Akademik Ramiz Mehdiyevin qazax dilinə tərcümə
edilən
“Azərbaycan -
2003-2008: Zaman haqqında
düşünərkən”
kitabının təqdimatı olub
Azərbaycan
Respublikası Prezidenti Administrasiyasının rəhbəri,
akademik Ramiz Mehdiyevin qazax dilinə tərcümə olunmuş
“Azərbaycan - 2003-2008: Zaman haqqında düşünərkən”
kitabının Qazaxıstanın X.Dosmuxamedov adına
Atırau Dövlət Universitetində təqdimatı keçirilib.
Ölkəmizin
Aktau şəhərindəki baş konsulluğunun təşəbbüsü
və Azərbaycanın Qazaxıstanda Biznes İnvestisiyası
Assosiasiyasının dəstəyi ilə nəşr edilən
kitab Qazaxıstanın dövlət qurumlarının və
ictimaiyyətin nümayəndələri arasında
böyük maraq doğurub.
Təqdimat
mərasimində çıxış edən Atırau
Dövlət Universitetinin rektoru, professor Beybut Mamrayev “Azərbaycan
- 2003-2008: Zaman haqqında düşünərkən” əsərinin
Azərbaycanın Qazaxıstanda daha yaxından
tanıdılması baxımından əhəmiyyətini
qeyd edib. Bildirib ki, kitabda Azərbaycan xalqının
ümummilli lideri Heydər Əliyev tərəfindən əsası
qoyulmuş müasir dövlətçiliyin möhkəmləndirilməsi
və inkişafı yolunda qazanılan nailiyyətlər,
Prezident İlham Əliyevin apardığı uğurlu daxili və
xarici siyasət geniş şərh edilir. Əsərdə Azərbaycanın
müstəqilliyini bərpa etdikdən sonra demokratiya, bazar
iqtisadiyyatına keçid, milli dövlət quruculuğu
istiqamətində atdığı addımlar geniş təhlil
olunur, Prezident İlham Əliyev tərəfindən
güclü dövlətin yaradılması, iqtisadiyyatın
modernləşdirilməsi və vətəndaş cəmiyyətinin
qurulması sahəsində həyata keçirilən islahatlar
əksini tapır. Bütün bunlar Qazaxıstan
ziyalılarının, habelə gənc alimlərin Azərbaycanı
dərindən tanıması üçün vacib məqamlardır.
Baş
konsul Rəşad Məmmədov Azərbaycan dövlətinin
möhkəmləndirilməsi və inkişafı yolunda
qazanılan uğurların Qazaxıstan ictimaiyyətinə
çatdırılmasında kitabın önəmini
vurğulayıb. Bildirilib ki, əsərin qazax dilinə tərcümə
edilməsinin səbəbi də budur. “Azərbaycan - 2003-2008:
Zaman haqqında düşünərkən” kitabının məziyyətləri
barədə danışan R.Məmmədov nəşrin
Prezident İlham Əliyevin apardığı məqsədyönlü
daxili və xarici siyasət barədə dolğun təsəvvür
yaratmaq baxımından qazax ziyalıları, elm adamları, gənc
alimlər və dövlət qulluqçuları
üçün maraqlı mənbə olduğunu
vurğulayıb.
Baş
konsul kitabın Qazaxıstanın qərb bölgəsində
yerləşən vilayətlərin əksər
kitabxanalarına, ali təhsil müəssisələrinə,
dövlət təşkilatlarına
çatdırıldığını qeyd edib.
Sonda
mərasim iştirakçılarına kitabın nüsxələri
təqdim olunub.
İlahə Əhmədova
AzərTAc-ın xüsusi
müxbiri
Aktau
Azərbaycan.-2014.- 7 dekabr.- S.2.