Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva

 BMT-nin Ətraf Mühit Proqramının Avropa üzrə

 Regional Ofisinin direktoru ilə görüşüb

 

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva dekabrın 3-də Cenevrə şəhərində BMT-nin Ətraf Mühit Proqramının Avropa üzrə Regional Ofisinin direktoru Yan Dusik ilə görüşüb.

AzərTAc xəbər verir ki, görüşdə Leyla Əliyeva IDEA İctimai Birliyinin ölkəmizdə və regionda təbiətin mühafizəsi və ətraf mühitin qorunması istiqamətində həyata keçirdiyi layihələr barədə ətraflı məlumat verib.

Leyla Əliyeva IDEA-nın fəaliyyəti ilə UNEP-in mandatı arasında bir çox sahələrdə oxşarlıqların olduğunu vurğulayaraq, hər iki təşkilatın iştirakı ilə ətraf mühitin aktual problemlərinin aradan qaldırılmasına yönəlmiş birgə layihələrin icra olunmasını təklif edib. Leyla Əliyeva, həmçinin IDEA və UNEP-in birgə təşkilatçılığı ilə 2012-ci ildə Azərbaycanda uğurla keçirilmiş “Yaşıl həftə konfranslar silsiləsi”nin və bu tipli digər tədbirlərin gələcəkdə də davam etdirilməsinə marağını ifadə edib.

Yan Dusik IDEA-nın uğurlu fəaliyyəti ilə yaxından tanış olduqlarını və onun layihələrini diqqətlə izlədiklərini bildirərək, ekoloji problemlərin həll edilməsində UNEP-in IDEA-ya daim dəstək verməyə və bu sahədə əməkdaşlıq etməyə hazır olduğunu bildirib.

Görüşdə tərəflər IDEA və UNEP arasındakı əməkdaşlığın daha yüksək mərhələyə qaldırılması məqsədilə ikitərəfli Anlaşma Memorandumunun imzalanması və “Yaşıl iqtisadiyyat” sahəsində Azərbaycanda ilk dəfə birgə pilot layihələrin həyata keçirilməsi məsələlərini müzakirə ediblər.

 

Azərbaycan.-2014.- 5 dekabr.- S.2.