Azərbaycanla Misir arasında turizm əlaqələrinin genişləndirilməsi məsələləri müzakirə olunub

 

Azərbaycanla Misir Ərəb Respublikası arasında turizm əlaqələrinin genişləndirilməsi məqsədilə ikitərəfli görüşlər keçirmək üçün Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin nümayəndə heyəti avqustun 23-dən 28-dək bu ölkədə səfərdə olub. Görüşlərdə Mədəniyyət və Turizm Nazirliyinin Turizm şöbəsinin müdiri Aydın İsmiyev, Planlaşdırma və inkişaf sektorunun böyük məsləhətçisi Cəfər Qarayev və Bakı Turizm İnformasiya Mərkəzinin Turizm işi üzrə mütəxəssisi Elin Abasov iştirak edib.

Nümayəndə heyəti əvvəlcə Misirin turizm şəhəri olan Şarm əl-Şeyx şəhərinə səfər edib, burada müxtəlif kateqoriyalı mehmanxanalara baxış keçirib, turistlərin sıx toplaşdığı və istirahət etdiyi məkanlarla tanış olub, Cənubi Sina vilayətinin qubernatoru, general Xalid Fuda ilə görüşüb. Şarm əl-Şeyx şəhərinin turizm imkanları barədə məlumat verən Xalid Fuda bu şəhərlə Azərbaycanın şəhərlərinin birinin qardaşlaşmasını təklif edib.

Daha sonra Qahirəyə gələn nümayəndə heyətinin üzvləri Misirin turizm naziri Hişəm Zazu ilə görüşüblər. "Air Cairo" aviasiya şirkətinin, Misir və Azərbaycan əlaqələrini genişləndirmək və inkişaf etdirmək üçün yaradılmış "Eg-Az tours" şirkətinin, Misirin ən böyük üç turizm şirkətindən biri olan "MastersTravel Service" şirkətinin nümayəndələrinin və Azərbaycanın Misirdəki səfiri Şahin Abdullayevin iştirak etdiyi görüşdə iki ölkə arasında turizm sahəsindəki mövcud vəziyyət müzakirə edilib, bu sahənin inkişafı istiqamətində həyata keçirilməsi zəruri olan məsələlərə toxunulub və qarşılıqlı səfərlərin vacibliyindən söz açılıb.

Dəvətlərini qəbul edib Misirə səfərə gəldiyi üçün Azərbaycan nümayəndə heyətinin rəhbərinə öz təşəkkürünü bildirən Hişəm Zazu 2007-ci ildə təsdiq edilmiş "Azərbaycan Respublikası Hökuməti və Misir Ərəb Respublikası Hökuməti arasında turizm əməkdaşlığı sahəsində Anlaşma Memorandumu"ndan irəli gələn məsələlərə ciddi yanaşılması üçün görüşdə iştirak edən Misirin Turizm Nazirliyinin idarə rəislərinə müvafiq tapşırıqlar verib, Bakıdan birbaşa Misirin turist şəhəri olan Şarm əl-Şeyx şəhərinə çarter reysinin açılması məsələsinə dəstək olunmasını Azərbaycan nümayəndə heyətindən xahiş edib.

 

Xəyalə ŞƏFİYEVA,

"EgAz" jurnalının əməkdaşı

 

Misir

 

Azərbaycan. - 2014.- 30 avqust.- S.8.