Şagirdlər bölgələri gəzdikcə doğma yurdu daha böyük məhəbbətlə sevirlər

 

Gəncə-Şəmkir-Göygöl marşrutu üzrə maarifləndirici tur-aksiyaya gələn NeftçalaSalyan rayonlarının yuxarı sinif şagirdləri avqustun 29-da Gəncə ilə tanışlığa dahi şairimiz Nizami Gəncəvinin məqbərəsindən başladılar.

Dahi şairin 870 illik yubileyi ərəfəsində Gəncədə çox böyük işlərin görüldüyü, əsərlərinin yenidən tərcümə edilərək nəfis şəkildə çap olunduğu, "Xəmsə"yə daxil olan əsərlərinin hər birinə ayrıca abidə ucaldıldığı məktəblilərin diqqətinə çatdırıldı. Nizami muzeyinə ekskursiya edən şagirdlər burada dahi şairin dövrünü əks etdirən eksponatlara böyük maraqla baxdılar.

Qala divarları arxeologiyaetnoqrafiya muzeyinə gələn məktəblilərə məlumat verildi ki, bu divarların hər birinin uzunluğu 47 metr, hündürlüyü isə 15 metrdir. Burada təşkil olunmuş 4 salonda nümayiş etdirilən qədim əşyalar Gəncənin 4 min illiyinin əsas göstəriciləridir. Bundan əlavə, şəhər əhalisinin təmənnasız olaraq muzeyə hədiyyə etdiyi antik əşyalar da nümayiş etdirilir.

Sonra şəhər mərkəzinə gələn məktəblilər Şah Abbas məscidini ziyarət etdilər, "Çökək hamam"da nümayiş olunan tətbiqi incəsənət əsərlərindən ibarət sərgiyə baxdılar. Onlar həmçinin xalq qəhrəmanı Cavad xanın türbəsini ziyarət etdilər.

Şəhər sakinlərinin ən çox sevdikləri istirahət məkanlarından olan "Xan bağı" NeftçalaSalyan məktəblilərinin də xoşuna gəldi. Onlar burada bir neçə saat dincələrək, həmyaşıdları ilə söhbət etdilər və  özlərinə çoxlu dostlar tapdılar.

Salyan şəhərindəki 3 nömrəli orta məktəbin X sinif şagirdi Səkinə Bağırova Gəncə təəssüratlarını AzərTAc ilə bölüşərək dedi: "Sürətlə inkişaf edən ölkəmizin qazandığı uğurlar biz məktəbliləri də sevindirir. Ekskursiya etdiyimiz Gəncə bu inkişafın əyani nümunəsidir. Hər yer gözəl və ürəkaçandır. Bu gözəllikləri gördükcə doğma yurdumuzu daha dərin məhəbbətlə sevirik. Əlbəttə, bütün bu uğurlar dövlət başçısı İlham Əliyevin gərgin əməyi və uzaqgörən siyasəti nəticəsində əldə olunub".

Avqustun 30-da NeftçalaSalyan məktəbliləri Şəmkir və Göygölə ekskursiya edəcəklər.

 

Azərbaycan. - 2014.- 31 avqust.- S. 6.