Beyləqanda yeni istifadəyə
verilmiş Gənclər Mərkəzində rayon gənclərinin
və ictimaiyyətinin nümayəndələri ilə
görüş
Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 28-də Beyləqanda Gənclər Mərkəzinin açılışında iştirak edib.
Dövlət başçısı mərkəzlə tanışlıqdan sonra rayon gənclərinin və ictimaiyyətinin nümayəndələri ilə görüşüb.
Prezident İlham Əliyev görüşdə çıxış edib.
Prezident İlham Əliyevin çıxışı
- Bu gün Beyləqan rayonunda Gənclər Mərkəzi açılır. Bu münasibətlə sizi ürəkdən təbrik edirəm. Çox gözəl mərkəzdir və qısa müddətdə - il yarım ərzində tikilmişdir. Gənclərin burada asudə vaxtlarını səmərəli şəkildə keçirmələri üçün bütün şərait, bütün imkanlar var.
Son vaxtlar ölkəmizin müxtəlif bölgələrində Gənclər mərkəzləri tikilir. Bu, məni çox sevindirir. Çünki bizim gənclər siyasətimiz çox dəqiqdir, çox səmərəlidir və gözəl nəticələr verir. Qarşıya vəzifə qoyulub ki, hər bir şəhərdə müasir Gənclər Mərkəzi tikilsin. Burada gənclər həm istirahət etsinlər, həm öz biliklərini artırsınlar və bir-biri ilə ünsiyyətdə olsunlar.
Bildiyiniz kimi, əvvəlki dövrdə biz Olimpiya mərkəzlərinin tikintisi ilə ciddi məşğul idik. Bu proses bu gün də davam edir və fürsətdən istifadə edərək demək istəyirəm ki, Beyləqan rayonunda da müasir Olimpiya-İdman Mərkəzinin tikintisi nəzərdə tutulur. Bax, burada bu dəqiqə Gənclər və İdman Nazirliyinə göstəriş verirəm ki, layihəni hazırlasınlar və tezliklə tikintiyə başlasınlar. Yer də seçilibdir və hesab edirəm ki, biz tezliklə gözəl idman mərkəzini də yaradacağıq.
Gənclər mərkəzlərinin yaradılması da gənclər siyasətinin tərkib hissəsidir. Bizim gənclərimiz həm fiziki cəhətdən sağlam, eyni zamanda, bilikli, savadlı olmalıdırlar. Deyə bilərəm ki, Olimpiya mərkəzlərinin yaradılması nəticəsində bu gün Azərbaycanda nəinki peşəkar idman sürətlə inkişaf edir, eyni zamanda, gənclər, yeniyetmələr idmana böyük maraq göstərirlər və gözəl nəticələr əldə edirlər. Azərbaycan bu gün dünya miqyasında idman dövləti kimi tanınır. Son Olimpiya Oyunlarında böyük qələbə - 10 medal qazanmışıq və komanda hesabında 30-cu yerə layiq görülmüşük. Əlbəttə ki, gənc idmançılarımızın hazırlanması işində bölgələrdə fəaliyyət göstərən Olimpiya mərkəzləri xüsusi yer tutur.
Onu da qeyd etməliyəm ki, dünən Çində yeniyetmələrin Olimpiya Oyunları başa çatdı və bizim gənc idmançılarımız çox böyük qələbələr əldə etmişlər. Bu münasibətlə onları, məşqçilərini, bütün idman ictimaiyyətimizi təbrik edirəm. Azərbaycan komanda hesabında 10-cu yerdədir. Bu Olimpiya Oyunlarında 200-dən çox ölkə təmsil olunurdu. Azərbaycan 10-cu yerdədir. Avropa ölkələri arasında 6-cı, müsəlman ölkələri arasında isə 1-ci yerdədir. On iki medal qazanmışıq, onlardan 5-i qızıl medaldır. Bu, bir daha onu göstərir ki, gənclərimiz nə qədər istedadlıdır, güclüdür və Vətənə bağlıdır.
Bu yaxınlarda Ümumdünya Şahmat Olimpiadası da keçirilmişdir. Orada da Azərbaycan idmançıları ən yüksək yerlərə qalxmışlar və deyə bilərəm ki, həm Ümumdünya Şahmat Olimpiadasında, həm yeniyetmələrin Olimpiya Oyunlarında Azərbaycan Ermənistandan qat-qat yüksək pilləyə qalxmışdır. Bu, onu göstərir ki, biz həm fiziki, eyni zamanda, intellektual cəhətdən daha güclüyük, üstünük və bu üstünlük hər yerdə özünü büruzə verir. Ermənistan ilə Azərbaycan iqtisadiyyatları müqayisəedilməzdir. Bizim iqtisadiyyatımız Ermənistan iqtisadiyyatından təxminən 20 dəfə böyükdür. İdmanda, həm Olimpiya Oyunlarında, həm yeniyetmələrin Olimpiya Oyunlarında, intellektual oyunlarda - hər yerdə biz üstünlüyü əldə etmişik. O cümlədən döyüş meydanında Azərbaycan üstünlüyü əldə edibdir və təmas xəttində Azərbaycan öz iradəsini diktə edir.
Azərbaycan ictimaiyyəti bilir ki, bu ayın əvvəlində Ermənistan təmas xəttində təxribat törətmək istəmişdi. Ancaq Azərbaycan Ordusu düşmənə layiqli cavab vermişdir. Onlarla işğalçı məhv edilmişdir və onların təxribatı baş tutmamışdır. Bu təxribatın səbəbləri də aydındır. Çünki bildiyiniz kimi, Soçi görüşü ərəfəsində Ermənistan rəhbərliyi çalışırdı ki, özü üçün daha da münasib mövqe əldə etsin və Azərbaycanı qane etməyən hansısa məsələyə razı sala bilsin. Ancaq bu, baş tutmadı və əksinə, Azərbaycan mövqeyi Soçidə daha da güclü səsləndi, qəhrəman Azərbaycan əsgərləri və zabitlərinin cəsarəti nəticəsində düşmənə sarsıdıcı zərbə vurulmuşdur və hələ ki, onlar o zərbədən özlərinə gələ bilmirlər.
Ermənistanda təlaş, təşviş hökm sürür və ən yüksək səviyyədə etiraf olunur ki, ölkədən kütləvi şəkildə köç başlamışdır. Daha doğrusu, bu proses çoxdan gedir. Sadəcə olaraq, təmas xəttindəki son hadisələr bunu daha da sürətləndirmişdir. On minlərlə erməni vətəndaşı ölkəni həmişəlik tərk edir və son hadisələr bu prosesə yeni təkan vermişdir. Düzdür, Ermənistan rəhbərliyi bunu izah etmək üçün müxtəlif üsullara əl atır. Bu yaxınlarda hətta etiraf edilmişdir ki, bunun əsas səbəbi diasporun güclü olmasıdır, eyni zamanda, Qarabağ münaqişəsidir. Yəni, artıq Ermənistan rəhbərliyi etiraf edir ki, demoqrafik böhranın əsas səbəbi qorxudur. Ermənistan cəmiyyəti qorxu içindədir. Əlbəttə, güclənən Azərbaycan və qüdrətli Azərbaycan Ordusu, qəhrəman Azərbaycan əsgəri onlar üçün daim qorxu mənbəyidir və bu qorxunu aradan qaldırmaq üçün sadəcə olaraq, Ermənistan beynəlxalq hüquq normalarına əməl etməlidir və işğal edilmiş torpaqlardan qeyd-şərtsiz çıxmalıdır. BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi də bunu tələb edir. Əminəm ki, biz öz ərazi bütövlüyümüzü bərpa edəcəyik. Beynəlxalq hüquq normaları bizim mövqeyimizi dəstəkləyir. Azərbaycan dünya miqyasında nüfuz sahibidir və bizimlə hesablaşırlar, məsləhətləşirlər. Bu gün bizim beynəlxalq nüfuzumuz yüksək səviyyədədir.
Biz Ermənistanı iqtisadi cəhətdən dəfələrlə üstələyirik. Hərbi potensial baxımından Azərbaycan Ordusu nəinki Ermənistanla müqayisədə, dünya miqyasında güclü ordular sırasındadır. Gündən-günə gücümüz artır. Bilirsiniz ki, böyük vəsait ayrılır və ayrılacaqdır. Hərbi xərclər bizim dövlət büdcəmizin əsas xərcləridir və bu, gələcək illərdə də belə olacaq. Biz xərcləri artıracağıq. Ordumuzun peşəkarlığı artır, vətənpərvərlik ruhu yüksək səviyyədədir və Azərbaycan cəmiyyəti bir amal uğrunda birləşibdir. Bu, Azərbaycanın inkişafı, müasir dövlət quruculuğu prosesi və işğal edilmiş ərazilərimizin qaytarılması məsələləridir. Bu işdə əlbəttə ki, gənclərin xüsusi rolu vardır.
Mən şadam ki, bizim gənclərimiz vətənpərvərdirlər və milli ruhda böyüyürlər, tərbiyə alırlar. Bu, çox önəmlidir, gənclərlə çoxsaylı görüşlərim əsnasında mən bu məsələlərə xüsusi diqqət yetirirəm. Bizim gənclərimiz bilikli, savadlı olmalıdırlar. Çünki müasir dünyada bilik, savad demək olar ki, hər şeyi həll edir.
İnkişaf etmiş ölkələrin təcrübəsinə nəzər salsaq görərik ki, o uğurların təməlində intellektual potensial, texnoloji tərəqqi, elmin inkişafı və təhsilin səviyyəsi dayanır. Gələcəkdə bu amillər daha da böyük rol oynayacaq. Çünki bu gün istər iqtisadi sahədə, sənaye istehsalının inkişafında, hər bir sahədə müasir texnologiyalar hər şeyi həll edir. Ona görə bizim gənclərimiz yaxşı oxumalıdır, bilik sahibi olmalıdır, gənclər peşəkar olmalıdırlar. Çünki bu gün Azərbaycanda bütün imkanlar var. İqtisadiyyat inkişaf edir, yeni iş yerləri, yeni sənaye müəssisələri, xidmət sahələri açılır ki, peşəkar kadrlara böyük ehtiyac var. Mən çox istəyirəm ki, bizim əsas, aparıcı sahələrimizin inkişafında Azərbaycan gəncləri öz rolunu oynasınlar. Belə göstərişlər verilmişdir. Ona görə bilik, savad, əlbəttə ki, hər bir gənc üçün, ölkə üçün, gələcəyimiz və hər bir insan üçün prioritet olmalıdır. Çünki əgər biliyin, savadın varsa, sən gələcəkdə özün üçün layiqli yer tapa bilərsən, yaxşı işlə təmin olunarsan, yaxşı maaş alarsan və beləliklə, həm özün, həm ölkə üçün daha da böyük fayda verə bilərsən.
Gənclər əlbəttə ki, fiziki cəhətdən sağlam olmalıdır. Əlbəttə ki, burada həm idmanın inkişafının, həm olimpiya komplekslərinin tikintisinin mühüm rolu var, eyni zamanda, hər bir insan gənc yaşlarından öz sağlamlığına fikir verməlidir. İndi ölkəmizin bütün yerlərində müasir diaqnostika mərkəzləri, xəstəxanalar fəaliyyət göstərir. Hər bir insan gərək ildə bir dəfə müayinədən keçsin. Yəqin sizin də xəbəriniz var ki, son vaxtlar Azərbaycanda kütləvi şəkildə dispanserizasiya aparılmışdır. Yüz minlərlə insan pulsuz müayinədən keçmişdir. Bu müayinələr nəticəsində əlbəttə ki, xəstəliklər də aşkarlanmışdır və onların müalicəsi təmin edilmişdir. Yəni, fiziki sağlamlıq, bilik, savad, əlbəttə ki, mənəvi sağlamlıq vacibdir.
Bizim gözəl ənənələrimiz, milli dəyərlərimiz var. Biz onları qoruyuruq və siz gənclər onları yaşatmalısınız. Bu, böyük bir mirasdır, böyük mədəni irsdir, bizim zənginliyimizdir. Bizim musiqimiz, xalçaçılıq sənətimiz, incəsənətimiz, ədəbiyyat, ana dili - bütün bunlar bizim ən böyük sərvətlərimizdir. Biz bu sərvətləri bütün dövrlərdə - çar Rusiyası, Sovet İttifaqı dövrlərində qorumuşuq. Ona görə bir xalq kimi biz bu gün inkişaf edirik. Özümüzü dünyaya təqdim etmişik. Əlbəttə ki, biz müstəqillik dövründə bu dəyərləri daha da qorumalıyıq. Dövlət siyasəti var və mən Prezident kimi bu məsələlərə xüsusi diqqət göstərirəm. Bütün dövlət qurumları, eyni zamanda, ictimai təşkilatlar bu işlərlə məşğul olurlar. Ancaq burada ardıcıllıq təmin edilməlidir. Bu ardıcıllığı siz gənclər təmin edəcəksiniz. Ona görə gənclər milli ruhda tərbiyə almalıdırlar. Bunu biz məktəblərdə də, ailələrdə də təşkil etməliyik. Bizim milli ənənələrimiz var. Biz onları qiymətləndiririk. Onlar bizim həyatımızın əsasıdır.
Azərbaycanın dəyərləri bizim üçün əsas dəyərlərdir. Əlbəttə ki, biz ümumbəşəri dəyərləri bölüşürük. Azərbaycan dəyərləri ümumbəşəri dəyərlərin tərkib hissəsidir. Ancaq bizim xalqımızın özünə xas olan dəyərləri var. Biz onları qoruyuruq, qorumalıyıq. Əlbəttə ki, gənclər Vətənə bağlı olmalıdırlar. Bu gün Azərbaycan o qədər sürətlə inkişaf edir ki, Vətəni sevən hər bir insan qürur hissi ilə deyir: Mən Azərbaycan vətəndaşıyam! Ümumiyyətlə, hər bir insan öz Vətənini sevməlidir. Ancaq daha inkişaf etmiş ölkələrdə təbii ki, bu, özünü daha da yüksək səviyyədə büruzə verir. Hesab edirəm ki, vətənpərvərlik, bilik, savad, fiziki hazırlıq, öz keçmişinə bağlılıq, milli ruhda tərbiyə bizim üçün əsas amillər olmalıdır.
Əlbəttə, dövlət
siyasətimiz bu istiqamətdə aparılır. Biz
islahatları dərinləşdiririk. Azərbaycanda azad cəmiyyət
formalaşıbdır, bütün demokratik təsisatlar var və
onlar uğurla fəaliyyət göstərir. Bütün
azadlıqlar - söz azadlığı, vicdan
azadlığı, mətbuat azadlığı, internet
azadlığı var. Heç bir senzura yoxdur. Siz gənclər
bunu yaxşı bilirsiniz. Facebook, Twitter,
internet. İndi bir milyondan artıq Azərbaycan
vətəndaşı facebookda fikirlərini paylaşır və
yaxud hansısa məlumat əldə edir. Heç
də hər bir ölkədə belə deyil, senzuralar, məhdudiyyətlər
vardır. İndi bəzi digər tədbirlər
görülür. Bizdə isə bu, sərbəstdir,
azaddır. Çünki Azərbaycan cəmiyyəti
azad cəmiyyətdir və bu, bizim böyük nailiyyətimizdir.
Ona görə siyasi islahatların, eyni zamanda, iqtisadi
islahatların dərinləşməsi nəticəsində
son 10 ildə bir milyondan artıq yeni iş yeri
açılmışdır. Bu proses davam edir və davam etməlidir.
Çünki bizim əhalimiz artır.
Ermənistandan fərqli
olaraq bizdə demoqrafik vəziyyət çox müsbətdir. Hər il
orta hesabla 170-180 min körpə dünyaya gəlir. Beləliklə, iş yerlərinin
açılması daimi proses olmalıdır. Çünki
əhalinin artımı əlbəttə ki, bizim
üçün böyük güc mənbəyidir. Əhali artır və artmalıdır. Eyni zamanda, bu, əlbəttə ki, hökuməti də
düşündürür. Çünki iş yerlərinin,
yeni müəssisələrin açılması gərək
elə sürətlə getsin ki, işsizlik aşağı səviyyədə
olsun. Hazırda işsizlik beş faiz səviyyəsindədir.
Bəzi bölgələrdə işsizlik orta hesabla
daha da yüksəkdir. Biz bunu bilirik, bu məsələlər
üzərində işləyirik. Yəni,
bütün sahələr üzrə islahatlar aparılır
və aparılacaqdır. Ölkəmizin
uğurlu inkişafı təmin ediləcəkdir. Ancaq bütün bu işlərin əsasında, təməlində
bizim milli dəyərlərimiz dayanır.
Bu gün nəinki bizim
üçün, bütün ölkələr
üçün müəyyən təhlükələr
var. Yəni, qloballaşma və digər proseslər gedir. İndi bəzi
xarici dairələr qloballaşma adı altında öz iradələrini
tətbiq etmək istəyirlər. Xüsusilə gənclər
arasında iş aparılır, müxtəlif fondlar vasitəsilə
guya ki, hansısa layihələrin icrası üçün vəsait
ayrılır. Əslində gəncləri
öz dövlətinə qarşı çevirmək, istiqamətləndirmək
üçün işlər aparılır. Biz bunları bilirik.
Bu gün Azərbaycanın
uğurlu inkişafını heç də hər kəs qəbul
etmir. Ölkə daxilində də milli satqınlar var ki,
onlar xarici antiazərbaycan dairələrinə öz
vicdanını satıblar. Xarici dairələr
var ki, çalışırlar Azərbaycanda sabitlik pozulsun,
inkişaf dayansın, Azərbaycan asılı vəziyyətə
düşsün. Biz bunu bilirik. Mən Prezident kimi gündəlik fəaliyyətimdə
bu qüvvələrə qarşı açıq mübarizə
aparıram. Ona görə də Azərbaycana
qarşı mediada qarayaxma, böhtan kampaniyaları
aparılır. Bunun səbəbi odur ki,
biz müstəqilliyimizi qoruyuruq. Azərbaycan
xalqının haqlı tələbini, müstəqil olmaq
arzusunu qoruyuruq, qoruyacağıq. Siz də,
gələcəkdə Azərbaycanı idarə edəcək
insanlar da bax bu yolla getməlisiniz.
İndi heç kəs
üçün sirr deyil ki, müxtəlif fondlar vasitəsilə,
müxtəlif ölkələrdə kütləvi
iğtişaşların, qarşıdurmanın
yaradılması üçün praktiki addımlar
atılır.
Əgər 10 il bundan əvvəl bu, daha
da məxfi formada aparılırdısa, hazırda artıq
bütün maskalar yırtılıbdır, heç gizlətmirlər.
Məqsəd də odur ki, təbii resurslarla zəngin,
böyük potensiala, əlverişli coğrafi mövqeyə
malik ölkələr təsir altına düşsün və
başqasının diktəsi ilə hərəkət etsin,
oturub-dursun. Bu isə o ölkələri məhvə
aparır.
Biz yaxın tarixdən bunu
bilirik. Bizim qonşuluğumuzda baş vermiş hadisələrin
nələrə gətirib çıxardığı da
gözümüzün qabağındadır. Bilin ki, Azərbaycan üçün də oxşar
ssenarilər yazılmışdır. Sadəcə
olaraq, bizim iqtidarımızın dəmir iradəsi imkan vermədi
ki, bu ssenarilər burada həyata keçirilsin və heç
vaxt imkan verməyəcəyik.
Ona görə siz gənclər
bunu yaxşı bilməlisiniz və bizim gənclərimiz
xarici dairələrin təsiri altına düşməməlidir. Xarici qüvvələr
Azərbaycanın inkişafını bizdən artıqmı
istəyirlər? Əlbəttə ki, yox.
Onların maraqları başqadır və biz
bilirik bunun səbəbi nədir. Onlar da
bilirlər ki, bu, bizimlə keçməyəcək və
sizinlə də keçməməlidir. Ona
görə siz də bu məsələləri daim diqqət mərkəzində
saxlamalısınız.
Bizə xaricdən heç
bir yardım, kömək lazım deyil. Lazım olanda onsuz da
heç kim bizə kömək etməyib.
Azərbaycan ağır vəziyyətdə olanda kim gəlib bizə kömək edib? Heç kim. Mənim yadımdadır, vaxt
var idi ki, biz beynəlxalq qurumlardan kredit ala bilmirdik, vermirdilər
kredit. Amma indi biz özümüz başqa
ölkələrə kredit veririk. Yəni,
bizim iqtisadi inkişafımız sırf Azərbaycan dövlətinin,
hökumətinin uğurudur və aparılan siyasətin nəticəsidir.
Ona görə bizə yardım etmək
üçün heç kimə müraciət etməmişik
və buna ehtiyac yoxdur. Amma yardım adı altında Azərbaycana
hər il milyonlarla dollar pul ötürülür. O pul
müxalifət qurumlarının cibinə gedir. Düzdür,
bizim müxalifət
pula o qədər meyillidir ki, o, ayrılan qrantların
70-80 faizini öz cibinə qoyur. Ona görə o
pullar onu göndərənlərin iradəsi ilə xərclənmir.
Ancaq fakt budur. Biz bunu bilirik,
burada heç nəyi gizlətmək mümkün deyil. Bütün bank hesablarına nə qədər gəlir,
kimə gəlir, o pul sonra hara gedir və bilin ki, verilən o vəsait
ölkəmizin maraqlarının əleyhinə işləyən
vəsaitdir. Onsuz da lap o miqdarı on dəfə
artırsalar da bunun xeyri olmayacaq. Çünki Azərbaycanda sabitliyin,
inkişafın təminatçısı Azərbaycan
xalqıdır, görülən işlərdir, abadlaşan
şəhərlər və inkişafda olan ölkəmizdir. Ona görə hesab
edirəm ki, Azərbaycanda sabitliyi pozmaq cəhdləri
yersizdir. Bunu artıq o cəhdləri edənlər
də tamamilə başa düşürlər.
Ancaq biz bunu bilməliyik və
siz də bunu bilməlisiniz. Ona görə biz ancaq
gələcəkdə də öz gücümüzə
güvənəcəyik. Azərbaycan
xalqının iradəsi Prezident kimi mənim üçün
əsasdır. Siz gənclər peşəkar, bilikli, həm
fiziki, həm mənəvi cəhətdən sağlam
olmalısınız və elə etməlisiniz ki, Azərbaycan
daim inkişaf etsin və müstəqil ölkə kimi daim
öz sözünü desin, formal olaraq yox, real. Çünki
dünyada iki yüzdən çox müstəqil ölkə
var. Bu ölkələrin hamısı müstəqil
deyil. Elə götürək Ermənistanı.
O ölkəyə müstəqil ölkə demək
mümkün deyil. O bir koloniyadır, müstəmləkədir
və qul psixologiyası ilə yaşayan Ermənistan iqtidarı
ölkəni artıq tamamilə asılı vəziyyətə
salıbdır. İnanmıram ki, erməni
xalqının arzuladığı müstəqillik bu gün
onları təmin edir. Hər
bir xalq, insanlar kimi ölkələr də istəyir ki,
müstəqil olsun, öz sözünü desin, heç kimdən
asılı olmasın. İnsan üçün azadlıq ən
böyük dəyərlərdən biridir. Hər kəs dünyaya azad gəlir və azad olmaq
istəyir, təbii ki, qanun çərçivəsində.
Ona görə real müstəqilliyi əbədi,
dönməz etmək üçün sizdən çox
şey asılıdır.
Mən deyə bilərəm
ki, Azərbaycan gəncləri öz vətəninə
bağlıdırlar, onlar ölkəmizin inkişafına
böyük töhfə verirlər. Mən sadəcə
olaraq istəyirəm ki, bu məsələ ilə
bağlı öz sözümü deyim, sizə öz məsləhətlərimi
verim və siz də bunu rəhbər tutaraq gələcəkdə
öz fəaliyyətinizi uğurla davam etdirəsiniz. Bir daha sizi salamlayıram və bu gözəl mərkəzin
açılışı münasibətilə təbrik edirəm.
* * *
Gənclər adından
çıxış edən müəllimə Aytən MİRZƏYEVA dedi:
- Möhtərəm cənab Prezident!
Sizi rayonumuzun ictimaiyyəti, gəncləri
adından salamlayıram. Xoş gəlmisiniz.
Sizin rəhbərliyinizlə
doğma Azərbaycanımız son on ildə böyük
inkişaf yolu keçib. Bu gün gənclərimizin hərtərəfli
inkişafı üçün hər cür şərait
yaradılıb. Bölgələrimizdə
açılan Heydər Əliyev mərkəzləri, Olimpiya
İdman kompleksləri, Gənclər mərkəzləri, yeni
məktəblər, klublar, kitabxanalar bu gün biz gənclərin
istifadəsindədir. Dünyanın
heç bir ölkəsində gənclərə bu qədər
diqqət və qayğı göstərilmir.
Bu gün Beyləqan gəncləri
üçün də əlamətdar bir gündür. İstifadəmizə
gözəl Gənclər Mərkəzi verilib. Sizin tapşırığınızla inşa edilən
bu mərkəz biz gənclərin fəaliyyətini
artıracaq, asudə vaxtlarımızın səmərəli
təşkili üçün bizə yardımçı
olacaqdır. Bunun üçün Sizə
dərin minnətdarlığımızı bildiririk.
Möhtərəm cənab
Prezident, Siz gənclərə Vətəni sevməyi, ona sədaqətli
olmağı öyrədirsiniz. Bu gün
regionlarımıza gəzintilər təşkil edilir. "Azərbaycanı tanıyaq" devizi altında
təşkil edilən bu gəzintilərdə gənclərimiz
ölkəmizin mədəniyyətini, tarixini, müstəqillik
illərində əldə edilmiş nailiyyətlərimizi dərindən
öyrənirlər. Bu məqsədlə
təşkil edilən gəzintilərdə Beyləqan
rayonunun şagirdləri də iştirak ediblər. Onlar Şəki şəhəri, Qəbələ və
İsmayıllı rayonlarında olublar.
Bu gün müasir Azərbaycanımızın
Heydər Əliyev Mərkəzi, Alov Qüllələri,
Dövlət Bayraq Meydanı kimi rəmzləri vardır. Son günlərdə
açılışını etdiyiniz Xalça Muzeyi də
nadir memarlıq nümunəsidir. Bu, Azərbaycanımızın
gücünü, qüdrətini bir daha sübut edir. Biz bugünkü Azərbaycanımızla fəxr
edir və qürur duyuruq.
Ölkəmiz
üçün gördüyünüz işlərdə Sizə
yaxından kömək göstərən Mehriban xanım
Əliyevanın fədakar əməyini xüsusilə qeyd etmək
istəyirəm. Məhz onun əməyinin sayəsidir ki,
bu gün dünya musiqi xəzinəsinin incisi hesab edilən Azərbaycan
muğamı bütün dünyada tanınır. Fürsətdən istifadə edib Mehriban xanım
Əliyevanı ad günü münasibətilə
bütün beyləqanlılar adından təbrik edir, ona uzun
ömür, cansağlığı, işlərində
yeni-yeni uğurlar arzulayıram.
Möhtərəm cənab
Prezident, bu gün Vətənini, xalqını, millətini
sevən, onun şərəfini uca tutan və onunla fəxr edən
Azərbaycan nəsli yetişir. Azərbaycan gəncləri
fəxr edir ki, Sizin kimi Prezidenti var. Əminliklə deyə bilərəm
ki, bu günün gəncləri Sizinlə həmfikir, məsləkdaş
və silahdaşdırlar. Bir daha təşəkkür
və minnətdarlığımı bildirirəm. Diqqətinizə
görə sağ olun!
* * *
Prezident İlham
ƏLİYEV: Sağ olun.
* * *
Daha sonra çıxış edən
rayon sakini Əziz ƏKBƏROV
dedi:
- Möhtərəm cənab Prezident!
Məndən öncə
çıxış edən gənc balamız Sizin gənclər
üçün gördüyünüz işlərdən,
yaratdığınız şəraitdən söhbət
açdı.
Doğrudan da, ölkəmizdə olduğu kimi,
Beyləqanda da gənclərin tərbiyəsi
üçün böyük işlər görülür,
onlara xüsusi qayğı göstərilir. Bütün bu diqqət və qayğıya görə,
cənab Prezident, Sizə rayon ictimaiyyəti adından yeni-yeni
uğurlar arzulayıram.
Respublikamızda bütün sahələrin
inkişafına Sizin diqqət və
qayğınız göz qabağındadır. Hər bir vətəndaşın
problemi Sizin probleminiz kimi daim diqqət mərkəzinizdədir.
Bütün bunlar Sizin gündəlik
gördüyünüz işlərdə öz əksini
tapır.
Son illər Beyləqanımız
sürətlə inkişaf edir, şəhərimiz gündən-günə
gözəlləşir, yeniləşir, abadlaşır. Şəhərdə
parklar, xiyabanlar tikilmiş, mərkəzlər
yaradılmış, tibb məntəqələri, məktəblər,
uşaq bağçaları istifadəyə verilmiş, yollar
salınmışdır. Şəhər əhalisinin
problemləri həll olunur. Bu yaxınlarda
rayon əhalisinin uzun müddətdən bəri əziyyət
çəkdiyi susuzluq problemi həll olunacaq, su-kanalizasiya
sistemi tikilib istifadəyə veriləcək. Əhalinin böyük bir qismi artıq işlə təmin
olunub. Sizin
tapşırığınızla yaradılmış
taxılçılıq təsərrüfatının
böyük bir hissəsi Beyləqanda yerləşir. Rayonumuzun bütün əhalisi bu təsərrüfatdan
ürəkdolusu danışır. Burada
xeyli beyləqanlı işlə təmin olunub. Görülmüş bütün bu işlər
Beyləqan əhalisinin həyat şəraitinin
yaxşılaşmasına xidmət edir. Bütün
bunlara görə Sizə öz minnətdarlığımızı
bildiririk.
Möhtərəm cənab
Prezident, illər, qərinələr, əsrlər ötəcək,
Sizin Vətənimiz, xalqımız, Azərbaycanımız
üçün göstərdiyiniz böyük fədakarlıq
tarixə qızıl hərflərlə yazılacaqdır. Bir ağsaqqal
kimi səmimi qəlbdən deyirəm ki, Azərbaycan öz
tarixinin heç bir dövründə bu qədər güclü
inkişafa nail olmayıb. Həqiqətən
bu, möcüzədir. Müasir Azərbaycan
müstəqil siyasətə, güclü ordu və
iqtisadiyyata, yüksək potensiala malik bir dövlətdir.
Mən Sizə, Sizinlə birgə fəaliyyət göstərən Azərbaycan xalqının əzizi, mehribanı olan Mehriban xanıma və ailə üzvlərinizə möhkəm cansağlığı arzulayıram. Eyni zamanda, Azərbaycanın çiçəklənməsi naminə Sizə uğurlar diləyirəm. Qoy Tanrı Sizə yar olsun!
* * *
Prezident İlham
ƏLİYEV dedi:
- Sağ olun. Mən
artıq üçüncü dəfədir ki, Beyləqan
rayonunda səfərdəyəm. Əvvəlki
səfərlərdə də açılışlar olubdur.
Bu dəfə də şahmat məktəbi, Gənclər
Mərkəzi, stadion açıldı. İndi
artıq Olimpiya İdman Mərkəzinin tikilməsi ilə
bağlı qərar verilmişdir. Əvvəlki
dövrdə biz əsaslı təmirdən sonra xəstəxananın
və digər obyektlərin açılışını
qeyd etmişik. Əlbəttə ki, burada
sosial infrastrukturun yaradılması vacib məsələdir.
Məktəblər, uşaq
bağçaları, idman, səhiyyə ocaqları tikilir.
Əlbəttə, Beyləqan rayonunun iqtisadi
potensialı da çox böyükdür. Siz də qeyd
etdiyiniz kimi, bizim birinci pilot taxılçılıq layihəmiz
məhz Beyləqan rayonunda həyata keçirilir. Bu, çox uğurlu bir təcrübədir. Artıq bu layihəni biz başqa rayonlarda da həyata
keçiririk, orada da tətbiq olunacaqdır. Amma birinci
pilot layihəsi məhz Beyləqanda bir neçə min hektar
torpaq sahəsində icra edilmişdir. Biz əyani
şəkildə görürük ki, bu layihələrin
icrası nəticəsində taxılda məhsuldarlıq orta
hesabla təqribən iki dəfə artmışdır - yəni,
50 sentner, bəlkə də daha da çox. Ölkə üzrə bu rəqəm təqribən
25-27 sentnerdir. Ona görə iş yerlərinin və bu
iri fermer təsərrüfatlarının yaradılması
prosesi gələcəkdə də gedəcək.
Əlbəttə ki, Beyləqanın
iqtisadiyyatı daha çox kənd təsərrüfatına
bağlıdır. Burada böyük imkanlar vardır. Eyni zamanda, həyata keçirilən içməli
su və kanalizasiya layihəsi də böyük sosial layihədir.
Çünki insanlar təmiz, Dünya Səhiyyə
Təşkilatının standartlarına uyğun içməli
su ilə təmin olunacaqlar. Kənd
yolları tikilir. Birinci layihə artıq
icra edilib. İndi ikinci böyük layihə
icra edilir. Bu layihələrin icrası nəticəsində
minlərlə, on minlərlə vətəndaşımız
yeni kənd yolları ilə təmin ediləcək. Bu yollar onlarla kəndi birləşdirir. Bu
proses, əlbəttə ki, davam etdiriləcəkdir.
Qazlaşdırma prosesi gedir. Beyləqan
rayonunda qazlaşdırma 100 faiz olmalıdır. Biz buna əlbəttə ki, nail olmalıyıq.
Hesab edirəm ki, 2016-cı ilin sonuna qədər Beyləqan
rayonunun qazsız bir kəndi də olmamalıdır. Hazırda ümumi qazlaşdırma təqribən 40
faiz səviyyəsindədir. Biz bunu 100 faizə
çatdıracağıq. Hər bir evdə
qaz olacaq.
Şəhərdə və ətraf
kəndlərdə içməli su, kanalizasiya layihəsi icra
edilir. Sosial infrastrukturun yaradılması prosesi davam etdiriləcək. Hələ ki təmirsiz
məktəblər, uşaq bağçaları, digər
sosial obyektlər var. Yollar çəkilir. Bu gün səhər mən iki yol layihəsini
açdım. Biri Şirvan şəhərində
körpünün açılışı, digəri isə
Saatlıda. Artıq Bəhrəmtəpəyə
qədər yol çəkilibdir. Bunun Beyləqana,
Horadizə qədər davamı olacaq. Orada məsafə o qədər də
böyük deyil. Biz yolları dünya səviyyəsində
tikirik, təmir edirik. Bu gün biz artıq
həm məktəblərin, həm xəstəxanaların
tikintisində Azərbaycan standartlarından da danışa bilərik.
Çünki bizdə tətbiq olunan standartlar,
keyfiyyət, avadanlıq artıq dünyanın ən yüksək
səviyyəsindədir. Biz öz
standartlarımızı tətbiq edirik. Azərbaycan
xalqı yaxşı yaşamağa layiqdir və yaxşı
yaşamalıdır. İqtisadi, sosial cəhətdən
təmin olunmalıdır. Çətin vəziyyətdə
olanlar üçün sosial proqramlar icra edilir. Kasıb ailələr dövlətdən müavinət
alırlar. Biz iş yerləri yaradırıq ki, insanlar
işlə təmin olunsunlar. Yoxsulluq azalsın,
yoxsul olmasın, imkanlar olsun və imkanlar var. İnvestisiyalar
qoyulacaq. İnfrastruktura qoyulan investisiyalar
artıq Beyləqan rayonunda da canlanmaya gətirib
çıxarmışdır. Pilot fermer təsərrüfatlarının
yaradılması artıq həyata keçirilib. Bu, davamlı
proses olacaq. Siz də, burada yaşayanlar da
baxın ki, biz əlavə nə etməliyik. Çünki regionların sosial-iqtisadi
inkişafı üzrə üçüncü Dövlət
Proqramı artıq icra edilir və 2018-ci ildə başa
çatacaq. Bu proqramda əsas məsələlər
nəzərdə tutulub ki, həll olunsun. Biz
ondan sonrakı dövrə də hazırlaşmalıyıq
ki, bu, ölkə üzrə hər bir rayonda və hər bir
kənddə daimi inkişaf prosesi olsun. Əminəm
ki, biz buna nail olacağıq.
Sizi bir daha təbrik edirəm, salamlayıram, sizə yeni uğurlar arzulayıram. Sağ olun.
AzərTAc
Azərbaycan.
- 2014.- 30 avqust.- S.1-2.