Azər Qasımov: Psakini
çıxışlarında ikili standartlara və
qeyri-obyektiv məlumatlara istinad etməməyə
çağırıram
Azərbaycan
Respublikası Prezidentinin mətbuat katibi Azər Qasımov
ABŞ Dövlət Departamentinin sözçüsü Cen
Psakinin ölkəmiz barədə qərəzli və
heç bir reallığa söykənməyən fikirləri
ilə bağlı APA-ya müsahibə verib. AzərTAc
müsahibəni təqdim edir.
-
ABŞ Dövlət Departamentinin sözçüsü Cen
Psakinin Azərbaycanda insan haqlarının pozulmasını
iddia etməsinə münasibətiniz necədir?
-
Amerika Birləşmiş Ştatlarının Dövlət
Departamenti sözçüsünün bəyanatı ilə
bağlı əvvəla onu demək istərdim ki, xanım
Psaki tez-tez dünyanın ayrı-ayrı bölgələrində
baş verən proseslərlə əlaqədar qeyri-peşəkar,
doğru olmayan faktlar, hətta coğrafi səhvlərlə
müşayiət olunan çıxışlar edir. Ona
görə də onun Azərbaycanla bağlı dünən
söylədiyi fikirlər məndə bir o qədər də
təəccüb hissi doğurmur. Guya Azərbaycanda insan
haqları sahəsində beynəlxalq öhdəliklərə
riayət olunmaması ilə bağlı qərəzli,
riyakar, heç bir reallığa söykənməyən
fikirlər söyləməkdənsə, ona məsləhət
görərdim ki, öz ölkəsində insan
haqlarının kobudcasına pozulması, fundamental hüquq və
azadlıqlara məhəl qoyulmaması faktlarına diqqət
yetirsin.
Amerika
Birləşmiş Ştatlarının müxtəlif
bölgələrində mütəmadi olaraq irqi
ayrı-seçkilik, dinc nümayişçilərə
qarşı polis zorakılığı, güc tətbiq
olunması, hətta küçələrə hərbi
texnikanın çıxarılması,
gözyaşardıcı qazdan istifadə olunması, işgəncələrin
verilməsi halları baş verir, kütləvi həbslər
aparılır. Ferqyusonla bağlı bu yaxınlarda
ABŞ-ın onlarla şəhərində baş vermiş
hadisələr bir daha bunu aydın şəkildə
nümayiş etdirdi.
Amerika
Birləşmiş Ştatlarında söz azadlığı
sahəsində də böyük problemlər mövcuddur.
Mütəmadi olaraq kütləvi informasiya vasitələri
nümayəndələri obyektiv fikir söylədiklərinə
görə böyük təzyiqlərə məruz qalır,
hətta işdən çıxarılır. ABŞ-da
fundamental insan haqlarının pozulması və azadlıqlara
məhdudiyyət qoyulması ilə bağlı çox
faktlar gətirmək olar.
Azərbaycana
gəldikdə isə, ölkəmizin 20 ildən bir az
artıq müddətdir ki, müstəqillik əldə etməsinə
və Ermənistanın təcavüzü ilə bağlı
müharibə şəraitində yaşamasına baxmayaraq,
demokratik inkişaf yolunda çox böyük uğurlar əldə
edilmişdir və Azərbaycan hökuməti bu istiqamətdə
səylərini daim artırmaqdadır.
Bir
daha xanım Psakini bu faktları danmamağa və ümumiyyətlə,
öz çıxışlarında ikili standartlara və
qeyri-obyektiv məlumatlara istinad etməməyə
çağırıram.
Azərbaycan.-2014.- 3 dekabr.- S.4.