Görüş yeri dəyişmir
20-ci dəfə
keçirilən Azərbaycan Beynəlxalq telekommunikasiya
və informasiya texnologiyaları sərgisi
bu dəfə də dünyanın intellekt şirkətlərini bir
araya gətirdi
Bakı Ekspo Mərkəzində İKT sahəsi üzrə ən böyük ixtisaslaşmış tədbir - Azərbaycan Beynəlxalq telekommunikasiya və informasiya texnologiyaları (“Bakutel-2014”) sərgisi bu gün öz işini başa çatdırır. 20 illik yubileyini qeyd edən sərginin açılış mərasimində Azərbaycan Prezidenti İlham Əliyevin iştirak etməsi, 23 dövləti təmsil edən 250 şirkətin intellektual tutumlu məhsullarını burada sərgiləməsi tədbirin ölkəmizdə və bütünlükdə beynəlxalq aləmdə İKT sahəsində inqilabi yenilikləri vüsətləndirən nadir bir hadisə kimi şərh etməyə imkan verdi.
Əvvəlcə onu qeyd edək ki, ötən 20 il ərzində 50 ölkədən İKT sahəsində çalışan 2000-dən artıq müxtəlif şirkət “Bakutel” sərgisinə qatılmışdır. Müasir informasiya-kommunikasiya texnologiyaları ilə maraqlanan ziyarətçilərin sayı isə 100 mindən artıq olmuşdur. Dünyanın 19 ölkəsi, o cümlədən Koreya, Fransa, Kanada, Litva və digər ölkələrin burada mütəmadi olaraq öz milli pavilyonlarını açması, “Avirtel”, “Azercell Telecom” MMC, “Azerfon” MMC, “Azqtel”, “Aztelekom” İB, “Bakcell”, “BestComp Group”, Bakı Telefon Rabitəsi İstehsalat Birliyi, “Caspel”, “Caspian Navtel”, “Connect”, “Delta Telecom” LTD, “İskratel”, “Microsoft Azerbaijan” LLC, “R.I.S.K.”, “SİNAM”, “Smart Systems Technology” MMC, “Softline International”, “Teleradio” İB və “Ultra Technologies” kimi tanınmış şirkətlərin daimi iştirakçıya çevrilməsi “Bakutel”in beynəlxalq nüfuzunun artması, qlobal informasiya mühitinə uğurlu inteqrasiyası deməkdir.
“Bakutel” sərgisinin builki ekspozisiyaları Bakı Ekspo Mərkəzinin üç zalını əhatə etdi. Foyedə yerləşən Azərbaycanın milli pavilyonunda isə Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin son illər həyata keçirdiyi işlər, habelə İKT sənayesinin inkişafı üzrə gələcək planları barədə dolğun məlumatlar təqdim olundu. İlk dəfədir ki, Beynəlxalq Telekommunikasiya İttifaqı (ITU) öz stendi ilə sərgidə iştirak edir. ITU öz stendində gələn il bu təşkilatın 150 illiyi və bu illər ərzində baş vermiş texnoloji inkişafı əks etdirən ekspozisiyaları təqdim edib. Bakı Ekspo Mərkəzinin ikinci zalında yerləşən milli pavilyonlarda isə Böyük Britaniya, İran, İsrail, İtaliya, Kanada, Türkiyə, Estoniya və digər dövlətlər maraqlı və innovativ layihələrini, habelə İKT sahəsi üzrə yeni məhsul və xidmətlərini sərgiləyiblər.
Prezident İlham Əliyev “Euronews” telekanalına müsahibəsində “Bakutel”in böyük tarixi olduğunu qeyd etmişdir: “Artıq 20 ildir ki, biz bu sərgini keçiririk. Bu onu göstərir ki, İKT-nin inkişafı baxımından Azərbaycan regionun mərkəzlərindən biridir. Bildiyiniz kimi, biz neft-qaz sahəsinin inkişafı, neft-qaz infrastrukturu baxımından regionun mərkəzlərindən biriyik. Lakin bir neçə il bundan əvvəl biz iqtisadiyyatı neft iqtisadiyyatından qeyri-neft iqtisadiyyatına çevirməyi qərara aldıq və transformasiya çox uğurludur. Biz qara qızıl olan nefti insan kapitalına çevirmək siyasətini həyata keçiririk. Bu səbəbdən “Bakutel” şirkətlərin Azərbaycanda fəaliyyət göstərməsi, Azərbaycanın artan iqtisadiyyatından faydalanması üçün bir çox imkanlar açır. Eyni zamanda, bu bizə müasir beynəlxalq ekoloji inkişafın bir hissəsi olmağa imkan verir. Sonuncusu isə təhsildir. Minlərlə azərbaycanlı gənc burada hazırlanır, müxtəlif beynəlxalq şirkətlərdə çalışır və təhsil kurslarında iştirak edir. Bu, ölkənin inkişafı, müasirləşməsi, uğurlu gələcəyinə olduqca müsbət təsir göstərir”.
İştirakçılarının 40 faizi daimi, 60 faizi debütant olan sərgidə ölkəmiz iqtisadi uğurları, həyata keçirdiyi davamlı islahatları və dinamik inkişafı ilə yeni partnyorları özünə cəlb etdi. Ona görə də “Schneider Electric”, Finlandiyanın “Tecnotree” İB, İsveçrənin “Smartlink”, Amerikanın “Corning Optical Communications GmbH & Co.” və “Procera Networks”, Türkiyənin “Erat Telecom” və “Erstream”, Hindistanın “Sei Trading India”, Latviyanın “BalticServers”, Çinin “GW Delight Technology” və “Hytera Communications Corporation Limited”, eləcə də Yaponiyanın “Sumitomo Electric”, Argentinanın “NVAP” və “ARSAT” şirkətləri sərgidə ilk dəfə olaraq ayrıca stendlə təmsil olunmağı vacib sayıblar.
Builki sərgidə təqdim edilən yeniliklər telekommunikasiya və şəbəkələr, genişzolaqlı rabitə və yayım texnologiyaları, proqram təminatı və sistemin avtomatlaşdırılması, informasiya və ofis texnologiyaları, eləcə də yüksək texnologiyalardan ibarətdir. Bir neçə dəqiqə ərzində şəxsi sayt yaratmaq, istənilən növ avadanlıq üçün, yeni onlayn televiziya və mobil telefonlar üçün proqram işləmək, habelə aşağı sürətli internet vasitəsilə də televerilişlərə baxmaq imkanı verən Azərbaycan dilində ilk platforma, art-instalyasiyaları nümayiş etdirən “LED” videodivarlar, avtomobillərin izlənməsi və avtoparkların idarə edilməsi üçün “GPS” sistemləri üzrə ən yeni texnologiyalar, habelə “Mobil Pul Kisəsi” üzrə həll variantları sərgidə nümayiş etdirilən yeniliklər sırasında idi. Fiberoptik kabellər birləşdirən cihazlar, optik lif, “FTTH” (Fiber-to-the-home) texnologiyası və peyk, yerüstü sistem, həmçinin aksesuarlar üzrə kompleks həll variantları və xidmətlər, o cümlədən ofset parabolik, eləcə də planetar və yerüstü antenalar, qovşaq stansiyaları, səyyar radioəlaqə qurğuları da sərgidə nümayiş etdirildi.
Sərginin sonunda daimi iştirakçılara qeyri-adi suvenirlər təqdim ediləcək. Sərgiyə həsr olunmuş çap məhsulları (sərginin kataloqu və “Gündəlik xəbərlər: “Bakutel-2014” qəzetinin xüsusi buraxılışı) da yubiley əhval-ruhiyyəsinə xoş ovqat qatdı.
Bahadur İMANQULİYEV,
Azərbaycan.-2014.- 5 dekabr.- S.4.