Kamal Abdullanın
“Yarımçıq əlyazma”
romanı
italiyalı oxuculara təqdim olunub
Tanınmış
yazıçı Kamal Abdullanın italyan dilinə tərcümə
edilmiş “Yarımçıq əlyazma” romanının
İtaliyada təqdimatı keçirilib.
Pontificia
Salesiana Universitetinin və “Sandro Teti” nəşriyyat evinin birgə
təşkilatçılığı ilə keçirilən
tədbirdə Kamal Abdulla, Azərbaycanın İtaliyadakı
səfiri Vaqif Sadıqov, bu təhsil ocağının
professorları, italiyalı kitabsevərlər, elm ictimaiyyətinin
nümayəndələri iştirak ediblər.
Universitetin
rektoru, professor Karlo Nanni çıxış edərək
bildirib ki, belə bir nəşrin İtaliyada işıq
üzü görməsi xalqlarımızın ədəbiyyatsevərləri
arasında yeni bağlar yaradacaq.
“Sandro
Teti” nəşriyyat evinin rəhbəri Sandro Tetti tədbir
iştirakçılarına Kamal Abdullanın
yaradıcılığı, əsərləri,
multikulturalizmin inkişafına töhfələri barədə
məlumat verib. S.Tetti diqqətə çatdırıb ki, bu əsər
italiyalı oxucularda Azərbaycan xalqının qədim və
zəngin tarixi ilə bağlı dolğun fikir
formalaşdıracaq.
Fəlsəfə
elmləri üzrə professor xanım Kristiana Freni romanın
mövzusundan, yazıçının əsərin əsas qəhrəmanları
olan tarixi şəxsiyyətlərə və hadisələrə
yanaşma tərzindən danışıb. Bildirib ki, Daniele
Franzoninin tərcümə etdiyi kitabda “Ön söz”ün
müəllifi məşhur yazıçı və
tarixçi, Florensiya Universitetinin professoru Franko Kardini, redaktoru
isə professor Mikele Bernardinidir. Romanda VIII əsrdən XV əsrədək
oğuz eli tayfalarının həyatı ilə bağlı
maraqlı məqamlar yer alıb.
Tədbirdə
çıxış edən Kamal Abdulla kitabın italyan dilində
ərsəyə gəlməsinə yardımçı
olanlara minnətdarlığını bildirib, bu əsərin
İtaliyada nəşr olunmasından məmnunluğunu ifadə
edib. Müəllif vurğulayıb ki, əsərin
dünyanın bir sıra ölkələrində oxucular tərəfindən
maraqla qarşılanması onu çox sevindirir. Romanın
mövzusu barədə danışan yazıçı diqqətə
çatdırıb ki, bu əsərdə klassik ədəbiyyatla
qədim tarixə aid mifologiya vəhdətdə verilib. Bildirib
ki, Azərbaycan xalqının ruhunu hiss etmək, qədim
dövrlərdən bəri mövcud olan adət-ənənələrini,
həyat tərzini öyrənmək baxımından
“Yarımçıq əlyazma” önəmli əsərdir. Azərbaycanda
hər zaman “Kitabi-Dədə Qorqud” eposunun qəhrəmanlarına
böyük hörmət və sevgi bəslənilib. Məhz
onların həyatını əks etdirən bu əsərdə
“Dədə Qorqud” hekayətlərinin ilk və
yarımçıq layihəsi təqdim olunub. Roman fransız,
türk, rus, polyak, ərəb, portuqal, alman və qazax dillərində
nəşr olunub.
Sonda
əsərin ədəbi-bədii keyfiyyətləri ilə
bağlı müzakirələr aparılıb.
Maqsud Dadaşov
AzərTAc-ın xüsusi
müxbiri
Roma
Azərbaycan.-2014.- 7 dekabr.- S.2.