Xalqa, Vətənə
sədaqət rəmzi
"Birinci xanım". Adı beləydi Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətinin bu günlərdə təqdim etdiyi filmin. Təxminən bir saatdan bir qədər çox çəkən filmə baxdıqca vaxtın necə ötdüyünü hiss etmirsən - o qədər maraqlı epizodlar, tarixi faktlar, xalqımızın sevimli övladının vətənpərvərlik siyasətini əks etdirən kadrlar... ekrandan bir anlığa belə ayrılmağa, necə deyərlər, göz qırpmağa imkan vermir.
Seyr etdikcə qürur hissi keçirirsən, fərəhlənirsən və... qəhərlənirsən. Sonuncu söz bəlkə də yerinə düşmür, amma yox, vətən övladının bu cavan yaşında (əlli il nədir ki!) necə gərgin və möhtəşəm işlər gördüyünü, bu amal yolunda gecəli-gündüzlü nə qədər əzab-əziyyətə qatlaşdığını təsəvvürə gətirəndə qəhərlənməyə bilmirsən. Halal olsun birinci xanıma - Mehriban Əliyevaya!
Dünya şöhrətli adam haqqında film yaratmaq asan olduğu qədər də çətindir. Asandır, ona görə ki, zaman-zaman televiziyanın çəkiliş qruplarının "Xəbərlər" proqramında efirə verdikləri saysız-hesabsız süjetlər əl altında olub. Lakin bu qədər kadr bolluğu içində cəmi bir saatlıq film üçün lazımi epizodları arayıb-axtarmaq, süzgəcdən keçirmək, onları hansı ardıcıllıqla tamaşaçıya çatdırmaq çox çətindir, məsuliyyətlidir. Yaradıcı qrup özündə elə bir cəsarət tapıb ki, bu nəcib təşəbbüs milyonlarla tamaşaçının heyrətinə səbəb olub. Bu günlər hara gedirsənsə, film haqqında, onun yaradıcıları barədə ağızdolusu söhbət açırlar.
Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO və ISESCO-nun xoşməramlı səfiri Mehriban Əliyeva həyatı boyu neçə-neçə ölkədə olub, dünyamiqyaslı çoxsaylı konfranslarda, mötəbər məclislərdə iştirak edib, xeyirxah təşəbbüslər irəli sürüb, beynəlxalq tədbirlərin fəxri qonağı olub, nüfuzlu şəxslərlə görüşüb, ölkəsinə, xalqına şöhrət qazandırıb, belə faktlar bir deyil, beş deyil, minlərlədir. Bu cür faktları seçib-ayırd etmək, hansı ardıcıllıqla tamaşaçıya çatdırmaq çox böyük məharət, təcrübə tələb edir. Bax yaradıcı qrupun fəaliyyətini səciyyələndirən bunlardır. Heydər Əliyev Fondunun prezidenti olaraq gördüyü səmərəli, çoxcəhətli işlər mədəniyyətimizin, təhsilimizin, səhiyyəmizin inkişafına verdiyi töhfələr, xarici ölkələrdə Azərbaycanı tanıtması, kimsəsizlərə, imkansızlara və uşaqlara himayədar olması, bir övlad kimi xalqın sevimlisinə çevrilməsi, qayğıkeş, mehriban ana xüsusiyyətləri... qısametrajlı filmdə dolğun əksini tapıb. Filmdə onun haqqında, ölkəmiz barədə səslənən fikirləri - tanınmış şəxsiyyətlərin ürək sözlərini eşitmək necə də xoşdur!
Ümummilli lider Heydər Əliyevin ailə münasibəti xarakteri sanki bütün cizgiləri ilə Mehriban Əliyevaya keçib. Filmdəki ailə epizodları azərbaycançılığın parlaq nümunəsidir. Kiçik bir yazıda bunların hamısını qələmə almaq çətindir.
Dünya ölkələrində tarix boyu xanım ledilər olub və indi də var. Lakin onların heç biri Mehriban Əliyeva səviyyəsində şöhrət tapmayıb. Ledilər haqqında çox filmlər çəkilib. Onların da heç biri "Birinci xanım" filmi səviyyəsində tamaşaçıya çatdırılmayıb. Film birinci xanımın 50 illik yubileyinə layiqli töhfədir.
Mülatif ADUROV,
Azərbaycan Prezidentinin fərdi təqaüdçüsü
Azərbaycan.
- 2014.- 30 avqust.- S.8.