Avropa Gənclər
Forumunun nümayəndə heyəti Gəncədə
Avropa Gənclər Forumunun
nümayəndə heyətinin üzvləri avqustun 29-da Gəncəyə
səfərə gəldilər.
AzərTAc xəbər verir ki, Gəncə Şəhər İcra Hakimiyyətində keçirilən görüşdə icra hakimiyyətinin başçısı Elmar Vəliyev qonaqları Azərbaycanın bu qədim şəhərinin ictimai-siyasi və mədəni həyatı ilə barədə ətraflı məlumatlandırdı. Gəncənin 2016-cı il üçün Avropanın Gənclər Paytaxtı seçilməsini dövlətimizin başçısı İlham Əliyevin həyata keçirdiyi gənclər siyasətinin uğurlu nəticəsi kimi dəyərləndirən icra hakimiyyətinin başçısı sonra bu mühüm tədbirə aparılan hazırlıq işlərindən danışdı. Qeyd etdi ki, hazırda şəhərdə inşa edilən Gənclər Mərkəzində tamamlanma işləri görülür. 2016-cı ilədək bir çox layihələrin icrası üçün hazırlıq işlərinə başlanılıb. Şəhərin infrastrukturunda başlanan yeniliklərin bir hissəsi başa çatdırılıb.
Görüşdə Avropa Gənclər Forumunun prezidenti Piter Matyasiç çıxış edərək iki il əvvəl Gəncədə olduğunu xatırlatdı. Bildirdi ki, bu müddətdə burada gördüyü yeniliklər onu çox sevindirir. Xüsusilə Gəncədə gənclərin fəallığının artırılması istiqamətində məqsədyönlü tədbirlərin həyata keçirilməsi təqdirəlayiqdir. Sevindirici haldır ki, gənclərin hər bir təşəbbüsü şəhər icra hakimiyyəti tərəfindən dəstəklənir.
Səfərin məqsədini açıqlayan Avropa Gənclər Forumunun prezidenti Piter Matyasiç bildirdi ki, nümayəndə heyətinin üzvləri Gəncədə olacaqları müddətdə Avropa Gənclər Paytaxtları Şəbəkəsinin institutlaşması ilə bağlı müzakirələr aparılacaq, “Gəncə Avropa Gənclər Paytaxtı 2016” çərçivəsində görülmüş işlərin monitorinqi keçiriləcək. Bundan əlavə, Avropa Gənclər Paytaxtı ilində yeni təcrübələrin bölüşdürülməsi, Gəncədə fəaliyyət göstərən gənclər təşkilatlarının fəaliyyəti, “Gəncə Avropa Gənclər Paytaxtı 2016” ilə əlaqədar keçirilən tədbirlərdə onların yeri və rolu, gələcək planlar və yeni ideyalar, birgə layihələrlə əlaqədar fikir mübadilələri aparılacaq.
Görüşdə Gəncədə fəaliyyət göstərəcək Gənclər Mərkəzinin gələcəkdə Avropa Şurasının Gənclər Mərkəzi statusu əldə etməsi ilə bağlı müzakirələr, həmçinin Avropa Gənclər Paytaxtları Şəbəkəsi tərəfindən bu statusun qəbul olunması məqsədilə hazırlanacaq bəyannamə ətrafında fikir mübadiləsi aparıldı.
Sonra Avropa Gənclər Forumunun baş katibi Alan Pall, Braqa şəhərinin gənclər sektorunun rəhbəri De Sousa Santos Carlos Manuel, Saloniki şəhərinin gənclər və idman idarəsinin rəisi Papaioannou Çaralampos, Klij Napoka şəhərinin “Avropa Gənclər Paytaxtı 2015” komitəsinin rəhbəri Floran Mihai Paul və başqaları çıxış edərək gəncəli gəncləri gələcəkdə Avropa Gənclər Forumu ilə əlaqələrin genişləndirilməsi üçün daha fəal olmağa çağırdılar, onları reallaşdırılması nəzərdə tutulan layihələrin icrasında görmək arzusunda olduqlarını bildirdilər.
Sonda Avropa Gənclər Forumunun prezidentinə və nümayəndələrinə xatirə hədiyyələri təqdim olundu.
Həmin gün
Avropa Gənclər Forumu
nümayəndələrinin “RAMADA plaza”
otelində şəhər gəncləri ilə görüşü keçirildi.
Azərbaycan.
- 2014.- 30 avqust.- S. 8.