Prezident İlham Əliyev “BakuTel-2014” XX Azərbaycan
Beynəlxalq
telekommunikasiya və informasiya
texnologiyaları sərgisi ilə tanış olub
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev dekabrın 2-də
Baku Expo Mərkəzində “BakuTel-2014” XX Azərbaycan Beynəlxalq
telekommunikasiya və informasiya texnologiyaları sərgisi ilə
tanış olub.
İqtisadi və sosial sahələrin bütün istiqamətlərdə davamlı artım tempinə nail olan Azərbaycan informasiya-kommunikasiya texnologiyaları (İKT) sahəsində də dünyanın sürətlə inkişaf edən ölkələri səviyyəsinə yüksəlib. Son illərdə ölkəmizdə bu sahədə beynəlxalq tədbirlər və konfranslar keçirilir. “BakuTel” sərgisi də Xəzər və Qafqaz regionlarında telekommunikasiya, o cümlədən informasiya texnologiyaları sahəsində ən böyük tədbirdir. Artıq 20-ci dəfədir baş tutan “BakuTel” sərgisi keçirildiyi illər ərzində telekommunikasiya bazarında mühüm hadisəyə çevrilib. Bu sərginin beynəlxalq nüfuzu Birləşmiş Millətlər Təşkilatı, Beynəlxalq Telekommunikasiya İttifaqı və Regional Rabitə Birliyinin nümayəndələrinin mütəmadi iştirakı, həmçinin Dünya Sərgi Sənayesi Assosiasiyasının keyfiyyət nişanı ilə təsdiq olunub.
Bu gün ölkəmizdə İKT sektoru sürətlə inkişaf edir. Prezident İlham Əliyev ölkədə bu sahənin inkişafını daim diqqət mərkəzində saxlayır. 2013-cü ilin Azərbaycanda “İnformasiya-kommunikasiya texnologiyaları ili” elan edilməsi də bunun əyani təsdiqidir. Təsadüfi deyil ki, həmin ildə ölkəmiz üçün tarixi hadisə baş verdi -“Azərspace-1” ilk milli telekommunikasiya peyki orbitə çıxarıldı. Bununla da Azərbaycan kosmik ölkələr sırasına qoşuldu. Bundan əlavə, ölkəmizin təşəbbüskarı olduğu “Trans-Avrasiya Super İnformasiya Magistralı” layihəsi BMT Baş Assambleyasının qətnamələri ilə dəstəklənib və mərhələlərlə reallaşdırılmaqdadır. İnformasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiyanın qəbul edilməsi də dövlətin bu sahədə siyasətinin ardıcıl xarakter daşıdığının bariz nümunəsidir. Artıq ölkədə İnformasiya texnologiyalarının İnkişafı Dövlət Fondunun, Yüksək Texnologiyalar Parkının, Elektron Təhlükəsizlik Mərkəzinin, Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Agentliyinin fəaliyyəti təşkil olunub. Yeni yaradılan İnformasiya Texnologiyaları Universiteti də bu sahənin inkişafına olan diqqətin əyani göstəricisidir. Bu mənada informasiya-kommunikasiya texnologiyaları üzrə qazanılan nailiyyətlərin və dünyada tətbiq olunan qabaqcıl yeniliklərin nümayiş etdirildiyi “BakuTel” sərgi-konfransı artıq geniş miqyasda özünəməxsus nüfuza malikdir. Bu il sərgi və konfransın uğurlu fəaliyyətinin 20 illik yubileyinin qeyd edilməsi onun əhəmiyyətini daha da artırır. Ötən 20 il ərzində dünyanın 50 ölkəsindən 2000-dən artıq şirkətin sərgiyə qatılması, xüsusilə də Prezident İlham Əliyevin son illərdə bu sərgi ilə tanış olması tədbirin yüksək statusunu bir daha təsdiqləyir.
Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin təşkilatçılığı ilə keçirilən builki yubiley sərgisində dünyanın 23 ölkəsindən 250 şirkət iştirak edir. Onların arasında aparıcı İKT şirkətləri, Azərbaycanın mobil rabitə operatorları, internet provayderləri, sistem inteqratorları və məşhur brendlərin distribüterləri var. Sərgidə telekommunikasiya və şəbəkələr, genişzolaqlı rabitə və yayım texnologiyaları, proqram təminatı və sistemin avtomatlaşdırılması, İT və ofis texnologiyaları, yüksək texnologiyalar, habelə texnoloji yeniliklər və bir sıra digər məhsullar da nümayiş etdirilir.
Rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov Prezident İlham Əliyevə məlumat verdi ki, artıq ikinci ildir sərgidə Azərbaycan milli pavilyonu yaradılır. Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin son illərdə həyata keçirdiyi işlər, habelə İKT sənayesinin inkişafı üzrə gələcək planlar barədə dolğun məlumat verən Azərbaycan milli pavilyonu ziyarətçilərin böyük marağına səbəb olur.
Prezident İlham Əliyev Milli Nüvə Tədqiqatları Mərkəzinin maketi ilə tanış oldu. Bildirildi ki, artıq Mərkəzin sterilizasiya məqsədli qamma şüalanma kompleksi və kiçik aktivlikli qamma şüalanma mərkəzinin binaları hazırdır.
Azərbaycan bu il Beynəlxalq Telekommunikasiya İttifaqının Səlahiyyətli Konfransı çərçivəsində sahə üzrə bu mötəbər təşkilatın ali idarəedici qurumu olan Şuraya üzv seçilib. Uzun illər Azərbaycan hökumətinin etibarlı tərəfdaşı olan BMT-nin İKT sahəsi üzrə həyata keçirdiyi layihələrinin nümayiş etdirildiyi pavilyon da burada təşkil olunub. BMT-nin ölkəmizdəki rezident əlaqələndiricisi Antonius Broeki dedi ki, qurum İnkişaf Proqramı çərçivəsində 4 sahə üzrə Azərbaycan hökuməti ilə əməkdaşlıq edir. Bunlar demokratik idarəçilik, davamlı inkişaf, qadınlara səlahiyyətlər verilməsi və böhranların qarşısının alınmasıdır. BMT Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə birlikdə mühüm layihələr həyata keçirir.
Qeyd olundu ki, sərgidə Beynəlxalq Telekommunikasiya İttifaqı ilk dəfə olaraq öz stendi ilə iştirak edir. Təşkilatın baş katibi Hamadun Ture dedi ki, İKT sahəsində həyata keçirilən dinamik inkişafın və əldə olunan nailiyyətlərin nəticəsidir ki, Azərbaycan qurumun ali idarəetmə orqanı olan Şuraya üzv seçilib. Qurumun stendində gələn il təşkilatın 150 illiyi və bu illər ərzində baş vermiş texnoloji inkişafı əks etdirən ekspozisiya təqdim edilir.
Azərbaycan “Bakı-2015” birinci Avropa Oyunlarına fəal şəkildə hazırlaşır və bu hadisə “BakuTel” sərgisində də geniş əks olunub. Baku Expo Mərkəzinin foyesində yerləşən stend Avropa Oyunlara hazırlıq prosesini, onun texniki və texnoloji məsələlərini, habelə növbəti ilin ən böyük idman bayramı çərçivəsində bizim hər birimizi gözləyən sürprizləri əks etdirir.
Bu il Böyük Britaniya, İran, İtaliya, Kanada, İsrail, Türkiyə, Estoniya və bir sıra digər ölkələr sərgidə maraqlı və innovativ layihələri, habelə İKT sahəsi üzrə məhsullarını və xidmətlərini təqdim edirlər.
Prezident İlham Əliyev sərginin digər pavilyonları ilə də tanış oldu.
Azərbaycanın ilk mobil operatoru olan “Bakcell” indi ölkəmizin
aparıcı mobil internet provayderlərindən biridir. Şirkət
müasir mobil kommunikasiya xidmətləri istifadəçilərinə
geniş çeşiddə məhsullar təqdim edir. Sərgidə şirkətin Azərbaycanda gənclərin,
futbolun və regionların inkişafına göstərdiyi dəstəyə
həsr olunan xüsusi guşə də yaradılıb.
Dövlətimizin başçısı “Delta Telekom”
MMC-nin fəaliyyətindən bəhs edən pavilyonda da oldu. Bildirildi ki,
regionun ən iri telekommunikasiya operatorlarından olan “Delta
Telekom” rabitə və telekommunikasiya xidmətlərinin keyfiyyət
göstəricilərinə görə ən etibarlı
infrastruktura malikdir.
“AzerFon” MMC 2007-ci ildən fəaliyyət göstərir. “Narmobile”
hazırda Azərbaycanın telekommunikasiya bazarının
inkişafında mühüm rol oynayır və xidmət
sektorunu daha da genişləndirir. Şirkət
Azərbaycanda İKT sahəsinin inkişafına töhfəsini
verən və ölkədə mütərəqqi mobil
texnologiyaları tətbiq edən ticarət nişanı kimi
tanınıb. “Narmobile” həm də
“Bakı 2015” ilk Avropa Oyunlarının rəsmi mobil rabitə
təminatçısıdır.
2010-cu ildə “AzQtel” MMC şirkəti tərəfindən
yaradılan “SAZZ” əmtəə nişanı da Azərbaycanda
4G Mobile WiMAX texnologiyası əsasında genişzolaqlı
simsiz internet xidməti göstərən ən böyük
operatordur. İlkin olaraq Bakı və Xırdalan şəhərlərini
əhatə dairəsinə daxil edən şirkət qısa
vaxtda Abşeron yarımadasının və respublikanın digər
15 şəhərinin internet istifadəçiləri də
simsiz və limitsiz internetin verdiyi imkanlardan faydalanmağa
başlayıblar. Son bir neçə ayda
“Sazz 4G İnternet” şirkəti Bakı şəhərinin
daxilində də mövcud əhatə dairəsinin
gücünü əhəmiyyətli dərəcədə
artırıb.
2013-cü ildə Azərbaycanın ilk telekommunikasiya
peyki “Azərspace-1”in uğurla orbitə
çıxarılması ilə “Azərkosmos” ASC öz
müştərilərinə peyk rabitəsi əsasında
yayım və genişzolaqlı internet xidmətləri, eləcə
də yüksək etibarlı peyk əsaslı rabitə
platformaları təqdim etməyə başlayıb. Sonra Prezident
İlham Əliyevin iştirakı ilə Azərbaycanın
milli peyk operatoru “Azərkosmos” ASC və Fransanın “Airbus
Defence and Space” şirkəti arasında müqavilə
imzalandı. Bu müqavilə ilə Azərbaycan ilə
Fransa arasında kosmik sənaye üzrə strateji əməkdaşlıq
çərçivəsində bu ilin iyununda orbitə
çıxarılan və yeni adı “Azersky” olacaq “Spot 7”
yüksək ayırdetməli Yer səthinin məsafədən
müşahidə peyki “Azərkosmos” ASC-yə təhvil
verildi. Dövlətimizin başçısı peykdən ilk
rəmzi görüntünü əldə etməklə
“Azersky” peykinin kommersiya fəaliyyətinə start verdi. Müqaviləyə əsasən “Azərkosmos”a
məxsus “Azersky” və “Airbus Defence” and Space” şirkətinə
məxsus “SPOT 6” yüksək ayırdetməli Yer səthinin məsafədən
müşahidə peyki hər iki şirkətin daha yüksək
xidmət göstərməsi üçün peyk toplusu
formasında birgə istifadə olunacaq. Həmçinin, Azərbaycanda
quraşdırılacaq yerüstü stansiya “Azərkosmos”
ASC-yə kommersiya hüquqları “Airbus Defence” and “Space”
şirkətinə məxsus çox yüksək ayırdetməli
Pléiades 1A və 1B peyklərindən istifadə imkanı
yaradacaq. Bu peyk toplusu Yer səthinin məsafədən
müşahidəsi üçün istifadə olunan tətbiqlərə
geniş imkanlar yaradır və ən yeni peyk
görüntülərini indiyə qədər mümkün
olmayan cəldliklə əldə etmək imkanı verir.
“Azersky” və “SPOT 6” peyk toplusu bir gün ərzində
6 milyon kilometr ərazinin şəklini çəkə bilir.
Bu, o deməkdir ki, Yer kürəsinin hər bir nöqtəsi
hər gün “Azersky” və “SPOT 6” peykləri tərəfindən
yüksək ayırdetmədə müşahidə oluna bilər.
Bütün bunlar Azərbaycanın mövqelərini
peyk xidmətləri göstərən azsaylı ölkələr
arasında daha da möhkəmləndirəcək.
Sonra dövlətimizin başçısı İsrailin
sərgidə təmsil olunan şirkətlərinin stendlərinə
baxdı. “PİNEAPP LTD” şirkəti təhlükəsizlik
üzrə qabaqcıl həll variantlarının təchizatçısı
kimi bazara e-poçtun təhlükəsizlik sistemlərini təklif
edir. Ümumilikdə, İsrail budəfəki
sərgidə 14 şirkətlə təmsil olunur.
Prezident İlham Əliyev Böyük Britaniyanın
pavilyonunda oldu.
Sərgiyə 7 şirkətlə qatılan
Böyük Britaniya İKT sahəsində ən son
texnologiyaları təqdim edir.
İran sərgidə “KAVOSHCOM ASİA” şirkəti ilə
təmsil olunur. Şirkət telekommunikasiya, elektrik, antenna qüllələri
və digər metal avadanlıqların istehsalı ilə məşğuldur.
Sərgidə Rusiya Federasiyasının telekommunikasiya
avadanlığı və məhsullarının istehsalı,
proqram təminatı, rabitə və texnologiyalarının
digər sahələri ilə məşğul olan 10-a
yaxın şirkəti iştirak edir. Rusiyanın “İnsol”
şirkətinin sistem inteqrasiyası və proqram
inkişafı sahəsində nailiyyətlərini əks etdirən
ekspozisiyası maraq doğurdu. Şirkət
ən böyükləri Rusiya, Ukrayna və Azərbaycanda
olmaqla, MDB-yə üzv olan 8 ölkədə ofis və
nümayəndəliklərə malikdir.
Sərgidə Yüksək Texnologiyalar Parkı
haqqında da geniş məlumat verilir. Dövlətimizin
başçısının Sərəncamı ilə
yaradılan parkın əsas funksiyası İKT, digər yeni
və yüksək texnologiyalar üzrə fəaliyyətin
genişləndirilməsi, burada çalışan fiziki və
hüquqi şəxslər üçün əlverişli
şəraitin yaradılması və digər xidmətlərin
inkişaf etdirilməsidir.
Qeyd olundu
ki, bu il sərgidə yeni
iştirakçılar böyük fəallıq göstərirlər.
Sərginin debütantları əsas etibarilə
Azərbaycanın iqtisadi göstəricilərindəki
yüksəlişlə əlaqədar olaraq yerli bazara
marağı xeyli artan xarici iştirakçılardır.
Debütantların arasında bu il rekord
sayda təmsil olunan “startap”lar var. Bütün “startap”lar
Bakı Ekspo Mərkəzinin ikinci zalında - Yüksək
Texnologiyalar Parkının stendində yerləşir. Rabitə
və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən
“startaplar”a fəal dəstək göstərilir.
Bu cür dəstək “BakuTel” sərgisinin də
ənənələrindən biridir. Regionun
İKT sektoru üzrə ən böyük tədbirində sənaye
liderləri və dövlət strukturları ilə birgə
iştirak etmək, eləcə də dövlət və
özəl investisiyaları cəlb etmək məqsədilə
fərdi layihələri təqdim etmək üçün
nadir imkan yaradılır. Bu il ölkənin
30-dan artıq gənc layihəçisi bu imkandan istifadə
edib və onlar sərgi çərçivəsində öz
innovativ proqram və xidmətləri barədə məlumat
verirlər.
Prezident
İlham Əliyev sərginin əsas tərəfdaşlarından
olan “İNTEL” şirkətinin stendi ilə də yaxından tanış oldu. Şirkət
kompyuter innovasiyaları sahəsində dünya üzrə
aparıcı mövqe tutur və bütün dünyada
kompyuter cihazları üçün baza funksiyasını
yerinə yetirən zəruri texnologiyaların layihələndirilməsi
və istehsalı ilə məşğuldur. Artıq şirkətin təqdim etdiyi virtual siniflər
Bakının bir neçə təhsil ocağında tətbiq
olunur.
Estoniyanın informasiya-kommunikasiya texnologiyaları
şirkətləri “BakuTel-2014” sərgisində milli pavilyonu
ilə təmsil olunur. Pavilyonda 18 şirkət müxtəlif
innovativ İKT məhsullarını nümayiş etdirir.
Sərginin ziyarətçiləri Azərbaycanın mobil
elektron imza xidməti olan “Asan imza” ilə Estoniyada tətbiq
olunan analoji “Mobil ID” xidmətinin müqayisəli statistik təhlili
ilə tanış olmaq imkanı əldə edirlər.
Dövlətimizin başçısı Türkiyənin
stendinə də baxdı. Qeyd edildi ki, qardaş
ölkə bu sərginin fəal
iştirakçılarından biridir. Budəfəki
sərgidə Türkiyənin İKT sahəsində
inkişaf etmiş 16 şirkəti təmsil olunub.
“Azercell” 1996-cı ildə təsis edilib və hazırda bazarda lider mövqeyini saxlayır. Şirkət Azərbaycana bir sıra innovativ texnologiyalar və konsepsiyalar gətirib. Ziyarətçilər sərgidə “Azercell”-in bir neçə istiqamətdə yeniliklərindən faydalana biləcəklər. Bu innovativ texnoloji həllərə “Mobil sağlamlıq”, “Valideyn nəzarət sistemi”, Barama İnnovasiya Mərkəzinin təqdim etdiyi təhlükəsizlik sistemi və “Google Glass” eynəyinin 2-ci versiyası daxildir.
Sərgidə ən yeni texnologiyalarla təmsil olunan “Huawei” dünya üzrə aparıcı İKT həlləri təmsil edən şirkətdir. Şirkətin məhsulları 100-ə yaxın ölkədə istifadə olunur. “Huawei” dünyanın ən yaxşı 50 telekommunikasiya operatorlarından 45-nə xidmət göstərir.
“CASPEL” şirkəti Azərbaycan ərazisində informasiya texnologiyaları və telekommunikasiya sahəsində kompleks həll variantlarını təqdim edən ən iri inteqrator şirkətlərdən biridir. Şirkət Azərbaycanın bütün ərazisini əhatə edən özünün fiber-optik şəbəkəsinə malikdir.
Prezident İlham Əliyev “SİNAM” MMC-nin stendinə də
baxdı. Əsası 1994-cü ildə qoyulan SİNAM regionda
genişmiqyaslı İT xidmətləri və məhsulları
təklif edən aparıcı şirkətdir. Elektron hökumət həllərinin provayderi və
sistem inteqratoru kimi tanınan SİNAM aparat və proqram təminatı
komplekslərindən tutmuş konsaltinq, dəstəkləmə
və zəmanət xidmətləri də daxil olmaqla
bütöv bir zənciri özündə birləşdirən
istifadəyə hazır məhsullar təqdim edir.
Qeyd edək ki, builki sərgi və konfransın
proqramı həm də əvvəlkilərdən daha
geniş və zəngindir. Gündəliyə
“Əşyaların interneti”, “Elektron hökumət” üzrə
beynəlxalq konfransların və digər tədbirlərin
daxil edilməsi İKT-yə dair yeni nailiyyət və təşəbbüslərin
işgüzar dairələrə çatdırılması,
gələcək inkişaf prioritetlərinin müəyyən
edilməsi, qarşılıqlı faydalı əməkdaşlığın
və təcrübə mübadiləsinin genişləndirilməsi
üçün hərtərəfli imkanlar açacaq.
Azərbaycan.-2014.- 3 dekabr.- S.1-2.