Ermənistanın tutduğu mövqe bu gün təkcə region

 üçün deyil, həm də dünya üçün təhlükəlidir

 

Azərbaycan Respublikası Baş nazirinin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov dekabrın 2-də Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, ölkəmizdəki qaçqın və məcburi köçkünlərin bugünkü durumu, onların problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərlə bağlı vəziyyəti yerində öyrənmək məqsədilə ölkəmizdə səfərdə olan ABŞ-ın “The New York Times” qəzetinin Moskva bürosunun əməkdaşları David Herszenhorna və Aleksandra Odynovaya geniş müsahibə verib.

Komitənin mətbuat xidmətindən AzərTAc-a verilən məlumata görə, müsahibədə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, problemin tarixi kökləri və yaranma səbəbləri barədə xronoloji ardıcıllıqla məlumat verən Baş nazirin müavini bildirib ki, son 200 il ərzində Cənubi Qafqaz regionunda gedən mürəkkəb siyasi proseslər nəticəsində azərbaycanlılar bir neçə dəfə öz əzəli yurdlarından zorla köçürülmə, etnik təmizləmə və deportasiya siyasətinə məruz qalıblar ki, bunlar da Azərbaycan torpaqlarının mərhələ-mərhələ işğalı ilə nəticələnib. “Ermənistan dövləti Azərbaycanın tarixi torpaqları hesabına yaradılıb. Qədim Azərbaycan şəhərlərindən olan İrəvan hazırda Ermənistan dövlətinin paytaxtıdır”, - deyə Əli Həsənov bildirib.

Ermənistan silahlı qüvvələrinin Azərbaycana qarşı hərbi təcavüzünün nəticələrinə toxunan Baş nazirin müavini münaqişə nəticəsində torpaqlarımızın 20 faizinin işğal olunduğunu, bir milyon iki yüz min soydaşımızın qaçqın və məcburi köçkünə çevrildiyini, milli-mədəni sərvətlərimizin talan edildiyini, bütün infrastrukturun dağıdıldığını diqqətə çatdırıb.

Baş nazirin müavini vurğulayıb ki, 1993-cü ildə BMT Təhlükəsizlik Şurası Azərbaycanın işğal olunmuş ərazilərinin qeyd-şərtsiz boşaldılması, qaçqınların və məcburi köçkünlərin doğma yurdlarına qaytarılması haqqında dörd qətnamə qəbul edib: “Ermənistanın təcavüzkar siyasəti Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı (ATƏT), Avropa Şurası Parlament Assambleyası, İslam Əməkdaşlıq Təşkilatı və digər nüfuzlu beynəlxalq təşkilatlar tərəfindən qəbul edilən qərar və qətnamələrdə də pislənilib. Təəssüf ki, bu qərar və qətnamələr hələ də icra olunmayıb. ATƏT-in Minsk qrupunun vasitəçiliyi ilə 20 ildən artıqdır davam edən danışıqlar prosesi hələ də heç bir nəticə verməyib”.

Əli Həsənov deyib ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı dəstələri keçmiş SSRİ-nin Xankəndidə yerləşən, o dövrün müasir döyüş silahları ilə silahlanan 366-cı motoatıcı alayının köməyi ilə Xocalı şəhərində azərbaycanlılara qarşı soyqırımı cinayətini həyata keçirib. Nəticədə günahsız insanlar amansızlıqla öldürülüb. Artıq dünyanın bir sıra dövlətləri bu faciəni soyqırımı kimi tanıyır.

Bu faciəni törədənlərin bu gün Ermənistanda hakimiyyətdə olduqlarını diqqətə çatdıran Baş nazirin müavini Əli Həsənov bildirib ki, bu işğalçı ölkənin tutduğu mövqe, nüfuzlu beynəlxalq təşkilatların qəbul etdiyi qətnamələrə əməl etməmələri, işğalçılıq siyasətini bu gündavam etdirmələri təkcə region üçün deyil, bütövlükdə dünya üçün təhlükəlidir.

Azərbaycanın müstəqil dövlət kimi müstəqil siyasət yeritdiyini, münaqişənin həllinə sülh yolu ilə nail olmağa üstünlük verdiyini bildirən Əli Həsənov, həmçinin ölkəmizdəki qaçqın və məcburi köçkünlərin doğma ocaqlarına qayıdanadək problemlərinin həlli istiqamətində görülən tədbirlər, xüsusilə onların mənzil-məişət şəraitlərinin yaxşılaşdırılması baxımından həyata keçirilən işlər barədə də ətraflı məlumat verib. Bildirib ki, son 20 ildə bu məqsədlə 6,1 milyard ABŞ dolları məbləğində vəsait xərclənib, onun da 2,5 milyard dolları Dövlət Neft Fondunun vəsaitidir. Təkcə bu vəsait hesabına respublikanın müxtəlif ərazilərində bütün sosial-texniki infrastrukturu ilə birlikdə 89 müasir tipli qəsəbə və hündürmərtəbəli yaşayış binalarından ibarət məhəllələr istifadəyə verilib, 210 min nəfər bu qəsəbələrə köçürülüb.

Bunlarla yanaşı, hələ də ağır vəziyyətdə yaşayan soydaşlarımızın da olduğunu, onların mənzil-məişət şəraitlərinin yaxşılaşdırılması istiqamətində ölkə başçısının Sərəncamı ilə təsdiq olunmuş Dövlət Proqramına və ona edilmiş Əlavələrə uyğun mərhələli şəkildə tədbirlər həyata keçirildiyini bildirən Baş nazirin müavini Əli Həsənov bu gün Azərbaycan dövlətinin öz qaçqın və məcburi köçkünlərinin problemlərinin həllini tam üzərinə götürdüyünü, bu sahədə ölkəmizdə görülən tədbirlərin BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı tərəfindən dünyanın oxşar problemlə üzləşən ölkələri üçün nümunə kimi dəyərləndirildiyini də diqqətə çatdırıb.

Jurnalistlər həmin gün, həmçinin Abşeron rayonunun Masazır qəsəbəsində 760 məcburi köçkün ailəsi üçün salınmış məhəllə, buradakı uşaq bağçasında, orta məktəbdə yaradılmış şəraitlə tanış olub, məcburi köçkün Ərşad Piriyevin ailə üzvləri, sonra isə Dərnəgüldəki Bakı İdarəetmə və Texnologiya Kollecinin 1 nömrəli yataqxanasında məskunlaşmış Füzuli rayonundan məcburi köçkün Abbas Əliyev və ailə üzvləri ilə söhbət edərək onların da yaşayış tərzi ilə tanış olub və müsahibələr götürüblər.

 

Azərbaycan.-2014.- 3 dekabr.- S.4.