Azərbaycan
nümayəndə heyəti BMT-nin Sivilizasiyalar Alyansının Altıncı Dünya Forumunda iştirak edir
Azərbaycan Respublikasının
Baş nazirinin müavini Elçin Əfəndiyevin rəhbərliyi
ilə nümayəndə heyəti BMT-nin Sivilizasiyalar
Alyansının Altıncı Dünya Forumunda iştirak etmək
üçün avqustun 28-dən sentyabrın 1-dək
İndoneziya Respublikasında səfərdədir.
AzərTAc xəbər verir ki, avqustun 29-da səfər çərçivəsində Elçin Əfəndiyev Dünya Forumunun Nazirlər Toplantısında çıxış edərək Azərbaycanın müasir mədəniyyətlərarası münasibətlərə, multikulturalizmin inkişafına, tolerant mədəniyyətin beynəlxalq təbliğinə töhfəsi barədə iştirakçılara məlumat verib. Baş nazirin müavini Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü ilə həyata keçirilən Bakı prosesi, Ümumdünya Mədəniyyətlərarası Dialoq forumları, yeni yaradılmış Bakı Multikulturalizm Mərkəzinin əhəmiyyətindən danışıb, həmçinin BMT-nin Sivilizasiyalar Alyansının Yeddinci Dünya Forumunun 2016 - cı ildə Azərbaycanda keçirilməsini təklif edib.
Səfər çərçivəsində E.Əfəndiyev ilə İspaniyanın xarici işlər naziri Xose Manuel Qarsia-Marqallo arasında ikitərəfli görüş olub. Görüşdə Azərbaycan-İspaniya iqtisadi, siyasi və humanitar əlaqələrinin hazırkı səviyyəsi və gələcək perspektivləri barədə fikir mübadiləsi aparılıb, əməkdaşlığın daha da dərinləşdirilməsinin vacib olduğu vurğulanıb. E.Əfəndiyev Ermənistanın Azərbaycan torpaqlarının 20 faizini işğal etdiyini və BMT-nin Təhlükəsizlik Şurasının 4 qətnaməsinin icra olunmadığını və ölkəmizin ərazi bütövlüyünün İspaniya tərəfindən dəstəklənməsinin əhəmiyyət kəsb etdiyini diqqətə çatdırıb.
Baş nazirin müavinin tədbir çərçivəsində Yeni Zelandiyanın ticarət naziri ilə də görüşüb. Görüşdə ölkələrimizin əlaqələrinin daha da inkişaf etdirilməsinin vacibliyi vurğulanıb.
Avqustun 30-da baş nazirin müavini E.Əfəndiyev BMT-nin Sivilizasiyalar Alyansının rəhbəri Nassir Abdulaziz al-Nasser ilə görüşüb. Azərbaycan ilə BMT SA arasında münasibətlər barədə fikir mübadiləsi aparılıb. Elçin Əfəndiyev BMT-nin Sivilizasiyalar Alyansının Yeddinci Dünya Forumunun 2016-cı ildə Azərbaycanda keçirilməsini təklif edib. BMT SA-nın rəhbəri Azərbaycan ilə əməkdaşlıqdan məmnun olduğunu bildirərək 2015-ci ildə Bakıda keçiriləcək 3-cü Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun təşkilində yaxından iştirak edəcəklərini deyib.
Görüşdə BMT SA ilə Azərbaycanın Xarici İşlər Nazirliyi arasında müqavilə imzalanıb. Müqaviləni BMT SA tərəfdən Nasir Abdulaziz əl Nasser, Azərbaycan tərəfdən ölkəmizin İndoneziyadakı səfiri Tamerlan Qarayev imzalayıblar.
Daha sonra Baş nazirin müavini Elçin Əfəndiyev Kral
Abdulla Mədəniyyətlərarası
Beynəlxalq Dialoq Mərkəzinin rəhbəri
ilə Azərbaycan ilə əməkdaşlıq məsələləri
barədə fikir mübadiləsi
aparıb.
Azərbaycan.
- 2014.- 31 avqust.- S.2.