Azərbaycan Prezidenti
Administrasiyası rəhbərinin yanında keçirilən
müşavirədə ölkənin informasiya
təhlükəsizliyi ilə bağlı aktual
məsələlər müzakirə edilib
Avqustun 29-da Azərbaycan
Respublikası Prezidenti Administrasiyasının rəhbəri
Ramiz Mehdiyevin yanında dövlət orqanlarının
informasiyanın verilməsinə məsul struktur bölmələrinin
və kütləvi informasiya vasitələri rəhbərlərinin
müşavirəsi keçirilib.
AzərTAc xəbər verir ki, müşavirədə Prezident Administrasiyası rəhbərinin müavini, xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov, ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov, qanunvericilik və hüquq ekspertizası məsələləri şöbəsinin müdiri Şahin Əliyev, hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov, siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri Səadət Yusifova, dövlət orqanlarının mətbuat xidmətlərinin və ölkənin aparıcı kütləvi informasiya vasitələrinin rəhbərləri iştirak ediblər.
Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev müşavirədə geniş məruzə ilə çıxış edib. O, qeyd edib ki, kütləvi informasiya vasitələrinin rəhbərləri və dövlət orqanlarının rəsmi şəxslərinin iştirakı ilə keçirilən toplantının əsas məqsədi Azərbaycan Respublikasının informasiya təhlükəsizliyi ilə bağlı bir sıra aktual məsələləri müzakirə etmək və mövzu ətrafında fikir mübadiləsi aparmaqdır.
Ramiz Mehdiyev son illər Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın sürətli tərəqqi dövrünü yaşadığını, beynəlxalq nüfuzunun gündən-günə yüksəldiyini qeyd edib, ölkədə demokratik islahatların, vətəndaş cəmiyyəti quruculuğunun daha da dərinləşdirilməsi sahəsində mühüm nailiyyətlər əldə olunduğunu vurğulayıb, həmçinin söz və məlumat azadlığının, kütləvi informasiya vasitələrinin inkişafı istiqamətində həyata keçirilən dövlət siyasətinin uğurlarından danışıb.
Prezident Administrasiyasının rəhbəri deyib ki, Azərbaycanın müasir inkişafı, güclü və yüksək beynəlxalq nüfuza malik dövlətə çevrilməsi, regionda aparıcı rolu, qlobal siyasətdə, beynəlxalq təşkilatlar çərçivəsində nümayiş etdirdiyi fəallıq müəyyən xarici qüvvələri, xüsusilə də Ermənistanı, erməni lobbisini və onun maraqlarını təmsil edən ayrı-ayrı dairələri ciddi narahat edir. Azərbaycanın mövcud tolerant mühitindən, ölkədəki demokratik ab-havadan, hakimiyyətin humanist siyasətindən sui-istifadə edən bu dairələr və bəzi daxili qruplar cəmiyyəti çaşdırmaq, ictimai-siyasi sabitliyi pozmaq, ölkəmizin əldə etdiyi mühüm uğurları ləkələmək üçün ciddi səy göstərirlər. O, qeyd edib ki, müxtəlif xarici anti-Azərbaycan dairələrin və onların nəzarətində olan daxili qrupların təxribatçı fəaliyyəti heç zaman hakimiyyəti öz iradəsindən, müstəqil siyasətindən çəkindirməyəcək, cəmiyyəti müəyyən olunmuş inkişaf yolundan, strateji seçimindən geri döndərməyə nail olmayacaqdır. Bundan sonra da Azərbaycanın milli maraqlarına və qanunvericiliyinə zidd fəaliyyətə görə müvafiq ölçü götürüləcəkdir.
Administrasiyanın rəhbəri Ramiz Mehdiyev bildirib ki, avqustun əvvəlində Ermənistan-Azərbaycan dövlət sərhədində və qoşunların təmas xəttində müşahidə olunan gərginlik bəzi kütləvi informasiya vasitələrinin, xüsusilə internet resurslarının qanunvericiliyin tələblərinə zidd və qeyri-peşəkar fəaliyyətini, habelə aidiyyəti dövlət orqanlarının informasiyanın verilməsinə məsul olan struktur bölmələrinin öz funksiyalarını lazımi qaydada yerinə yetirə bilməməsini açıq nümayiş etdirib. Ramiz Mehdiyev cəbhə xəttində vəziyyət barədə yanlış məlumatlar, hərbi hissələrimizin dislokasiyası və hərəkəti, həlak olmuş hərbçilərin sayının süni şəkildə şişirdilməsi və bu mövzuda müxtəlif spekulyativ informasiyaların yayılması, cəbhə bölgəsində yaşayan əhali və ölkə ictimaiyyəti arasında çaşqınlıq yaratmaq cəhdləri, düşmənin maraqlarına xidmət edən məlumatların sızdırılması və s. barədə konkret faktlar göstərib. O, xəbərdarlıq edib ki, dövlətin hərbi, xarici-siyasi, iqtisadi, kəşfiyyat, əks-kəşfiyyat və əməliyyat-axtarış fəaliyyəti ilə bağlı, dövlət tərəfindən mühafizə edilən və yayılması Azərbaycan Respublikasının təhlükəsizliyinə ziyan vura bilən məlumatlar dövlət sirri kateqoriyasına şamil edilir və onların ictimailəşdirilməsi qanuna müvafiq məsuliyyət yaradır. Beynəlxalq praktikada belə hallarda qanunvericiliyin tələblərinə uyğun sanksiyaların tətbiq olunduğunu diqqətə çatdıran Ramiz Mehdiyev deyib: “Formasından və məzmunundan asılı olmayaraq Azərbaycanın müstəqilliyi, suverenliyi, ərazi bütövlüyü və konstitusiya quruluşu əleyhinə istənilən qəsdə və ya qəsd cəhdlərinə, o cümlədən cəmiyyətin informasiya təhlükəsizliyini və milli maraqlarını təhdid edən hallara qarşı hüquqi çərçivədə zəruri addımlar atılmalıdır və xəbərdarlıq edirəm ki, bundan sonra da atılacaqdır”.
Məruzəçi qeyd edib ki, müasir dövrdə medianın ən mühüm funksiyalarından biri də milli maraqları hər şeydən üstün tutmaq, vətəndaşları, cəmiyyəti vahid məqsəd uğrunda səfərbər etməkdir. Vətənpərvərlik, milli dövlətçiliyə sədaqət, milli maraqlar uğrunda prinsipiallıq KİV-lərin fəaliyyətinin başlıca prinsiplərini təşkil etməlidir. KİV-lər cəmiyyətdə, xüsusilə gənc nəsil arasında Vətənə sevgi hissləri, insanlara mənəvi saflıq aşılamalı, onlarda əsl vətəndaşlıq mövqeyinin formalaşmasına dəyərli töhfəsini verməlidir. Son 11 ildə Azərbaycanın hər bir vətəndaşın fəxr edə biləcəyi inkişaf yolu keçdiyini diqqətə çatdıran Ramiz Mehdiyev bildirib ki, KİV-lər ölkədə görülən işləri, Azərbaycan Prezidentinin həyata keçirdiyi uğurlu siyasəti daha geniş və obyektiv şəkildə işıqlandırmalıdırlar.
Prezident Administrasiyasının rəhbəri dövlət orqanlarının informasiyanın verilməsinə məsul struktur bölmələrinin rəhbərlərinə də müvafiq tapşırıq və tövsiyələrini verib.
Tədbirdə
Prezident Administrasiyasının şöbə
müdirləri Novruz Məmmədov,
Əli Həsənov, Şahin Əliyev, Mətbuat
Şurasının sədri Əflatun Amaşov,
dövlət orqanlarının mətbuat xidmətlərinin və
kütləvi informasiya vasitələrinin
rəhbərləri çıxış edərək mövzu ətrafında fikirlərini
bölüşüblər.
Azərbaycan.
- 2014.- 30 avqust.- S.7.