Prezident İlham
Əliyevin və Prezident Məhəmməd Əşrəf
Qaninin görüşü
Əfqanıstan Prezidenti Məhəmməd
Əşrəf Qaninin Azərbaycana işgüzar səfəri
Dekabrın
1-də Azərbaycan Respublikasının Prezidenti İlham
Əliyev ölkəmizdə işgüzar səfərdə
olan Əfqanıstan İslam Respublikasının Prezidenti Məhəmməd
Əşrəf Qani ilə görüşüb.
Azərbaycan
Prezidenti İlham Əliyev Əfqanıstan Prezidenti Məhəmməd
Əşrəf Qanini qarşıladı.
Prezidentlər
birgə foto çəkdirdilər.
Daha
sonra dövlət başçılarının nümayəndə
heyətlərinin iştirakı ilə geniş tərkibdə
görüşü oldu.
Prezident
İlham Əliyev Məhəmməd Əşrəf Qanini
seçkilərdə qazandığı qələbə
münasibətilə Azərbaycan xalqı adından və
öz adından təbrik etdi, ona fəaliyyətində
uğurlar arzuladı. “Bu səfər bizim əməkdaşlığımızın,
dostluğumuzun göstəricisidir və mən əminəm
ki, biz bütün sahələrdə əməkdaşlığımızı
davam etdirəcəyik”, - deyən Azərbaycan Prezidenti ölkələrimiz
arasında çox yaxşı siyasi əlaqələrin
olduğunu bildirdi. Qeyd etdi ki, Azərbaycan və
Əfqanıstan hər zaman beynəlxalq təşkilatlarda
bir-birini dəstəkləyir. İqtisadi əməkdaşlıq
üçün də yaxşı imkanlar mövcuddur, ticarət
dövriyyəsi artır, bu sahədə yaxşı dinamika
müşahidə olunur. Bu səfərdən sonra ticarət,
investisiya, enerji və digər sahələrdə iqtisadi əməkdaşlığın
genişləndirilməsi üçün əlavə tədbirlərin
görüləcəyinə ümidvar olduğunu bildirən
Prezident İlham Əliyev ölkələrimiz arasında təhsil
sahəsində əməkdaşlığın da
mühüm əhəmiyyət kəsb etdiyini
vurğuladı. “Biz hər sahədə fəal əməkdaşlığa
hazırıq, çünki Əfqanıstan bizim
üçün qardaş ölkədir və
xalqlarımız əsrlər boyu sülh və dostluq şəraitində
yaşayıb”, - deyən dövlətimizin
başçısı ölkələrimiz arasında əməkdaşlığı
daha da genişləndirmək üçün bütün
imkanlardan istifadə edilməsinin vacibliyini bildirdi,
Əfqanıstan Prezidentinin ölkəmizə səfərinin
yaxşı nəticələri olacağına əminliyini
ifadə etdi.
Əfqanıstan
Prezidenti Məhəmməd Əşrəf Qani ona və
nümayəndə heyətinə göstərilən qonaqpərvərliyə
görə təşəkkür etdi. “İlk növbədə
Sizi Azərbaycanın möhtəşəm uğurları
münasibətilə təbrik edirəm”, - deyən
Əfqanıstan dövlətinin başçısı bu
gün Prezident İlham Əliyevin rəhbərliyi ilə
ölkəmizdə baş verən dəyişikliklərin bir
örnək olduğunu vurğuladı. Azərbaycan ilə
müxtəlif sahələrdə əməkdaşlıq etmək
niyyətində olduqlarını bildirən Məhəmməd
Əşrəf Qani ölkəmizdə iqtisadiyyatın şaxələndirilməsi
ilə bağlı həyata keçirilən islahatları
öyrənmək arzusunu diqqətə çatdırdı.
“Sizi Azərbaycanın neftə əsaslanan
iqtisadiyyatını çox zəngin, şaxələndirilmiş
iqtisadiyyata çevirməyiniz münasibətilə bir daha təbrik
edirəm”, - deyən Prezident Məhəmməd Əşrəf
Qani Əfqanıstanda sülhyaratma missiyasına Azərbaycan hərbçilərinin
verdiyi töhfəyə görə minnətdarlığını
bildirdi. Məhəmməd Əşrəf Qani dövlətimizin
başçısına Əfqanıstana yatırılan
investisiyalara görə də təşəkkür etdi.
Görüşdə
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ
münaqişəsi ilə bağlı fikir mübadiləsi
aparıldı. Dövlət başçıları, həmçinin
regional əməkdaşlıq, investisiya, energetika, inşaat,
kənd təsərrüfatı, təhsil, mədəniyyət
və digər sahələrdə əməkdaşlığın
perspektivlərini müzakirə etdilər.
Sonra
Azərbaycan Prezidenti İlham Əliyev, Əfqanıstan
Prezidenti Məhəmməd Əşrəf Qani və
Əfqanıstanın icra rəisi Abdulla Abdulla çay
süfrəsi arxasında söhbəti davam etdirdilər.
Azərbaycan.-2014.- 2 dekabr.- S.1.