Azərbaycan Prezidenti
İlham Əliyevin “Rossiya-24”
informasiya
telekanalına müsahibəsi
Xəbər
verdiyimiz kimi, Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyev noyabrın 28-də Ümumrusiya Dövlət
Teleradio Verilişləri Yayım Şirkətinin “Rossiya-24”
informasiya telekanalına müsahibə verib. AzərTAc
müsahibəni təqdim edir.
- Cənab
Prezident, günaydın. Bizi yenidən Azərbaycan
torpağında qəbul etdiyinizə görə çox sağ olun.
-
Günaydın, xoş gəlmisiniz.
- Cənab
Prezident, bu gün tərəfdaşlıq münasibətlərinin
çoxu sınaqdan keçir. Rusiya-Azərbaycan
əməkdaşlığı dinamik, dolğun inkişaf
edir. Bu il səfərlər, ikitərəfli
əlaqələr nöqteyi-nəzərindən çox məhsuldar
olub. Mövcud tarixi məqamda Siz Rusiya ilə Azərbaycan
arasında siyasi dialoqu necə qiymətləndirirsiniz?
- Biz daim
siyasi dialoq aparırıq. Qeyd etdiyiniz kimi,
münasibətlər çox dinamik inkişaf edir, bütün
sahələri əhatə edir və aramızda həll
olunmamış məsələlər, problemlər yoxdur.
Münasibətlərimizin indiki mərhələsində
əməkdaşlığımızı dərinləşdirmək
üçün yeni imkanlar, ilk növbədə, iqtisadi sahədə
imkanlar yaranır və biz ilin yekunlarına əsasən
görürük ki, artıq əmtəə dövriyyəsi
genişlənir, Azərbaycandan Rusiyaya ixrac artır. Zənnimcə, bu, uzun illər ərzində
münasibətlərimizi məhz tərəfdaşlıq,
qarşılıqlı dəstək, dostluq, mehriban
qonşuluq əsasında qurmağımızın nəticəsidir.
Bu da ölkələrimizə, xalqlarımıza
fayda gətirir. Bu gün Azərbaycan ilə Rusiya fəal
inkişaf edən və dünyada mövcud
çağırışlara müqavimət göstərməyə
hazır olan iki qonşu və dost dövlətdir.
- Siz
hansı sahələrdə əməkdaşlığı
inkişaf etdirmək imkanları görürsünüz?
- Bizdə
ənənəvi əməkdaşlıq sahələri var.
Əlbəttə, bu, energetika sektoru, neft-qaz sahəsidir. Burada
əməkdaşlığın artıq yaxşı tarixi və
yaxşı potensialı var. Bu il neft-qaz
sahəsində sazişlər imzalanıb. Həmin
sazişlər gələcəkdə bu münasibətlərin
daha dinamik inkişafını müəyyən edəcək.
Elektroenergetika, nəqliyyat sahələrində
də yaxşı potensial və artıq əməkdaşlıq
təcrübəsi var. Biz – Rusiya da, Azərbaycan da Şimal-Cənub
nəqliyyat dəhlizinin daha fəal işləməyə
başlamasında maraqlıyıq. Biz
öz tərəfimizdən zəruri infrastruktur yaradırıq.
Bu, həm dəniz limanları, həm dəmir
yolu, həm də avtomobil yollarının yenidən
qurulmasıdır. Rusiya tərəfi də
eyni səyləri göstərir. Əlbəttə,
Azərbaycanın kənd təsərrüfatı məhsullarının
Rusiya bazarlarında satılması sahəsində
yaxşı əməkdaşlıq potensialı var. Biz ixrac
potensialını artırırıq. Prinsipcə,
bu, bizim hökumətin strateji xətti olub. Lakin Rusiya bazarında indiki vəziyyəti və
mallarımıza olan tələbatı nəzərə
alaraq, biz məhz Rusiya istehlakçısının
ehtiyacı olan çeşidi məqsədyönlü şəkildə
artırmağa başladıq.
Turizmin də yaxşı perspektivləri var. Biz yayda da,
qışda da Azərbaycana gələn rusiyalı turistlərin
sayının artdığını görürük. Burada
yaxşı şərait var – məsafə də böyük
deyil, dil maneəsi də yoxdur. Bir də əlbəttə,
mədəniyyət, təhsil sahələri. Zənnimcə, bu sahələr əməkdaşlığımızın
təməlidir. Rusiyanın
tanınmış kollektivləri, demək olar, hər həftə
Bakıda qastroldadır. Onlar burada çox
populyardır.
- Əsas budur ki, dil maneəsi yoxdur və bu da bir
çox baxımdan Azərbaycanın səyləri, rus dilinə
münasibətdə həyata keçirdiyi məqsədyönlü
və ardıcıl siyasət sayəsindədir. Təhsil də
bu gün Rusiya ilə Azərbaycan arasında uğurlu əməkdaşlığın
çox perspektivli sahələrindən biridir.
Rusiyanın ali məktəblərində
13 min azərbaycanlı tələbə təhsil alır. Siz bu gün qarşılıqlı fəaliyyət,
rus dilinin Azərbaycanda yeri barədə nə deyə bilərsiniz?
Çünki Azərbaycanda çox
böyük rus icması var. Bu gün bunu da xatırlamaq
lazımdır. O, mane olmur ki, hər hansı bir
narahatlıq yaratmır ki? Azərbaycanda rus
dilinin həqiqətən, bu rahat mövcudluğu necə təmin
edilir?
- Siz
düzgün qeyd etdiniz ki, Azərbaycanda rus icması Cənubi
Qafqazda ən böyük icmadır. Onun üzvlərinin
sayı 120 min nəfərdən çoxdur. Azərbaycanı beynəlxalq məkanda layiqincə təmsil
edən bu insanlar həm müxtəlif beynəlxalq tədbirlərdə
iştirak edir, həm də ölkəmizin inkişafına
böyük töhfə verirlər. Onlar
dövlətimizin layiqli vətəndaşları, Azərbaycanın
vətənpərvərləri, eyni zamanda, öz dilinə, mədəniyyətinə,
ənənələrinə bağlı olan insanlardır.
Leksikonumuzda nisbətən yeni söz olan multikulturalizm ənənələri
Azərbaycanda əsrlər boyu həmişə mövcud olub. Sadəcə,
müxtəlif cür adlanıb, lakin mahiyyəti dəyişməyib.
Zənnimcə, əsrlər ərzində, o
cümlədən sovet dövründə yaranan müsbət
meyillər müasir Azərbaycanda möhkəmlənir. Bu da ölkəmizdə milli həmrəyliyin əsası,
müasir dinamik inkişafın təməlidir.
Təəssüf ki, biz müasir dünyada çox vaxt
başqa mənzərə - qarşıdurma, təcridolunma,
ayrı-seçkilik görürük. Bəzi
ölkələrdə ümumiyyətlə, yüksək səviyyədə
bəyan edirlər ki, multikulturalizm siyasəti fiaskoya
uğrayıb. Bu, çox təhlükəli
meyildir. Düşünürəm ki, Azərbaycanın
nümunəsi bunun tam əksini göstərir. Onu göstərir ki, öz mədəniyyətinə,
tarixinə bağlı olmaqla bərabər, eyni zamanda,
başqa xalqların və dinlərin nümayəndələrinin
mədəniyyətinə də hörmətlə yanaşmaq
olar. Təsadüfi deyil ki, Bakı bu sahədə
beynəlxalq əməkdaşlığın özünəməxsus
mərkəzinə çevrilib. Bu
yaxınlarda bizdə Beynəlxalq Multikulturalizm Mərkəzi
yaradılıb, müxtəlif tədbirlər, beynəlxalq
forumlar keçirilir. Əlbəttə, Azərbaycan
çoxmillətli, çoxkonfessiyalı ölkə kimi belə
bir nümunə göstərir ki, sosial sifariş və
dövlətin düzgün siyasəti olanda bütün bu məsələləri
bacarıqla həll etmək mümkündür.
Azərbaycanda rus dilinə əvvəllər olduğu
kimi hörmətlə yanaşılır. Bizdə tədris rus dilində
olan 300-dən çox məktəb var. Bütün dövlət
ali məktəblərində rus dilində
təhsil almaq üçün bölmələr var. Moskva
Dövlət Universitetinin filialı, Slavyan Universiteti
yaradılıb. Hesab edirəm ki, bu müsbət təcrübə
dili hücum hədəfi seçən ölkələr
üçün faydalı ola bilər.
- Tolerant,
beynəlmiləl şəhər olaraq qalmağı Bakıya
tarixin özü diktə edir. Bakı Sovet
İttifaqının ən beynəlmiləl şəhəri
idi. Deyə bilərsinizmi, bəs indi,
müasir dünyada, məsələn, Avropanın
aparıcı siyasətçilərinin multukulturalizmin iflasa
uğradığını etiraf etdiyi bir vaxtda bu cür şəhər
və bu cür ölkə kimi qalmaq çətindirmi? Siz daxildən və ya xaricdən təzyiqlər hiss
edirsinizmi?
- Yox, hiss etmirəm. Daxildən təzyiq
yoxdur. Çünki cəmiyyət dövlətin
bu məsələyə yanaşmasını tam
bölüşür. Burada heç bir
fikir ayrılığı yoxdur. Prinsipcə
dövlət siyasəti cəmiyyətdə bu əhval-ruhiyyəni
dəstəklədiyi kimi, ictimai rəy də dövlətin həmin
siyasəti yeritməsinə kömək edir. Biz cəmiyyətin belə vəziyyətinin
üstünlüklərini görürük. Çünki həmişə belə olmayıb.
Axı, müstəqilliyin ilk illərində,
Xalq Cəbhəsi hakimiyyətdə olanda vəziyyət tamamilə
başqa idi. O vaxt dözümsüzlük, əslində,
dövlət siyasəti səviyyəsinə
qaldırılmışdı. Mənfi
münasibətlər, qeyri-yerli əhalinin
sıxışdırılması cəhdləri –
bütün bunlar gözümüzün qarşısında
olub. Həmin illər ölkəmiz,
xalqımız üçün milli
rüsvayçılıq illəri idi. Azərbaycan
xalqı müdriklik göstərdi və bu hakimiyyətə cəmi
bir ildən bir qədər çox dözdü, sonra bu
hakimiyyət tarixin xarabalığına atıldı.
- Bu peyvənd
hələ də təsir edirmi?
- Bəli.
Çünki cəmiyyət bu yanaşmaları
rədd etdi. Milli siyasət sahəsində
çox böyük səhvlərə, bəlkə də
cinayətlərə yol verilib, eləcə də bütün
digər sahələrdə. Odur ki, cəmiyyət
bu yad təsirdən tez bir vaxtda təmizləndi, öz
köklərinə qayıtdı. Bu
gün bu, cəmiyyətimizin inkişafının normal vəziyyətidir.
Odur ki, daxildə bu siyasətin təftiş
olunmasına heç bir zəmin yoxdur.
O ki,
qaldı sərhədlərimizin hüdudlarından kənarda
baş verənlərə, şübhəsiz, bu, narahatlıq
doğurur. Çünki biz adada
yaşamırıq, regionda gedən proseslər istər-istəməz
müəyyən təsir göstərir. Burada
da yenə cəmiyyətin yüksək şüuru, habelə
səmərəli dövlət siyasəti və belə
münasibətin üstünlüklərinin əyani şəkildə
nümayişi, zənnimcə, əsas hərəkətverici
qüvvədir.
- Gəlin,
Azərbaycanın iqtisadiyyatından danışaq. Çünki hər hansı ölkənin cəmiyyətinin
vəziyyətinə dünya iqtisadiyyatı da nəzərəçarpan
təsir göstərir. Bu il Azərbaycanda
ümumi daxili məhsul üçfaizlik artım göstərir.
Bu, yetərincə sabit artımdır və bu
gün çox cəhətdən nümunə olan, hökumətin,
dövlətin seçdiyi iqtisadi siyasətin səmərəliliyini
sübut edən göstəricidir. Siz gələn il üçün hansı proqnozlar verirsiniz və
Sizin fikrinizcə, yaxın gələcəkdə
iqtisadiyyatın inkişafını nə müəyyən edəcək?
- Qeyd
etdiyiniz kimi, bu il bizdə üçfaizlik
artım gözlənilir. Lakin biz ümumi daxili
məhsulu hesablayarkən, əsasən qeyri-neft sektoruna diqqət
yetiririk və orada vəziyyət daha yaxşıdır.
Biz bu il orada 6-7 faiz artım gözləyirik.
Ötən il artım 10 faiz olub. Gələn
il də iqtisadiyyatın qeyri-neft sektorunda 6
faizdən 10 faizədək artım gözləyirik. Bu, məhz şaxələndirmə siyasətinin, həm
də əvvəlki illərdə Azərbaycanın
iqtisadiyyatını şaxələndirmək üçün
çoxlu investisiya yatırmağımızın və səylər
göstərməyimizin nəticəsidir. Bu gün
ümumi daxili məhsulda neft sektorunun payı təqribən 45
faiz, yəni, yarıdan az təşkil
edir. Dünyada neftin qiymətinin düşməsi,
şübhəsiz, planlarımıza mənfi təsir göstərəcək.
Lakin biz müxtəlif ssenarilər işləyib
hazırlamışıq. Neftin qiymətinin
60 dollar olacağı təqdirdə, iqtisadiyyat sabit inkişaf
edəcək.
- Bəs
büdcədə hansı qiymət nəzərdə tutulub?
- Büdcədə
90 dollar nəzərdə tutulub. Ötən il
100 olub.
- Bu nikbin
rəqəmdir.
- Bəli.
Amma biz 90 dollar nəzərdə tutanda və
büdcəni qəbul edəndə qiymət 90 dollar olub.
Yeganə mənfi hal budur ki, biz il ərzində
görməyi planlaşdırdığımız işləri
iki ilə görəcəyik. Sadəcə
prioritet olmayan istiqamətlər, infrastruktur layihələri
üzrə büdcə xərclərini azaldacağıq.
Yaxşı ki, əvvəlki illərdə biz
artıq həmin layihələri əsasən həyata
keçirmişik.
İqtisadiyyatı hətta builki səviyyəyə qədər
inkişaf etdirmək üçün sahibkarlığın
stimullaşdırılması, güzəştli kreditlərin
verilməsi, fermerlərə subsidiyaların ayrılması
üzrə ciddi tədbirlər görülüb. Bizdə
fermerlər torpaq vergisindən başqa bütün vergilərdən
azad olunub. Dövlət kənddə
istehsalın inkişafına fəal şəkildə subsidiya
ayırır.
Azərbaycanda informasiya-kommunikasiya texnologiyaları sahəsi
sabit inkişaf edir. Azərbaycan artıq kosmik sənayesi olan
ölkədir. Artıq birinci peyk
buraxılıb, tezliklə ikincisi buraxılacaq. Yəni, bu sahə, kənd təsərrüfatı
fəal inkişaf edir. Turizmə
böyük ümidlər var. Hazırda bütün ölkə
ərazisində çoxlu müasir mehmanxana yaradılır.
Biz Bakıya istirahət yeri kimi
üstünlük verən turistlərin sayının
artdığını görürük. Bax,
bu əsas istiqamətlər və üstəgəl artıq
neçə ildir həyata keçirdiyimiz sənayeləşdirmə
siyasəti, şübhəsiz, öz bəhrəsini verir.
Biz özümüzü təkcə ərzaq məhsulları
ilə deyil, tikinti materialları ilə də tam təmin etməyə
çalışırıq və bu istiqamətdə hələ
çox iş görülməlidir.
- Siz
iqtisadiyyatın şaxələndirilməsi siyasətini davam
etdirmək niyyətindəsiniz? Elədirsə,
idealda ümumi daxili məhsulun strukturunda neft, xammal gəlirlərinə
neçə faiz ayrılmalıdır?
- Əlbəttə, biz çalışacağıq ki,
idealda neft gəlirləri bizim ümumi daxili məhsulun təqribən
üçdəbirini təşkil etsin. Artıq onda
şaxələndirmə siyasətimizin baş tutduğunu
hesab edə bilərik. Biz buna doğru
gedirik. Çünki biz bu proqramları başlayanda, neft
amili, ümumiyyətlə, az qala 80 faiz
idi, indi isə 45 faizdir. Yəni, meyil azalmaya
doğru gedir. Nəzərə almaq
lazımdır ki, biz yaxın illərdə qaz
hasilatının və satışının xeyli
artacağını gözləyirik. Odur
ki, ümumi daxili məhsulda neftin payı artacaq.
- O,
artıq neft-qaz olacaq.
- Tamamilə
doğrudur.
- Buna
baxmayaraq, xarici konyunkturadan asılılıq da artacaq. Siz deyirsiniz ki, neftin bir barreli 60 dollar olsa, Azərbaycan
iqtisadiyyatı sabit inkişaf edəcək. Analitikləriniz bu proqnozu nə dərəcədə
real sayır və bütövlükdə neftin qiymətlərinə
nə kimi proqnozlar verirlər?
-
Bilirsiniz, analitiklərimizdən dünya analitiklərindən
daha ətraflı təhlil gözləmək çətindir.
Ona görə, yəqin ki, onlar dünya trendi
kimi ümumi proqnoza əsaslanırlar. Heç
kəs nə olacağını irəlicədən dəqiq
deyə bilməz. Görünür, bunun üçün
obyektiv səbəblər var. Axı, indiyədək heç
kəs dəqiq izah edə bilmir ki, bütün bunlar nə
üçün baş verib.
-
Soruşmaq istəyirəm, Siz hansı nəzəriyyəyə
meyillisiniz. Bir neçə konspiroloji, həmçinin obyektiv,
daha real nəzəriyyələr var...
- Mən
öz təhlilimdə bütün bu nəzəriyyələri
bir qədər inteqrasiya edərdim. Çünki baş verənlərin
obyektiv səbəbləri də var. Əlbəttə,
başqa qəbildən səbəblər də ola bilər. Çünki tarixdən
elə dövrlər tanıyırıq ki, neftin qiymətlərinin
kəskin düşməsi bəzi ölkələrdə
müəyyən problemlərə səbəb olub. Odur ki, bunu istisna edə bilmərik. Xüsusən ona görə ki, mətbuatda da bu barədə
çox tez-tez danışılır, analitiklər də
danışırlar. Ona görə burada
kimdənsə hər hansı proqnoz gözləmək yəqin
ki, çox çətindir.
- İqtisadi siyasətin səmərəliliyinin
mühüm meyarlarından biri vətəndaşların
sosial vəziyyətidir. Siz dediniz ki, xərcləri azaltmaq
lazım gəlsə, infrastruktur layihələrini ixtisara
salacaqsınız. Bu o deməkdir ki, sosial
proqramlarınız toxunulmaz qalır? Siz
sosial dövlət haqqında vektoru, tezisi dəstəkləyirsinizmi?
- Bəli,
əlbəttə, sosial proqramlara dəyişiklik edilməyəcək.
Əksinə, biz çalışacağıq
ki, daha çox imkanlar yaradaq. İndiki
halda söhbət, əlbəttə, əməkhaqqının
artırılmasından, habelə sosial infrastrukturun
yaradılmasından gedir. Bizim
üçün sosial sahə həmişə prioritet olub.
Biz onu iqtisadi sahədən heç vaxt
ayırmamışıq və apardığımız
islahatlar da sosial amilə bağlıdır. Buna görə də əsaslı islahatlara
baxmayaraq, Azərbaycanda sosial məsələlər son illərdə
çox müvəffəqiyyətlə həll olunur.
Son 10 ildə 500-dən çox tibb müəssisəsi,
3 mindən çox məktəb binası inşa olunub. Bütün
regionlarda su təchizatına dair infrastruktur layihələri həyata
keçirilir. Yəni, sosial infrastruktura sərmayə
yatırmaq bizim prioritetimizdir. Onlar ixtisar
edilməyəcək. Lakin, eyni zamanda, bu
sahə iqtisadi sahədən ayrılıqda inkişaf edə
bilməz. Axı, biz son 10 ildə məhz
iqtisadiyyatı inkişaf etdirmək hesabına yoxsulluğu 49
faizdən 5 faizə endirə bilmişik. Bunu əsas
etibarilə yeni iş yerlərinin və iş
üçün əlverişli şəraitin
yaradılması hesabına etmişik. Azərbaycanda
işsizlik sosial təzahür kimi, praktiki olaraq, aradan
qaldırılıb.
- Azərbaycanda
işsizlik neçə faizdir?
- Beş
faiz. Təbii ki, bütün bunlar dövlətin
iqtisadi siyasətinin, habelə biznes üçün
yaxşı şəraitin yaradılmasının nəticəsində
olub. Çünki iş yerləri neft sahəsində
yaradılmayıb. Neft sahəsində iş yerləri belə
tez yaradılmır. Bu yerlər istehsal və
xidmət sahələrində, regionlarda yaradılıb.
İqtisadi artım olmadan, sadəcə büdcə
xərcləri hesabına sosial məsələləri həll
etmək çətindir. Burada əsas məsələ
o qədər də prioritet olmayan sahələrlə cəmiyyətin
sosial vəziyyətinə təsir göstərməyən
sahələr arasında xərclərin
azaldılmasının məhz düzgün balansının
tapılmasıdır.
- İqtisadiyyatda hər hansı böhran halları
yarandıqda, bir qayda olaraq, qarşıya belə bir dilemma
çıxır: pulları inkişaf üçün xərcləməli,
yoxsa, qənaət etməli, yığmalı, sabitləşdirmə
fondları yaratmalı? Siz hansı yolu seçmisiniz?
- Biz hər
iki yolu seçmişik. Fəal islahat illəri ərzində
bizim valyuta xərclərimiz də, investisiyalarımız da
ilbəil artıb. Keçən il Azərbaycan
iqtisadiyyatına 28 milyard dollar sərmayə qoyulub.
Əhalisinin sayı 10 milyona yaxın olan ölkə
üçün bu, az məbləğ
deyil, onun 70 faizi daxili investisiyalardır. Əlbəttə,
daxili investisiyaların strukturunda hələlik infrastruktur
xarakterli dövlət sərmayələri üstünlük
təşkil edir. Buna görə biz
çalışmışıq ki, valyuta ehtiyatlarımız
ilbəil artsın. Bu ehtiyatlar ilbəil
artır. Eyni zamanda, biz şaxələndirilmiş
iqtisadiyyat yaradılması üçün nə qədər
lazımdırsa, o qədər xərcləyirik. Regionlarda normal həyat şəraiti olmadan isə
bunu etmək mümkün deyil.
Müstəqilliyin ilk illərində Azərbaycan vətəndaşlarının
xeyli hissəsi qazanc dalınca başqa ölkələrə,
o cümlədən Rusiyaya gedirdi. İndi bu proses praktiki olaraq
dayanıb və ya yavaşıyıb. Lakin başqa proses
başlanıb – regionlardan Bakıya gəlirlər. Buna görə
bizim əsas vəzifəmiz regional inkişaf ilə
bağlı məsələlərin həlli idi ki, yerlərdə
yaxşı xəstəxanalar, yaxşı məktəblər,
su, elektrik, qaz təchizatı və iş üçün
şərait olsun. Buna görə
iqtisadiyyatın şaxələndirilməsi təkcə
struktur baxımından deyil, həm də coğrafiya
baxımından vacibdir. Zənnimcə, biz
son illərdə ölkəmizin məhz bu baxımdan
davamlı inkişafını təmin edə bilmişik.
-
Coğrafiya mövzusunu bir qədər genişləndirək,
xarici investisiyalar və bu gün dövlət vəsaitlərinin
qorunması, inkişaf etdirilməsi üçün hansı
bazarların perspektivli olması barədə danışaq. Siz hazırda nəzərlərinizi haraya yönəldirsiniz?
Şərqin, məsələn, Çinin bazarları
Sizin fikrinizcə, nə dərəcədə perspektivli və
maraqlıdır? Mən bilirəm ki, Azərbaycan
suveren fondlara sərmayə qoyur, hazırda yuan şəklində
xeyli sərmayə yatırır.
- Bəli,
biz investisiyalarımızı bir neçə il
bundan əvvəl şaxələndirməyə
başlamışıq. Bunun bir neçə səbəbi
var idi. Birinci səbəb odur ki, ölkə
daxilində iqtisadiyyatı hədsiz inkişaf etdirə bilməzdik.
Bu da təbiidir ki, investisiya portfelimizi şaxələndirmək
istəyirdik. Buna görə, sərmayə
qoymağa başladıq. Bu, həm Asiya, həm Avropa, həm
Rusiyadır...
- Mən
bunu eşidəcəyimə ümid edirdim.
- Bəli.
Buna görə biz, əlbəttə, həm səhmlərə,
həm daşınmaz əmlaka, həm bank sektoruna, həm
istehsalata sərmayə qoyuruq. Rusiyaya gəldikdə
isə, biz bank sektoruna sərmayə qoymuşuq, VTB
bankının səhmlərini almışıq,
daşınmaz əmlaka, istehsalata da sərmayə qoymuşuq.
Rusiya bazarı bizim üçün
perspektivlidir. Biz hər hansı vəziyyətə,
qondarma sanksiyalara baxmayaraq, Rusiya bazarına fəal sərmayə
qoymaqda davam edəcəyik. Ona görə
ki, əvvələn, bütün bunlar müvəqqətidir,
ikincisi, biz elə işləməliyik ki, münasibətlərimiz
möhkəmlənsin. Axı, investisiyalar
sadəcə öz vəsaitlərini şaxələndirmək
deyil. Bu, həm də əməkdaşlıq
münasibətlərinin və onun səviyyəsinin
nümayişidir. Prinsip etibarilə
heç bir ölkə sabitlik, mehriban münasibətlər
olmayan yerə dövlət vəsaitlərini yatırmayacaq.
Rusiya bizim dostumuz, tərəfdaşımızdır.
Rusiyaya sərmayə yatırılması davam
etdiriləcək. Əlbəttə, biz həm
də Rusiyadan Azərbaycana daha çox sərmayə
qoyulmasını görmək istərdik.
- Siz dəfələrlə
demisiniz ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ
münaqişəsinin həlli Azərbaycan üçün əsas
problemlərdən və ağrılı mövzulardan biri
olaraq qalır. Sizin fikrinizcə, son vaxtlarda bu məsələnin
həllinə nə dərəcədə yaxınlaşa
bilmisiniz?
- Təəssüf
ki, burada danışıqlar prosesində uğurlar barədə
danışa bilmərik. Səbəb də kifayət
qədər sadə və aydındır. Bizdə
belə təsəvvür yaranıb və özü də bu
təsəvvür cəmiyyətdə artıq kifayət qədər
qərarlaşıb ki, Ermənistan sülh istəmir, bu məsələnin
tənzimlənməsini istəmir, hər şeyi olduğu
kimi saxlamaq istəyir. Başqa sözlə,
status-kvonu saxlamaq istəyir. Hərçənd
ATƏT-in Minsk qrupunun həmsədrləri olan ölkələrin
– Rusiyanın, ABŞ-ın və Fransanın prezidentləri dəfələrlə
bəyan ediblər ki, status-kvo qəbuledilməzdir, o, dəyişməlidir.
Status-kvonun dəyişməsi Azərbaycan ərazilərinin
işğaldan azad edilməsi deməkdir. Bu,
münaqişənin tənzimlənməsi üçün
başlıca şərtdir. Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsi postsovet məkanındakı
bütün başqa münaqişələrdən onunla fərqlənir
ki, onun həlli üçün BMT Təhlükəsizlik
Şurasının qətnamələri mövcuddur. Özü də bir yox, dörd qətnamə. Həmin sənədlərdə erməni qüvvələrinin
işğal edilmiş ərazilərdən dərhal və
qeyd-şərtsiz çıxarılması tələb
olunur. Artıq 20 ildən çoxdur ki, bu
qətnamələr yerinə yetirilmir.
Ermənistan həmin qətnamələrə sadəcə
məhəl qoymur. Çünki bu qətnamələrin
reallaşdırılması mexanizmi yoxdur. Bu qətnamələr münaqişənin tənzimlənməsinin
əsasını təşkil etməlidir, çünki
başqa variant sadəcə mümkün deyil. Dağlıq Qarabağ Azərbaycanın tarixi ərazisidir.
Dağlıq Qarabağ ona görə
“dağlıq” adlanır ki, Aran Qarabağ da var. Qarabağ qədim
Azərbaycan torpağıdır. Bu gün
Qarabağın bir hissəsi işğal altındadır.
Özü də yalnız keçmiş
Dağlıq Qarabağ Muxtar Vilayəti hüdudlarında yox,
həm də keçmiş DQMV hüdudlarından kənarda
yerləşən, erməni əhalinin, ümumiyyətlə,
olmadığı ərazilər də işğal edilib.
Biz etnik təmizləməyə məruz
qalmışıq, bu gün ərazimizin xeyli hissəsi
işğal altındadır.
Yəni, bu məsələnin həlli üçün
hüquqi baza mövcuddur. Bu, BMT Təhlükəsizlik
Şurasının qətnamələridir. Tarixi baza mövcuddur. Ona görə
ki, “Qarabağ” sözünün özü Azərbaycan mənşəli
sözdür, bu regionun tarixi tarixçilərə və bu
mövzu ilə məşğul olanlara yaxşı məlumdur.
Ermənistan isə öz hərəkətləri
ilə danışıqlar prosesini hər vasitə ilə
pozmağa çalışır.
Deməliyəm
ki, bu il əvvəlki illərdən
danışıqlar prosesinin intensiv xarakteri ilə fərqlənib.
Bu il həm də onunla fərqlənib ki,
Minsk qrupunun həmsədrləri olan ölkələrin rəhbərləri
danışıqlar prosesində fəal iştirak ediblər, əvvəllər
heç vaxt belə olmayıb. Avqust ayında
prezident Putin Soçidə Azərbaycan və Ermənistan
prezidentləri ilə görüş keçirdi.
Sentyabr ayında ABŞ-ın dövlət katibi Kerri bizimlə
analoji görüş keçirdi, oktyabrın axırında
isə Fransa prezidenti Olland da Azərbaycan və Ermənistan
prezidentlərini Parisdə görüşə dəvət
etdi və biz həm ikitərəfli, həm də
üçtərəfli diskussiyalar keçirdik. Müzakirə mövzuları arasında
münaqişənin tənzimlənməsi və
danışıqlar prosesi ilə yanaşı, etimad tədbirlərinin
gücləndirilməsi, təmas xəttində insidentlərin
azalması, tərəflərin bir-birinə daha çox etimad
göstərməsi məsələləri də vardı.
Hər iki tərəf – həm erməni, həm
də Azərbaycan tərəfi Paris
görüşünü müsbət qiymətləndirdi və
bunu açıq şərhlərində qeyd etdi. Lakin düz iki həftədən sonra Ermənistan
bizim ərazimizin işğal edilmiş hissəsində
qondarma hərbi təlimlər keçirməyə
başladı. Özü də onlar bu təlimləri
Ermənistan və hətta keçmiş Dağlıq
Qarabağ Muxtar Vilayəti hüdudlarında deyil, Azərbaycanın
Ağdam rayonunun ərazisində, bilavasitə təmas xətti
boyunca keçirirdilər. Ermənistanın
özünün məlumatına görə, orada 47 min hərbi
qulluqçu və minlərlə texnika növü iştirak
edib. Sual olunur: Parisdəki müsbət görüşdən
dərhal sonra provokasiyalar törətməyə nə
lüzum vardı?! Üstəlik, həmin təlimlər
keçirilən bir neçə gün ərzində Azərbaycan
təmkin və səbir nümayiş etdirmiş, buna heç
bir reaksiya verməmişdi. Görünür,
erməni tərəfi bununla kifayətlənməmiş və
bizim mövqelərə Mi-24 döyüş helikopterləri
ilə hərbi hücum etməyə cəhd göstərmişdi.
Helikopterlər praktiki olaraq bizim qoşunların
mövqelərinə hücum edəndə ordumuz onlardan birini
vurmağa məcbur oldu. Yəni, bu, bizi
cavab tədbirlərinə təhrik etmək və bununla da
danışıqlar prosesini yenidən pozmaq üçün
bundan bir bəhanə kimi istifadə etmək məqsədilə
şüurlu surətdə törədilən fitnəkarlıq
idi.
Zənnimcə, ATƏT-in Minsk qrupu ermənilərin bu
fitnəkarlığına daha dəqiq münasibət bildirməli
və onların belə hərəkətlərini pisləməli
idi. Lakin bu, baş vermədiyinə görə onlar
bildiklərini edirlər. Buna görə
2015-ci ildə tənzimləmənin perspektivləri bir
neçə amildən asılı olacaq və həmin amillərdən
biri vasitəçilərin erməni tərəfini buna
inandırmağı bacarmalarıdır ki, münaqişənin
tənzimlənməsi onların da xeyrinədir.
-
Ümumiyyətlə, Siz müasir münaqişələrin həllində
beynəlxalq təsisatların səmərəliliyi barədə
nə düşünürsünüz?
- Mən
buna o qədər də nikbin baxmıram və güman edirəm
ki, belə düşünən təkcə mən deyiləm.
Dünyada baş verən hadisələr
göstərir ki, beynəlxalq təsisatlar öz vəzifələrinin
öhdəsindən gələ bilmir, həmçinin onlara bəslənilən
ümidləri doğrultmurlar. Bu,
ATƏT-in 20 ildən çoxdur ki, vasitəçi olduğu
bizim məsələyə də aiddir. Bu,
BMT-nin səlahiyyətində olan məsələlərə
də aiddir. Buna görə prinsip etibarilə
dünyada beynəlxalq təsisatların deformasiyası gedir.
Bu, çox narahatedici, təhlükəli
meyildir. Hesab edirəm ki, dünyanın
aparıcı ölkələri burada öz qəti sözlərini
deməlidirlər, təkcə bəyanatlarla deyil, həm də
qəbul edilən qərarlara hörmət göstərməklə.
Yaxud da qərarlar qəbul edilmir, amma tədbirlər
görülür – biz bunu müasir dünyada yaxın vaxtlarda
dəfələrlə görmüşük. Ona görə də mövcud beynəlxalq əməkdaşlıq
mexanizminin qırılması sadəcə total hərc-mərcliyə
gətirib çıxaracaq. İndi nə
isə təzə bir şey fikirləşib tapmaq çətindir,
mövcud beynəlxalq təsisatlarda islahatlar aparmaq daha çətindir,
çünki bu istiqamətdə məhdudiyyətlər
vardır. Zənnimcə, indiki tarixi mərhələdə
yeganə məsuliyyət dünyanın aparıcı ölkələrinin
üzərinə düşür. Onlar ilk
növbədə, beynəlxalq hüququ pozmamalıdırlar.
Onlar beynəlxalq hüququ dəstəkləməlidirlər.
Lakin təəssüf ki, çox vaxt belə
olmur.
- Bu il biz dünya xəritəsində
özünü “İraq-Şam İslam Dövləti”
adlandıran yeni bir terrorçu qurumun yaranmasını
gördük. Bu radikal islamçı
qruplaşma get-gedə yeni əraziləri zəbt edir və
qonşularına hədə-qorxu gəlir. Deməliyik ki, bu hadisələr Azərbaycandan o qədər
də uzaqda baş vermir. Bu təcavüzkar
və yetərincə qətiyyətli fenomen barədə Siz nə
fikirləşirsiniz?
- Əvvələn, vəziyyəti düzgün qiymətləndirmək
üçün bu qondarma strukturun necə əmələ gəlməsini,
haradan meydana çıxmasını dəqiq başa
düşmək lazımdır. Axı, o, başqa
planetdən uçub gəlməyib. Bütün
bunlar ən azı son 10 ildə məhz Yaxın Şərqdə
baş verən hadisələrin nəticəsidir. Bu, Yaxın Şərqdə həyata keçirilən
siyasətin bəhrəsi və həmin siyasətin nəticəsidir.
Bu, bir daha sübut edir ki, radikal, fanatik
qrupların dəstəklənməsi məsələlərində
çox ehtiyatlı və uzaqgörən olmaq lazımdır.
Terrorçuları yaxşılara və pislərə
bölmək olmaz. Yəni, sənin
düşməninə qarşı mübarizə aparan
terrorçu yaxşı, sənin özünə
qarşı mübarizə aparan isə pis terrorçudur.
Mənim fikrimcə, öz həllini tapmalı
olan başlıca məsələ budur. Bu
məsələ dünyanın aparıcı ölkələri
tərəfindən həll edilməyincə, radikalizmə və
terrorizmə qarşı mübarizədə ümumi
anlaşma olmayınca belə vəziyyətlər daim
yaranacaq.
Əlbəttə, deməzdim ki, bu, bizim üçün böyük təhlükədir. Amma təbii ki, biz bu mövzunu izləməliyik. Bu, siz dediyiniz kimi, bizim sərhədlərdən elə də uzaq deyil. Azərbaycanın daxildə radikalizm mənbələri yoxdur. Biz, əlbəttə, müsəlman ölkəsiyik, cəmiyyət öz ənənələrinə, dininə sadiqdir. İslam sülh dinidir. Bizim milli və dini dəyərlərimiz bütün məsələlərin həllinə məhz bu cür sülh yolu ilə yanaşma tələb edir. Eyni zamanda, Azərbaycan dünyəvi cəmiyyəti olan dünyəvi ölkədir, təhsilin yüksək səviyyədə olduğu müasir dövlətdir. Təhsil radikalizmə qarşı başlıca qarantdır. Yüz faiz savadlılıq olan ölkədə, savadlı cəmiyyətin daxilində potensial təhlükə ola bilməz. Lakin kənardan baxanda, əlbəttə, biz regionun bir hissəsiyik, buna görə də Yaxın Şərqdə, sərhədlərimizin ətrafında baş verən proseslər, təbii ki, bizi narahat edir. Ona görə ki, bu, cəmiyyətdə ictimai şüura mənfi təsir göstərə bilər və fiziki təhlükə ola bilər. Lakin bizim sərhədlərimiz etibarlı qorunur.
- Sonda insanları hələ birləşdirə biləcək bir məsələ barədə, idman haqda danışmağı təklif edirəm. Rusiyada bu il Qış Olimpiadası keçirildi, Azərbaycan 2015-ci ildə Avropa Oyunlarına ev sahibliyi edəcək. Siz bu bayrama necə hazırlaşırsınız?
- Əvvələn, fürsətdən istifadə edib rusiyalıları Soçidə Olimpiadanın uğurlu keçirilməsi münasibətilə təbrik etmək istərdim. Mən Olimpiya Oyunlarının açılışında oldum. Bu gözəl, möhtəşəm tamaşa həm Rusiyanın gücünü, həm müasirliyini, həm inkişafını nümayiş etdirirdi. Biz Rusiyanın uğurlarına, habelə rusiyalıların qələbəsinə görə çox sevindik. Buna görə ikiqat təbrik edirəm.
Biz həm də Avropa Oyunlarına hazırlaşırıq. Bu Oyunlar ilk dəfə keçiriləcək. Biz çox şadıq ki, Avropa Olimpiya Komitəsi bu hüququ Azərbaycana etibar etdi. Avropa Oyunları heç vaxt keçirilməyib. Lap əvvəldən, Oyunların Bakıda keçiriləcəyi haqda qərar qəbul edilən vaxtdan biz bu Oyunları ən yüksək səviyyədə, Yay Olimpiya Oyunları səviyyəsində keçirməyi qərara aldıq.
Bu Oyunlar yetərincə miqyaslı olacaq. Biz idmanın 20 növündə yarışacaq 6 mindən çox idmançı gözləyirik. Ümumiyyətlə, bu, Yay Olimpiya Oyunları ilə müqayisə edilə bilər. Biz daha çox idmançı və idmanın daha çox növünü qəbul edə bilərdik. Lakin müəyyən edildi ki, bu miqdar kifayətdir. Bizim əsas çətinliyimiz ondan ibarət idi ki, hazırlıq üçün vaxt çox az idi – cəmi iki il yarım. Lakin biz vaxtı hədər yerə itirmədik. Yeni idman obyektləri tikilir və əlbəttə, yeni nəqliyyat infrastrukturu yaradılır. Şəhərimiz bu Oyunları gözləyir. Oyunlar yarım ildən sonra keçiriləcək. Bu, böyük Avropa bayramı olacaq. Zənnimcə, Avropa Oyunlarının müsəlman ölkəsində keçirilməsi müdrik qərardır. Bu, məhz sizinlə danışdığımız mövzu – multikulturalizm, sivilizasiyaların və mədəniyyətlərin qarşılıqlı nüfuz etməsi baxımından müdrik qərarlardan biridir. 2017-ci ildə isə Bakıda İslam Həmrəylik Oyunları keçiriləcək. Yəni, iki il ərzində Azərbaycan həm Avropanı, həm də islam dünyasını, arada isə “Formula-1” yarışlarını qəbul edəcək. Yeri gəlmişkən, Soçidə bu yarışlar uğurla keçirildi. Bu münasibətlə də sizi təbrik edirəm. Beləliklə, “Formula” yarışları üçün əvvəlcə Soçi, ondan sonra isə Bakı yeni şəhər olacaq, necə ki, Olimpiada. Buna görə fürsətdən istifadə edib rusiyalıları təkcə Avropa Oyunlarına yox, ümumiyyətlə, Bakıya tez-tez gəlməyə dəvət etmək istərdim.
- Azərbaycana və Azərbaycan atletlərinə qarşıdakı bütün oyunlarda yeni qələbələr arzulayıram. Sağ olun.
-Sağ olun.
Azərbaycan.-2014.- 3 dekabr.- S.3-4.