Azərbaycan Milli Kitabxanası beynəlxalq

 kitab yarmarkasında dəvət edilib

 

İtaliyanın “Sandro Teti Editore” nəşriyyat evinin direktoru Sandro Teti M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasında olub. Görüşün məqsədi milli kitabxananı hər il Turin şəhərində keçirilən beynəlxalq kitab yarmarkasına dəvət etmək idi.

Kitabxanadan AzərTAc-a bildirilib ki, Sandro Teti sözügedən tədbirin əhəmiyyətindən danışıb və milli kitabxananın iştirak etmək təşəbbüsünün Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə dövlət müşaviri Kamal Abdullayevə aid olduğunu qeyd edib.

Milli kitabxananın direktoru Kərim Tahirov dəvəti yüksək qiymətləndirib və ilk dəfə olduğu üçün xüsusi qonaq qismində iştirak edə bilmələri haqqında düşünəcəklərini deyib.

İtaliyalı qonaq rəhbərlik etdiyi nəşriyyat tərəfindən Azərbaycana aid italyan dilində 3 adda kitabı hədiyyə edib və ölkəmizlə bağlı daha bir neçə kitabın çap olunacağını, Turindəki beynəlxalq sərgidə təqdimatının keçiriləcəyini bildirib.

Qonağa Azərbaycan muğamları (disk), Azərbaycan Milli Kitabxanasına dair fotoalbom və film təqdim olunub.

 

Azərbaycan.-2014.- 3 dekabr.- S.12.