Jurnalist məsuliyyəti və vətəndaş
təəssübkeşliyi
Azərbaycanda həqiqi mətbuat və söz azadlığı mövcuddur.
Əvvəla, istənilən adam istədiyi vaxt çox asanlıqla mətbuat vasitəsi təsis edə bilir.
İkincisi, mətbuatda kim nədən, necə, hansı formada istəsə yazır.
Üçüncüsü, ölkə əhalisinin 70%-dən çoxu internet istifadəçisidir.
Başqa bir məqam.
Dövlət başçısının qoyduğu moratoriuma əsasən yeddi ildən çoxdur ki, heç bir jurnalist yazdığı yazıya, dediyi sözə görə cinayət məsuliyyətinə cəlb olunmur!
Əslində bu, bir çox yazarların əl-qolunu açıb, xəbis niyyətlilərin və sifarişli yazı yazanların işinə yarayıb.
Ancaq vətəndaş da dözməyə alışır...
Ən nəhayət, mətbuatda senzuranı ləğv edən, onu dövlət nəzarətindən çıxaran və jurnalistlərlə dostluq etməyi bacaran indiki iqtidar heç zaman geriyə doğru addım atmayacağını, heç bir halda KİV-lərin azad və sərbəst şəkildə informasiya toplamaq və yaymaq fəaliyyətini məhdudlaşdırmayacağını bəyan edib!
Belə
bir məqama diqqət yetirək:
Vətəndaş-media, jurnalist-məmur münasibətlərində
qələm sahiblərinin mənafeyinə işləyən
güzəştlər etmək mümkündür və
edilir.
Mətbuat - milli mənafe, qələm əhli və
xalqın maraqları müstəvisində isə güzəştə
getmək, başqa sözlə, dövləti və milli maraqları
mətbuat və söz azadlığına qurban vermək
olarmı?!
Heç
zaman!
Çünki
Vətənin və xalqın maraqları, dövlətin mənafeyi
hamıdan və hər şeydən ucada durur!
Üstəlik,
dövlətin qanunları var və demokratiya həm də
qanunun aliliyinin təmini demək olduğundan Azərbaycanın
milli təhlükəsizliyinə xidmət edən
qanunların müvafiq maddələrini heç zaman unutmaq
olmaz!
vvv
Yenidən cari ilin avqust ayının əvvəllərində
erməni kəşfiyyat-təxribat qruplarının Ermənistan-Azərbaycan
dövlət sərhədində və qoşunların təmas
xəttində Azərbaycan Silahlı Qüvvələrinin
mövqelərinə etdikləri basqınlar zamanı KİV-lərdə,
habelə internet media resurslarında hadisələrin
işıqlandırılmasında baş verən səriştəsizlik,
qeyri-peşəkarlıq və qərəzli informasiyalar barədə
söhbət açmaq istəyirik. Məsələ ilə
bağlı Azərbaycan Prezidenti Administrasiyasının rəhbəri,
akademik Ramiz Mehdiyev dövlət orqanlarının
informasiyanın verilməsinə məsul struktur bölmələrinin
və kütləvi informasiya vasitələri rəhbərləri
ilə görüşündə hadisəyə kəskin
münasibətini bildirdi. Akademik Ramiz Mehdiyevin
xatırlatdığımız müşavirədəki
çıxışından iki məqama diqqət çəkirik:
“Açıq
deməliyəm, bir sıra informasiya resursları bir tərəfdən
Ermənistan kəşfiyyatı üçün məlumat
ötürücüsünə çevrilir, digər tərəfdən
də düşmənin Azərbaycan əleyhinə
apardığı mənəvi-psixoloji müharibəyə
“töhfə” verərək həm əsgərlər, həm
də əhali arasında çaşqınlıq, ruh
düşkünlüyü yaranmasına səbəb olurlar”.
“Təəssüf
ki, yalnız Facebook, Tvitter, Youtube kimi beynəlxalq şəbəkələr,
BBC, “Amerikanın səsi”, “Azadlıq” radiosu kimi bəzi beynəlxalq
media brendlərinin yerli nümayəndəlikləri deyil, hətta
bir sıra hallarda Azərbaycan KİV-ləri də
xalqımıza qarşı necə amansız psixoloji
müharibə aparıldığını unudaraq,
düşmən mediasının təxribat xarakterli məlumatlarını
olduğu kimi tirajlayırlar. Bəzi informasiya
resurslarının belə məlumatları olduğu kimi
yayması qəbuledilməzdir və düşmən erməni
təbliğatının düşünülmüş
qaydada Azərbaycan ictimai rəyinə yeridilməsindən
başqa bir şey deyildir. Qəzəbləndirici
hal ondan ibarətdir ki, bir sıra KİV-lər isə
düşmən kəşfiyyatı üçün
açıq informasiya mənbəyi rolu oynayırlar”.
Müşavirədəki məruzə və
çıxışlarda səsləndirilən fikirlər,
eyni zamanda, məsələnin ciddiliyi və dövləti əhəmiyyəti
çox kəskin qərarlar qəbul ediləcəyini, hətta
çap və elektron medianın cəbhə bölgəsində
baş verənləri, ordu quruculuğu ilə bağlı
prosesləri işıqlandırmaqda müəyyən məhdudiyyət
yaradılacağı ehtimalına əsas verirdi.
Lakin belə
olmadı!
Azərbaycan
iqtidarı yenə də mətbuat və söz
azadlığını yüksəkdə saxladı, jurnalistlərin
informasiya toplamasına heç bir məhdudiyyət qoymadı!
Söhbət mövcud qanunvericiliyə edilə biləcək
dəyişikliklərdən gedir.
Amma
dövləti maraqları da arxa plana keçirmək
mümkün deyil!
Azərbaycan
Respublikası Prezidenti İlham Əliyevin “Azərbaycan Respublikası
Silahlı Qüvvələrinin Ermənistan Respublikası
silahlı qüvvələri ilə təmas xəttində bəzi
təhlükəsizlik tədbirləri haqqında” 24 sentyabr
2014-cü il tarixli sərəncamı
çətin və mürəkkəb məsələnin həllinin
ən optimal variantı sayıla bilər.
Bu
mühüm sənəd heç kəsin
hüquqlarını məhdudlaşdırmır!
Bu
mühüm sənəd mətbuat və söz
azadlığına xələl gətirmir!
Bu
mühüm sənəd heç kəsi məsuliyyətdən
də azad etmir!
Eyni zamanda, qanunun aliliyini təmin edir.
Dövləti maraqların qorunmasına yol açır.
Çox haqlı olaraq bütün ağırlıq mərkəzi
jurnalist məsuliyyəti, vətəndaş təəssübkeşliyi
və əlaqədar qurumların qanunun tələbləri əsasında
fəaliyyətlərini daha da gücləndirmələri
üzərinə keçirilir.
Bax bu məqamda qanunun aliliyi ilə Azərbaycan jurnalistlərinin
peşə davranışı qaydalarının vəhdəti
də tələb olunur.
Sənəd qələm əhlinin üzərinə həm
də “köhnə-yeni” vəzifələr qoyur.
“Köhnə”
- ona görə ki, bu vəzifələr var idi, amma son hadisələr
göstərdi ki, ona lazımi səviyyədə əməl
olunmur!
“Yeni” -
odur ki, artıq bu məsələdə son dərəcədə
ciddi olmaq və qanunun tələblərinə dəqiqliklə
əməl etmək vacibdir!
Həm də
jurnalistlərin və “cəbhə informasiyalarına” aid olan
bütün qurumların və insanların fəallığı
şəraitində!
vvv
İyirmi
beş ildən çoxdur ki, Azərbaycan
Ermənistanla müharibə vəziyyətindədir.
İyirmi
beş ildən çoxdur ki, Azərbaycan
mətbuatı hərbi əməliyyatlardan, ordudan,
düşmənlə təmas xəttində baş verən
hadisələrdən yazır.
Bu, jurnalistlərin müharibə mövzusunda
yazmağı öyrənməsi üçün kifayət qədər
böyük müddətdir.
Amma hamısı öyrənə bilibmi?
Adıçəkilən
müşavirədə akademik Ramiz Mehdiyevin dərin təhlilə
əsaslanan məruzəsində səsləndirilən fikirlər,
həm də KİV-lərdə Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsi ilə
bağlı mövzuların işıqlandırılması
vəziyyəti açıq şəkildə göstərir
ki, nöqsan və çatışmazlıqlar üç
mühüm səbəbdən baş verir:
- naşılıq;
- qeyri-peşəkarlıq;
- məqsədyönlü şəkildə, qəsdən.
Məsələyə
bu üç rakursdan nəzər salaq və əvvəlcə
belə bir suala cavab verməyə çalışaq: hərbi
mövzuda bütün jurnalistlər yaza bilərmi?
Cavab birmənalıdır:
yox!
Çünki
bu spesifik sahədir! Üstəlik, dövləti maraqlar və
insanların həyati mənafeyi ilə sıx
bağlıdır! Hər ehtiyatsız söz, ifadə,
cümlə narahatlıq, təşviş doğura bilər,
düşmənə yarayacaq informasiyaya çevrilər! Odur ki, əvvəla, jurnalist bu mövzuya müraciət
etməzdən qabaq müvafiq biliyə yiyələnməli və
səriştə toplamalıdır. Ikincisi, müvafiq
qanunvericiliklə tanış olmalı, xüsusən “Dövlət
sirri haqqında” və “Hərbi vəziyyət haqqında” Azərbaycan
Respublikası qanunlarının müvafiq bəndlərini bilməli
və tələblərinə əməl etməlidir!
Hərbi mövzuda yazan jurnalistin sahənin terminlərini
bilməsi də çox vacibdir. Unutmaq olmaz ki, hər
bir terminin ifadə etdiyi konkret məfhum və məna var, onlar
heç zaman bir-birilə
qarışdırılmamalıdır. Məsələn,
“sərhəd xətti” bir məhfumdur, “cəbhə xətti”,
“təmas xətti”, “cəbhəboyu zona” başqa
anlayışları ehtiva edir. Yaxud “neytral ərazi”
bir məna daşıyır, “yerli əhalinin
yaşamadığı ərazi” bambaşqa mənadadır.
Bütün
bunlarla bərabər, müharibədən yazan jurnalist əsl
vətənpərvər olmalı, öz xalqını və
millətini sevməyi, təəssübünü çəkməyi
bacarmalıdır!
Qeyri-peşəkarlıqdan irəli gələn səhvlər
də mövcuddur. Bu, daim şou-biznes mövzusunda
yazanların “qaşınmayan yerdən qan çıxarmaq” vərdişindən
irəli gəlir.
Atəşkəsin
pozulmasından “sensasiyalı informasiya” düzəltmək
olmaz! Çünki çox həssas məsələdir və
cəbhə boyu ərazidə yaşayan, uzun illərdən bəri
məcburi köçkün həyatı sürən minlərlə
insan üçün ağrılı və həyati əhəmiyyətlidir!
Jurnalist bu məqamı hökmən nəzərə
almalıdır. O, cəbhə boyu zonada gözünə
boş dəyən bir-iki evdən yox, gecə-gündüz
orada yaşayan, düşmən gülləsi altında təsərrüfat
işləri görən, atəşkəs ciddi şəkildə
pozulanda belə, ordusuna və dövlətinə güvənərək
ev-eşiyini tərk etməyən insanları
yazısının qəhrəmanına çevirməlidir! Telejurnalist müsahibinə sual verməzdən
öncə hansı cavabı alacağını təxmin etməli,
bu cavabın təmas xəttinə yaxın ərazidə
yaşayan digər insanlara necə təsir edəcəyini,
inam və etibar, yaxud təşviş və ruh
düşkünlüyü yarada biləcəyini hökmən
nəzərə almalıdır. Yoxsa onun hərbi
mövzuda yazmağa vətənpərvər insan kimi haqqı
yoxdur! Akademik Ramiz Mehdiyev məhz belə məqamı nəzərdə
tutaraq xüsusi vurğulamışdır: “Müasir dövrdə
vahid informasiya məkanının mövcud olduğu şəraitdə
medianın ən mühüm funksiyalarından biri də milli
maraqları hər şeydən üstün tutmaq, vətəndaşları,
cəmiyyəti vahid məqsəd uğrunda səfərbər
etməkdir. KİV-lər Azərbaycanın konstitusiya
quruluşu, ərazi bütövlüyü, Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsi, milli təhlükəsizlik
və digər bu kimi məsələlərdə kifayət qədər
həssas davranmalı, cəmiyyətə milli təəssübkeşliyin
nümunəsini təqdim etməli, onun obyektiv və operativ
informasiya ehtiyacını ödəmək missiyasını
milli maraqlarla uzlaşdırmalıdırlar. Vətənpərvərlik,
milli dövlətçiliyə sədaqət, milli maraqlar
uğrunda prinsipiallıq KİV-lərin fəaliyyətinin
başlıca elementlərini təşkil etməlidir”.
Avqust
hadisələri zamanı cəbhə bölgəsindən qəsdən
yalan informasiyalar vermək, əhalidə ruh
düşkünlüyü yaratmaq, hər hansı
münaqişə zamanı təqsiri Azərbaycan tərəfinin
üzərinə qoymaq cəhdlərinin də, bu işlə
məşğul olmaq üçün qısa müddətdə
yaradılan və fəaliyyət göstərən bəzi
internet resurslarının canfəşanlığının
da şahidi olduq. Antiazərbaycançı şəbəkə
daim belə məqamlarda alçaq xislətini büruzə
vermək imkanını heç zaman əldən buraxmır!
“Qrant
uşaqları” adlanan, adları azərbaycanlı olsa da, vətənə
xəyanətə daim hazır olanların mövcudluğu və
fəaliyyətləri də kimsəyə sirr deyildir! Təəssüf
ki, belələrinin ağzından vuranların və onlara yerlərini
göstərənlərin sayı çox azdır! Əslində, ilk növbədə, ictimaiyyət
milli maraqları hərraca qoyanları ifşa edib, onlara
dözülməzlik şəraiti yaratmalıdır.
Cənab
İlham Əliyevin 24 sentyabr 2014-cü il tarixli sərəncamında
“dövlət sirri təşkil edən məlumatların
yayılmasına görə məsuliyyətin gücləndirilməsi”,
“hərbi sahədə Azərbaycan Respublikasının milli təhlükəsizliyinə
xələl gətirə bilən digər məlumatların
yayılmasının yolverilməzliyi barədə izahat
işlərinin təşkili”, “dövlət sirri təşkil
edən məlumatları yayan şəxsləri müəyyən
edib onların qanunla müəyyən edilmiş məsuliyyətə
cəlb olunmasının” vacibliyi də göstərilmişdir.
Göründüyü kimi, bu məsələlərdə
təkcə jurnalistlərin yox, digər sahələrdə
çalışanların, ictimaiyyətin də fəallığı
arzu olunandır.
Son hadisə
- 12 noyabrda Ermənistanın hərbi vertolyotunun Azərbaycan
Silahlı Qüvvələri tərəfindən vurulması
və həmin məqamın çəkilərək tez-tələsik,
düşünülmədən internetdə yerləşdirilməsi
də göstərir ki, bu sahədə bəzi nöqsanlar hələ
də mövcuddur!
Ön mövqedə olan hərbçinin əlində niyə çəkilişə və süjetin internetə ötürülməsinə imkan verən cihaz olmalıdır? Çəkilən kadrlar niyə Müdafiə Nazirliyinin xəbəri və razılığı olmadan ictimaiyyətə açıqlanmalıdır?
Belə səhvlərin qarşısının alınması üçün ilkin, şifahi razılıq da əldə olunmuşdu ki, cəbhənin təmas xəttindəki hadisələrlə bağlı informasiyalar yalnız Müdafiə Nazirliyinin müvafiq qurumlarının açıqlamasından sonra, həm də həmin açıqlamalar çərçivəsində və ruhunda olmalıdır!
Amma yenə də tələskənlik, yenə də ölçü-biçisiz hərbi xarakterli informasiya dövriyyəyə buraxılır.
Unutmayaq, hamımızın Azərbaycan adlı müstəqil dövləti və Vətəni var!
Onun Qarabağ adlı yarası hələ də sağalmayıb!
Ürəyində vətən eşqi olan hər bir kəs milli maraqları şəxsi mənafeyindən uca tutmağı bacarmalı, daim ölkəsinin təəssübünü çəkərək haqq işini müdafiə etmək üçün qüvvə və bacarığını əsirgəməməlidir.
Bu həm də azərbaycanlı adını daşıyan hər bir vətən övladının müqəddəs borcudur!
Bəxtiyar SADIQOV
Azərbaycan.-2014.- 2 dekabr.- S.3.