Müstəqillik ən böyük sərvətimizdir

 

Müstəqil yaşamaq, öz taleyinin sahibi olmaq, öz dövlətini qurmaq hər bir xalqın ən böyük arzusudur. Ona görə müstəqillik həm ayrıca bir vətəndaş üçün, həm də bütöv xalqlar, millətlər üçün ən müqəddəs və şirin nemətdir.

Bu neməti əldə etmək, müstəqillik arzusuna qovuşmaq nə qədər çətindirsə, onu qoruyub saxlamaq ondan da çətindir. Azərbaycan xalqı üçün xoşbəxtliyin belə yüksək zirvəsinin fəthi ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Ulu öndər fəaliyyətinin hər bir məqamı ilə xalqın, dövlətin, cəmiyyətin və vətəndaşın mənafeyinə xidmət göstərmiş, Azərbaycanın bütövlüyü uğrunda fədakarlıqla çalışmış, mümkün olan hər şeyi etmişdir.

Heydər Əliyev hələ sovetlər dövründə respublikanın rəhbəri kimi milli ruhun, milli özünüdərkin yüksəlişi, xalqın tarixi yaddaşının özünə qayıtması, müstəqil dövlətçilik ideyalarının gerçəkləşdirilməsi üçün əsaslı zəmin yaratmışdı. Bu prosesin davamı olaraq müstəqil, iqtisadi cəhətdən qüdrətli, dünya birliyinin hörmət etdiyi Azərbaycan dövlətini yaratmaq missiyası da ümummilli lider Heydər Əliyevə nəsib oldu. Ulu öndər 1993-cü ildə - çətin bir vaxtda xalqın çağırışına səs verərək Azərbaycanın əsl müstəqilliyini təmin etdi. Bu gün Azərbaycanın inkişafından, yüksəlişindən söz açanda o illəri də yada salmağımız təsadüfi deyil. Çünki bu gün qazandığımız uğurların qədrini daha dərindən bilmək üçün hansı məşəqqətlərdən keçdiyimizi unuda bilmərik.

Mayın 27-də "Buta" sarayında Azərbaycanın milli bayramı - Respublika Günü münasibətilə keçirilən rəsmi qəbulda Prezident İlham Əliyev bu barədə deyib: "Biz o illəri yaxşı xatırlayırıq və bu gün qonşuluqda baş verən hadisələri izləyərkən yenə də əminəm ki, hər bir Azərbaycan vətəndaşı o illərə qayıdır, o illəri xatırlayır və bir daha əmin olur ki, Azərbaycan xalqının böyük xoşbəxtliyi ondan ibarət idi ki, xalqımız həlledici anlarda düzgün seçim etmişdir, müdriklik göstərmişdir və ulu öndərə üz tutub onu hakimiyyətə dəvət etmişdir. Əgər Heydər Əliyev o illərdə Azərbaycan rəhbərliyinə gəlməsəydi, ölkə tamamilə dağıla bilərdi. Ona görə 1993-cü il əslində, real müstəqilliyimizin ilk ili olmuşdur. Məhz Heydər Əliyevin qətiyyəti, cəsarəti, təcrübəsi, dünyagörüşüdüşünülmüş siyasəti nəticəsində Azərbaycan o ağır vəziyyətdən çıxa bildi, sabitlik yarandı və inkişaf dövrü başlandı. Qanunsuz silahlı birləşmələr tərksilah edildi, separatçı qüvvələrə böyük zərbə vuruldu və Azərbaycan inkişaf yoluna qədəm qoydu".

Beləliklə, 1993-2003-cü illər müstəqil Azərbaycanın ən yeni tarixinə yüksəliş dövrü kimi yazıldı. İlk növbədə, müstəqil dövlətimizin təsisatları formalaşdırıldı, dövlət idarəçiliyi mexanizmi yenidən yaradıldı. Genişmiqyaslı siyasi, hüquqi, islahatlar aparıldı, nizami ordu quruldu. Bu dövr ərzində Heydər Əliyev ölkəmizi inkişaf yoluna çıxardı. Həyata keçirilən aqrariqtisadi islahatlar nəticəsində həm kənd təsərrüfatında, həm də sənayedə inkişafa geniş meydan açıldı, bazar iqtisadiyyatına sürətli keçid təmin olundu. Geniş şəkildə özəlləşdirilmə aparılaraq sahibkarlığın inkişafına şərait yaradıldı. Tədricən ölkəmiz dünya birliyində layiqli yerini tutdu, bölgədə geosiyasi mövqelərini möhkəmləndirərək beynəlxalq aləmdə böyük nüfuz qazandı. Nəticə etibarilə Azərbaycanda hüquqi, demokratik və dünyəvi dövlət quruldu, azad vətəndaş cəmiyyəti bərqərar edildi. Avratlantik məkana inteqrasiya edən Azərbaycan demokratik dəyərləri əxz etdi, mətbuat və söz azadlığı tam təmin olundu.

Dövlətlərin inkişaf səviyyəsini, nüfuzunu, beynəlxalq etimadını və bu kimi digər xüsusiyyətlərini xarakterizə edən əsas cəhətlərdən biri onun yeritdiyi siyasətin məzmun və mahiyyətidir. Təbii ki, hər bir ölkə dünya birliyini subyektiv olaraq həm özünün milli maraqlarına cavab verən və həm də müstəqil siyasət həyata keçirmək istəyir. Məhz bu kontekstdən yanaşaraq deyə bilərik ki, yerləşdiyi regionun lider dövləti olan Azərbaycanın həm də beynəlxalq birlikdəki yerini möhkəmləndirməsi, söz sahibinə çevrilməsi dünya miqyasında qəbul edilən reallıqdır.

Bu reallığı təsdiq edən bir çox amilləri sadalamaq mümkündür ki, bunlardan ən başlıcası Azərbaycanın yeritdiyi müstəqil siyasətdir. Bununla bağlı kifayət qədər və beynəlxalq səviyyədə öz təsdiqini və dəstəyini tapmış faktlar ortaya qoymaq mümkündür. Azərbaycanın həyata keçirdiyi enerji siyasəti, sosial-iqtisadi inkişafı, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində ortaya qoyduğu prinsipial mövqeyi, öz ərazilərini məhz dialoq və əməkdaşlıq üçün açıq olduğunu birmənalı şəkildə elan etməsi bu barədə kifayət qədər aydın fikir söyləməyə əsas verir.

Bir mühüm məsələni də xüsusi vurğulamalıyıq ki, qloballaşan və dəyişən dünya nizamı da hər ölkəyə müstəqil siyasət yeritməyə imkan vermir. Bu gün beynəlxalq münasibətlər sistemində baş qaldıran təbəddülatlar, dünyanı cənginə alan maliyyə-iqtisadi böhran, enerji təhlükəsizliyi məsələlərinin getdikcə daha aktual şəkil alması, sivilizasiyalararası dialoqun təhdidi bir sıra dövlətləri həyata keçirdikləri ənənəvioturuşmuş siyasətə yenidən baxmağa vadar edir. Bəzən isə həmin ölkələrin özləri də istəmədən məhz bu kimi səbəblərdən həyata keçirdikləri siyasəti kənar təsirlərlə uzlaşdırmaq, müəyyən diktələri qəbul etmək məcburiyyətində qalırlar. Hazırda postsovet ölkələrin əksəriyyətində bu mənzərəni görmək mümkündür.

Azərbaycan dövlətinin həyata keçirdiyi siyasətin tamamilə müstəqil olması isə dünyanın qəbul etdiyi reallıqdır. Ulu öndərin əsasını qoyduğu siyasi kursu layiqincə davam etdirən, dəyişən dünyanın yeni çağırışlarına uyğunlaşdıraraq daha da zənginləşdirən Prezident İlham Əliyevin "Azərbaycanla təzyiq dilində danışmaq olmaz" ifadəsi ölkəmizin siyasi dəst-xəttində öz təsdiqini tapıb.

Bəli, zaman hər addımda Heydər Əliyevin təməlini qoyduğuPrezident İlham Əliyevin yüksək liderlik keyfiyyətləri ilə zənginləşdirdiyi siyasi xəttin doğruluğunualternativsizliyini təsdiq etməkdədir. Azərbaycanın dövlət müstəqilliyinin qorunması və möhkəmləndirilməsi ulu öndər Heydər Əliyevin ideyalarının başlıca qayəsini təşkil edir. Son 10 ildə ölkəmizdə həyata keçirilən siyasi kursun mahiyyətində məhz bu amil dayanır. Heydər Əliyev siyasətini layiqincə yaşatmaqla yanaşı, həm də dövlət idarəçiliyində və siyasət meydanında yeni məktəbin banisi olan Azərbaycan Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi dərin məzmunlu və çoxşaxəli siyasi kurs isə Azərbaycanın dövlət müstəqilliyini daha da möhkəmləndirir. Prezident İlham Əliyevin qətiyyəti sayəsində ulu öndərin neft strategiyasının uğurla reallaşması, iri enerji layihələrinin işə düşməsi və yeni iqtisadi layihələrə start verilməsi, eləcə də regionda cərəyan edən proseslərlə bağlı ölkə rəhbərinin müdrik siyasəti Azərbaycanın müstəqilliyinin daha da möhkəmlənməsinə, sarsılmaz dövlətçiliyimizin daha da qüdrətlənməsinə xidmət edir. "Azərbaycan seçdiyi yolla getməlidir və gedəcəkdir. Bizim yolumuz azadlıq yoludur, inkişaf yoludur, müstəqillik yoludur. Biz müstəqillik illərində sübut etmişik ki, müstəqil ölkə kimi yaşaya bilərik, yaxşı yaşaya bilərik, inkişaf edə bilərik. Ən böyük sərvətimiz olan müstəqilliyimizi bundan sonra da qorumalıyıq və qoruyacağıq" - deyə Prezident İlham Əliyev Respublika Günü münasibətilə keçirilən rəsmi qəbulda bəyan edib.

Müstəqil daxilixarici siyasət yeridən Azərbaycanın yalnız regionda deyil, beynəlxalq miqyasda da söz sahibi olan ölkə kimi tanınması, Prezident İlham Əliyevin həyata keçirdiyi çoxşaxəli siyasət, qazandığımız bütün uğurlar əminliklə söyləməyə əsas verir ki, müstəqilliyimiz ulu öndər Heydər Əliyevin sözləri ilə desək, dönməzdir, əbədidir, daimidir. Bu müstəqilliyi Azərbaycanın əlindən ala biləcək hansısa bir qüvvə yoxdur.

 

Rəşad CƏFƏRLİ

 

Azərbaycan. - 2014.- 30 avqust.- S. 8.