Xarici ticarətdə qeyri-neft məhsullarının ixracı
artır
Bu, son
dövrlər ölkədə ixracyönümlü sənaye
və kənd təsərrüfatı müəssisələrinin
yaradılmasının nəticəsidir
Azərbaycanda xüsusən qeyri-neft sənayesinin inkişafı qeyri-neft məhsullarının ixracının artmasına təkan verib. Son dövrlər ümumi ixracda qeyri-neft məhsullarının çəkisinin ildən-ilə artmasının səbəbi də budur. Ölkəmizdə yüksək texnologiyalarla təchiz edilmiş elit müəssisələr indi nəinki MDB məkanına, hətta digər bazarlara da məhsul ixrac edir. Bu isə həmin məhsulların keyfiyyət və rəqabətə davamlılığının göstəricisidir. Hazırda elə müəssisələrimiz var ki, istehsal etdikləri məhsullarının çox hissəsi dünya bazarına ixrac olunur. Digər tərəfdən belə müəssisələrin yaradılması idxalı azaldır.
Bu gün Azərbaycanda məhsul ixracını asanlaşdırmaq üçün bir sıra tədbirlər görülür. Məsələn, qeyri-neft məhsullarının, o cümlədən kənd təsərrüfatı və ərzaq məhsullarının ixracının artırılması üçün Qazaxıstanın Aktau şəhərində lobbistik mərkəzin inşasına başlanılıb. Belə mərkəzlərin digər ölkələrdə də yaradılması istiqamətində bir sıra layihələrin həyata keçirilməsi nəzərdə tutulub.
Kənd təsərrüfatı məhsullarının ixrac bazarının genişləndirilməsi və sözügedən sahədə məhsul istehsalçılarına yaradılan şərait nəticəsində bu tipdən olan məhsulların ixracı getdikcə artır. Məsələn, ötən ilin yarım ili ilə müqayisədə cari ildə meyvə-tərəvəzin ixracı 27,9 faiz artaraq 68,9 milyon dollarlığa çatıb.
Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2014-cü ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında bununla bağlı demişdir: "Mən əminəm ki, indi kənd təsərrüfatı ilə bağlı aparılan islahatlar - məhsuldarlığın artması, subsidiyalarda şəffaflığın təmin edilməsi, kənd təsərrüfatı texnikasının daha da böyük həcmdə alınması və digər tədbirlər nəticəsində bizdə daha da böyük ixrac potensialı yaranacaq və bizim artan daxili tələbat Azərbaycanda istehsal olunacaq kənd təsərrüfatı məhsullarını həzm edə bilməyəcəkdir. Ona görə ixrac imkanlarımızı artırmalıyıq. İxraca çıxarılan məhsullar ən yüksək dünya standartlarına cavab verməlidir. Biz yeni ixrac bazarları axtarmalıyıq və o bazarlara çıxmalıyıq. Belə olan halda biz gələcəkdə sahibkarlığın və kənd təsərrüfatının yüksəlişi üzrə çox dinamik inkişaf yolu ilə gedəcəyik, bu inkişafı təmin edəcəyik".
Bəs, ümumilikdə ölkəmizin xarici ticarət sahəsi üzrə rəqəmlər nə göstərir? Dövlət Statistika Komitəsinin verdiyi məlumata görə, cari ilin yanvar-iyun aylarında Azərbaycan dünyanın 134 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirib, 100 ölkəyə əmtəə ixrac edib, 122 ölkədən məhsul idxal olunub. Hesabat dövründə xarici ölkələrlə 15,3 milyard dollar məbləğində ticarət, o cümlədən 11,2 milyard dollarlıq ixrac və 4,1 milyard dollarlıq idxal əməliyyatları aparılıb və nəticədə 7,1 milyard dollarlıq müsbət saldo yaranıb.
6 ay ərzində ticarət əlaqələrinin 90,8 faizi MDB-yə üzv olan dövlətlərdən savayı digər ölkələrlə həyata keçirilib. Ticarət əlaqələrinin 46,5 faizi Avropa İttifaqı, 9,2 faizi MDB-yə üzv olan dövlətlərlə aparılıb. Xarici ticarət dövriyyəsi iştirakçılarının 42 faizi Avropa, 30 faizi Amerika, 42 faizi Asiya və digər ölkələrin payına düşüb.
Xarici ticarət dövriyyəsinin 82,1 faizi İtaliya, İndoneziya, Almaniya, Rusiya, Fransa, Türkiyə, İsrail, Amerika Birləşmiş Ştatları, Hindistan, İspaniya, Tayvan, Böyük Britaniya, Tailand, Çin, Gürcüstan, Portuqaliya, Avstriya dövlətlərinin hesabına formalaşıb.
Ölkəımizə ən çox mal Rusiyadan, Türkiyədən, Amerika Birləşmiş Ştatlarından, Almaniyadan, Çindən, Böyük Britaniyadan, Ukraynadan, Qazaxıstandan, İtaliyadan, Koreyadan, Braziliyadan, Yaponiyadan, İrandan idxal olunub. İdxal olunan malların sırasında yeyinti məhsulları, tütün və tütün məmulatları, sement, əczaçılıq məhsulları, plastmas və ondan hazırlanan məmulatlar, qara metallar və onlardan hazırlanan məmulatlar, maşın, mexanizm, elektrik aparatları, avadanlıqlar və onların hissələri və s. var. Həmin dövrdə ölkəmizə 5237 çeşiddə mal gətirilib.
Qeyd etdiyimiz kimi, ölkəmizdə yeni istehsal sahələrinin yaradılması və istehsalın artması ixracın azalmasına imkan yaradıb. Belə ki, ötən ilin eyni dövrü ilə müqayisədə quş əti və əlavə ət məhsulları, kərə yağı, digər süd yağları və pastaları, kartof, təzə tərəvəz, bitki yağları, mineral gübrələrin idxalı azalıb. İxracın strukturunda isə xam neft, neft məhsulları, təbii qazla bərabər, meyvə-tərəvəz, çay, bitki və heyvan mənşəli piylər və yağlar, şəkər, spirtli və alkoqolsuz içkilər, kimya sənayesi məhsulları, plastmas və onlardan hazırlanan məmulatlar, pambıq iplik, qara metallar və onlardan hazırlanan məmulatlar, alüminium və ondan hazırlanan məmulatlar üstünlük təşkil edib. Beləliklə, cari ilin yanvar-iyun ayları ərzində qeyri-neft məhsullarının ixracı 828,7 milyon dollara çatıb.
Rüstəm KAMAL
Azərbaycan.
- 2014.- 31 avqust.- S. 5.