Dövlətin təhsilə qayğısı Babək rayonunda öz müsbət nəticələrini verir

 

Babək rayonunun təhsil işçiləri yeni dərs ilinə hazırlıqlara çoxdan başlayıblar. Rayon təhsil şöbəsinin müdiri, əməkdar müəllim Kamil Kazımovla söhbətimiz zamanı öyrəndik ki, 2013-2014-cü tədris ilinin yekunları ötənilkindən uğurlu olub. Burada 31 tam orta, 1 ümumorta və 1 ibtidai məktəb olmaqla 34 ümumtəhsil, 6 məktəbdənkənar təhsil müəssisəsi fəaliyyət göstərir. Həmin təhsil müəssisələrində 1400-dən çox müəllim 8 mindən çox şagirdin təlim və tərbiyəsi ilə məşğul olur.

Ötən il rayon ümumtəhsil məktəblərini bir qızıl, bir gümüş medal olmaqla 787 şagird bitirmişdir. Onların da 592-si aliorta ixtisas məktəblərinə sənəd vermiş, 273 nəfər ali,  41 nəfər isə orta ixtisas məktəblərinə qəbul olunmuşlar. Ümumorta təhsil bazasından 39 şagird texnikumlara qəbul olunmuşdur. Rayon məktəblilərindən 141 nəfəri isə Heydər Əliyev adına Hərbi liseyə sənəd vermişdir. Şöbə müdiri onların ən azı 30 nəfərinin lisey müdavimi olacağına inandığını vurğuladı. Nəzərə çatdıraq ki, ötən il rayon məktəblilərindən 28 nəfər Hərbi liseydə təhsilini davam etdirmək hüququ qazanmışdı.

Ali məktəblərə qəbul olunanlardan 47 nəfəri 500-700, onlardan da 14 nəfəri 600-700 arası bal toplamışdır. Müqayisə üçün bildirək ki, ötən il yüksək bal toplayanların sayı 36 nəfər idi.

Orta məktəbi qızıl medalla bitirmiş Qoşadizə kənd tam orta məktəbinin məzunu Bilqeyis Zeynalova Naxçıvan Dövlət Universitetinin ingilis dili ixtisasını seçmiş, Yarımca kənd tam orta məktəbinin məzunu, gümüş medala layiq görülən Rəmzi Həsənov isə yenə həmin universitetin hüquqşünaslıq ixtisasında oxumağa üstünlük vermişlər.

Ümumiyyətlə, tələbə adını qazanmış 273 nəfərin 207-si Naxçıvandakı ali məktəblərdə təhsil almağı məqsədəuyğun saymışlar. Onlardan 135 nəfəri Naxçıvan Dövlət Universitetini, 43 nəfəri Naxçıvan Müəllimlər İnstitutunu, 29 nəfəri isə Naxçıvan Özəl Universitetini seçmişdir.

Kamil müəllim Babək qəsəbə, Didivar kənd, Çeşməbasar kənd, Cəhri kənd 1 nömrəli, Nehrəm kənd 3 nömrəli tam orta məktəblərinin qəbulda daha uğurlu nəticələr qazandıqlarını da bildirdi.

Yeni dərs ilində rayonun ümumtəhsil məktəblərinə 883 şagird ilk dəfə qədəm qoyacaq. Qeyd edək ki, ötən dərs ilində rayon üzrə birinci sinfə 796 şagird qəbul edilmişdi.

Qarşıdan gələn dərs ilində rayonun bir neçə məktəbi də yeni müasir üslublu binalarda fəaliyyətə başlayacaq. Hazırda Qoşadizə, Güznüt kənd tam orta məktəblərinin binaları əsaslı şəkildə yenidən qurulur. Bundan əlavə, 234 şagird yerlik Naxışnərgiz, 612 şagird yerlik Qahab və 738 şagird yerlik Nehrəm kənd 2 nömrəli tam orta məktəbləri üçün yeni binalar tikilir. Həmin təhsil ocaqları yeni dərs ili ərəfəsində müasir texniki avadanlıqla təchiz olunmuş şəkildə müəllim və şagirdlərin ixtiyarına veriləcək.

Bir məqamı da nəzərə çatdırmaq istərdik. Yeni dərs ili öncəsi Babək rayon ümumtəhsil məktəblərinin, məktəbdənkənar tədris müəssisələrinin payız-qış mövsümünə hazırlığı da unudulmayıb. İndi rayondakı məktəblərin 30-a yaxını fərdi qazanxanaya sahibdironlar daxili istilik sistemi ilə təmin olunub. Digər məktəblər isə neftlə və mavi yanacaqla qızdırılacaq. Məktəbdənkənar müəssisələrdən 5-i rayonun ümumi istilik sisteminə qoşulub. Ötən il istifadəyə verilmiş Şahmat məktəbi isə fərdi qazanxanaya sahibdir.

Payız-qış aylarında hər hansı bir problemlə qarşılaşmamaq üçün fərdi qazanxanalar yoxlanılmış, təhsil müəssisələrinə əvvəlcədən baxış keçirilmiş, qarşıya çıxa biləcək nasazlıqlar aradan qaldırılmışdır.

Yeni dərs ilində istər təşkilati, istərsə də tədris baxımından qarşıya çıxa biləcək çatışmazlıqların əvvəlcədən aradan qaldırılması onu deməyə əsas verir ki, Babək rayonunda tədrisin keyfiyyəti daha yaxşı, uğurları isə daha çox olacaqdır.

 

Elxan MƏMMƏDOV

 

Azərbaycan. - 2014.- 31 avqust.- S. 5.