Maarif fədaisi
Milli ənənələrimizin nə qədər dəyərli olduğunu dünyaya gələn yeni nəsillərə çatdırmaq və onları bu ənənələr ruhunda tərbiyə etmək üçün muzeylər lazımdır və bu muzeyləri qoruyub saxlamaq vətəndaşlıq borcumuzdur.
Heydər ƏLİYEV
Yarım əsrdən bir az da çox - düz 54 il həyatını xalq təhsilinə, onun inkişafına həsr edən Tədbir Mahmudov 2011-ci ilin iyulunda yaşına görə təqaüdə çıxır. Lakin bütün ruhu, nəfəsi ilə vurğunu olduğu peşədən ayrıla bilmir. Çoxdan arzusunda olduğu “Təhsil muzeyi”nin yaradılması işini reallaşdırmaq istəyir. Təhsil Nazirliyinə və rayon rəhbərliyinə müraciət edir. Aldığı müsbət cavab onu sevindirir. Muzeyin ictimai əsaslarla yaradılması haqqında rayon təhsil şöbəsi xüsusi əmr imzalayır, şəhər 2 saylı tam orta məktəbin istifadə olunmayan sahəsində üç münasib otaq da ayrılır.
Tədbir Abdulalı oğlu Mahmudov 1937-ci ildə Neftçala rayonunun Züd-Ost Qoltuq kəndində anadan olmuş, həmin kənddəki 7 illik məktəbi bitirdikdən sonra indiki Mirqurbanlı kənd orta məktəbində təhsilini davam etdirmişdir. Əmək fəaliyyətinə kənd kitabxanasında başlamış, 1957-ci ildə yerli sovetlərə seçkilər zamanı Neftçala şəhər sovetinə deputat seçilmiş, xeyli vaxt sovet və komsomol işlərində çalışmışdır. 1960-cı ildə BDU-nun filologiya fakültəsində qiyabi yolla təhsilini davam etdirmiş və həmin dövrdən taleyini pedaqoji işə bağlamışdır.
1973-cü ildə ulu öndər Heydər Əliyevin bilavaistə təşəbbüsü və qayğısı ilə Neftçala müstəqil rayon kimi fəaliyyət göstərməyə başlayır. Bu zaman rəhbərlik Tədbir Mahmudovu Züd-Ost Qoltuq kənd 8 illik məktəbinə direktor vəzifəsinə təyin edir. Uzun illər başlı-başına buraxılmış, şagirdləri şəhərin ayrı-ayrı məktəblərinə dağılmış bu məktəbdə görülməli işlər çox idi... Az müddətdə təlim-tərbiyədə uğurlu nailiyyətlər, yüksək nəticələr geridə qalmış məktəbin simasını dəyişdi, adı qabaqcıllar sırasında çəkilməyə başladı.
1976-cı ildə təhsil ocağı orta məktəbə çevrildi. Bu, bütün müəllim və kənd əhalisinin sevincinə səbəb oldu. Qısa vaxtda təhsildə, gənc nəslin təlim-tərbiyəsində uğurlu göstəricilər rayon rəhbərliyinin və nazirliyin diqqətindən yayınmadı. 1977-ci ildə T.Mahmudov “Qabaqcıl maarif xadimi” döş nişanına layiq görüldü. Tədbir müəllim bu gün də fəxr edir ki, həmin mükafatı ona böyük maarifçi, təhsil naziri olmuş akademik Mehdi Mehdizadə təqdim etmişdir.
Həmin ilin noyabrında müsbət keyfiyyətlərinə, bacarıq və təşkilatçılığına görə Tədbir Mahmudov Neftçala Rayon Təhsil Şöbəsinin müdiri vəzifəsinə təyin olunur. 15 il bu vəzifədə çalışır. Rəhbərlik etdiyi dövrdə 15 müasir tipli məktəb binasının, 8 körpələr evi-uşaq bağçasının inşasına nail olur.
1992-ci ilin qarışıq hadisələri, hakimiyyət dəyişikliyi zamanı Tədbir müəllim də heç bir səbəb olmadan təhsil şöbəsindən uzaqlaşdırılır, rayondakı 151 saylı texniki peşə məktəbinə direktor təyin edilir. Bu, qabaqcıl müəllimin ürəyincə olmasa da, məktəbdə uzun illər tökülüb qalmış problemlərin həllinə çalışır. O, kollektivin gücü ilə bu problemləri aradan qaldırmağa nail olur.
1999-cu ilin avqust ayının 14-də T.Mahmudov Təhsil Nazirliyinə dəvət edilir və Neftçala təhsilinin geri qaldığı, orada xaosun yarandığı bildirilərək ona yenidən rayon təhsilinə rəhbərlik etmək tövsiyə olunur. Beləliklə, Tədbir müəllim yenidən təhsil şöbəsinin müdiri vəzifəsində işləməyə başlayır.
Onun ikinci dəfə təhsil şöbəsinə gəlişi rayonun pedaqoji ictimaiyyəti tərəfindən çox böyük sevinclə qarşılanır. Tədbir müəllimin gördüyü uğurlu işlər rayonda canlanma yaradır. Təkcə 1999-2000-ci tədris ilində 6 yeni məktəbin açılması böyük bir hadisə idi. Bu, 110-120 iş yerinin açılması, şəhərdə şagird sıxlığının qarşısının alınması demək idi.
Yeni məktəblərin fəaliyyətə başlaması, onların müasir avadanlıqlarla təmin olunması, maddi-texniki bazasının möhkəmləndirilməsi böyük iş idi. Tədbir müəllim deyir ki, 2000-ci ildə Milli Məclisin deputatı Arif Rəhimzadəyə müraciət edib ona təhsildəki çətinliklər barədə ətraflı məlumat verir. Arif müəllim elə həmin an Baş nazirin birinci müavini Abid Şərifovla telefon əlaqəsi saxlayaraq vəziyyəti ona çatdırır. Bir gündən sonra dövlət tikinti komitəsinin anbarından xeyli avadanlıq rayon təhsilinə verilir.
Tədbir müəllimin çox böyük məhəbbətlə yaratdığı “Təhsil muzeyi”ndə çox olmuşam, keçirilən bütün tədbirlərdə iştirak etmişəm. Maraqlı və zəngin bir muzeydir.
Muzeyin giriş hissəsində “Heydər Əliyev” guşəsi, orada ilk növbədə ümummilli lider Heydər Əliyevin yağlı boya ilə kətan üzərində işlənmiş irihəcmli, əzəmətli şəkli ilə qarşılaşırsan, sol tərəfdə isə dünyanın görkəmli şəxsiyyətlərinin Heydər Əliyev haqqındakı məhəbbət dolu fikirləri, daha sonra dövlət atributları ilə tanış olursan.
“Təhsil muzeyi” iki zaldan, bir
xidmət otağından ibarətdir. Tədbir müəllimlə birinci zala daxil oluruq. Burada xalqımızın
VIII-XVII əsrlərdə yaşamış
klassiklərinin şəkilləri,
onlar haqqında məlumatlar, XIX-XX əsrlərdə
yaşamış, həyatlarını
xalq təhsilinə həsr etmiş Azərbaycanın ilk fədakar
və cəfakeş maarifçilərinin portretləri
və məlumatlar diqqəti cəlb edir.
Muzeyin ikinci zalında isə 1930-1940-cı illərdə
təhsillə yaşayıb,
təhsillə nəfəs
alan fədakar qadınlarımızdan Hənifə
xanım Məlikova, Şəfiqə Əfəndizadə,
Xədicə Ağayeva,
Ummügülsüm Rəsulzadə
(yazıçı Seyid
Hüseynin həyat yoldaşı, Məhəmməd
Əmin Rəsulzadənin
əmisi qızı),
Sara Vəzirova (Nəcəf
bəy Vəzirovun qızı) və digərlərinin şəkilləri,
onlar barədə məlumatlar qorunub saxlanılır.
Muzeydə Neftçala rayonunda
təhsilin inkişafında
xidmətləri olmuş
Mirzə Abdulhəsən
Axundov, Sadıq Sadıqov, məşhur müğənni Anatollu Qəniyevin atası Mirzə Heydər Qəniyev, əməkdar müəllimlərdən Abdulhəmid
Axundov, Akif Cəfərov, Abduləhməd
Sultanov və digərlərinin barəsində
toplanmış materiallar
diqqəti cəlb edir.
Burada məşhur “Molla Nəsrəddin” jurnalının orijinalının birinci cildi də mühafizə olunur.
Muzeydə uzun illər təhsil naziri işləmiş, dünənə, bugünə və gələcəyə öz şərəfli həyat yolu ilə örnək olan akademik M.Mehdizadə haqqında maraqlı məlumatlar, disklər, çəkilmiş filmlər toplanmış, mərhum nazirin 1993-cü il 29 yanvarda Azərbaycan Dövlət Pedaqoji Universitetində keçirilən 90 illik yubileyin kaseti, həmin yubileydə Tədbir müəllimin çıxışı saxlanılır.
“Təhsil muzeyi”ndə böyük şəxsiyyətlərin yubileylərinin keçirilməsi artıq ənənəyə çevrilmişdir. Hər il ulu öndər Heydər Əliyevin anadan olma və anım günləri, Nizami Gəncəvinin 870, M.F.Axundzadənin 200, H.Zərdabinin 170 illik yubileyləri, Beynəlxalq Ana dili və 18 may Beynəlxalq Muzeylər günləri rayon miqyasında təntənəli surətdə qeyd edilir. Muzey məktəblə müntəzəm əlaqə saxlayır, ədəbiyyat və tarix dərsləri burada keçirilir.
Muzeyin gələcək planları ilə də tanış olduq. Gələcəkdə burada “Heydər Əliyev məktəbi”, “Haradan başlayır Vətən?”, “Azərbaycançılığı necə başa düşürsən?”, “Vətəndaşlıq nədir?”, “Sən Azərbaycan üçün nə etmisən?” və digər mövzularda mühazirələr təşkil ediləcək, yeni dərnəklər fəaliyyətə başlayacaq. Tədbir müəllim dedi ki, muzeylə rayon rəhbərliyi də maraqlanır, keçirilən tədbirlərdə iştirak edir. Milli Məclisin Regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə dörd dəfə muzeydə olmuş, 50-dən artıq elmi, bədii, siyasi kitab hədiyyə etmişdir.
Onu da öyrəndik ki, Tədbir müəllimin müraciəti əsasında mədəniyyət və turizm naziri bu il aprelin 14-də 2014-cü il tarixdə Neftçala “Təhsil muzeyi”ni rayonun tarix-diyarşünaslıq muzeyinin filialına çevrilməsi barədə əmr də imzalamışdır. Bütün bunlara baxmayaraq, muzeyin ştat məsələsi problem olaraq hələ də qalır.
Tədbir Mahmudovun əməyi dövlət tərəfindən daim qiymətləndirilmişdir. O, əməkdar müəllim, qabaqcıl maarif xadimi, ali kateqoriyalı müəllim, əmək veteranı və bir çox fəxri fərmanlarla təltif edilmişdir. Tədbir müəllim ömrünün 77-ci payızını yaşayır, lakin işləmək, qurub-yaratmaqdan doymur.
Məmmədqasım QASIMOV,
təqaüdçü müəllim
Azərbaycan.-2014.- 3 dekabr.- S.12.