İranın İslam
Mədəniyyəti və Əlaqələri Təşkilatının
sədri Mədəniyyət və
Turizm Nazirliyində olub
İran
İslam Respublikasının İslam Mədəniyyəti və
Əlaqələri Təşkilatının sədri Əbuzər
İbrahimi Türkmanın rəhbərlik etdiyi nümayəndə
heyəti Azərbaycana rəsmi səfəri çərçivəsində
dekabrın 4-də Mədəniyyət və Turizm Nazirliyində
olub.
AzərTAc
xəbər verir ki, nazir Əbülfəs Qarayev Azərbaycan
və İran arasında münasibətlərin genişlənməsindən
söz açıb. Diqqətə çatdırıb ki, son
iki ayda nazirlikdə qonşu ölkənin bir sıra nümayəndə
heyəti ilə görüşlər keçirilib.
Ə.Qarayev ölkələrimiz arasında mədəniyyət
və din sahələrində əlaqələrin daha da
genişləndirilməsinin zəruriliyini diqqətə
çatdırıb. Bildirib ki, qardaş ölkələrimiz
və xalqlarımız arasında münasibətlər daha
intensiv xarakter almalıdır. Ona nail olmalıyıq ki,
tariximizi, mədəniyyətimizi, kökümüzü,
dinimizi, imanımızı birləşdirən amillər daha
geniş şəkildə xalqlarımıza
çatdırılsın, onlar bir-birini daha yaxından
tanısınlar, bir-birinə daha yaxşı münasibətlər
bəsləsinlər.
Nazir
vurğulayıb ki, Azərbaycan və İran arasında
dostluq, qardaşlıq, əməkdaşlıq əlaqələrinin
durmadan genişlənməsi xalqlarımıza yalnız xeyir
verməkdədir. Xüsusilə qeyd etmək istərdim ki, son
dövrdə hər iki dövlətin prezidentlərinin
münasibətləri bizi bir daha bu yola istiqamətləndirir.
Azərbaycan Prezidenti İlham Əliyevin və İran
Prezidenti Həsən Ruhaninin qarşılıqlı səfərləri
əlaqələrimizin daha intensiv xarakter almasına
böyük təkan verib. Bu qarşılıqlı səfərlər
münasibətlərimizin daha da genişləndirilməsinin
vacibliyini şərtləndirir. Bu baxımdan Sizin səfərinizi
də yüksək qiymətləndirirəm. Çox sevinirəm
ki, Siz Azərbaycan dilində sərbəst
danışırsınız və aramızda tərcüməçiyə
ehtiyac yoxdur.
Səmimi
görüşə görə təşəkkürünü
bildirən İslam Mədəniyyəti və Əlaqələri
Təşkilatının sədri Əbuzər İbrahimi
Türkman Azərbaycanın qədim tarixə və zəngin
mədəniyyətə malik ölkə olduğunu deyib. Qeyd
edib ki, biz özümüzü Azərbaycanın millətindən,
dövlətindən ayrı təsəvvür etmirik. Bizim hər
şeyimiz, o cümlədən mətbəximiz, mədəniyyətimiz,
sevincimiz, kədərimiz, hissiyyatımız birdir.
Xalqlarımızın mədəniyyətlərinin yaxınlığı
müvafiq sahədə birgə tədbirlərin keçirilməsinə
imkan yaradır.
Görüş
ikitərəfli əlaqələrə dair fikir mübadiləsi
ilə davam edib.
Azərbaycan.-2014.- 5 dekabr.- S.5.