Qafqaz Müsəlmanları İdarəsinin sədrinin yubileyinin Gürcüstan dövləti tərəfindən yüksək səviyyədə qeyd olunması bölgədə dinlərarası anlaşmanın gözəl nümunəsidir

 

Avqustun 29-da Ümumgürcüstan katolikos-patriarxı II İliyanın dəvəti ilə Gürcüstanda səfərdə olan Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə patriarxın iqamətgahında Gürcüstan Hökumətinin üzvləri ilə görüşüb. Nazirlər şeyxülislamı 65 illik yubileyi münasibətilə təbrik edib, ona ən xoş arzularını bildiriblər. Qafqazın şeyxülislamının bölgə üçün gördüyü işləri yüksək dəyərləndirən nazirlər onun Ümumgürcüstan katolikos-patriarxı II İliya ilə qardaşlıq və səmərəli əməkdaşlığının böyük dəyər kəsb etdiyiniqonşu xalqlarımız arasında səmimi qardaşlıq münasibətlərinin daha da dərinləşməsinə, tarixi mənəvi əlaqələrin qorunub saxlanmasına əhəmiyyətli töhfə verdiyini minnətdarlıqla vurğulayıblar. Nazirlər QMİ sədrini Gürcüstanın ali dövlət ordeni ilə təltif olunması münasibətilə də təbrik ediblər.

QMİ-nin mətbuat xidmətindən AzərTAc-a bildiriblər ki, görüşdə iştirak edən Azərbaycan Milli Məclisinin üzvləri adından çıxış edən Ağsaqqallar Şurasının sədri Fəttah Heydərov Azərbaycan-Gürcüstan dostluğunun əbədi olduğunu bildirib.

Bakı və Azərbaycan Yeparxiyasının Arxiyepiskopu Aleksandr İşeyinDağ yəhudiləri icmasının başçısı Melih Yevdayev Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam A. Paşazadənin yubileyinin Gürcüstan dövləti tərəfindən belə yüksək səviyyədə qeyd olunmasını olduqca yüksək qiymətləndirib, bunu bölgəmiz üçün dinlərarası anlaşmanın gözəl nümunəsi kimi dəyərləndiriblər.

Daha sonra Gürcüstanın Baş naziri İrakli Qaribaşvili Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadənin 65 illik yubileyi münasibətilə ziyafət təşkil edib. Ziyafətdə çıxış edən Qaribaşvili yubilyarı təbrik edib, ona Azərbaycan və Gürcüstan xalqları qarşısında tarixi xidmətlərinə, bölgədə sülh və əmin-amanlıq üçün gördüyü böyük işlərə görə təşəkkürünü bildirib. O deyib ki, bu gün Gürcüstan Qafqazın şeyxülislamının ad gününü bayram kimi qeyd edir, şeyxülislam Gürcüstan dövlətinin ali mükafatı ilə təltif olunub. Baş nazir vurğulayıb ki, şeyxülislam hər zaman Gürcüstanda belə bir səmimiyyətə, dəstək və ehtirama əmin ola bilər. Qaribaşvili bütün bunları qonşu dövlətlərimiz arasında dostluq və qardaşlığın bariz nümunəsi kimi dəyərləndirib.

Daha sonra Ümumgürcüstan katolikos-patriarxı II İliya, hökumət üzvləri, elm xadimləri çıxış edərək yubilyarı təbrik ediblər.

Azərbaycan Milli Məclisinin üzvləri Fəttah Heydərov, Siyavuş Novruzov, Eldar İbrahimov, Hüseynbala Mirələmov çıxış edərək ölkələrimiz arasındakı əlaqələrin inkişafı istiqamətində görülən bütün işləri yüksək dəyərləndirərək, şeyxülislama göstərilən böyük ehtirama görə gürcü xalqına və dövlətinə təşəkkürlərini bildirbilər.

Şeyxülislam A. Paşazadə ona göstərilən böyük diqqət və ehtirama görə Baş nazir İ. Qaribaşvilinin timsalında Gürcüstan dövlətinə və xalqına minnətdarlığını bildirib, bundan sonra da ağsaqqal Ümumgürcüstan katolikos-patriarxı II İliya ilə birlikdə xalqlarımızın qardaşlığı, bölgədə sülh və əmin-amanlığın inkişafı üçün səylərini əsirgəməyəcəklərini xüsusi vurğulayıb.

Tədbir incəsənət ustalarının maraqlı konsert proqramı ilə davam edib.

 

Azərbaycan. - 2014.- 31 avqust.- S. 3.