ATƏT-in Minsk qrupunun həmsədr ölkələri
Dağlıq
Qarabağ münaqişəsi ilə
bağlı birgə bəyanat yayıblar
ATƏT-in
Minsk qrupunun həmsədr ölkələri ATƏT-ə
üzv dövlətlərin Xarici İşlər Nazirləri
Şurasının Bazel şəhərində keçirilən
21-ci iclası çərçivəsində Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsi ilə
bağlı birgə bəyanat yayıblar.
AzərTAc
ATƏT-in rəsmi saytına istinadən xəbər verir ki,
Rusiyanın xarici işlər naziri Sergey Lavrov, ABŞ-ın
dövlət katibi Con Kerri və Fransanın Avropa işləri
üzrə dövlət katibi Harlem Desir tərəfindən
imzalanan bəyanatda həmsədr ölkələrin
Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə
həllinə dair mövqeyə tam sadiq olduqları bildirilir. Tərəflər
zorakılıqdan çəkinməyə və
münaqişənin qəti həlli üzərində fəal
çalışmağa çağırılır, Azərbaycan
və Ermənistan qoşunlarının təmas xəttində
zorakılıq hallarının artmasından narahatlıq ifadə
olunur. Bildirilir ki, iyul və avqust aylarında hərbi fəaliyyətlər
ciddi itkilərə səbəb olub, gərginliyi
artırıb və qarşılıqlı
etimadsızlığı dərinləşdirib. Tərəflərin
atəşkəs rejiminin möhkəmləndirilməsi məqsədilə
əlavə tədbirlər görməsinin və sülh
danışıqlarının inkişafı
üçün əlverişli mühit yaratmalarının
vacibliyi qeyd edilir. Bildirilir ki, noyabrın 12-də hərbi
helikopterin vurulması gələcəkdə bu cür hadisələrin
baş verməməsi üçün gərginliyi azaldacaq və
etimadı bərpa edəcək tədbirlərin görülməsinin
zəruriliyini göstərdi.
Bəyanatda
tərəflər humanitar problemləri 2010-cu ilin
oktyabrında Rusiya, Azərbaycan və Ermənistan prezidentlərinin
Həştərxan görüşünün yekun bəyanatının
ruhuna uyğun həll etməyə
çağırılır. Qeyd olunur ki, Azərbaycan və
Ermənistan prezidentlərinin 2014-cü ildə Soçidə,
Nyuportda və Parisdə keçirilmiş görüşləri
tərəflər arasında ən vacib kommunikasiya
kanalını canlandırıb.
Bəyanatda
deyilir: “Biz prezidentlərin gələn il dialoqu fəallaşdırmaq
bərədə Parisdə əldə etdikləri
razılığı alqışlayırıq. Tərəflərin
fikir ayrılıqlarını aradan qaldırması,
etimadı bərpa etməsi və öz öhdəliklərini
yerinə yetirərək münaqişənin yekun həllinə
gətirib çıxaracaq danışıqlar prosesinə
başlaması üçün fürsət yaranıb.
Onların münaqişənin hərtərəfli həlli
üçün ABŞ, Rusiya və Fransa prezidentlərinin
birgə bəyanatlarında əksini tapmış, xüsusən
Paris görüşündə müzakirə olunmuş
prinsip və elementlərin əsas kimi götürülməsini
qəbul etmələri gözlənilir”.
Bəyanatda
hərtərəfli sülh razılaşması
üçün danışıqların mümkün qədər
tez başlamasının zəruriliyi diqqətə
çatdırılır.
Azərbaycan.-2014.- 5 dekabr.- S.1.