Azərbaycana haqsız təsir göstərmək
qeyri-mümkündür
Milli Məclisin Sədri Oqtay ƏSƏDOV: “Avropa Parlamentinin prezidenti həmişə
Azərbaycanı sancmağa bir bəhanə axtarır”
Bu gün Avropa İttifaqına üzv ölkələrdə insan hüquqları ilə əlaqədar kifayət qədər problemlərin olduğu bütün dünyaya məlumdur. O da məlumdur ki, Aİ ölkələrində ildən-ilə sürətlə genişlənən islamofobiyanın, antisemitizmin, irqçiliyin qarşısının alınması üçün lazımi tədbirlər görülmür. Əksinə, ayrı-seçkiliyin artması, dinc nümayişçilərin polisin qəddar zorakılığı ilə üzləşməsi, həbsə atılması, o cümlədən xaricdən gələnlərlə bağlı yaranan qeyri-şəffaf və qeyri-bərabər əmək münasibətlərinə hakimiyyət orqanlarının göz yumması və miqrantların hüquqlarının pozulması bugünkü Avropanın acı reallıqlarıdır.
Bu kimi məsələlər Aİ ölkələrini düşündürməli və Avropa Parlamenti kimi qurumların əsas müzakirə predmeti olmalıdır. Amma daxilində baş verənləri görməyən və görməzliyə vuran AP, deyəsən, öz kursunu dəyişib və fəaliyyətini yalnız Azərbaycan dövlətini tənqid etmək üzərində qurub. Bunu AP-nin son illərdə Azərbaycanla bağlı qəbul etdiyi əsassız sənədlər təsdiq edir. Azərbaycan hər hansı bir beynəlxalq miqyaslı nailiyyətin astanasında olanda və ya hansısa möhtəşəm uğura imza atanda 40-50 nəfər AP üzvü erməni lobbisinin və erməni təəssübkeşlərinin təsiri ilə toplaşaraq qeyri-obyektiv, əsassız və subyektiv mülahizələrdən ibarət qətnamə qəbul edirlər.
Qarşıdan isə Azərbaycanın ev sahibliyi edəcəyi ilk Avropa Oyunları gəlir. Dünya və Avropa ictimaiyyətinin maraq və intizarla gözlədiyi bu idman yarışmasına az qaldığı bir dövrdə AP-nin erməni təəssübkeşlərinin təsiri altında olan qismi də “fəallaşıb” və sanki hər addımda Azərbaycanı tənqid etmək üçün fürsət axtarırlar. AP-nin prezidenti Martin Şultsun qurumun noyabrın 26-da Strasburqda keçirilmiş plenar iclasında Azərbaycanla bağlı səsləndirdiyi əsassız, subyektiv fikirləri də bunu təsdiq edir. Qeyd edək ki, M.Şultsun çıxışında barəsində danışdığı Leyla Yunusova ən ağır cinayətlərdən hesab olunan vətənə xəyanətdə və digər cinayətlərdə ittiham edilir. İstintaqın işinə müdaxilə qanunun aliliyinin pozulmasıdır və hüquqi dövlətin vətəndaşı kimi AP prezdentinin L.Yunusova barədə əsassız fikirləri təəssüf doğurur. M.Şultşun AP-nin nümayəndə heyətinin Azərbaycana səfəri məsələsinə dair fikirlərinə gəldikdə isə, Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin açıqlamasında bildirilir ki, bu təşkilatın nümayəndə heyətinin Azərbaycana səfəri ilə əlaqədar ölkəmizin müvafiq dövlət qurumlarına heç bir rəsmi müraciət daxil olmayıb.
AP prezidentinin Azərbaycanla bağlı əsassız fikirləri haqlı olaraq ölkə ictimaiyyətində narazılıq yaradıb. Məsələyə münasibət bildirən Azərbaycan Respublikası Prezidenti Administrasiyası rəhbərinin müavini, xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov deyib: “Cənab Şults xeyli müddətdir ki, Avropanın siyasi səhnəsində fəaliyyət göstərir. Bu illər ərzində o, Avropa İttifaqının güclənməsi istiqamətində, görünür, missiyasını bitmiş hesab edir. O, yəqin düşünür ki, Avropa İttifaqı ilə bağlı bütün məsələləri tənzimləyə bilib, bu sahədə hər şey əla gedir, bu səbəbdən də özündən çox razıdır və əlinə fürsət düşən kimi Avropa Parlamentində, parlamentdən kənarda qərəzli müzakirələr təşkil edir, bəyanatlar verir.
Bütün bunlar isə o zaman baş verir ki, Avropanın və dünyanın digər ölkələrinin rəhbərləri, Baş nazirləri həm Azərbaycana səfər edərək, həm də öz paytaxtlarında Azərbaycanda son illərdə gedən inkişafı, əldə edilən nailiyyətləri, təmin edilən sabitliyi və təhlükəsizliyi Azərbaycan möcüzəsi adlandırırlar. Cənab Şultsu isə belə işlər heç maraqlandırmır. O, bunlar barədə bir söz də demək istəməyib.
Nə üçünsə Azərbaycanın müstəqilliyinin qısa bir dövrü ərzində sürətlə inkişaf etməsi, çiçəklənməsi, mürəkkəb geosiyasi regionda sabitliyini və təhlükəsizliyini təmin etməsi, beynəlxalq aləmdə böyük nüfuz qazanaraq müxtəlif siyasi, mədəni, idman tədbirlərinə ev sahibliyi etməsi cənab Şults üçün heç bir əhəmiyyət daşımır. Belə məsələlər onu maraqlandırmır”.
Azərbaycan Milli Məclisinin noyabrın 28-də keçirilmiş iclasında da parlament rəhbərliyi və deputatlar M.Şultsun fikirlərinə və bütövlükdə AP-nin ölkəmizlə bağlı qeyri-obyektiv fəaliyyətinə etirazlarını bildirdilər. Milli Məclisin Sədri Oqtay Əsədovun sözlərinə görə, M.Şultsun çıxışına diqqət etdikdə görürük ki, AP prezidenti həmişə Azərbaycanı sancmağa bir bəhanə axtarır: “Onların bizə münasibətinə biz adekvat münasibət bildirməliyik. Bizə etika öyrədən, siyasi mədəniyyət öyrədən parlamentdə bunu görmədik. Özlərinin ilk iclasında Azərbaycana qarşı qətnamə qəbul elədilər. Azərbaycan parlamenti qaydalara riayət eləyərək Milli Məclisdə qərar qəbul etdi, bəyanat göndərdi, bir ay bəyanata cavab gəlmədi. Sonra mən parlament sədri kimi cənab M.Şultsa məktub yazdım. M.Şultsdan bu məktuba da cavab gəlmədi. Onlar bizə siyasi mədəniyyət öyrədəcəklər? Özlərində bu siyasi mədəniyyət yoxdur. Onlar Azərbaycanda baş verən hər hansı bir hadisəyə dərhal münasibət bildirirlər. İlk növbədə özlərinə baxsınlar, Avropa İttifaqı daxilindəki dövlətlərə baxsınlar. Orada olan antisemitizmə baxsınlar, diskriminasiyaya baxsınlar. Miqrantlara olan münasibətə baxsınlar. Bunlara heç bir münasibət bildirmirlər. Bunların başqa işləri-gücləri yoxdur? Deməli, Avropada bir neçə müsəlman ölkəsi var, bütün diqqəti yeridib ona qarşı böhtan kampaniyası aparırlar. Siyasi mədəniyyətdən danışdıq. Siyasi mədəniyyətdən uzaq olanlar artıq açıq yalan danışmağa başlayıblar. Cənab M.Şults deyir ki, Azərbaycan dövlətinə müraciət eləyib ki, parlament qrupu gəlsin Azərbaycana - Leyla Yunusovanın məsələsi ilə əlaqədar. Tam yalandır. Nə Milli Məclisə, nə Azərbaycan hökumətinə heç bir müraciət daxil olmayıb. Hətta biz bildiyimizə görə, onlar heç bir qrup da yarada bilməyiblər”.
Milli Məclisin Sədri Oqtay Əsədov daha sonra qeyd edib ki, AP kimi təşkilatın iclasında açıq belə yalan danışmaq heç bir siyasi xadimə hörmət gətirmir: “Biz çox çalışırıq ki, Avropa Parlamenti ilə əlaqələri yüksək səviyyədə quraq. Bizim Avropa Parlamenti ilə ikitərəfli əməkdaşlıq üzrə qurumumuz var. Bizim qurumda təmsil olunan deputatlar tam tərkibdə Avropaya gedirlər. Azərbaycanda toplantı keçiririk, 35 üzvdən 2-3 nəfər gəlir. Belə barmaqarası münasibətə biz də barmaqarası münasibət bəsləməliyik”.
Oqtay Əsədov daha sonra bildirib ki: “Bu mötəbər təşkilatlara bel bağlamaq olmaz. Çünki onların mötəbərliyi bir xəttə qədərdir, bir “stop” komandasına qədərdir. Mən bir çox beynəlxalq təşkilatlarda olmuşam, ikilikdə söhbətlər aparmışam. Ancaq o ki qaldı belə məqamlara, mən yenə deyirəm, onlara bel bağlayan belsiz qalar. Biz bunu bilməliyik. Avronestin adı var, heç nəyi yoxdur. Avropa Parlamenti ilə Əməkdaşlıq Təşkilatı - adı var, heç bir nüfuzu yox, heç bir sənəd qəbul etmir. Biz bunlarla niyə işləməliyik? Biz onlara adekvat münasibət bildirməliyik. Bu, öz fikrimdir. Bunu biz hamımız başa düşürük. Bizə təzyiqlər çox olacaq. Kiçik bir bəhanədən istifadə edib Azərbaycana təzyiq etmək istəyirlər. Bunun da səbəbləri çox dərindir. Həm milli mənsubiyyət məsələsi, həm müsəlman-xristian məsələsi. Bunların hamısı bu məsələlərin içərisində var. Biz dəfələrlə bunu görmüşük. Ona görə də biz milli məsələlərdə bir olmalıyıq; müxalifət, iqtidar demək istəmirəm. Ancaq antimilli məsələyə qulluq eləmək - bu, milli xəyanətdir. Mən bunu başqa cür adlandıra bilmirəm”.
“Hazırda deputatlarımız beynəlxalq təşkilatlara haqlı suallar ünvanlayırlar. Bu sualları verməkdənsə, ölkə içindəki məsələlərlə məşğul olmalıyıq. Çünki onsuz da onlar bu suallara cavab verə bilməyəcəklər”. Bu fikirləri isə parlamentin noyabrın 28-də keçirilmiş iclasında Milli Məclis Sədrinin müavini Bahar Muradova söyləyib. Onun sözlərinə görə, dövlət, ordu və xalq bir olmalıdır ki, belə təzyiqlərin qarşısında dayana bilək: “Təzyiqlərin səbəbləri isə bəllidir. Onlar çox dərinə gedir və bu təzyiqlərin gələcəyə, perspektivə uzanan yolları da var. Bu hədəflərin yolunda Azərbaycan kimi müstəqil siyasi iradəsi, mövqeyi olan ölkələrin olması məhdudiyyətlər yaradır. Onlar çalışırlar ki, bu məhdudiyyətlər nəyin bahasına olursa olsun, aradan qaldırılmalıdır. Bizim vəzifəmiz isə düz yolumuza davam etməkdir”.
Bahar Muradova daha sonra dedi: “Onlardan soruşmaq istəyirəm ki, sizin Azərbaycanda tərəfdaşlarınız yalnız L.Yunusova və ya onun kimi digər məqsədlərə xidmət edənlərdir? Yoxsa, bütövlükdə Azərbaycan? Biz tərəfdaş kimi M.Şultsu yox, Avropa İttifaqını görürük. Biz öz tərəfdaşlığımıza sadiqik. Tövsiyəm odur ki, onlar tərəfdaşlıq anlayışlarına nəzər yetirsinlər. Həqiqətən Azərbaycanı tərəfdaş qismində görürlərsə, ona uyğun hərəkət etsinlər. Əgər həbsdə olan 3-5 nəfərlə onların tərəfdaşlığı bitirsə, biz də öz işimizi bilməliyik. Həm onlara, həm də onların “tərəfdaş”larına mövqeyimizi açıq şəkildə ortaya qoymalıyıq”.
Vitse-spiker hesab edib ki, Azərbaycan parlamenti bu mövqeyində ardıcıl olmalıdır. Avropa İttifaqı və onun müvafiq qurumları ilə əlaqələrə də dövlətin, millətin maraqları baxımından yanaşılmalıdır: “Müstəqil siyasi iradə sahibi olan bir ölkə kimi sona qədər öz mövqeyimizi açıq şəkildə ifadə etməliyik. Bizdəki bəzi şəxslərin həbsi ilə bağlı manipulyasiyalara cavab olaraq isə deyirəm ki, hüquq-mühafizə orqanları və aidiyyəti qurumlar qanunun aliliyi prinsipini əldə rəhbər tutaraq öz mövqelərini bildirməlidirlər”.
Parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bildirib ki, AP prezidentinin Azərbaycanla bağlı mövqeyində təhqir elementləri var idi: “Onun bəyanatında Azərbaycan hökuməti deyil, “azəri hökuməti” adlı ifadə öz əksini tapıb. Bu, onun Azərbaycana olan münasibətinin göstəricisidir”.
Deputat Siyavuş Novruzovun fikrincə, bu gün Avropanın müxtəlif qurumları nəzərlərini Azərbaycana yönəldir. Bu isə Azərbaycanın inkişafını gözü götürməməkdən başqa bir şey deyil. Bunun nəticəsi olaraq dəfələrlə Azərbaycana qarşı ədalətsiz, demokratiyaya və insan haqlarına zidd şəkildə müxtəlif qərarlar qəbul edirlər: “Bu qərara səs verən elə adamlar var ki, onlardan soruşsan ki, kimi müdafiə edirsiniz, bilməyəcəklər. Onlar müdafiə etdikləri adamların ad və soyadlarını belə düzgün ifadə edə bilməyəcəklər”.
Deputat Zahid Oruc deyib ki, AP-də Azərbaycana qarşı xüsusi bir lobbi qrupu formalaşıb. Deputat Tahir Rzayevin sözlərinə görə, bu təxribat müsəlman dünyasına qarşı yönəlmiş planın tərkib hissəsidir. Deputat Qüdrət Həsənquliyev isə vurğulayıb ki, AP Azərbaycanın dünyada artan nüfuzuna kölgə salmağa çalışır. Onun fikrincə, bu gün Avropada güclü islamafobiya var və mütəmadi olaraq kampaniya aparılır.
Özünü ədalət carçısı, insan haqları müdafiəçisi kimi təqdim edən M.Şults indiyədək nə Azərbaycandakı qaçqın və məcburi köçkünlərlə, nə də işğal olunmuş torpaqlarla maraqlanıb. Bunlar bir tərəfə, M.Şultş və bütövlükdə AP ABŞ-dakı Fergüson hadisələrinə, Avropa ölkələrində polis zorakılığına və qeyri-proporsional gücdən istifadə hallarına da diqqət ayırsa, daha səmimi görünərdi. Bütün bunlara münasibət bildirmək əvəzinə AP prezidentinin Azərbaycanda vətənə xəyanətdə ittiham olunan birinə “siyasi məhbus” tərifi verib müdafiə etməsi heç bir siyasi etikaya sığmır. Çünki birincisi, Azərbaycanda siyasi məhbus yoxdur. Digər tərəfdən, heç bir beynəlxalq sənəddə “siyasi məhbus” anlayışı təsbit olunmur. Odur ki, M.Şulstun istintaqın işinə müdaxilə etmək çağırışı qanunçuluq və hüquqi dövlətçilik anlayışına ziddir. Ona görə AP-nin və onun prezidentinin bütün etik normalara və diplomatik qaydalara və Aİ ilə əməkdaşlıq əlaqələrinin ruhuna zidd olan bu cür fəaliyyəti ilə Azərbaycana haqsız təsir etməyə çalışmaları əhəmiyyətsizdir. Azərbaycan müstəqil dövlətdir və qərarlarını da müstəqil qəbul edir. Hər hansı diktə və təzyiqlə Azərbaycana təsir göstərmək, öz yolundan döndərmək qeyri-mümkündür.
Rəşad CƏFƏRLİ,
Azərbaycan.-2014.- 2 dekabr.- S.2.