«Koroğlu»
Azərbaycan opera şənətinin şah əsəridir
Dahi bəstəkar Üzeyir Hacıbəylinin yaradıcılığında kulminasiya mərhələsi olan "Koroğlu" dünyanın klassik operaları sırasında parlaq nümunələrdən biridir. Ü.Hacıbəyli opera üzərində 1932-1936-cı illərdə işləmiş, ilk tamaşası isə 1937-ci il aprelin 30-da olmuşdur.
Azərbaycanda, ümumiyyətlə, Zaqafqaziyada, Orta Asiya, Türkiyə və İranda geniş yayılmış "Koroğlu" xalq dastanı operanın süjet xəttinin əsasını təşkil edir. Operanın musiqisində Azərbaycan xalqının tarixi, taleyi, xarakteri, psixologiyası, bütövlükdə dünyagörüşü əksini tapmışdır. "Koroğlu" tipik qəhrəmanlıq dastanıdır. Burada opera sənətinə xas bütün əlamətlər bəstəkarın milli musiqi təfəkkürü süzgəcindən keçərək kamillik səviyyəsində yaradılmışdır.
1938-ci ildə "Koroğlu" Moskvada Azərbaycan incəsənəti dekadasında böyük müvəffəqiyyət qazanmışdır. Bu, mədəniyyətimiz üçün əlamətdar bir hadisə kimi yadda qalmışdır.
Dahi Üzeyir bəy bu əsəri Azərbaycan professional vokal məktəbinin banisi Bülbülün səs diapozonunu nəzərdə tutub yazmışdır. 1938-ci ildə əsər dövlət mükafatına layiq görülmüşdür.
Mənim 12 yaşım var idi. Üzeyir bəyin ev-muzeyində hər il ənənəvi olaraq sentyabr ayının 18-də Üzeyir bəyin doğum, milli musiqi gününü - bir qrup yaradıcı ictimaiyyət dahi bəstəkarı yad edirdilər. O gün mən də müəllimim, məşhur vokal ifaçısı Mobil Əhmədovla orada idim. Birdən içəri hamının nəzərini cəlb edən iti baxışlı bir nəfər daxil oldu. Onu görən kimi tanıdım və müəllimimə dedim: "Mobil baba (mən onu belə çağırardım), Koroğlu gəldi". Bəli, bu, Lütfiyar İmanov idi. Həmin gün böyük sənətkar "Koroğlu" operasından Koroğlunun ariyasını, aşıq mahnısını ifa etdi. Səsi o qədər güclü, əzəmətli idi ki, insanı heyran edirdi. Sonda müəllimim ilə birlikdə Lütfiyar İmanova yaxınlaşıb sənətkarı təbrik etdik. Qeyri-ixtiyari öz-özümə dedim: "Mən də vaxt gələcək onun kimi oxuyacam". Elə bu zaman Lütfiyar müəllim üzünü mənə tutub dedi: "O gün olsun ki, sən bu operanı məndən də yaxşı ifa edəsən. Amma unutma ki, bu operanı ifa etmək üçün Koroğlunun 7777 dəlisindən biri olmaq lazımdır".
Bu sözləri o, mən tələbə ikən verdiyim ilk solo-konsertimdə də dedi. Həqiqətən, "Koroğlu"nu ifa etmək üçün vətənini, xalqını dəli kimi sevməlisən.
İllər ötdü. Bu operanı
ifa etdim. Ustadımın ən böyük
arzusu çin oldu. O, hər zaman deyərdi ki, mənə bu rolu ifa etmək qismət olmadı, amma inanıram ki, sənə qismət olacaq. Mən də bu operanı ilk dəfə ifa edəndə müəllimimin ustadı
dahi Bülbülün
əziz xatirəsinə
ithaf etdim. Şübhəsiz ki, məndən
öncə bu partiyaya müraciət edənlər də bu rolu özünəməxsus
tərzdə oxuyublar.
Bəzən tamaşaçılar
Koroğlu obrazında
iştirak edən baş qəhrəmanları
müqayisə etməyə
başlayanda onlara cavab olaraq deyirəm:
- Fikrimcə, bu partiyanı ifa edən tenor Azərbaycan opera sənətində
yüksək peşəkar
ifaçı sayılır.
Çünki hər il Koroğlu partiyasını
oxuyan ifaçılar
yetişmir. Ona görə yox
ki, şərait yaradılmır və yaxud icazə verilmir. Əksinə, bu gun ölkəmizdə
istedadlı gənclərə
bütün şərait
yaradılır. Həmçinin qətiyyətlə deyə
bilərəm ki, Akademik Opera və Balet Teatrında səsi olan istedadlara tam yaşıl işıq yandırılır.
Koroğlunun partiyası
dünya operaları sırasında məşhur
olan "Trubadur"da
Manriko, "Toska"da
Kavorodossi, "Riqoletto"da,
"Boqema"da Hersoqun
partiyaları
sırasındadır.
Sentyabrın 24-də Heydər
Əliyev Fondunun dəstəyi ilə 80 ilə yaxın səhnədə daim öz əzəmətini qoruyub saxlayan "Koroğlu" operası Üzeyir Hacıbəyli
VI Beynəlxalq musiqi festivalı çərçıvəsində
Akademik Opera və Balet Teatrında yenidən oynanılacaq.
Ramil QASIMOV,
vokalçı, musiqişünas
Azərbaycan.
- 2014.- 31 avqust.- S. 8.