Məmməd Arazın ev-muzeyi
istifadəyə verilmişdir
Xalq şairi Məmməd Arazın anım günündə doğulub boya-başa çatdığı Şahbuz rayonunun Nursu kəndində ev-muzeyinin açılışı olmuşdur.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov xalq şairi Məmməd Arazın ev-muzeyinin açılışı münasibətilə tədbir iştirakçılarını, ziyalıları, ədəbi ictimaiyyəti təbrik etmiş, Məmməd Araz yaradıcılığı haqqında, onun Azərbaycan ədəbiyyatının inkişafındakı xidmətlərindən danışmışdır.
Qeyd edilmişdir ki, Şahbuzun Nursu kəndində dünyaya göz açan, ilk təhsilini Nursuda alan Məmməd Araz Azərbaycan Pedaqoji İnstitutunu, sonra Moskvada Ədəbiyyat İnstitutunu bitirmiş, nəşriyyat, qəzet və jurnallarda müxtəlif vəzifələrdə çalışmış, Azərbaycan Yazıçılar İttifaqının poeziya bölməsinə rəhbərlik etmiş, 1974-cü ildən ömrünün sonunadək “Azərbaycan təbiəti” jurnalının baş redaktoru olmuşdur. Hansı vəzifədə işləməsindən asılı olmayaraq həyatı ədəbiyyatın yüksək məramına xidmətdə keçmişdir.
Məmməd Araz yaradıcılığının bir missiyası vardı. O da poetik Azərbaycan dünyasına xidmətdən, Vətən qarşısında ziyalı borcunu yerinə yetirməkdən ibarət idi. Onun yaradıcılığının baş qəhrəmanı Azərbaycandır. Məmməd Arazın Vətənə və onun bir parçası olan Naxçıvana həsr etdiyi şeirlər vətənpərvərlik mövzusunda ən yaxşı əsərlər kimi dəyərləndirilə bilər. Məmməd Araz düşünən və düşündürən şair idi. Ötən əsrin 70-ci illərindən başlayaraq qələmə aldığı insan və dünya barədə fəlsəfi düşüncələri böyük tərbiyəvi əhəmiyyətə malikdir.
Ali Məclisin Sədri demişdir: Məmməd Araz Azərbaycandan, həyatın reallıqlarından yazırdı. Lakin o yerdə ki həyatın sərt reallıqları şeirin poetik ölçülərinə sığışmırdı, Məmməd Arazın şair qələmi alovlu publisist qələminə çevrilirdi. Onun publisistikası da şeirləri kimi insanı düşündürən və buna görə də uzunömürlük qazanan ciddi yaradıcılıq nümunələridir. Məmməd Arazın qələminə məxsus “Yer üzünün Qarabağ düzü”, “Naxçıvan albomu” publisistik yazıları aradan uzun illər keçməsinə baxmayaraq, bu gün də aktuallığını və müasirliyini itirməyib. Ümummilli lider Heydər Əliyev məhz bu keyfiyyətlərinə görə Məmməd Araz yaradıcılığını yüksək qiymətləndirmiş və demişdir: “Məmməd Araz yaradıcılığının təhlilinə, təbliğinə və tədqiqinə böyük ehtiyac var”. Bu gün görkəmli şairin yaradıcılığının tədqiqi və təbliği məqsədilə onun doğulub boya-başa çatdığı Nursu kəndində ev-muzeyi istifadəyə verilir. Məmməd Arazın anım günündə istifadəyə verilən bu muzey müstəqillik dövrünün Azərbaycanında böyük istiqlalçı və vətəndaş şairin xatirəsinə ehtiramın parlaq ifadəsidir.
Ali Məclisin Sədri muzeyin Məmməd Araz irsinin öyrədilməsində mühüm xidmətləri olacağına inamını bildirmiş, çıxışını ümummilli lider Heydər Əliyevin bu sözləri ilə bitirmişdir: “Məmməd Araz Azərbaycan xalqının tarixində indi olduğu kimi, gələcəkdə də öz yerini tutacaqdır”.
Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, akademik İsa Həbibbəyli Məmməd Arazın ev-muzeyinin istifadəyə verilməsini böyük mədəniyyət hadisəsi kimi dəyərləndirərək demişdir: Böyük sənətkarın zəngin ədəbi fəaliyyəti Azərbaycan poeziyasına bir-birindən dəyərli sənət inciləri bəxş etmişdir. Qüdrətli söz ustası XX əsr Azərbaycan ədəbiyyatında parlaq səhifə açmış, əsərləri gənclərin vətənpərvərlik tərbiyəsində mühüm rol oynamışdır. Məmməd Arazın dünya, Azərbaycan haqqında yazdığı şeirlərin qayəsində ata ocağına məhəbbət xüsusi yer tutur. Bu ocaq Məmməd Araz şeirinin düşüncəsini, fəlsəfəsini irəli aparan qüvvətli meyardır. Bu mənada yanaşdıqda Naxçıvan bütövlükdə Məmməd Arazın böyük sənətə çıxış nöqtəsi və hərəkətverici qüvvəsi hesab olunur. O, ömrünün müxtəlif dövrlərində qələmə aldığı əsərləri ilə Azərbaycanda vətənpərvərlik ədəbiyyatının əsasını qoymuş və bunu vətəndaşlıq missiyası səviyyəsinə yüksəltməyi bacarmışdır. Ədibin “Vətən daşı olmayandan, olmaz ölkə vətəndaşı” misrası ümumilikdə müstəqillik dövrü Azərbaycan ədəbiyyatının epiqrafıdır.
Qeyd olunmuşdur ki, Nursu kəndində xalq şairi Məmməd Arazın ev-muzeyinin yaradılması ümummilli lider Heydər Əliyevin sənətə, sənətkara, ziyalılara, ədəbiyyata göstərdiyi böyük hörmət ənənələrinin daha bir təntənəsidir. Eyni zamanda, bu muzey binasının istifadəyə verilməsi ölkə Prezidenti cənab İlham Əliyevin “Xalq şairi Məmməd Arazın 80 illik yubileyinin keçirilməsi haqqında”kı sərəncamının icrası istiqamətində görülən işlərə layiqli töhfədir.
Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan bölməsinin sədri, akademik İsmayıl Hacıyev də demişdir ki, ümummilli lider Heydər Əliyevin çoxşaxəli fəaliyyətində ədəbiyyat və mədəniyyət məsələləri mühüm yer tutmuşdur. Ulu öndər həm Məmməd Arazın şəxsiyyətinə, həm də böyük istedadına, bənzərsiz sənətinə daim yüksək qiymət vermiş, xalq şairini “İstiqlal” ordeni ilə təltif etmişdir. Ümummilli liderin siyasi xəttini uğurla davam etdirən Prezident İlham Əliyev də görkəmli şairin Azərbaycan ədəbiyyatının inkişafındakı xidmətlərini nəzərə alaraq 2013-cü il sentyabrın 27-də “Məmməd Arazın 80 illik yubileyinin keçirilməsi haqqında” sərəncam imzalamışdır. Ötən il şairin 80 illik yubileyi ölkəmizdə, eləcə də Naxçıvan Muxtar Respublikasında geniş qeyd olunmuşdur. Muxtar respublikanın rayonlarında, elm, təhsil və mədəniyyət müəssisələrində, yaradıcılıq təşkilatlarında tədbirlər keçirilmiş, şairin əsərlərindən ibarət sərgilər təşkil edilmiş, Naxçıvan şəhərindəki küçələrdən birinə xalq şairi Məmməd Arazın adı verilmişdir. Bundan əlavə, Məmməd Arazın 80 illik yubileyi ilə əlaqədar poçt markası buraxılmış, elmi konfranslar keçirilmiş, “Məmməd Araz: taleyi və sənəti” məqalələr toplusu çap olunmuş, “Naxçıvan” jurnalının bir nömrəsi şairə həsr olunmuşdur.
Naxçıvan Muxtar Respublikası Yazıçılar Birliyinin sədri, şair Asim Yadigar qeyd etmişdir ki, poeziyamızda öz səsi, öz nəfəsi ilə seçilən Məmməd Araz 50 ildən artıq bədii yaradıcılıqla məşğul olmuş, əsərləri ona geniş oxucu rəğbəti qazandırmışdır. Ötən əsrin 80-90-cı illərində Məmməd Araz poeziyası yeni bir mərhələyə qədəm qoydu. Bu dövrdə o, ən çox sevilən şairlərdən birinə çevrildi, hər bir şeiri böyük sevgi və rəğbətlə qarşılandı.
Məmməd Arazın həyat yoldaşı Gülxanım İbrahimova Məmməd Araz irsinin yaşadılmasına göstərdiyi diqqət və qayğıya görə ailə üzvləri adından ölkə rəhbərliyinə minnətdarlığını bildirdi.
Sonra tədbir iştirakçıları muzeydə yaradılan şəraitlə tanış oldular. Muzeydə eksponatlar ədibin həyat və yaradıcılığı haqda geniş məlumat almağa imkan verir.
Elxan MƏMMƏDOV,
Azərbaycan.-2014.- 4 dekabr.- S.10.