Ədliyyə naziri
Şəmkir şəhərində vətəndaşları
qəbul edib
Prezident İlham Əliyevin dövlət qurumları tərəfindən insanlara layiqli xidmət göstərilməsi, vətəndaşların müraciətlərinə qayğı və həssaslıqla yanaşılması, bu zaman ədalət prinsipinin tam təmin olunması ilə bağlı göstərişləri Ədliyyə Nazirliyi tərəfindən daim diqqətdə saxlanılır. Vətəndaşların qəbulu, onların ərizə və şikayətlərinin baxılaraq həll olunması üçün müvafiq tədbirlər görülür. Bu zaman müasir informasiya-kommunikasiya texnologiyaları və elektron xidmətlər geniş tətbiq olunur.
Dövlətimizin başçısının tapşırığına və bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq avqustun 29-da ədliyyə naziri Fikrət Məmmədov Şəmkir şəhərində Qazax, Ağstafa, Tovuz, Gədəbəy və Şəmkir rayonlarında yaşayan vətəndaşların qəbulunu keçirib.
Vətəndaşların rahatlığının təmin edilməsi üçün nazirin qəbuluna yazılış qabaqcadan başlanılmış, nazirliyin elektron xidmətlər portalında xüsusi olaraq birbaşa yazılmaq imkanı yaradılmışdı.
Ədliyyə Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildiriblər ki, qəbuldan əvvəl nazir Fikrət Məmmədov və Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Nazim Veysov ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyublar. Ulu Öndərin əziz xatirəsi dərin ehtiramla yad edilib. Həmçinin Heydər Əliyev Mərkəzi ilə tanışlıq olub.
Gün ərzində aparılan qəbul zamanı ədliyyə və məhkəmə fəaliyyəti, habelə digər müxtəlif məsələlər ilə bağlı hər bir vətəndaş diqqətlə dinlənilib. Müraciətlərdə qaldırılan məsələlərin bir qismi elə yerindəcə öz həllini tapıb. Qəbulda iştirak edən nazirliyin aidiyyəti məsul işçilərinə digər müraciətlər üzrə müvafiq tapşırıqlar verilib.
Eyni zamanda, ədliyyə və məhkəmə fəaliyyətinə aid olmayan digər məsələlərlə bağlı müraciətlərə baxılıb, onların araşdırılması üçün aidiyyəti üzrə göndərilməsi təmin olunub.
Qəbula gələn vətəndaşlar əhaliyə göstərilən qayğılı münasibətə, bölgələrdə qəbulların silsilə xarakter almasına, regionlarda yüksək sosial-iqtisadi şəraitin yaradılmasına görə dövlətimizin başçısına minnətdarlıqlarını ifadə ediblər.
Səfər
zamanı ədliyyə naziri yerli məhkəmə və ədliyyə
orqanlarına baş çəkərək,
hakimlər və ədliyyə işçiləri ilə görüşüb, onların fəaliyyəti
və iş şəraiti ilə
tanış olub, problemlərlə
maraqlanıb, vətəndaş-məmur münasibətlərinin
Azərbaycan Prezidentinin tələblərinə
uyğun olaraq sağlam zəmində qurulması, etik davranış qaydalarına ciddi riayət olunması, korrupsiyaya
şərait yaradan hallara
yol verilməməsi və digər aidiyyəti
tövsiyə və tapşırıqlarını verib.
Azərbaycan.
- 2014.- 30 avqust.- S.9.