Həsrətdə qalan yurd
yeri
Elə tarixlər var ki, insan onu
ağrılı yaşayır
və hətta həmin günün hadisəsinə görə
özünü günahkar
da sanır. Belə tarixlərdən
biri də məhz torpaqlarımızın
işğalı ilə
bağlıdır. Bütün
ömür boyu tikib-qurduğunun, topladığının
bir anın və ya günün
içərisində itirdiyin,
əlinin boşda qaldığı gün...
Mən də belə bir günün, işğalın canlı
şahidiyəm. 1993-cü ilin 31 avqust tarixini, ermənilərin yerdən və səmadan güllələr
yağdıraraq torpaqlarımızı
yağmalamalarını heç
zaman unutmaram. Xüsusən də atamın, babalarımın,
nənələrimin və
nəhayət qardaşımın
fidan körpəsinin uyuduğu qəbiristanlığın
yanmasını...
Şübhəsiz ki, kimliyindən asılı olmayaraq hər kəs doğulub boya-başa çatdığı,
başı üzərində
şirin şivəsində
laylaların çalındığı,
gözəlliklərin cilvələndiyi, qanında, canında müqəddəs
duyğuların kök
saldığı doğma
yurduna qırılmaz tellərlə bağlı
olur. Bu tellər
nə qədər nazik olsa, zamanla,
düşdüyü mühitlə
bağlı olaraq qırılma həddinə
çatsa belə onları asanlıqla qoparmaq, aralamaq, sonsuzluğa atmaq mümkün deyil. Çünki bu tellər
şaxələnib. Bu
şaxələr isə
ən azından hər bir insanın
yeddi arxa dönəninə qədər
gedib çatır.
Bu gün bizlər dünyanın hansı guşəsində yaşasaq
da babalarımızın
daşı-daş üstə
qoyaraq binə qurduqları yurd yerimiz, müqəddəs ruhları əsirlikdə qalan Qubadlımız qəriblikdə, düşmən
tapdağı altında
qaldığı müddətdə
hamımızın içindən
doğma, məlhəm
duyğularla keçən
gizilti məhz həmin torpaqlara bağlıdır.
Qədim Azərbaycan
torpağı, Qarabağ
xanlığının tərkib
hissəsi sayılan Zəngəzurun digər ellərə açılan
qapısı olan Qubadlının 21 illik qəriblikdə qaldığı
bir vaxtda soydaşlarımızın bu
torpağa bağlı
olan insanlar haqqında düşüncələrini
eşitmək çox
maraqlıdır. "Mərd
insanlardır", "sözü
bütöv adamlardır",
"dostu yarı yolda buraxmazlar", "lazım olsa dost üçün son qəpiklərini
də xərcləyər
və bir yol da olsa
dilə gətirməzlər"
- bu və digər çoxlu belə kəlmələr
məhz bu torpağın yetirmələrinin
ünvanına səslənir.
Təbii ki, bir yanından
Həkəri, digər
tərəfindən isə
Bərgüşad çayının
zümzümə edərək
axdığı bir məkanın övladlarının
əsla başqa cür olmaq haqları da yoxdur. Hələ hər daşının
altından çıxan
buz bulaqları demirəm. Məhsuldar torpaqlarının suvarıldığı su
isə dağ çayının tərtəmiz
suyudur.
Meyvə-tərəvəzlərinin hər biri can dərmanıdır.
Amma təəssüf,
min təəssüf... Artıq 21 ildir ki, qubadlılar Tanrının
onlara bəxş etdiyi naz-nemətlərdən
məhrumdurlar. Buna baxmayaraq onlar əsl həqiqətin - məhz o torpaqların qəsbkardan - erməni işğalçılarından təmizləndiyi gün bərqərar olacağına
inanırlar. Bütün qubadlılar
həmin günü böyük həsrətlə
gözləyir və bunun üçün səfərbərliyə də
hər zaman hazırdırlar. Təkcə
qubadlıların deyil,
cəmi Qarabağın,
eləcə də əksər soydaşlarımızın
inam, etiqad yeri olan Mir Sədi
Ağa ocağından
çıxan Mir Məhəmməd
Ağanın "Qürur"
qəzəlində deyildiyi
kimi:
Mən comərdəm,
mən mərdəm,
mən ər oğlu ərəm,
Qovğa günü
qalxanam,
cəngə sinə gərənəm.
Mən hünər
meydanında
rəşadət göstərənəm,
Bir kirpik də qırpmaram -
ləşkər gələ üstümə.
Qubadlıda olan bir çox
toponimlər, yer adları da bu məkanın əsl türk yurdu olmasının göstəricisidir. Məsələn,
Dondarlı, Dəmirçilər,
Ulaşlı, Qaraqoyunlu,
Tatar, Xocahan, Məlikəhmədli,
Padar, Əfəndilər...
Qubadlıda olan kənd
adlarıdır. Bundan başqa,
Məmər və Hal
kəndlərinin arasında,
daha çox Məmərə yaxın olan "Papaqlı qaya" da çoxlarının
yadındadır. "Kitabi Dədə Qorqud"u oxuyanlar üçün elə o andaca mənzərə aydınlaşır. Ümumiyyətlə, qədim oğuz-türk yurdu olan Zəngəzurun
Qubadlı rayonu tarixi abidələr və yaşayış məskənləri ilə
zəngindir. Bunların içərisində
qədim qəbiristanlıqlar,
mağaralar, məbədlər,
qalalar, türbələr,
tağlı körpülər
xüsusi yer tutur.
"Qubadlı"
toponiminin mənşəyi
araşdırılarkən mövcud yaşayış
məntəqəsinin oğuz-türk
yurdu olması dəqiqləşir. Mənbələrin təhlili nəticəsində
"Kobatlı", "Qubadlı"
yer adının bəydilli nəsli ilə əlaqələndirilməsi
bu torpaqların bilavasitə türk yurdu olduğunu bir daha təsdiqləyir,
çünki Bəydili
Oğuz xanın Yıldız xandan olan nəvəsi idi. Qeyd olunanlar Ziya
Göyalpın "Türk
mədəniyyət tarixi"
kitabında öz əksini tapır.
Qubadlı bölgəsinin qədim tarixi, Qubadlı adının türk mənşəli olması
elmi dəlillərlə
izah edilir. Qeyd olunur
ki, rayonun Muradxanlı, Qaracallı və Əliquluuşağı
kəndlərinin yaxınlığındakı
qədim mağaralar bu diyarda hələ
Daş dövründə
insanların yaşamasından
xəbər verir.
İbtidai insan düşərgələri
olan bu mağaralar
sonralar əhali tərəfindən müqəddəsləşdirilib,
ziyarətgahlara çevrilib.
Qubadlıdakı "Ağ kaha",
"Qara kaha" mağaraları belə ziyarətgahlardandır.
Azərbaycanın cənub-qərbində
yerləşən Qubadlı
Ermənistan silahlı
qüvvələri tərəfindən
zəbt olunarkən işğal
nəticəsində rayonun
95 yaşayış məntəqəsi
talan edilib və yandırılıb.
Dağlıq əraziyə, əlverişli
coğrafi şəraitə
malik Gəyən və Yazı düzü, Həkəri,
Bərgüşad çaylarının
vadisində yerləşən
Qubadlının sahəsi
826 kv.km təşkil edir.
Hazırda rayonun təxminən 35 min
nəfərdən çox
əhalisi dədə-baba
yurdundan uzaqda, respublikanın 47 bölgəsində
məcburi köçkün
həyatı yaşayır. Daha çox
insan isə Sumqayıt şəhərində
məskunlaşıb. Ona görə də rayon icra hakimiyyətinin aparatı və bu qəbildən olan əksər dövlət idarələri
məhz bu şəhərdə yerləşir.
Qubadlı əslində, erməni təcavüzü ilə Qarabag münaqişəsindən
bir qədər əvvəl üzləşmişdi. 1988-ci ildə Ermənistandan deportasiya edilən soydaşlarımızın ilk qaçqın
dalğası da Qubadlıdan keçib.
Ümumilikdə isə Dağlıq
Qarabağla Ermənistan
arasında yerləşən
Qubadlının strateji
əhəmiyyətini başa
düşən erməni
təcavüzkarları müharibənin
ilk günlərindən rayonu
işğal etmək niyyətində olublar.
Qeyd edək ki, Qubadlı
Ermənistanla 120 km məsafədə
həmsərhəddir.
Artıq 1989-cu ilin sonlarından
Qubadlı hər gün düşmənin hücumlarına məruz qalırdı. Qüvvələr qeyri-bərabər olsa da, Qubadlının özünümüdafiə dəstələri,
yerli əhali ermənilərin qarşısına
sipər çəkmişdi.
Təəssüf ki, təcavüzün
qarşısını sonadək
almaq mümkün olmadı. Qubadlının işğalı zamanı rayondan olan 238 nəfər şəhid, 146 nəfər
isə əlil olub.
Üzümçülük, baramaçılıq, taxılçılıq
heyvandarlıq, tütünçülük
rayon iqtisadiyyatının əsasını
təşkil edirdi. Qubadlıda
üzüm emalı,
yağ-pendir zavodları,
quşçuluq fabriki,
balıqyetişdirmə vətəgəsi,
daş karxanası, tütün qəbulu məntəqəsi
və mərmər
sexi fəaliyyət göstərib. İşğala
qədər rayonda 21 orta, 15 səkkizillik, 15 ibtidai, 2 texniki-peşə,
2 musiqi məktəbi,
7 məktəbəqədər müəssisə fəaliyyət
göstərib. Qubadlıda
111 mədəni-maarif və
25 məişət, 33 səhiyyə
müəssisəsi, 125 ticarət,
96 iaşə, 21 rabitə
obyekti işləyirdi.
Qubadlı Rayon Tarix-Diyarşünaslıq
Muzeyində 5 mindən
çox nadir eksponat toplanmışdı. İşğal zamanı ermənilər həmin mədəniyyət
nümunələrini götürərək
sonradan özününkü
kimi dünyanın inkişaf etmiş ölkələrində sərgiləməkdədirlər.
Bundan başqa işğalçılar
Qubadlıdan minlərlə
ton taxıl, tütün
məhsulu, on minlərlə
iri və xırdabuynuzlu mal-qara, yüzlərlə kənd
təsərrüfatı texnikası,
avtomaşınlar götürüblər.
Təcavüzkarlar Qubadlının
qədim mədəniyyət
abidələrini tar-mar ediblər.
Qubadlıda 13160 hektar dövlət meşə fondu sahəsi vardı. Meşələrdə yaşı 160 ildən
1600 ilədək olan Şərq çinarları,
saqqız ağacı
təbiət abidəsi
kimi dövlət qeydiyyatına alınıb
qorunurdu. Qubadlı
Dövlət Təbiət
Yasaqlığı, Bəsitçay
Dövlət Təbiət
Qoruğu isə qiymətli fauna və flora
növlərinə malik
idi. Əldə olunan faktlar
ermənilərin həmin
qiymətli təbii sərvətlərimizi talan
etmələrindən xəbər
verir.
Qubadlılar qədim oğuz yurdu olan Qubadlının
düşmən işğalından
azad olunacağına inanır və bu dağ vüqarlı
insanların yenidən
qopduqları dağlara
qovuşacaqları günün
uzaqda olmadığına
əmindirlər. Bu əminliyi doğuran isə şəhidlik zirvəsinə
qalxaraq göstərdikləri
şücaətə görə
Azərbaycan Respublikasının
Milli Qəhrəmanı
adına layiq görülmüş Əliyar
Əliyev, Kazımağa
Kərimov, Vasili Əliyev, Kərəm Mirzəyev, Bəylər Ağayev, Aslan Atakişiyev, Ələkbər
Əliyev, Səfa Axundov kimi cəsur
oğulların bu gün də var olması və Ali Baş Komandanın torpaqlarımızın
mənfur düşməndən
azad olunması istiqamətində aparılan
ardıcıl və məqsədyönlü siyasətidir.
Əli SƏLİMOV
Azərbaycan.
- 2014.- 30 avqust.- S.10.