaməsinin və
patentin, 9 monoqrafiyanın, onlarla dərs vəsaitinin və bir
çox kitabın müəllifidir. Dünyanın
müxtəlif ölkələrində keçirilən
konqres, konfrans və simpoziumların materiallarında, 21 ölkənin
xarici jurnallarında 80 elmi işi dərc olunub.
R.Mirsəlimov 1994-cü ildən 2004-cü ilədək
Azərbaycan Dövlət Neft Akademiyasının
İnformasiya-ölçmə və kompüter texnikası
kafedrasının müdiri və "İnformatika və idarəetmənin
avtomatlaşdırılması" problem
laboratoriyasının elmi rəhbəri vəzifələrində
işləmişdir. Onun rəhbərliyi dövründə
kafedrada ölkəmiz üçün mühüm əhəmiyyətə
malik olan iki - aviasiya cihazları və ölçmə-hesablama
kompleksləri və aerokosmik monitorinq ixtisası
açılmışdır.
2000-ci ildə ulu öndər Heydər Əliyev elmdə
qazandığı böyük nailiyyətlərə görə
görkəmli alimi "Şöhrət" ordeninə layiq
görmüş və bu mükafatı ona şəxsən təqdim
etmişdir.
Professor R.Mirsəlimov 55 illik pedaqoji fəaliyyəti
dövründə dəfələrlə Təhsil Nazirliyinin,
uzunmüddətli məhsuldar fəaliyyətinə görə
Azərbaycan Dövlət Neft Akademiyasının
mükafatlarını almışdır.
1992-ci ildə akademik Azad Mirzəcanzadə onu Azərbaycan
Prezidenti yanında Ali Attestasiya Komissiyasına dəvət
edir. Ramiz müəllim ömrünün sonunadək
komissiyanın ekspert şurasının üzvü kimi fəaliyyət
göstərir.
R.Mirsəlimovun
pedaqoji fəaliyyətinin "statistikası"na nəzər salsaq, görərik ki, görkəmli
alim 55 il ali məktəb auditoriyalarında Azərbaycan mühəndislərinin
bir neçə nəslinə dərs deyib. Ən
maraqlısı isə odur ki, bu uzun müəllimlik
dövrü yalnız ADNA ilə, üstəlik də eyni
kafedra ilə bağlı olub. İnformasiya-ölçmə
və kompüter texnikası kafedrasında işlədiyi
müddətdə professor 24 müxtəlif fəndən
mühazirə oxuyub. O, eləcə də diplom layihələrinə
və buraxılış işlərinə rəhbərlik
edib. Azərbaycan və rus dillərində 21
adda tədris və metodik vəsait hazırlayıb.
Professor R.Mirsəlimovun rəhbərliyi ilə 9 nəfər
namizədlik, 2 nəfər doktorluq dissertasiyası müdafiə
edib.
Alim sadəcə mühazirə oxumayıb, diplom, yaxud
dissertasiya işinə yalnız rəy yazmayıb. O, hər bir tələbənin,
hər bir aspirantın gələcəyi üçün
daxilində mənəvi məsuliyyət hiss edib. Onlara ürəyinin hərarətindən,
gözünün nurundan, zəkasının kamilliyindən
pay verib.
Ramiz müəllimin alimliyi onun savadının və təfəkkürünün
bəhrəsi idisə, incəsənətə sevgisi isə
incə qəlbə, xoş duyğuya malik insan olduğundan xəbər
verirdi. Bu sahənin
insanları ilə - Nadir
Əbdürrəhmanov, dahi bəstəkar Qara Qarayev, Adil Kərimov,
Azər Sarabski, Kamil Əliyev, Böyükağa Mirzəzadə,
Əli Mirqasımov, Tokay Məmmədov, Kamal Abdullayev, Hacı Məmmədov, Oqtay Əfəndiyev
və başqaları kimi dəyərli ziyalılarla gənclik,
cavanlıq illərindən dostluq edib. Qlinkanın,
Çaykovskinin, Verstovskinin, Rimski-Korsakovun əsərlərini
saatlarla dinləyib. Məşhur rus bəstəkarı
Sergey Raxmaninovun sənətinin vurğunu olub. Onun musiqisinin həyəcanlı, işıqlı,
çılğın, eyni zamanda səmimi xarakteri Ramiz Mirsəlimovun
əhval-ruhiyyəsində nikbinlik dolu yeni bir ovqat yaradıb.
Qızı Leyla deyir ki, atamın bəstəkarla
o qədər zahiri oxşarlığı, portret
yaxınlığı var idi ki, hətta o, Moskva
kinematoqrafçılarının diqqətini cəlb edib,
Raxmaninov haqqında çəkilən filmə dəvət
alıb. Alimlə təsadüf nəticəsində
rastlaşan kinematoqrafçılar çox istəyiblər
ki, Ramiz müəllimi bu filmə çəksinlər. Amma o, təklifə etirazını bildirib.
Biz hamımız Ramiz müəllimi böyük alim kimi
tanıyırıq. Təbii ki, həmkarları onun elmi
araşdırma və tapıntılarının dəyərini
bizlərdən yaxşı bilir. Doğmaları,
əzizləri isə onun necə bir insan olduğunu
yaxından görüb və hiss ediblər. AMEA-nın
akademik Ə.M.Quliyev adına Aşqarlar
Kimyası İnstitutunda şöbə müdiri işləyən
həyat yoldaşı Nailə xanım söyləyir ki, Ramiz
müəllim həddən artıq xeyirxah, hamıya əl
uzadıb kömək edən, xoş niyyətli, dostluqda,
yoldaşlıqda sədaqətli insan idi. Akademiklər Azad Mirzəcanzadə,
Tofiq İsmayılov, Tofiq Əliyev və başqaları ilə
uzun illər yaxın, səmimi münasibətdə olub. Sonralar bu münasibət ailəvi dostluğa
çevrilib.
Ramiz müəllim həm də həssas duyumlu, ədəbiyyat,
xüsusilə poeziya vurğunu idi. Klassiklərimizi
mütaliə edir, Nizamini, Füzulini, Seyid Əzimi,
böyük Sabiri heyranlıqla oxuyurdu. Caz musiqisini də sevirdi. Soruşanda
da deyirdi ki, hərənin öz yeri var. Bu sahələrin hər
biri barədə geniş bilgiyə malik idi. Yeniyetməlik çağlarından oxuduğu
kitablardan ən ağıllı, ibrətamiz sözləri
qeyd dəftərinə yazardı. Təsəvvür
edin, bu illər ərzində həmin dəftərlərdə
neçə cildlik aforizmlər yığılıb.
Ramiz Mirsəlimovun portretini canlandırmaqda dəstəkçimiz
olan qızı Leyla deyir ki, atam övladlarına - mənə
və böyük qardaşım Mehdiyə qarşı
çox tələbkar olub. Universitetdə hər
ikimiz atamızın arzusu ilə onun ixtisası üzrə təhsil
aldıq. Mehdi aspiranturanı uğurla başa vurduqdan
sonra 2008-ci ildə texnika elmləri üzrə fəlsəfə
doktoru elmi dərəcəsinə yiyələndi...
Ramiz müəllim böyük bir ailənin
ağsaqqalı, əziz ata, sevimli baba idi. Oğlu Mehdi
babasının, nəvəsi Fatimə isə ulu nənəsinin
adından ad almışdı. Nəvəsi
Fərəci isə dünyalar qədər istəyirdi.
Ramiz Mirsəlimov artıq həyatda yoxdur. Bu, Azərbaycan
elmi üçün, Ramiz müəllimi sevənlər, ona
hörmət bəsləyən doğmaları, əzizləri,
həmkarları, dostları, elm və həyat dərsi
keçdiyi saysız-hesabsız yetirmələri
üçün ağır itkidir.
Ramiz müəllim ömrünün sonunu ağır xəstəlikdə
keçirdi. Ancaq son nəfəsinədək məsuliyyət və
elmə sədaqət hissi onu tərk etmədi. Daim kafedranın işləri ilə
maraqlanırdı, həmkarlarına və yetirmələrinə
məsləhətlər verir, onları yeni nailiyyətlərə
ruhlandırırdı. Yeni dərs vəsaitinin
nəşrindən narahatlığını bildirirdi. Amma əcəl imkan vermədi ki, yazıb
hazırladığı "İnformasiyanın
alınmasının fiziki əsasları" adlı son
kitabının çap variantını görsün. Bu işi isə Ramiz müəllimin yetirmələri
tamamladı. Ustad üçün bunun
özü də bir xoşbəxtlikdir. Həm də hər
kəsə, o cümlədən hər alimə, hər müəllimə
qismət olmayan bir xoşbəxtlik...
İradə ƏLİYEVA,
"Azərbaycan"
Azərbaycan.-
2014.- 29 avqust.- S.6.