Basqaldan başlanan
yol
Şamaxının dolama yolları arxada qalır. Sağa dönüb dağlı-dərəli Muğanlı magistralına üz tuturuq. İsmayıllıya aparan bu yol enişli-yoxuşlu olduğu qədər də gözəl, bənzərsiz təbiət mənzərələri ilə əhatə olunub. Ancaq payızın sonlarına doğru, bir də yaz aylarında bu yerlərin çəni-çiskini, dumanı əskik olmur. Duman içində maşın üzüyuxarı qalxanda elə bilirsən ki, göyün yeddinci qatındasan - hər yan bəmbəyaz... Yaxşı ki, yola vaxtlı-vaxtında diqqət yetirilir, təmiri, əyər-əskiyi ilə bağlı lazımi tədbirlər görülür, yol hərəkəti nişanları yenilənir. Belə olmasaydı, dumanlı havalarda Muğanlı yolunu getmək sürücülər üçün müşkülə çevrilərdi. Nəhayət, “Basqal” sözü yazılmış yol göstəricisi nişanının yanından sağa dönürük. Yaşıllıqların içindən üzüyuxarı qıvrılıb gedən yol bizi Basqala çatdırır. Payız dumanı seyrəlmək üzrədir və bu duman seyrəldikcə qədim Basqal bütün gözəlliyi, özünəməxsus əsrarəngiz görünüşü ilə qarşımızda canlanır. Bu qədim yurda gəlişimizin məqsədi 60 il əvvəl bu qəsəbədə dünyaya gəlmiş Əhmədağa müəllimlə görüşməkdir. Hazırda Əhmədağa müəllim İsmayıllı şəhərində yaşasa da, görüşüb söhbət etməyə Basqalı seçmişdik...
Basqal ta qədimlərdən - orta əsrlərdən kiçik şəhər kimi tanınıb və bütün infrastruktura malik olub. Kanalizasiyası, kürəbəndi, su kəməri, daş döşəməli küçələri, iki məscidi, hamamı, karvansarası, çayxana və yeməkxanaları, kəlağayı toxunan sexləri və digər infrastruktur nümunələri olan bu qədim yaşayış məskəni haqlı olaraq təkcə Şirvandan deyil, Azərbaycandan kənarda da özünü məhz şəhər kimi tanıda bilib. XIX əsrdə Şirvanda bazar yalnız Şamaxıda, Salyanda və Basqalda mövcud olub. Amfiteatr kimi təpənin başında yerləşən Basqal Qalabaşı pillələri ilə üzü aşağıya doğru böyüyüb. İkimərtəbəli evlərin birinci mərtəbəsi torpağın altında, yalnız ikinci mərtəbəsinin yarısı torpağın üstündə (arxadan, yandan baxanda) tikilib. Basqal əsasən dörd məhəlləyə bölünür: Kələ-küçə, Xarabiyan, Qoşabulaq və Dərəməhəllə. Mərkəzdə bazar meydanı yerləşir. Basqalın Qalalar deyilən ərazisində tapılan küp qəbirlər eramızdan əvvələ aiddir; bu da buranın qədim yaşayış məskəni olduğunu bir daha təsdiq edir. Qədimlərdən ipəkçiliklə məşğul olan basqallılar öz aralarında qeyri-rəsmi iş bölgüsü aparıblar; biri ipəyi açıb, biri lülələrə sarıyıb, digəri toxuyub, bir başqası da boyayıb. İstehsal etdikləri kəlağayıları da elə özləri Orta Asiyaya, İrana, Hindistana, Rusiyaya və digər ölkələrə aparıb satıb, oralardan isə müxtəlif sənaye malları alıb gətiriblər. Ən başlıcası isə, özləri ilə Basqala müxtəlif şəhərlərin mədəniyyət elementlərini gətiriblər.
Bəli, bütün bu məlumatları Basqalın daş küçələrini dolaşa-dolaşa Əhmədağa müəllim verir. Dediyi hər sözdə, söhbət açdığı hər məqamda qürur dolu bir övlad məhəbbəti görürük. Əslində, məqsəd bu yazını onun haqqında hazırlamaq idi, ancaq özü demişkən, Basqalsız, doğma yurdsuz nə ömür-gün?.. Bu yurddan danışmaq elə onun övladlarından söz açmaqdır...
Əhmədağa Ağaələkbər oğlu Ələkbərov 1954-cü ilin 8 dekabrında Basqalda müəllim ailəsində doğulub. Babaları Məşədi Ağababa Ələkbər Ağa oğlu və Seyid Rəsul Seyid Hüseyn oğlu bütün Şirvanın sayılıb-seçilən ağsaqqallarından olub. Atası Ağaələkbər tarix müəllimi, rayon maarif şöbəsinin metodisti, Xankəndi məktəbinin direktoru vəzifələrində çalışıb. Anası Seyid Turə xanım isə ayrı-ayrı orta məktəblərdə direktor, rayon partiya komitəsində şöbə müdiri işləyib. Belə bir ziyalı ocağında böyüyən Əhmədağa Ələkbərov 1970-ci ildə Basqal kənd orta məktəbini bitirib Azərbaycan Dövlət Pedaqoji İnstitutuna daxil olur. Ali təhsilli mütəxəssis kimi Basqala dönür, kimya fənnini dərs dediyi şagirdlərə sevdirə bilir. Müəllim, mühəndis, həkim, aqronom və sair ixtisaslar üzrə ali məktəblərə daxil olmalarında Əhmədağa müəllimin də əməyi çox olub. 1979-cu, 1980-ci və 1981-ci illərdə, hər il bir nəfər olmaqla Əhmədağa müəllimin şagirdləri M.V.Lomonosov adına Moskva Zərif Kimya Texnologiyası İnstitutuna daxil olublar. Ümummilli lider Heydər Əliyevin Azərbaycan rəhbəri kimi 1981-ci ilin avqust ayında respublikadan kənarda ali məktəblərə daxil olmuş tələbələrlə görüşündə Basqal kənd orta məktəbinin adı da qabaqcıl təhsil ocaqları sırasında çəkilib. Şübhəsiz, bu uğurda Əhmədağa Ələkbərovun böyük zəhməti olmuşdu. 1983-cü ildə Əhmədağa müəllim “baş müəllim” adına layiq görülür. Bir il sonra rayon partiya komitəsinə təlimatçı təyin olunur, 1985-1991-ci illərdə şöbə müdiri vəzifəsində çalışır. Sonralar İsmayıllı şəhər bələdiyyəsi sədrinin müavini, rayon icra hakimiyyətində məsləhətçi, şöbə müdiri işləyir.
Əhmədağa müəllim 2006-cı ilin dekabr ayından yenidən pedaqoji fəaliyyətə qayıdır - Eldar Məmmədov adına İsmayıllı şəhər 3 nömrəli məktəb-liseyin direktoru təyin olunur.
Məktəbin həyətinə daxil olanda səliqə-sahman diqqəti çəkir. Boş ərazidə 160-dan çox meyvə ağacı əkilib. Artıq bar verən ağaclar şagirdlərə əlavə sevinc bəxş edir. Şübhəsiz, ağaclara qulluq etməyi də unutmurlar.
Məktəb-lisey uğurlarını ildən-ilə artırır, 2009-cu ildə “Ən yaxşı ümumtəhsil məktəbi” müsabiqəsinin qalibi olub və həmin müsabiqədə məktəb direktoru Əhmədağa Ələkbərovun təqdimatı ən yüksək - 10 balla qiymətləndirilib. Ötən müddət ərzində məktəbin 3 müəllimi də “Ən yaxşı müəllim” müsabiqəsinin qalibi olub. İki məzun 690, 18 nəfər 600-dən yuxarı bal toplayıb, 3 məzun isə Prezident təqaüdünə layiq görülüb. Respublika fənn olimpiadalarında məktəbin şagirdləri fəal iştirak edir, uğurlu nəticələr qazanırlar.
Məktəbdə çox maraqlı tarix-diyarşünaslıq muzeyi yaradılıb. Burada yüzlərlə eksponat var. Hətta eramızdan əvvəldən tutmuş indiki dövrədək dulusçuluq, misgərlik, dəmirçilik, toxuculuq (ipəkçilik, xalçaçılıq) nümunələri, qədim libaslar, pul sikkələri və sair toplanıb.
Məktəbdə innovativ müəllimlər qrupu yaradılıb. Onlar rayonun və respublikanın məktəblərində çalışan qabaqcıl müəllimlərlə əlaqə saxlayır, innovativ təcrübəni öyrənib tətbiq edirlər. 2014-cü ildə keçirilən V “Elektron təhsil” müsabiqəsində 3 nömrəli məktəb-liseyin 25 müəllim və şagirdi iştirak edib və onlardan 8 nəfəri nominant seçilib.
Məktəbdə hərbi-vətənpərvərlik işi də yüksək səviyyədə qurulub. Erməni işğalçılarına qarşı müharibədə həlak olmuş 9 şəhidə xatirə abidəsi ucaldılıb, məktəbə adı verilmiş kapitan Eldar Məmmədovun isə büstü qoyulub. Əhmədağa müəllim deyir ki, şagirdlərə yaxşı təhsil verməkdən əlavə, vətənpərvərliyi, torpaqsevərliyi də öyrətməliyik. Sinifə girən hər müəllim bunu unutmamalıdır.
Əhmədağa Ələkbərov həm də gözəl ailə başçısıdır. Həyat yoldaşı Turac xanım İsmayıllı şəhər 1 nömrəli orta məktəbin biologiya müəllimidir. Turac xanımın da valideynləri müəllim olub, atası Dəmir müəllim 30 ilə yaxın Basqal kənd orta məktəbinin direktoru vəzifəsində çalışıb.
Bu müəllimlər ailəsinin
övladlarının üçü də
ali təhsillidir. Aygün
ailə ənənəsinə uyğun olaraq hazırda biologiya
müəllimidir. Kiçik qız Günay Tibb Universitetini bitirib, rezidenturada təhsilini davam etdirir. Səbuhi isə 600-dən yuxarı balla İqtisad Universitetinə daxil olub, magistraturanı
bitirib, Vergilər Nazirliyi sistemində çalışır. Övladları ilə fəxr etmək, qürur duymaq hər bir valideynin arzusu və xoşbəxtliyidir. Tanrı bu
xoşbəxtliyi Əhmədağa
müəllimə də
nəsib edib.
Rayonda görülən
tikinti, abadlıq-quruculuq
işləri Əhmədağa
müəllimin də
ürəyincədir. Deyir ki,
İsmayıllının inkişafı
hər kəsdə qürur doğurur. Dövlət
onun çalışdığı
məktəbdən də
qayğısını əsirgəmir,
hazırda məktəbin
bir korpusunun əsaslı təmirinə
başlanılıb, 2015-ci ildə isə əsas korpus təmir ediləcək.
Bəli,
60 il əvvəl
qədim Basqaldan başlanan həyat yolu Muğanlı-İsmayıllı
avtomobil magistralı kimi enişli-yoxuşlu, hətta hərdən çənli-çiskinli olsa
da, gözəlliklərlə
də zəngindir. Ən böyük gözəllik
isə xalqa, vətənə xeyirli olmaq, övladlarımızı
da bu ruhda
böyütməkdir.
Telman NƏZƏRLİ,
Azərbaycan.-2014.- 5 dekabr.- S.6.