Azərbaycanda neft-kimya
elminin flaqmanı
Azərbaycan
neft-kimya sənayesinin güclü elmi bazası olan akademik
Yusif Məmmədəliyev adına
Neft-Kimya Prosesləri İnstitutu (NKPİ) böyük və
şərəfli inkişaf yolu keçmişdir. XIX əsrin ikinci yarısında Azərbaycanda neftlə
zəngin yataqların kəşf edilməsi və keçən
əsrin 20-ci illərində neftin sonrakı intensiv hasili və
neft emalında və neft kimyasında fundamental, təcrübi
tədqiqatların intensivləşdirilməsi məsələsini
qarşıya qoymuşdu.
Bununla əlaqədar 1920-ci ildə “Azneft” Birliyi nəzdində
mərkəzi kimya laboratoriyası yaradılmışdır və
onun ilk rəhbəri İ.F.Qutt olmuşdur (1924-1933-cü illərdə). 1929-cu ildə onun
bazasında Kuybışev adına Azərbaycan
Neft Tədqiqat İnstitutu (AzNTİ) yaradılmış və
həmin tarix indiki NKPİ-nin yaradıldığı gün
hesab edilmişdir.
1959-cu ildə
akademik Y.H.Məmmədəliyevin təşəbbüsü
ilə AzNTİ, Azərbaycan Neft Emalı Elmi-Tədqiqat
İnstitutu (AzNEETİ) və Azərbaycan Elmlər
Akademiyasının Kimya İnstitutunun bir sıra
laboratoriyaları əsasında Elmlər Akademiyası sistemində
Neft-Kimya Prosesləri İnstitutu təşkil olunmuşdur.
Bu gün institut respublikada ən böyük və
aparıcı elmi mərkəzlərdən birinə
çevrilmişdir və 1962-ci ildə instituta akademik Yusif Məmmədəliyevin
adı verilmişdir.
1965-1969-cu
illərdə NKPİ-nin laboratoriyaları bazasında daha
beş elmi-tədqiqat institutu, yəni akademik Ə.M.Quliyev
adına Aşqarlar Kimyası İnstitutu, akademik
M.F.Nağıyev adına Kimya Texnologiyalarının Nəzəri
Problemləri, indiki Kataliz və Qeyri-üzvi Kimya İnstitutu,
ÜİET Qaz Emalı İnstitutunun Azərbaycan filialı,
NKPİ-nin Sumqayıt filialı-indiki Polimer Materialları
İnstitutu, Radiasiya Tədqiqatları Sektoru - indiki Radiasiya
Problemləri İnstitutu yaradılmışdı. Beləliklə, NKPİ faktiki olaraq Azərbaycanda
kimya elminin və sənayesinin yaranmasına və
inkişafına böyük təkan vermişdir.
İnstituta 1933-1936-cı illərdə M.Kapelyuşnikov,
1940-1942-ci illərdə T.Tahirova, 1942-1943-cü illərdə
N.Luçenko, 1945-1951-ci illərdə H.Haşımov,
1951-1959-cu illərdə akademik V.Əliyev, 1959-1962-ci illərdə
akademik M.Nağıyev, 1962-1987-ci illərdə akademik Vahab
Əliyev, 1987-2011-ci illərdə akademik M.Rüstəmov rəhbərlik
etmişlər. 2011-ci ildən isə akademik
Vaqif Abbasov institutun direktorudur.
85 illik fəaliyyəti
dövründə elm ocağının alimlərinin elmi
işləri Azərbaycan neftinin tədqiqinə, yüksək
keyfiyyətli yanacaq və yağların alınması məqsədilə
onların effektiv emalının elmi əsaslarının
işlənilməsinə, neft kimyası və neft emalı
prosesləri üçün yeni texnologiyalar və
katalizatorların yaradılmasına, kataliz, üzvi kimya,
yüksəkmolekullu birləşmələr kimyası, fiziki
kimya, neft-kimya sintezi sahəsində fundamental tədqiqatların
aparılmasına və Azərbaycan neft kimyası və neft
emalı sənayesinin kompleks inkişaf sxemlərinin işlənib
hazırlanmasına həsr olunmuşdur. Hazırda institutda
öz elmi məktəblərini yaratmış və dünya
miqyasında uğurları ilə tanınan akademiklər
M.Rüstəmov, M.Məmmədyarov, N.Seyidov, V.Abbasov,
müxbir üzvləri F.Səmədova, N.Canıbəyov,
H.Əlimərdanov, Z.Əsədov və onlarla elmlər doktoru
fəaliyyət göstərir. Bu alimlərin
fundamental tədqiqatlarına əsasən yeni elmi istiqamətlərin
bünövrəsi qoyulmuş, ölkəmizə dəyərli
töhfəsini vermiş neft emalı, neft kimyası sahəsində
mütəxəssislər, kimyaçı-texnoloqlar məktəbi
yaranmışdır.
NKPİ-nin alimlərinin apardığı tədqiqatların
nəticələri və verdikləri tövsiyələr
müxtəlif illərdə sənaye miqyasında nəinki Azərbaycanda,
eləcə də keçmiş Sovet İttifaqının və
xarici ölkələrin neft emalı və neft kimyası
zavodlarında uğurla tətbiq olunmuşdur. Ölkənin
kimya elminin, xüsusilə də neft sənaye kimyasının
və üzvi sintezin inkişafında akademik Y.H.Məmmədəliyevin
rolu son dərəcə mühümdür. XX əsrin
30-cu illərində onun rəhbərliyi altında təbii qaz
neft-kimya sintezinə cəlb edilmiş və onun əsasında
bir sıra qiymətli neft-kimya məhsullarının-karbon
dörd xlorid, etil spirti, sintetik kauçuk, hidrogen və s.
alınmasının sənayedə istehsalı təşkil
olunmuşdur. Benzolun metilləşməsi və
ksilolların dismutasiyası sahəsində apardığı
işlərinə görə o, SSRİ alimləri arasında
“Alkilləşmənin kralı”
adlandırılmışdır. Onun
yaratdığı benzolun sulfat turşusu ilə alkilləşməsi
yolu ilə kumolun alınması prosesi Böyük Vətən
müharibəsi illərində cəbhəni yüksək
oktanlı benzinlə təmin etmişdir. Bu
işlərə görə 1942 və 1946-cı illərdə
Y.Məmmədəliyev, V.Qutirya və başqaları SSRİ
Dövlət Mükafatına layiq görülmüşlər.
NKPİ-də heterogen-katalitik proseslərin yeni sistemlərinin
yaradılması və elmi əsaslarının işlənib
hazırlanması sahəsində elmi və praktiki tədqiqatlar
inkişaf etdirilərək akademiklər V.Əliyev və
M.Rüstəmovun rəhbərliyi ilə SSRİ-də ilk dəfə
olaraq, mütərəqqi texnoloji sistemlər və “lift”
reaktor konstruksiyaları işlənib hazırlanmış, tətbiq
üçün tövsiyə edilmişdir. Bu
sistemləri tətbiq etməklə iki pilləli katalitik
krekinq prosesi işlənib hazırlanmış və sənayedə
tətbiq olunmuşdur. Bu iş 1982-ci ildə Azərbaycan
Respublikasının Dövlət Mükafatına layiq
görülmüşdür.
Reaktiv və
dizel yanacaqlarının, az özlülüklü
yağların, karbamidin izopropil spirti məhlulunda fazaların
qravitasiyası ilə ayrılmasının nəzəri əsasları
işlənməklə aşağı donma temperaturlu dizel
yanacağının və transformator yağının sənayedə
istehsalı təşkil olunmuş, MDB məkanındakı məhsuldarlığı
0,5 milyon ton olan beş sənaye qurğusu
inşa edilmişdir (Ufa, Novokuybışev (2 qurğu),
Sızran, Volqoqrad). Bu iş 1976-cı ildə Azərbaycan SSR
Dövlət Mükafatına layiq görülmüşdür.
Bu üsul dizel distillatının parafinsizləşdirilməsi
sahəsində dünyada yaradılmış ən mütərəqqi
üsullardan biri kimi bu gün də böyük əhəmiyyət
kəsb edir.
NKPİ
alimlərinin əsas işlərindən biri M.Rüstəmovun
neft emalı sahəsi institutları ilə (Qroz ETİ,
ÜETNEİ) əməkdaşlığı nəticəsində
daha yüksək məhsuldarlıqlı, az
metal tutumlu, patent qabiliyyətli Q-43-107 katalitik krekinq kompleksinin
yaradılmasıdır. Bu kompleks kombinə
edilmiş qurğu olub, ona vakuum qazoylunun hidrotəmizlənmə,
şaquli lift reaktorda katalitik krekinq, qazfraksiyalaşdırma
bölmələri daxildir.
Hazırda
bu tip qurğular MDB-nin bir neçə şəhərində,
o cümlədən Heydər Əliyev adına
Bakı Neft Emalı Zavodunda istifadə olunur. Qurğu
ölkənin yüksək oktanlı benzin istehsalında
müstəsna əhəmiyyətə malikdir, onun verdiyi mənfəət
institutda çox onilliklər müddətində qoyulmuş
büdcə vəsaitindən dəfələrlə
çoxdur.
1995-ci ildə institutda yaradılmış “Kaspi-X”
inhibitorunun dünyada analoqu yoxdur və yeganə inhibitordur ki,
neft emalı komplekslərində xüsusi
neytrallaşdırıcı istifadəsi olmadan
avadanlıqların korroziyadan müdafiəsini təmin edir. 1995-ci ildən
Azərbaycanın neft emalı zavodlarında istifadə edilir.
1995-2014-cü illərdə bu inhibitor 16641,05
ton miqdarında istehsal olunmuşdur.
1998-ci ildə
institutda yaradılmış “Xəzər” deemulqatoru Heydər
Əliyev adına Bakı Neft Emalı
Zavodunda, Almaniyadan alınan Proqalit deemulqatorunun əvəzinə
uğurla istifadə olunur. 1998-2014-cü illər ərzində
2960,2 ton deemulqator istehsal olunmuş və
istifadə edilmişdir. 2009-cu ildə yaradılmış
“Kaspi-X(M)” inhibitoru elə həmin ildən
neft emalı zavodunda kimyəvi təmizlənmiş suyun nəqli
sisteminin korroziyadan müdafiəsi üçün istifadə
olunur (2009-2014-cü illərdə 286,2 ton istehsal olunaraq istifadə
edilmişdir).
2009-cu ildə yaradılmış Bakı ərp həlledicisi
ölkəmizin hər iki neft emalı zavodlarında qapalı
soyutma konturlarının ərpdən təmizlənməsi
üçün uğurla istifadə olunur. 2011-ci ildə institutda
yaradılmış “Xəzər-24” deemulqatoru “Azərneftyağ”
Neft Emalı Zavodunda və Bahar neft yatağında uğurla sənaye
sınağından çıxmış və tətbiq
üçün təklif olunmuşdur. Qeyd
olunan reagentlərin təcrübə-sənaye istehsalı
büdcə vəsaiti sərf olunmadan
yaradılmışdır.
Son illər institutun fəaliyyəti nəticəsində
ənənəvi istiqamətlərdə aparılan tədqiqatlarda
yeni, daha mühüm göstəricilərə nail
olunmuşdur.
Neftlərdə yüksəkmolekullu heteroatomlu və
asfalt-qatran birləşmələri, onların mikroelement tərkibi
və həmçinin oksigenli, azotlu birləşmələri
öyrənilmiş, Azərbaycan neftinin keyfiyyətinə dair
məlumat bankı yaradılmışdır; riforming benzininin
benzol fraksiyasının hidrogenləşməsi, alkilləşməsi
və katalitik krekinqin yüngül benzin fraksiyasının
hidrotəmizlənmə proseslərindən, oktan ədədini
qaldıran oksigenləşdirilmiş əlavələrdən
istifadə etməklə tərkibində aromatik karbohidrogenlərin,
benzolun və kükürdün miqdarına görə Avro-4 və
Avro-5-in müasir tələblərinə cavab verən
yüksək keyfiyyətli avtomobil benzinləri
alınmış, aşağı keyfiyyətli kokslaşma
benzinlərini prosesə cəlb etməklə yüksək
oktanlı benzinlərin resursları genişləndirilmişdir;
neftin çıxarılmasında və emalında istifadə
olunan yeni effektiv kimyəvi maddələr
yaradılmışdır (korroziyaya və duzçökməyə
qarşı polifunksional inhibitorlar, ərpin
qarşısını almaq üçün maddələr,
deemulqatorlar və s.); dərman preparatlarının
istehsalı sahəsində istifadə olunan məhsullar almaq
üçün stirol və onun törəmələrinin
selektiv hidrovinilləşmə prosesləri üçün
yüksək effektli katalizatorlar işlənib
hazırlanmışdır; bioloji-aktiv ağ naftalan
yağının alınma texnologiyası işlənmiş və
təcrübə-sənaye miqyasında mənimsənilmişdir.
Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi bu ilin
oktyabrında “Ağ Naftalan yağı”nı
dərman preparatı kimi qeydiyyata almışdır. Bu, Azərbaycan Milli Elmlər Akademiyası tarixində
rəsmi qeydiyyata alınmış ilk dərman
preparatıdır. Bu preparat burun-boğaz xəstəliklərinin,
o cümlədən allergik rinitin, paradontozun, I-III dərəcəli
yanıqların, dəri xəstəliklərinin, o cümlədən
pullu dəmrovun, qadın xəstəliklərinin, dayaq-oynaq hərəkəti
aparatı xəstəliklərinin və s. müalicəsində
əvəzsiz dərman və eyni zamanda təbii kosmetik vasitədir.
İndi onun Almaniya və Səudiyyə Ərəbistanında
istifadəsinin təşkili üçün işlər
aparılır. Ağ naftalan
yağının müxtəlif fraksiyalarının funqisid
xassələri, onların respublikamızda, əsasən,
Naxçıvanda bitən dodaqçiçəkli fəsiləsinin
efir yağları ilə kompozisiyaları tədqiq olunmuş və
yüksək antimikrob təsirli kompozisiyalar
yaradılmışdır.
İnstitutda müasir və perspektiv texnikanın tələblərinə
cavab verən, yüksək keyfiyyətli, mürəkkəb
efir tipli yeni sürtkü yağları
yaradılmışdır. Alınan nəticələr
haqqında çox danışmaq olar. Elm
ocağında ion-maye texnologiyalarının işlənməsi,
nanotexnologiyaların yaradılması sahələrində də
tədqiqatlar aparılır. Hazırda institutda 536 əməkdaş
çalışır, onlardan 225-i elmi işçidir, o
cümlədən
4-ü akademik, 4-ü AMEA-nın müxbir üzvü,
45-i elmlər doktoru və 91-i kimya üzrə fəlsəfə
doktorudur.
İnstitut əməkdaşları tərəfindən 2000-2014-cü illərdə 130-dək kitab və monoqrafiyalar, 20 biblioqrafiya, 25 preprint, tematik icmal, toplu və kataloqlar, 11 konfrans materialı, 15 standart, 66 normativ texniki sənəd tərtib edilmiş və buraxılmışdır. 3500-dən çox məqalə və məruzələrin tezisləri respublika və xarici mətbuatda çap olunmuşdur (xarici mətbuatda 1000-dən çox).
İnstitutun fəaliyyəti dövründə alimlərimiz tərəfindən aparılan elmi-tədqiqat işlərinin yeni nəticələrinə - ixtiralara 1000-dən artıq müəlliflik şəhadətnaməsi, 150 xarici ölkə patenti (Rusiya, ABŞ, Kanada, İngiltərə, Almaniya, Fransa, Yaponiya, Niderland, Rumıniya, İran, İraq, Əlcəzair, Bolqarıstan, Çexiya, Slovakiya, İsveçrə və s.), 140 Azərbaycan Respublikası patenti, 3 AVRASİYA patenti və lisenziyalar alınıb. Hazırda institutun sahib olduğu 50-dən artıq patent sənaye mülkiyyəti obyekti kimi hüquqi cəhətdən qüvvədə saxlanılıb.
2000-ci ildən başlayaraq
NKPİ-də rus və ingilis dillərində “Neft kimyası və
neft emalı prosesləri” jurnalı buraxılır.
İnstitutun işləri və əməkdaşlarının
elmi fəaliyyəti dövlət tərəfindən həmişə
yüksək qiymətləndirilmişdir. 1940-2014-cü illər ərzində
230 orden, medal,
diplom və s. təltif olunmuşlar.
İnstitutun
alimləri uzun illər ərzində keçmiş
SSRİ-nin, Bolqarıstanın, Çexoslovakiyanın,
ABŞ-ın, İranın, Taylandın və digər ölkələrin
akademik və elmi-tədqiqat institutları ilə sıx elmi əlaqələr
saxlayıb, bir sıra beynəlxalq forumların təşkilatçısı
olublar.
İnstitut kifayət qədər
ixtisaslaşdırılmış elmi potensiala malikdir, tədqiqatları
yüksək səviyyədə aparmağa imkan verən
müasir cihaz və avadanlıqlarla təchiz olunmuşdur. 2012-2013-cü
illərdə 36 adda yeni cihaz və avadanlıq
alınmışdır.
İnstitutda “Gənc Alimlər və Mütəxəssislər
Şura”sı fəaliyyət göstərir. Burada
ADNA-nın baza kafedrası yaradılmışdır. NKPİ alimləri respublikanın bir çox təhsil
ocaqlarında pedaqoji fəaliyyətlə də məşğul
olurlar.
Bunlar bir
daha göstərir ki, respublikamızda aparıcı elmi müəssisə
statusunu qoruyub saxlayan AMEA-nın akademik Y.H.Məmmədəliyev
adına Neft-Kimya Prosesləri İnstitutu
müasir elmimizə daim yeni-yeni töhfələrini verir.
İradə
ƏLİYEVA,
Azərbaycan.-2014.- 7 dekabr.- S.6.