Qalib gəlmək haqqı
İslam Abbasovun 18 yaşı var. Sumqayıtda doğulub. Güləşçidir. İki dəfə dünya çempionu, bir dəfə də Avropa birincisi olub. İslamın atası Əzim müəllim əslən Qubadlıdandır. Qarabağ döyüşlərində iştirak edib. Hazırda polis mayorudur.
- İslam 16 saylı Sumqayıt tam orta məktəbində oxuyurdu, - deyə Əzim müəllim söhbətə başlayır. - Bir gün dərsdən gəlib anası ilə nə barədəsə danışırdı. Axşam onun elə hey fikirləşdiyini görsəm də, susurdum. Özü dilə gəlib dedi ki, idmanla məşğul olmaq istəyir. Soruşdum ki, bəs dərslərini necə çatdıracaqsan. Dedi ki, çalışıb hər şeyi yoluna qoyacaq. Mənim bu sözdən çox xoşum gəlir. İnsan çalışmalıdır, çünki uğur qazanmağın başqa yolu yoxdur.
İslam o vaxtdan yunan-Roma güləşi ilə məşğul olmağa başlayır. İki ildən sonra şəhərdə keçirilən yarışlara qatılan yeniyetmə idmançı ilk dəfə qələbə tamını dadır.
- Anası mənə dedi ki, bu gün İslamın yarışı olacaq, - deyə Əzim müəllim söhbətinə davam edir. - Düzü, həmin yarışa baxmağa getmədim. Düşündüm ki, məğlub olar, utanar məndən. Bir az keçmiş bacısı içəri girdi. Qızın gözlərindəki sevinci bugünədək unuda bilmirəm.
...Kuboku əlində tutub evə girəndə İslam atasının gözlərini yaşlı görmüşdü. Amma bilirdi ki, bu, sevinc gözyaşıdır: “Ata, mən udmuşam, sən niyə ağlayırsan...”
- Mən özüm də idmançı olmuşam, - ata deyir. - İki dəfə respublika çempionu olmuşam. Amma Avropa, dünya çempionluğu, heç yatsam da, yuxuma girməzdi. Bunu bizə İslam yaşatdı.
Beləcə, 12 yaşından turnirlərdə iştirak edən İslam onlarca fəxri fərman, kubok qazanır. Məşqlərdə tər tökür, yarışları qələbə ilə başa vurur.
10-cu sinifdə oxuyanda İslam təlim-məşq toplantısından sonra tezliklə mötəbər bir yarışa dəvət aldığını eşidir:
- Məşqdən sonra özümü evə güclə
çatdırdım. Atam mənə baxan kimi soruşdu ki, nə olub? Dedim ki, Avropaya çempion
olmağa gedəcəyəm.
2012-ci ilin martında
Polşanın Katovitse
şəhərində keçirilən
yeniyetmələr arasında
Avropa birinciliyində İslam qitə çempionu adını qazanır. Bir il sonra
Serbiyanın Zrenyanin şəhərində keçirilən
dünya çempionatında
da 84 kiloqram çəkidə bütün
rəqiblərinə qalib
gəlir.
- Geri qayıdanda hava limanında bizi qarşılamağa xeyli adam gəlmişdi,
- deyə İslam o günləri xatırlayır.
- İnanın, sevincimi
bölüşməyə gələnləri görəndə
gözlərim doldu. İnsan onun
uğuruna sevinənləri
görəndə bilirsiniz,
nə hisslər keçirir? Ürəyində and içirsən ki, növbəti turnirdə də qələbə qazanacaqsan.
2013-cü ildə İslam
artıq tələbə
idi. Həmin il Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasına qəbul olundu. Bu, Abbasovlar ailəsinin
sevincini birə yüz artırdı.
İslamın akademiyaya qəbul olunduğunu eşidəndə
evinə getdik, - deyə Qubadlı rayon Gənclər və İdman İdarəsinin rəisi Namiq Abbasov bildirir. Təşkilatımız vaxtaşırı İslamla
görüşür, ona
qarşılaşdığı bütün çətinlikləri
dəf etməkdə yaxından dəstək olur. İdmanı həyatı qədər
sevən bu gənc hamımızın
fəxridir.
Güləş fakültəsinin tələbəsi
İslam məsuliyyətinin
daha da artdığını
qeyd edir. Tələbə olmaq onun ən
böyük arzusu idi. Bu arzu
da gerçəkləşdi.
2014-cü
il də
İslam üçün
uğurlu oldu. İlin əvvəlində
avqust ayında keçiriləcək dünya
çempionatına vəsiqə
qazanmış İslam
məşqlərə ara vermirdi.
Gənc
güləşçi Xorvatiyanın
paytaxtı Zaqrebdə
keçirilmiş son dünya
çempionatını belə
xatırlayır:
- Dünya birinciliyində 84
kiloqram çəki dərəcəsində çıxış
edirdim. Turnirdə yüksək titullu
idmançılar iştirak
edirdilər. Onlardan biri
almaniyalı Denis Kudla
idi.
Yeri gəlmişkən, İslam
2013-cü il Avropa çempionatında almaniyalı idmançı
ilə üz-üzə
gəlmiş, həmin
görüşdə qələbə
hakimlərin “səy”i
ilə Kudlaya verilmişdi. Azərbaycan tərəfinin etirazları
nəzərə alınmamış,
İslam ikinci yerlə kifayətlənməli
olmuşdu:
- İnanın, elə vəziyyətə düşmüşdüm ki, heç bilmirdim neyləyim. Axı halal qələbəmi rəqibə vermişdilər. Hətta idmandan getməyim barədə düşünürdüm. Köməyimə atam gəldi, mənə toxtaqlıq verdi.
Yenidən məşqlərə başlayan İslam avqust ayında təşkil olunacaq dünya çempionatına vəsiqə qazanır. Ölkədə keçirilən seçmə turnirlərdə iştirak edir. Bütün görüşləri qələbə ilə başa vuran İslam Xorvatiyaya, Zaqreb şəhərinə yola düşür:
- İki qələbədən sonra dünya çempionu adına əsas iddialı rəqibim bəlli oldu. İkinci gün mənimlə yarışa çıxan idmançı məhz bir il əvvəl “məğlub” olduğum almaniyalı Denis Kudla idi.
Görüşün əvvəlində almaniyalı güləşçi önə keçir. İkinci hissədə İslam əzmkarlıq nümayiş etdirir və qarşılaşmanı qələbə ilə başa vurur. Qaliblərin mükafatlandırılması mərasimində Kudla İslamın əlini sıxıb təbrik edir:
- O hamının qarşısında məni qucaqlayıb öpdü. Ətrafdakılar bizə baxırdılar. Kudla ona yaxınlaşanlara bizim bir il əvvəlki görüşümüzü xatırlatdı. Axırda fikrini belə yekunlaşdırdı ki, yaxşı idmançı qalib gələndir. Bayrağımızı ona bağışlamağı xahiş etdi. Mən üçrəngli bayrağımızı almaniyalı idmançıya hədiyyə etdim.
İslamı qarşıda yeni turnirlər gözləyir. Gənc güləşçi yarışlara var gücü ilə hazırlaşır. Deyir ki, beynəlxalq turnirlərdə hər dəfə ay-ulduzlu bayrağımız dalğalananda adamın ürəyi dağa dönür: “Məncə, vətənə borcumuzu bacardığımız sahələrdə ödəməliyik. Hər kəs öz işində uğur əldə edirsə, deməli, kifayət qədər zəhmət çəkib, qazandığı da onun haqqıdır”.
Əlavə edək ki, elə zəhmətə qatlaşan idmançıların uğurları da onların haqqıdır - İslamın qazandığı qələbələr kimi...
Akif ƏLİYEV,
Azərbaycan.-2014.- 2 dekabr.- S.8.