Azərbaycan ilə İran
arasında fövqəladə hallar sahəsində
əməkdaşlığın
inkişafına dair müzakirələr aparılıb
Dekabrın
2-də Azərbaycanın fövqəladə hallar naziri Kəmaləddin
Heydərov Bakıda keçirilən “BakuTel-2014” XX Azərbaycan
Beynəlxalq telekommunikasiya və informasiya texnologiyaları sərgi
və konfransında iştirak etmək üçün
ölkəmizdə səfərdə olan İran İslam Respublikasının
rabitə və informasiya texnologiyaları naziri Mahmud Vaezinin
başçılıq etdiyi nümayəndə heyəti ilə
görüşüb.
Fövqəladə
Hallar Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildiriblər
ki, qonaqları salamlayan nazir Kəmaləddin Heydərov ölkəmizdə
fövqəladə halların qarşısının
alınması və nəticələrinin aradan
qaldırılması istiqamətində görülən
işlər, bu sahədə İranın müvafiq
qurumları ilə əməkdaşlığın perspektivlərindən
danışıb. Nazir vurğulayıb ki, Azərbaycan
Prezidenti İlham Əliyevin və İran Prezidenti Həsən
Ruhaninin qarşılıqlı səfərləri və
imzalanan sənədlər ikitərəfli əlaqələrin
möhkəmlənməsində yeni mərhələnin əsasını
qoyub.
Mahmud
Vaezi səmimi görüşə görə təşəkkürünü
bildirib, iki ölkənin müvafiq qurumları arasında
qarşılıqlı faydalı əməkdaşlığın
inkişaf etdirilməsinin əhəmiyyətini
vurğulayıb.
Görüşdə
qarşılıqlı maraq doğuran digər məsələlər
ətrafında fikir mübadiləsi aparılıb.
Azərbaycan.-2014.- 3 dekabr.- S.6.