Abidələrə qayğı var

 

Lerik əsrarəngiz gözəlliyi ilə seçilən və tarixi abidələri ilə zəngin rayonlardan biridir. Buradakı dini-tarixi abidələrdən biri Cəngəmiran kəndi yaxınlığındakı Xəlifə Zəkəriyyə adlı din xadiminin adı ilə bağlı XV-XVI əsrə aid türbədir.

Bu türbə 41 hektara yaxın sahəni əhatə edən qəbiristanlıqda yerləşir. Buradakı nil ağacları türbənin yaşıdıdırlar. Məzarıstanlığı dolaşanda sanki uzaq keçmişə səyahət edirsən. Qoç heykəlləri, qutu qəbirləri, insan fiqurlu baş daşları səma altındakı muzeyi xatırladır.

Cəngəmiran kəndindən Qarabağ döyüşlərində həlak olmuş 8 şəhid Xəlifə Zəkəriyyə türbəsində uyuyur. Kəndin ziyalıları türbədəki hər daş parçasını, hər ağacı, hər kolu qoruyur, abidəni geniş təbliğ edirlər. Ağsaqqallar türbənin daşdan hasara alınması barədə təşəbbüs irəli sürdülər. Bu xeyirxahlığı dəstəkləyən icra hakimiyyəti daxili imkanlar hesabına xeyli vəsait ayırdı. Bakıda, Sumqayıtda yaşayan kəndin ziyalıları təşəbbüsə qoşulub fond yaratdılar.

Artıq bir aydır türbədə gedir. Maşınlar daş daşıyır, qaynaqçılar dəmir konstruksiyalardan fiqurlar hazırlayır, bənnalar divarı hörüb üzlük çəkirlər. Cəngəmiran kənd bələdiyyəsinin sədri Güləddin Şahverənov işlərin gedişindən razılıq edərək dedi ki, beş əsr yaşı olan türbənin hasara alınmasına təcrübəli bənnalar və qaynaqçılar cəlb edilib, giriş qapıları yerinə qoyulur. Şərq üslubunda məhəccərlər hazırlanır və rənglənir.  Gələcəkdə qəbiristanlıqda olan daş abidələr barədə buklet çap etdirməyi də nəzərdə tutmuşuq.

Onu da qeyd edək ki, son 2-3 ildə rayonun ərazisindəki Cabir, Daşaltı, Mir Məryəm və Babagil türbələrində bərpa və abadlıq işləri aparılıb, bir neçə qəbiristanlıq  hasara alınıb.

 

Həmzə VƏLİMƏMMƏDOV,

əməkdar jurnalist,

Lerik rayonu

 

Azərbaycan. - 2014.- 31 avqust.- S. 7.