Azərbaycan dünyada səmərəli iqtisadi təşəbbüslərin müəllifi kimi tanınan dövlətə çevrilib

 

Təcrübə sübut edir ki, hər bir dövlətdə iqtisadi islahatın uğurları təkcə ölkənin malik olduğu təbii-bioloji resurslarla deyil, həm də cəmiyyətin tətbiq edilən yeniliklərə adekvat reaksiyası ilə şərtlənir. Azərbaycanda son on ildə yeni dövrün gerçəklikləri nəzərə alınmaqla həyata keçirilən iqtisadi islahatlar da məhz bu reallığa söykənərək cəmiyyətdəki yeniliklərin mahiyyətindən irəli gəlmişdir. Prezident İlham Əliyevin yürütdüyü məqsədyönlü iqtisadi siyasət nəticəsində ölkəmizdə inkişaf tempi yüksələn xətlə davam etmiş, əhalinin sosial müdafiəsi tədbirlərinin gücləndirilməsi sahəsində mühüm tədbirlər həyata keçirilmişdir.

Ölkədə aparılan müstəqil dövlət quruculuğu prosesində iqtisadi islahatların və inkişafın mahiyyət etibarilə yeni bir modeli - Azərbaycan modeli formalaşıb. Bu modelin fərqləndirici xüsusiyyətini inkişaf üzrə müəyyən olunmuş istiqamətlərin sahəvi proqramlarla əlaqələndirilməsi, iqtisadi inkişafın obyektiv qanunauyğunluqlarını nəzərə alan mütərəqqi dünya təcrübəsinə arxalanması təşkil edir. Qarşıdakı dövrdə formalaşmış bu möhkəm təməl üzərində bazar iqtisadiyyatı prinsiplərinin tam bərqərar olmasına çalışmaq, iqtisadi sahədə liberallaşdırma prosesini davam etdirmək hökumətin qarşısında duran ciddi vəzifələrdən biridir. "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyası sosial-iqtisadi inkişafın keyfiyyətcə yeni mərhələsində Azərbaycanın gələcək inkişaf perspektivlərini dərin elmi əsaslarla müəyyənləşdirən konseptual əhəmiyyətli sənəddir. 2020-ci ilədək respublikada ümumi daxili məhsulun 2 dəfəyədək artımını nəzərdə tutan həmin sənəd qeyri-neft sektorunun inkişafını, ölkənin ixrac potensialının gücləndirilməsini strateji hədəflər kimi müəyyənləşdirmişdir. Bu məqsədlərə nail olunması üçün rəqabətqabiliyyətli, ixracyönümlü, çoxşaxəli, innovativ iqtisadiyyatın formalaşdırılması, sənayeləşmə siyasətinin sürətləndirilməsi, mütərəqqi təcrübəyə əsaslanan sənaye zonalarının yaradılması, müəssisələrin texnoloji cəhətdən yeniləşdirilməsi, intensiv metodların tətbiqinin daha da genişləndirilməsi və digər tədbirlər nəzərdə tutulur.

Respublikamız son illər bütün investisiya layihələrini daxili resursları hesabına reallaşdırmaqla yanaşı, regionda sərmayədar dövlət kimi çıxış edir. Ukrayna, Gürcüstan, Moldova, İçveçrə, Rusiya və digər dövlətlərin iqtisadiyyatına sərmayə qoyur. Bütün bunlar həm də respublikamızın inkişaf etməkdə olan ölkədən inkişaf etmiş ölkəyə çevrilmək əzmini nümayiş etdirir. Əslində, Azərbaycan bu gün adambaşına düşən 7000 dollarlıq milli gəlirlə orta inkişaf etmiş ölkələr qrupunda yer alır.  Azərbaycan qlobal böhran şəraitində belə, dünyanın ən sürətlə inkişaf edən, bütün sahələrdə yeniləşən dövlətlərindən biri kimi tanınmışdır. BMT-nin İnkişaf Proqramının "İnsan inkişafı indeksi"nə əsasən Azərbaycan yüksək insan inkişafı ölkələri qrupuna daxildir. Azərbaycandakı sosial-iqtisadi inkişafı təhlil edərkən "2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı" xüsusilə qeyd edilməlidir. Azərbaycan bu proqramların istifadəsinə əsaslanan siyasətinə görə bir çox dövlətlərdən fərqlənir. Ölkənin bu istiqamətdəki siyasəti müxtəlif sahələrə aid islahat paketlərinin sinxronlaşdırılması ilə seçilir. Ölkəmiz istənilən iqtisadi qanunvericiliyin həyata keçirilməsi zamanı yerli mentalitet, milli xarakteristikaxarici dövlətlərin təcrübəsini nəzərə alır ki, bu da Azərbaycanın siyasi modelinin mühüm xüsusiyyətidir. Bu baxımdan Azərbaycan nəinki Cənubi Qafqaz regionunda, ümumilikdə Avratlantika geosiyasi arealında öz sözümövqeyi olan, səmərəli iqtisadi təşəbbüslərin müəllifi kimi tanınan dövlətə çevrilib.

Dövlət başçısı İlham Əliyevin 10 illik fəaliyyəti eyni zamanda ölkənin inkişafı baxımından strateji sahə olan elm və təhsilə qayğı nümunələri ilə zəngindir. Bu müddətdə elmin və təhsilin inkişafına diqqət artırılmış, bu sahənin maddi-texniki bazasının möhkəmləndirilməsi, maliyyə təminatı, əsas fundamental və tətbiqi elmlərin inkişafı üzrə görüləcək tədbirlər müəyyənləşdirilmişdir. Büdcədə elm və təhsil üçün nəzərdə tutulmuş xərclərin ildən-ilə artırılması, müəllimlərin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində ardıcıl addımların atılması da bu diqqətin əyani təzahürüdür.

Prezident İlham Əliyev praqmatik lider kimi yeni dünya nizamının inkişaf meyillərini nəzərə alaraq neftdən qazanılan vəsaitlərin ilk növbədə insan faktorunun inkişafına yönəldilməsini, elmi-texniki tərəqqinin son nailiyyətlərinin tətbiqi yolu ilə inkişafın təmin edilməsini zəruri sayır. Respublikamızın sürətli iqtisadi inkişaf yolunda olması, geniş maliyyə imkanları qazanması bu sahələrə diqqətin artırılmasını zərurətə çevirir.

Vətəndaşa sərmayə qoyulması, onun fərdi keyfiyyətlərinin və qabiliyyətlərinin inkişafına nail olunması, nanotexnologiyaları dərindən mənimsəmiş yeni menecerlər sinfinin yaradılması, intellektin milli inkişafda prioritet amili kimi müəyyənləşdirilməsi Azərbaycanda son illər həyata keçirilən dövlət siyasətinin əsasını təşkil edir. Prezident İlham Əliyev hesab edir ki, qlobal rəqabət şəraitində respublikanın elmi potensialının davamlı şəkildə yüksəldilməsi, gənc, kreativintellektual səviyyəli insanların istedadından maksimum istifadə edilməsi dövlətin innovasiyalı inkişafını təmin etmək baxımından son dərəcə zəruridir.

Azərbaycan hazırda sülh və əməkdaşlıq mərkəzi kimi tanınır və belə bir müsbət imicin formalaşmasında cənab İlham Əliyevin təşəbbüsü ilə respublikamızda keçirilən beynəlxalq toplantıların əhəmiyyətini xüsusi vurğulamaq lazımdır. Avropa ailəsinə inteqrasiya edən Azərbaycan cəmiyyəti bütün liberal dəyərləri mənimsəmiş, insan hüquq və azadlıqlarının təminatı, demokratikləşmə sahəsində mühüm uğurlara imza atmışdır. Ötən dövrdə Avropa Şurası qarşısında götürülən öhdəliklərin yerinə yetirilməsi prosesi başa çatmış, ölkəmiz Avropa Birliyinin "Yeni qonşuluq siyasəti", "Şərq tərəfdaşlığı" proqramlarına, habelə NATO-nun "Fərdi əməkdaşlıq üzrə fəaliyyət planı"na qoşulmuşbu  istiqamətdə mühüm addımlar atmışdır.

Müstəqil Azərbaycan məhz cənab İlham Əliyevin rəhbərliyi altında qarşıda duran ümummilli məqsədləri dəqiq müəyyən edərək onların gerçəkləşdirilməsi istiqamətində ardıcıl, sistemli fəaliyyət göstərən ölkə kimi dünyanın yeni iqtisadi fenomeninə çevrilmişdir. Ümumi şəkildə ifadə etsək, bu gün ölkədə həyata keçirilən siyasətin ən başlıca məqsədi modernləşmə mərhələsini də sürətlə başa vuraraq Azərbaycanı inkişaf etmiş ölkələr səviyyəsinə yüksəltmək, demokratik idealların cəmiyyətdə tam möhkəmlənməsinə nail olmaq, yeni düşüncəli vətəndaş yetişdirməkdir.

 

Elnur HACALIYEV

 

Azərbaycan. - 2014.- 31 avqust.- S.1.