Quruda da dənizi düşünürəm...”

 

 

Uşaqlığı Şamaxının Cəyirli kəndində keçib. Ata-babadan əkin-biçinlə məşğul olublar. Bəlkə özü elə torpağa bağlanıb bu ənənəni davam etdirəcəkdi. Amma qisməti neftçi olmaq imiş.

Atası Eyvaz kişi onun texniki elmlərə çox meyilli olduğunu görüb düşündü ki, oğlunu oxutsa, o, sənət, elm sahibi kimi daha gərəkli ola bilər. Elə bu niyyətlə İsraili Bakının Yasamal rayonundakı 1 nömrəli fizika-riyaziyyat informatika təmayüllü internat məktəbinə gətirdi.

İsrailin dərslərini yaxşı oxumağına, biliyə yiyələnməyinə söz ola bilməzdi. Qəbul imtahanlarını müvəffəqiyyətlə verib Neft Kimya İnstitutuna (indiki Azərbaycan Dövlət Neft Akademiyası) daxil oldu. Amma bu da bir həqiqət idi ki, neft buruqlarını yalnız bir-iki dəfə şəhər ətrafında uzaqdan yol kənarında görmüşdü. Estakada özüllər isə ona yalnız televiziya verilişlərindən, “İnsan məskən salırfilmindən tanış idi.

Müsahibim sonra illər barədə belə dedi:

- Tanınmış neftçi-alim, akademik Azad Mirzəcanzadə müəllimim olub. Onun dərsdən əlavə apardığı söhbətlər, təşkil etdiyi tədbirlər, sonra da Səngəçal, Qum adası ərazisindəki dəniz mədənlərində keçdiyimiz istehsalat təcrübələri qəlbimi neftçi peşəsinə məhəbbətlə doldurdu. Ali məktəbi bitirəndə təyinatımın Neft Daşlarına verildiyini eşidəndə həm sevindim, həm məsuliyyət hissi keçirdim.

...”Neft Daşları” NQÇİ-nin 2-ci neft qazçıxarma sahəsinin ərazisindəki estakada estakadayanı meydançaları birlikdə gəzdik. İsrail İsmixanov bu sahənin rəisidir. Ərazi boyu irəlilədikcə söhbətimizin ardıcıllığı tez-tez qırılır. Amma mövzu, təbii ki, eynidir: neftçilər, neftçinin xarakteri, həyatı, məişəti.

Sahə rəisi iftixarla gənc həmkarlarını təqdim edir:

- Rasif İsmayılov Həkim Muradov neft qazçıxarma operatorlarıdır. Gənc mühəndislərdir. Namiq Səmədovu isə artıq neft qazçıxarma ustası keçirmişik. Bizim əksəriyyətimiz operatorluqdan başlamışıq. Vaxtilə bizi bu dəniz şəhərində necə qarşılayıb, qayğı ilə əhatə edərək işə alışdırıb, püxtələşdirib yetişdiriblərsə, biz gənclərə məhz o cür münasibət bəsləməyə çalışırıq. Uzun illər mədəndə çalışan ustalardan Firat Əliyev, İlyas Bəyverdiyev, Verdixan Verdixanov, Ramiz Ələsgərov başqaları öz təcrübələrini cavanlara səxavətlə ötürür, onların nailiyyətləri ilə fəxr edirlər. Necə deyərlər, ənənə davam edir. Əvvəllər burada şəninə nəğmə qoşulmuş Neftçi Qurban (Qurban Abbasov) timsallı igidlər çalışıb. İşlədiyim ilk illərdə Alçın Şirinzadə, Saday Nəsibov kimi insanları yaxından tanıdım. Həm peşəkar neftçi, həm səriştəli istehsalat rəhbəri, işçilərin təəssübkeşi idilər. Əmək fəaliyyətinə 1997-ci ildə 5-ci sahədə başlamışdım, - deyə müsahibim söhbətini yarımçıq kəsib mobil telefonunda kiminsə nömrəsini yığdı. Qısa söhbətdən sonra dedi:

- Sizi ustadımla da tanış etmək istəyirdim, 5-ci sahənin rəisi Əziz Əzizovla. Çox təəssüf ki, uzaqda, özüllərdədir. Bilirsiniz, neftçilər kabinet adamı deyillər. Vəzifə sahibi olanda da günləri dənizin qoynunda keçir. Bunu ilk dəfə məhz Əziz Əzizovun nümunəsində gördüm. Mən onun köməyilə neft qazçıxarma ustası kimi yetişdim. Bir neçə ildən sonra məni indi işlədiyim 2-ci sahəyə rəis müavini göndərdilər. İki il sonra - 2002-ci ildən isə sahəyə rəhbərlik etməyi mənə tapşırdılar.

Hazırda 2-ci sahənin (mədənin) gündəlik neft hasilatı planı 255 tondur. Mədənin ümumi quyu fondu 95 quyudan ibarətdir. Onlardan 71-i istismar olunan quyudur. İşlək fondda 69 quyu var. Gündə 255 ton nefti həmin quyular verir. Əlbəttə, təcrübəli operatorlar Məhəmməd Şirəliyev, Behbud Yaralıyev, Dərgah Əliyev, Nəcəf Mustafayev başqalarının səriştəsi, zəhməti sayəsində. Sahədə 51 nəfər çalışır. Onlardan 11-i mühəndis-texniki işçi, 40-ı isə neft qazçıxarma operatorudur.

418a nömrəli estakadayanı meydançaya yaxınlaşırıq. İsrail İsmixanov:

- Vaxt metodu ilə işləyirik. Yəni işçilər Bakıdan gəmi və vertolyotlarla gəlib-gedərək hər 15 gündən bir növbələrini dəyişirlər, - deyib üzünü meydançadakı qurğulara və işçilərə tutur. - Hazırda layihə dərinliyi 1120 metr olan 2634 nömrəli quyunun qazması 280 metrə çatıb. Quyu 3-cü tektonik blokun Qala lay dəstəsinin 3-cü horizontuna qazılır. Maili quyudur. Bu, qazmadan alacağımız beşinci quyu olacaq. İnanın ki, sevincimizin həddi yoxdur. Çünki 1983-cü ildən bəri ilk dəfədir qazmadan yeni quyular alırıq. Amma işə münasibətdə bizim üçün quyunun köhnəliyinin-təzəliyinin fərqi yoxdur. Biz istismar etdiyimiz köhnə quyuların ömrünü uzatmaq, onların hasilatını sabit saxlamaq üçün də əlimizdən gələni əsirgəmirik.

Həmsöhbətim qeyd etdi ki, Xəzərin cazibə qüvvəsi çox böyükdür. Burada çalışan netfçilər növbəni dəyişib ev-eşiyinə dönəndə də fikirləri bu buruqların, özüllərin yanında qalır.

...Axşam düşdükcə elə bil onun qaranlığı dənizin üzərinə çökür. Yavaş-yavaş külək də başlayır.

Estakadanın məhəccərinə söykənmiş müsahibimi fikirdən ayırıram:

- Hətta illərlə dənizdə çalışan, neçə-neçə fırtına, qasırğa görən neftçilərdən də eşitmişik ki, Xəzərin üzü dönəndə sanki yer-göy çaxnaşır. Gecə qasırğalar daha qorxunc, vahiməli və təhlükəli olur. Deyəsən, gözlənilən qasırğa sizi qayğılandırıb...

- Yox, - deyir, - evdəkiləri düşünürəm. Çünki hava küləkli olanda onların mənə görə nigarançılığı artır...

Evdə İsrailin yolunu, el sözü ilə desək, beş uzunsaçlı gözləyir. Anası Tura xanım, həyat yoldaşı Mənsurə, üç qız balası - Ayşən, Turanə və Aysel.

Hər dəfə İsrail evdən dənizə əmək növbəsinə yollananda qızları onun ardınca bir qab su atırlar. Xəzərin suları da, atasının yolları da beləcə aydın olsun deyə...

 

Flora SADIQLI,

Azərbaycan.-2014.- 3 dekabr.- S.9.