Azərbaycan-Gürcüstan dostluğu bütün regionun böhrandan azad olunması üçün dəyərli nümunədir

 

Gürcüstanda səfərdə olan Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə Gürcüstan Parlamentinin sədri David Usupaşvili ilə görüşüb.

QMİ-nin mətbuat xidmətindən AzərTAc-a bildiriblər ki, şeyxülislamı Gürcüstanda görməkdən məmnunluğunu bildirən D.Usupaşvili Azərbaycan və Gürcüstan parlamentləri arasındakı səmərəli əməkdaşlıqdan danışıb, ölkəmizə səfərlərini xatırladıb.

Spiker parlamentlərarası əlaqələrin daha intensiv xarakter almasının vacibliyini vurğulayıb, A.Paşazadəni yubileyi münasibətilə təbrik edib, ona ən xoş arzularını çatdırıb.

A.Paşazadə dövlətlərimiz və xalqlarımız arasındakı qardaşlıq münasibətlərində baş verən müsbət dəyişikliklərdən şad olduğunu bildirib, Ümumgürcüstan katolikos-patriarxı II İliya ilə həmişə bu istiqamətdə çalışdıqlarını vurğulayıb. O, Gürcüstan Parlamentinin sədrinin, katolikos-patriarxının Azərbaycanın Qarabağ problemi ilə bağlı nümayiş etdirdikləri davamlı dəstəkdən minnətdarlıqla danışıb.

Görüşdə iştirak edən Azərbaycan Ağsaqqallar Şurasının sədri, Milli Məclisin deputatı Fəttah Heydərov Azərbaycan-Gürcüstan dostluğunu, qardaşlığını, iqtisadi, siyasi sahədə əməkdaşlığı təkcə Cənubi Qafqaz deyil, bütün regionun böhrandan azad olunması üçün dəyərli nümunə kimi dəyərləndirib. F. Heydərov xalqlar arasında dostluq və qardaşlığın qorunub saxlanılması və inkişaf etdirilməsində liderlərin, o cümlədən din xadimlərinin rolunu yüksək qiymətləndirib.

Milli Məclisin aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov, intizam komitəsinin sədri Siyavuş Novruzov, deputat Hüseynbala Mirələmov parlamentlərimiz arasında əməkdaşlıqdan bəhs ediblər. Onlar qonşu dövlətlərimizin oxşar problemlərinin mövcudluğuna toxunublar və beynəlxalq təşkilatlar çərçivəsində ərazi bütövlüyümüzün qorunub saxlanılması məsələsini birgə qaldırmağın önəmli olduğunu bildiriblər.

Görüşdə parlamentlərin müvafiq komitələri arasında da dostluq qruplarının, Cənubi Qafqazda parlament partiyalarının dostluq qruplarının yaradılması ideyasının nəzərdən keçirilməsi təklifi səsləndirilib.

Həmçinin bildirilib ki, “Görkəmli adamların həyatı” seriyasından “Heydər Əliyev”, “İlham Əliyev”, “Zərifə Əliyeva” kitabları gürcü dilinə tərcümə olunaraq nəşr edilib.

Gürcüstan Parlamenti komitələrinin sədrləri də çıxışlarında dövlətlərimiz, xalqlarımız arasında əlaqələrin dərinləşdirilməsi istiqamətində qanunverici orqanların görə biləcəkləri işlərdən danışıblar.

 

Azərbaycan. - 2014.- 31 avqust.- S. 3.