Qubadlılılar
bu həsrətin bitəcəyinə əmindirlər
İnzibati struktur kimi 1930-cu ildə yaradılan Qubadlı rayonunun ərazisi 802 kvadratkilometrdir. O, Qarabağ yaylasının cənub-şərqində yerləşir. Ermənistan Respublikası ilə o vaxtkı Dağlıq Qarabağ Muxtar Vilayəti arasındakı ərazini əhatə edir. Şimaldan Laçın, şərqdən Cəbrayıl, cənubdan Zəngilan rayonları ilə həmsərhəddir.
Tarixən Qubadlının iqtisadiyyatı yerləşdiyi coğrafi şəraitlə əlaqədar olub. Bol sulu Həkəri və Bərgüşad çayları vadisində yerləşən kəndlərin əhalisi münbit torpaqlardan əkinçilik məqsədilə istifadə edib. Burada taxılçılıq, xüsusilə çəltikçilik əhalinin əsas məşğuliyyət sahəsi olub.
Dağətəyi zona geniş örüş-otlaq sahəsi ilə heyvandarlığın inkişafına imkan verib. Qaramal naxırları, qoyun-keçi sürüləri, at ilxıları Qubadlının var-dövləti sayılıb. Azərbaycan torpaqları olan Zəngəzur Ermənistana verilənə qədər heyvandarlığın əsas dolanışıq sahəsi kimi imkanları böyük olub. Belə ki, ilkin yaz mövsümü başa çatan kimi sürülər Zəngəzur dağlarına aparılıb, qar düşənə qədər Salvartı yaylaqlarında, Sisyan dağlarında yaylaq mövsümü başa vurulub. Bu proses sovet hakimiyyətinin ilk dövründə də davam edib. Lakin ötən əsrin 50-60-cı illərində Ermənistan rəhbərliyi Zəngəzur dağlarından Azərbaycanın istifadəsini müxtəlif bəhanələrlə əngəlləyib, nəinki Qubadlıdan, digər Aran rayonlarından da buraya köçü qadağan edib. Bu amil rayonda heyvandarlığın məhdudlaşmasına səbəb olmuş, sonradan ictimai təsərrüfatlarda qoyunçuluğun az qala tamamilə ləğv edilməsinə gətirib çıxarmışdır.
Qubadlının sosial-iqtisadi yüksəlişinin təməli ümummilli lider Heydər Əliyevin respublikaya rəhbərlik etdiyi dövrə təsadüf edir. Bu dövrdə rayonda böyük infrastruktur yaradılmış, magistral və kəndarası yollar əsaslı şəkildə yenidən qurulmuş, asfalt yollar salınmış, körpülər inşa edilmişdir. Yazı və Gəyən düzlərinə Həkəri və Bərgüşad çaylarından nasos stansiyaları vasitəsilə su çıxarılması, burada avtomatlaşdırılmış suvarma şəbəkəsi yaradılması suvarılan əkin dövriyyəsini xeyli genişləndirmişdi. Maldarlıq bütünlüklə sənaye təməli üzərinə keçirilmiş, bu sahənin vəziyyəti yüksək məhsuldar cins heyvanlar hesabına kökündən yaxşılaşdırılmış, 21 süd-əmtəə ferması, irihəcmli kökəltmə birliyi yaradılmışdı. 80-ci illərin əvvəllərindən başlayaraq bu sahə respublikada qabaqcıl təcrübə məktəbi kimi tanınır və təbliğ edilirdi. Görülən əsaslı tədbirlər ilbəil məhsul artımını təmin edir, Qubadlının məhsul istehsalının artımı sahəsində respublikanın rayonları arasında ön mövqedə durmasına imkan yaradırdı.
1981-1982-ci il qışlamasının yekunlarına görə Qubadlı heyvandarlıq məhsullarının artımı sahəsində o vaxtkı İttifaqda ən yüksək nəticəyə nail olan rayonlar sırasına çıxmışdı. Qubadlı respublikada yeganə rayon idi ki, 1980-1985-ci illər üçün müəyyənləşdirilmiş 5 illik tapşırıqları tam bir il əvvəl yerinə yetirmişdi. Taxılçılıq, baramaçılıq, tütünçülük sahələrinin inkişafı ilə yanaşı, rayonun iqtisadiyyatı üçün yeni sahə olan üzümçülük geniş vüsət almışdı. Qısa vaxtda 468 hektar üzüm plantasiyası salınmış, 2 üzümün ilkin emalı zavodu inşa olunmuşdu.
Rayon mərkəzi və ətraf kəndlər bütünlüklə qazla təmin olunmuşdu. 10 kilometrlərlə içməli su xətti çəkilmişdi. 6,2 milyon kubmetrlik mişar daşı karxanası açılmışdı.
Son illər sənaye sahəsinin inkişafı istiqamətində də xeyli iş görülmüşdü. Azərbaycan "Neftqazavtomat" təcrübə zavodunun, Bakı Tikiş Fabrikinin rayonda filialları açılmış, mərmər emalı sexi, süd və asfalt zavodları, inkubator-quşçuluq fabriki, farel balıqyetişdirmə vətəgəsi fəaliyyətə başlamışdı.
Ümumiyyətlə, işğala qədər rayonda 62 idarə və müəssisə, 33 orta, 16 səkkizillik, 12 ibtidai məktəb fəaliyyət göstərirdi. 180 mədəni-maarif müəssisəsi, o cümlədən 84 kitabxana, 12 mədəniyyət evi, 44 klub, 7 avtoklub, 23 kino qurğusu, 5 mindən artıq dəyərli eksponatı olan Tarix Diyarşünaslıq Muzeyi və s. vardı. 125 ticarət, 96 iaşə, 25 məişət xidməti müəssisəsi, 21 rabitə müəssisəsi, 8 avtomat-telefon qurğusu, 4 xəstəxana, 4 aptek, 5 həkim ambulatoriyası, 54 feldşer-mama məntəqəsi, 4 digər səhiyyə müəssisəsi fəaliyyət göstərirdi.
Rayon tarixi-mədəni abidələrlə zəngin bölgə idi. Burada IV əsrə aid "Gavur dərəsi" ibadətgahı, V əsrə aid "Qalalı" və "Göyqala" abidələri, "Dəmirçilər türbəsi" və digər tarixi abidələr vardı.
Ulu öndər Heydər Əliyevin Azərbaycana rəhbərliyi dövründə əhalinin güzəranı müqayisəyəgəlməz dərəcədə yaxşılaşmışdı. Rayon mərkəzi və kəndlər abadlaşdırılmış, yaraşıqlı ictimai binalar və fərdi evlər tikilmişdi.
Həkəri və Bərgüşad boyu kəndlər abadlaşdırılmış, dağ kəndlərinə asfalt yollar çəkilmiş, özünə yaraşıqlı evlər tikənlərin, minik avtomaşınları alanların sayı çoxalmışdı. Təkcə onu demək kifayətdir ki, o illərdə rayon sakinlərinin əmanət banklarında 6,8 milyon rubldan çox vəsaiti var idi.
Yeni səhiyyə və mədəniyyət ocaqları inşa olunurdu. Rayonun əlverişli təbiətinin verdiyi imkanlar hesabına sanatoriya-kurort şəbəkəsinin yaradılmasına başlanmışdı. Məktəblərin maddi bazasının möhkəmləndirilməsi istiqamətində ardıcıl iş aparılmışdı. Təhsilə göstərilən qayğı nəticəsində respublikanın ali məktəblərində və respublikadan kənarda oxuyan tələbələrin sayı ilbəil artırdı.
Qubadlının sürətli inkişafı daha gözəl perspektivlər vəd edirdi.
Lakin bədnam qonşularımızın torpaq iddiası üzündən cəlb olunduğumuz münaqişə quruculuq işlərinə əngəl törətdi, rayon müharibə meydanına çevrildi.
1988-ci ilin fevral ayından, havadarları tərəfindən Dağlıq Qarabağın erməni əhalisinin separatçı hərəkatına rəvac verildikdən sonra mütəmadi olaraq Qubadlı ərazisinə ermənilər tərəfindən təcavüz edilmişdi. Erməni silahlı dəstələri yaşayış məskənlərimizi atəşə tutmuş, dinc əhaliyə qarşı terror və qətllər törətmişlər. Onların məqsədi Dağlıq Qarabağla Ermənistan arasında yerləşən Qubadlının əhalisini köçürtmək yolu ilə bu əraziləri birləşdirmək idi. Lakin torpaqlarımıza soxulmağa cəhd edən düşmən qüvvələri Qubadlı döyüşçülərinin sərt müqaviməti ilə üzləşmiş, hər dəfə ciddi tələfat verərək, burunları ovularaq geri oturdulmuşlar.
Qubadlı əhalisi erməni silahlılarının daimi hücumuna məruz qalsalar da, güllə və mərmi yağışı altında yaşasalar da, dözüm və mətanət nümayış etdirmiş, həm düşmən hücumlarını dəf etmiş, həm də gündəlik təsərrüfat işləri ilə məşğul olmuşlar.
Bu hal 24 noyabr 1988-ci ildən, rayonun işğal edildiyi 31 avqust 1993-cü ilədək 1737 gün beləcə davam etmişdir. Bu müddət ərzində itkilərimiz də az olmamışdır. Qarabağ münaqişəsi başlanandan Qubadlı 238 şəhid vermiş, döyüşlərdə yaralanmış 216 nəfər əlil olmuşdur.
Qaçaq Nəbinin, Qaçaq Həcərin qəhrəmanlıq ənənələrini davam etdirən igid döyüşçülərimiz Əliyar Əliyev, Kazımağa Kərimov, Aqil Məmmədov, Vasili Əliyev, Kərəm Mirzəyev, Bəylər Ağayev, Aslan Atakişiyev, Ələkbər Əliyev, Səfa Axundov şəhidlik zirvəsinə qalxaraq göstərdikləri şücaətə görə Azərbaycan Respublikasının Milli Qəhrəmanı adına layiq görülmüşlər. Həmyerlimiz Azərbaycan Respublikasının Milli Qəhrəmanı general Fəxrəddin Cəbrayılov bu gün vətənə sədaqətlə xidmət edən qürur və iftixar duyduğumuz qəhrəmanlarımızdandır.
Ardı-arası kəsilməyən hücumlar qubadlılıların döyüş əzmini qıra bilməsə də, Şuşa və Laçının, Ağdam, Füzuli və Cəbrayılın işğal edilməsi Qubadlını mühasirə vəziyyətinə saldığından 1993-cü il avqust ayının 31-də əhali yurd-yuvasını tərk etmək məcburiyyətində qaldı.
Qubadlının işğalının acısını yaşayan ulu öndər Heydər Əliyev Azərbaycanın bu bölgəsinə və buranın sakinlərinə münasibətini belə ifadə edirdi: "O torpaqlar əməksevər insanların qeyrət, bərəkət ünvanı idi. Qubadlılılar Qarabağa, Laçına, Kəlbəcərə Ermənistandan gələn yolun üstündə möhtəşəm qala kimi dayanmışdılar".
Öz fədakar əməkləri ilə illər boyu qurduqları güzəranın tar-mar edilməsi, toplanan ictimai və şəxsi mülkiyyətin işğalçı erməni ordusu tərəfindən talan edilməsi, əhalinin dədə-baba yurdundan didərgin düşməsi qubadlılılara böyük mənəvi zərbə oldu. Lakin itirilən mülkün, varın sahiblərinin köçkün vəziyyətinə düşməsi adamlarımızı sındırmadı. Çünki onların güvəndiyi, uzaqgörən və müdrik ölkə başçımız, xalqın taleyinə biganə qalmayan ümummilli lider vardı. Erməni işğalı nəticəsində Qubadlı rayonuna 7,8 milyard ABŞ dolları dəyərində maddi ziyan dəydiyi müəyyənləşdirilmişdir. Lakin 5 il müddətində düşmən hücumlarını mətanətlə dəf edən, güllə yağışı altında mübarizə aparan, 21 il ərzində məcburi köçkünlük həyatı yaşayan insanlara dəyən mənəvi ziyanın ölçüsü yoxdur! İnsanlara dəyən zərbələrin ən böyüyü vətən itkisi, yurd-yuva həsrətidir!
Lap qədim zamanlardan hər kəndin, hər obanın yaşayış məskəni yanında qəbiristanlığı olmuş, insanlar dünyasını dəyişmiş əcdadlarını, əzizlərini, el-obada sayılıb-seçilən ağsaqqal və ağbirçəklərini mütəmadi yad etmiş, ruhlarına dualar oxutdurmuşlar. Məzarları doğma yurdda qalan yaxınlarını ziyarət etmək imkansızlığından əlavə, bir kəndin, bir elin, hətta bir tayfanın respublikanın 80-dən çox qəbiristanlığında uyuyan yaxınları vardır. Bəzən 21 il müddətində dünyasını dəyişən əzizlərini ziyarət etmək üçün bir ailə bir neçə rayonun qəbiristanlığına üz tutmalı olur.
Məcburi köçkünlüyün ilk vaxtlarında ciddi problemlər qarşısında qalan rayonun 30 minə yaxın əhalisinə dövlət qayğısı, xüsusilə ümummilli lider Heydər Əliyevin şəxsi diqqət və qayğısı olmasaydı, bu insanların sonrakı taleyinin necə olacağı məlum deyildi.
Ötən 21 il müddətində soydaşlarımızın mənzil-kommunal, sosial, təhsil, səhiyyə və digər problemləri ilə bağlı davamlı tədbirlər həyata keçirilmişdir. Qaçqın və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması istiqamətində qəbul olunmuş dövlət proqramlarının uğurla icra edilməsi bütün qaçqın və məcburi köçkünlərin, o cümlədən həmyerlilərimizin həyat şəraitinə müsbət təsir göstərmişdir.
Qubadlılılar əməksevərdir. Onlar köçkünlük dövründə, necə deyərlər, əllərini-əllərinin üstünə qoyub oturmamışlar. Dövlət tərəfindən verilən iqtisadi azadlıqlardan istifadə edən əksər adamlarımız gecə-gündüz çalışaraq özlərinə güzəran qurmuşlar. Onlar çətin dövrlərdə mümkün qədər dövlətə yük olmamaq üçün əllərindən gələn işdən yapışmışlar.
İnsanların xarakterində olan çatışmazlıqlar çox vaxt çətin duruma düşdükləri zaman üzə çıxır, ictimai-sosial münasibətlərdə gərginlik yaşanır. Bəzən bunlar birgəyaşayış qaydalarının pozulmasına, ailədaxili münaqişələrə və digər mənfi hallara səbəb olur. Razılıq hissi ilə qeyd olunmalıdır ki, köçkünlük dövrünün çətinlik və problemlərinə baxmayaraq, qubadlılılar təmkinlərini pozmamış, "Aclıq, çətinlik bir il gedər, töhmət min il" el kəlamını unutmayaraq çətinliklərin dəf edilməsinə səbir və dəyanətlə yanaşmışlar. Yaxşı haldır ki, bu illər ərzində köçkünlərimiz arasında mənfi hallara təsadüf olunmamışdır. Qocalar evində, uşaq evlərində bizim rayon sakinləri yoxdur. Bunlar həm dövlətin qayğısı və həm də adamlarımızın biri-birinə əl tutması, dayaq durmasının nəticəsidir.
İndi rayonumuzun 35836 nəfər əhalisi respublikanın 42 şəhər və rayonunda məskunlaşmışdır. Əhalinin əksər hissəsi Bakı, Sumqayıt və Abşeron rayonunda məskunlaşdığından rayonun icra strukturları, idarə, müəssisə və təşkilatları Sumqayıt şəhərində yerləşir. Fəaliyyətləri bərpa edilmiş idarə müəssisə və təşkilatların bu illər ərzində başlıca qayğısı köçkün soydaşlarımıza xidmət göstərmək olmuşdur. Buraya kommunal, sosial, səhiyyə, mədəniyyət, təhsil və digər problemlər aiddir. Səhiyyə və mədəniyyət sahələrinin maddi bazasının möhkəmləndirilməsi üçün əsaslı tədbirlər görülmüşdür.
Köçkünlük dövründə diqqət yetirilən əsas problemlərdən biri təhsillə bağlıdır. Bu təsadüfi deyildir. Axı rayonun zəngin təhsil ənənələri olmuşdur. Qubadlıda əsası hələ 1882-ci ildə qoyulan dünyəvi məktəb bu bölgənin mədəni inkişafında mühüm rol oynamışdır. İlkin təhsilini burada alan məktəbin məzunları arasında respublikamızın ictimai-siyasi, mədəni, elmi həyatında yaxından iştirak etmiş ictimai xadimlər, yazıçılar və alimlər vardır.
SSRİ Elmlər Akademiyasının ilk azərbaycanlı müxbir üzvü Əli Əmiraslanovun, yaradıcı ziyalılar arasında ilk Sosialist Əməyi Qəhrəmanı, xalq yazıçısı Süleyman Rəhimovun, ilk qadın nazir Zəhra Kərimovanın, görkəmli ictimai, dövlət xadimləri Kamran Hüseynovun, Nəzər Heydərovun, Möhbalı Əmiraslanovun, Mirağa Əliyevin, Baykonur Kosmanovtika Mərkəzinin tibbi işlər üzrə sədr müavini Marlen Məhərrəmovun və onlarca digər tanınmış şəxsiyyətlərin başlanğıc təhsili Qubadlı məktəbləri ilə bağlıdır. Təsadüfi deyildir ki, 1882-ci ildən təməli qoyulan Qubadlı təhsil sisteminin 125 illik yubileyinin qeyd olunması Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamı ilə Qara İlyasov adına 1 saylı Qubadlı şəhər məktəbinin timsalında dövlət proqramına daxil edilmiş, 2007-ci ildə Sumqayıt şəhərində bayram əhval-ruhiyyəsi ilə qeyd olunmuşdur. Prezident İlham Əliyevin məktəb kollektivinə göndərdiyi təbrikdə deyilirdi: "Regionda təhsil şəbəkəsinin inkişaf etdirilməsində bu tədris müəssisəsinin xüsusi xidmətləri olmuşdur. Hazırda Sumqayıt şəhərində məskunlaşan bu tədris müəssisəsi vətənpərvər ruhlu övladlar yetişdirilməsində qüvvə və bacarığını əsirgəmir. Ümidvaram ki, məktəbiniz ölkəmizin maarifçilik ənənələrinə sadiq qalaraq Azərbaycan təhsil sisteminin inkişaf etdirilməsi işinə bundan sonra da öz töhfəsini verəcəkdir".
Onu da qeyd edim ki, köçkünlük dövründə Qubadlının təhsil şəbəkəsinin bərpası, təhsil ənənələrinin qorunub yaşadılması üçün əsaslı işlər görülmüşdür. Qısa müddətdə məcburi köçkün soydaşlarımızın daha sıx məskunlaşdığı Sumqayıt və Bakı şəhərlərində, Abşeron rayonu ərazisində müasir tələblərə cavab verən 20 yeni məktəb inşa olunmuş, 12 məktəb əsaslı təmir edilərək yenidən qurulmuşdur. Onu da bildirək ki, həmin məktəblərin hər birində istilik sistemləri quraşdırılmış, sinif otaqları müasir texniki avadanlıqlarla təmin edilmişdir. Görülmüş işlər öz bəhrəsini verməkdədir. Əhali tərəfindən dövlətimizin qayğısının təzahürü kimi qarşılanan bu işlər nəticə etibarilə rayonda təhsilin inkişafında, gənc nəslin təlim-tərbiyəsində stimul olmuşdur. Təkcə bu il məktəbi bitirən 355 məzundan 281-i ali məktəblərə sənəd vermiş, onlardan 166 nəfəri tələbə adına layiq görülmüşdür. Onlardan 21 nəfəri 500, 8-i isə 600-dən çox bal toplamışdır. Hər il rayon icra hakimiyyəti təhsildə fərqlənən məzunları qiymətli hədiyyələrlə mükafatlandırır. Qubadlı təhsil şəbəkəsi qəbul imtahanlarının nəticələrinə görə neçə illərdir ki, respublikada öncül yerlərdən birini tutur. Xarici ölkələrdə, dünyanın ən qabaqcıl ali təhsil müəssisələrində oxuyan gənclərimizin sayı getdikcə artmaqdadır. Onu da qeyd edək ki, xaricdə təhsil alan gənclər həmin ölkələrdə yaşayan həmvətənlərimizlə görüşür, diasporumızın təşkil etdiyi müxtəlif tədbirlərdə yaxından iştirak edirlər. Bütün bunlar onların vətənpərvərlik ruhunda tərbiyəsində mühüm rol oynayır.
Təhsil ənənələrimizin saxlanmasına nail olmağımızdan başqa bütün bunlar bizi həm də ona görə sevindirir ki, rayonun kadr potensialı qorunur, işğaldan azad ediləcək torpaqlarımızı əkib-becərə bilən, qurub-yarada bilən Qubadlı gənclərinin böyük dəstəsi, yeni nəsli yetişir.
Gənclərimizin idman sahəsindəki uğurları da az deyil. Köçkünlük dövründə rayonun 58 idmançısı dünya çempionu adına, 8 idmançısı Avropa çempionu adına, 54 idmançısı respublika çempionu adına layiq görülmüşdür. 2 nəfər idman mütəxəssimiz respublikanın Əməkdar məşqçisi adına layiq görülüb. Rayon sakinlərindən 2 nəfərinin şahmat üzrə beynəlxalq qrossmeyster adına layiq görülməsi bu idman növünə gənclərin marağını daha da artırmışdır.
Sumqayıt şəhərindəki "Şəfa" sanatoriyasında inşa olunan idman kompleksi rayonun idman nailiyyətlərinin artmasına xidmət göstərəcəkdir. Eyni zamanda, həmin sanatoriyanın iki mərtəbəsində məskunlaşan 67 ailə yeni mənzillərə köçürülüb. Məcburi köçkünlərin yaşadığı həmin bina isə əsaslı şəkildə təmir olunub yenidən orada yaşayanların istifadəsinə verilib.
"Şəfa" sanatoriyasında bir müddət əvvəl inşa edilən xeyir -şər evi bu gün qubadlılıların əlindən tutur. Onlar yas və toy mərasimlərini təmənnasız şəkildə burada keçirirlər.
Müasir dövrdə əsas məsələlərdən biri vaxtında müalicə, insanların sağlamlığıdır. "Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı"nda bu sahəyə geniş yer verilmiş, bu sahədə uğurlu nəticələr əldə edilmişdir. Qubadlı Rayon Mərkəzi Xəstəxanasının yaradılması və fəaliyyət göstərməsi sakinlərin sağlamlıqlarının davamlı müalicəsində əhəmiyyətli məna kəsb edir.
Onu da qeyd edək ki, bu xəstəxana 2003-cü ildən fəaliyyət göstərir. Hazırda Qubadlı Rayon Mərkəzi Xəstəxanasının poliklinika şöbəsində mama-ginekoloq, terapevt, pediatr, cərrahiyyə, nevropatoloq, kardiologiya və digər müalicə - profilaktika üzrə xəstələrə xidmət göstərilir.
Burada hər gün 100 - dən artıq ambulator xəstə qəbul edilir. 200 nəfər şəkərli-diabet xəstəsi qeydiyyatda durur ki, onlar pulsuz dərmanlarla təmin edilirlər.
Qubadlı Rayon Mərkəzi Xəstəxanasının nəzdində 2 tibb məntəqəsi fəaliyyət göstərir. Məntəqələr Sumqayıt mehmanxanası və Kompressorlar zavodu ərazisində, digəri "Şəfa" və "Metallurq" sanatoriyaları istiqamətində məskunlaşmış qubadlılılara xidmət edir.
Xəstəxanada müasir tipli ultrasəs müayinə və rentgen aparatları, klinik diaqnostika laboratoriyasında biokimyəvi və yoluxucu xəstəliklərin müayinəsini yoxlamaq üçün texniki avadanlıqlar vardır. Həmçinin stomatoloji qurğu, ensefaloqraf, exokardioqraf və bir sıra fizioterapiya aparatları xəstələrin xidmətindədir.
Dövlət qayğısı nəticəsində köçkünlərimizin həyat şəraitinin yaxşılaşdırılması istiqamətində nə qədər iş görülsə də, adamlarımızın fikri-zikri dədə-baba yurdlarındadır, doğma Qubadlıdadır. Bunu rayon sakinləri ilə keçirdiyimiz hər görüşdə duymamaq, hiss etməmək qeyri-mümkündür. İnsanların dilinin əzbəri, sözü-söhbəti, hətta baxışlarının dərinliyində hökm sürən nisgil Qubadlı həsrəti ilə bağlıdır.
Dağlıq Qarabağ problemi Azərbaycan üçün olduqca önəmlidir. Bu problemin həlli istiqamətində ulu öndər Heydər Əliyev böyük səy göstərmiş, beynəlxalq ictimai rəyin dəyişdirilməsi sahəsində böyük uğurlar qazanmış, işğal edilmiş torpaqlarımızın Ermənistan tərəfindən mənimsənilməsini hüquqi cəhətdən mümkünsüz edən beynəlxalq qərar və qətnamələrin qəbul edilməsinə nail olunmuşdur.
Bu strategiyanın Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən böyük uğur və yaradıcılıqla həyata keçirilməsi dünyanın böhran və tənəzzül içində çalxandığı illərdə Azərbaycana sanballı nailiyyətlər qazandırmışdır.
Şübhəsiz ki, bu uğurları təmin edən Prezident İlham Əliyevin torpaqlarımızın işğaldan azad edilməsi istiqamətindəki siyasəti də öz nəticələrini verəcəkdir. Çünki dövlət başçısının Azərbaycanın ərazi bütövlüyünün bərpası ilə bağlı prinsipial və dəyişməz mövqeyi vardır: "Azərbaycanın beynəlxalq birlik tərəfindən tanınan ərazi bütövlüyü danışıqlar mövzusu deyil, heç vaxt olmayıbdır, heç vaxt olmayacaqdır. Azərbaycan torpaqlarında ikinci qondarma erməni dövlətinin yaradılmasına biz heç vaxt imkan verməyəcəyik. Bu münaqişənin həlli beynəlxalq hüquq normaları əsasında olmalıdır. İşğalçı qüvvələr torpaqlarımızdan çəkilməlidir. Məndə heç bir şübhə yoxdur ki, Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcəkdir".
Bu mövqe həmişə dövlətə və dövlətçiliyə sədaqəti ilə seçilən, Azərbaycanın xoşbəxt gələcəyini ümummilli liderin müdrik strategiyasından ayrı təsəvvür etməyən qubadlılılar tərəfindən birmənalı şəkildə dəstəklənir və müdafiə olunur.
Soydaşlarımız əmindirlər ki, Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi sahəsində ölkə başçısının siyasəti tezliklə gerçəkləşəcək, yüz minlərlə qaçqın və köçkünümüz doğma yurd-yuvalarına dönəcəklər.
Malik İSAQOV,
Qubadlı Rayon İcra
Hakimiyyətinin başçısı
Azərbaycan.
- 2014.- 31 avqust.- S.4.