Danimarkalı müğənni
“Sari gəlin” mahnısını
ifa edib
Danimarkanın
paytaxtı Kopenhagendə keçirilən “Fərqli tonlar və
mədəniyyətlərin uzlaşması” konsertində Azərbaycan
mahnıları ifa olunub.
AzərTAc
xəbər verir ki, dünyanın müxtəlif ölkələrindən
olan qadınların bir araya gəldikləri konsertdə
Danimarka, İsveç, Finlandiya, Norveç, Bolqarıstan, eləcə
də Afrika xalqlarının mahnıları səsləndirilib.
Konsertin
solistini - danimarkalı müğənni Qudrin Holku pianoda həmyerlimiz
Kəmalə Maisqızı müşaiyət edib. Q.Holkun məşhur
Azərbaycan mahnısı “Sari gəlin”in ingilis və Azərbaycan
dillərində ifası gurultulu alqışlarla
qarşılanıb. Həmçinin “Girdim yarın
bağçasına”, “Küçələrə su səpmişəm”
kimi mahnılarımız da danimarkalı müğənni tərəfindən
fərqli formada ifa edilib.
Azərbaycan
musiqisini çox sevdiyini deyən Q.Holk repertuarına xalq və
bəstəkar mahnılarımızı da daxil etdiyini
vurğulayıb. O, repertuarındakı Azərbaycan
mahnılarını musiqiçi Kəmalə
Maisqızının köməyi ilə öyrəndiyini
bildirib. “Sarı gəlin” mahnısını öyrənməyin
o qədər asan olmadığını deyən məşhur
müğənni bunun üçün aylarla vaxt sərf
etdiyini, amma indi balaca qızının belə “Sarı gəlin”i
əzbərlədiyini söyləyib. Mahnını ingilis və
Azərbaycan dillərində ifa edən Q.Holk gələcəkdə
“Sarı gəlin”i doğma dilində də
oxuyacağını deyib.
Konsertdə,
həmçinin K.Maisqızı Azərbaycan bəstəkarlarının
əsərlərini və tanınmış filmlərdən
melodiyaları ifa edib.
Azərbaycan.-2014.- 2 dekabr.- S.7.