Azərbaycan-İran əməkdaşlığının genişləndirilməsi

 istiqamətində ciddi irəliləyişlərə nail olunub

 

İqtisadiyyat və sənaye naziri Şahin Mustafayev "Bakutel 2014" sərgi-konfransında iştirak etmək üçün ölkəmizdə səfərdə olan İran İslam Respublikasının rabitə və informasiya texnologiyaları naziri Mahmud Vaezi ilə görüşüb.

İqtisadiyyat və Sənaye Nazirliyindən AzərTAc-a bildiriblər ki, görüşdə ölkələrimiz arasında iqtisadi əlaqələrin mövcud vəziyyəti perspektivləri, görülən işlər müzakirə edilib, bir sıra sahələrdə ciddi irəliləyişlərə nail olunduğu bildirilib.

Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının həmsədri Şahin Mustafayev iki ölkə arasında siyasi, iqtisadi və humanitar əlaqələrin yüksələn xətlə inkişaf etdiyini, son zamanlar rəsmi şəxslərin və iş adamlarının qarşılıqlı səfərlərinin artdığını xatırladıb, Mahmud Vaezinin ölkəmizə növbəti səfərindən məmnunluğunu bildirib. Belə səfərlərin və keçirilən görüşlərin Azərbaycan-İran əlaqələrinin inkişafında əhəmiyyəti vurğulanıb.

İran İslam Respublikasının rabitə və informasiya texnologiyaları naziri, Dövlət Komissiyasının həmsədri Mahmud Vaezi ölkələrimiz arasında əlaqələrin genişləndiyini, əməkdaşlığın daha da inkişafı üçün böyük potensialın olduğunu deyib.

Görüşdə Dövlət Komissiyasının bu ilin avqustunda Bakıda keçirilmiş 9-cu iclasında əldə edilmiş razılığa uyğun olaraq, görülən işlərin gedişi barədə fikir mübadiləsi aparılıb. İş adamları arasında əlaqələrin genişləndirilməsinə, sənaye, kənd təsərrüfatı, baytarlıq, energetika, alternativ enerji, nəqliyyat sahələrində əməkdaşlığın inkişafı müzakirə olunub.

 

Azərbaycan.-2014.- 3 dekabr.- S.8.